49 İLDƏN SONRA BAŞ TUTAN GÖRÜŞ
49 İLDƏN SONRA BAŞ TUTAN GÖRÜŞ
Yenixeber.org: Dəqiqləşdirmişdim sentyabr ayının 19-u doğma kədimə getməliydim. Xalamın qırx mərasimi ayın 20-nə düşürdü. Mərasimdə iştirak etmək boyun borcum idi. Kəndə gedəcəyim gündən bir həftə qabaq məzuniyyətini kənddə keçirən uşaqlıq dostum, sinif yoldaşım, qohumum, xanəndə - bəstəkar Oqtay Hacıyev zənk vurub soruşdu ki, kəndə nə vaxt gəlirsən? Cavab verdim ki, ayın 19-u kənddəyəm. Qayıtdı ki, bəs deməzsənmi uşaqlar səni gözləyir. Doğrusu, bu xəbərdən bir az duruxdum, bir şey anlamadım. Ona görə də soruşdum:-Nə uşaqlar, uşaqlar kimdir? Dedi:- Sinif yoldaşlarımızı deyirəm. Danışıb razılaşmışıq. Bir yerə yığışmaq istəyirik. Danmıram, bu xəbəri eşidəndə necə sevindim, necə kövrəldimsə gözüm yaşardı, qəhərləndim. Kövrək- kövrək dedim: - Əla. Nə gözəl!
Sizləri bilmirəm,mənə görə həyat çox qəribədir.Qəribə olduğu qədərdə amansız və qəddardır. Bəzən bir yerdə uşağlığını keçirdiyin, oynayıb, güldüyün, on il bir sinifdə, məktəbdə, bir parta arxasında oturduğun dostunu, yoldaşını bir ömür görə bilmirsən və yaxud da ondan heç xəbər tutmursan. Heç öldüsü, qaldısı da sənə məlum olmur. Və beləcə dostlardan xəbərsiz, ətərsiz həyata vida deyib gedirsən haqq deyilən dünyaya. Haqq dünyasında da nə cəmiyyət, nə də cəmiyyəti idarə edən iri buynuzlular haqqını yeyə bilmirlər.Çünki onlar da sənin kimi ölüdürlər. Amma diri olanda kimsə, nəsə haqqını əlindən alır. Hərə bir tərəfə dağılıb gedir. Biri çörək dalınca, biri təhsil dalınca. Məntiqlə yanaşanda bu normal haldır. Hər bir insanın yaşamaq, özü də sağlam və firəvan yaşamaq haqqını Tanrı verir və yaşadığın ölkə də bunu öz anayasası ilə təsdiq edir. Bir həqiqəti də heç cür danmaq olmaz ki, qabaqkı quruluşda hər yer iş yeri idi. Hamı işləyirdi, boş adam yox idi. O iş yerləri indi yoxdur. İşsizlikdən, dolanışıq çətinliyindən hərə baş götürüb başqa-başqa məmləkətlərə üz tutur. Mənim sinif yoldaşlarımın çoxsu da bu yolun yolçuları olub. Özü də zorən. Ona görə zorən yazıram ki, heç kim ailəsini, doğmalarını, kəndini, kəsəyini atıb yad ölkələrə getməz.
Mən kəndimə, elimə- obama, orda yaşayn doğmalarıma bağlı adamam. İldə olmasa-olmasa, iki, üç dəfə kəndimə gedirəm. Və hər gedişimdə də uşaqlıq dostlarımı, sinif yoldaşlarımı görmək, onlarla dərdləşmək, yaşayış durumlarını öyrənmək, hətta qapılarını açıb müsafirləri olmaq, bir stəkan çaylarını içmək, ailəsi ilə tanış olmaq keçir könlümdən. Ürəyimdən, fikirimdən keçən arzu istəyimi çox təəssüf ki, həyata keçirə bilmirəm. Niyə, buna mane olanmı var deyə sorulsa nə deyərəm? Bunun bir cavabı var. Yetkinlik yaşına çatan hər bir Allah bəndəsi ailə qurmalı, oğul-uşaq sahibi olmalıdır. Və bu ailəni saxlamalıdır. Bu vəzifəni yerinə yetirmək üçün də madiyyət tələb olunur. Madiyyət də zəhmətlə, çalışmaqla əldə olunur. Bəzən yerli şərait buna imkan vermir. Onda məcbur olursan ailəni, kəndi- kəsəyi tərk edib başqa ölkəyə , başqa şəhərə gedəsən. Və Allahın verdiyi qısa bir ömrü yollarda keçirəsən. Bax, bu üzdən mən kəndə gedəndə nadir hallarda iki, üç nəfər uşaqlıq və məktəb yoldaşlarımla görüşə bilirəm.
Doğulduğum, orta təhsil aldığım kənd rayonumuzun ən böyük kəndlərindən biridir. On minə yaxın əhalisi var. Və bu on min əhalinin min nəfəri ancaq Rusiyanın Tümen şəhərində alış- verişlə, işləməklə məşğuldur. Rusiyanın başqa-başqa yerlərində iş quranlar, işləyənlər bu min nəfərin içərisində deyil. Bax, rusiyaya çörək dalınca gedənlər, ildə bir dəfə ailəsinə, elinə- obasına baş çəkməyə gələnlər qoçaq, zəhmətkeş, xeyirə- şərə yarayanlardı. Onlar öz ailələrinin madiyyatını ödəməklə yanası, həmi də kəndəki imkansızlara əl tutub yardım edirlər. Hətta kəndin abadlaşdırılmasına belə diqqət yetirirlər.
Deyir, insan harda yaşayırsa orda problem olur. Bizim kəndimizdə də problemləri var.Təbii ki, bu problemləri həll etmək ayrı- ayrı fərdlərin imkanları xaricindədir. Bunun üçün dövlətin qrumları var. Onlar hərəkət etməlidir. Nə isə. Mən nədən yazırdım, gəldim hara çıxdım. Kəndimin problemləri qalsın sonraya. Bu başqa bir yazının mövzusudur. Qayıdıram baş tutacaq (buna çox ümidliyəm) görüşün üstünə. Bu xoş xəbəri eşidən gündən içimdə böyük bir sevinc az bir zaman kəsiyində göyərdi, böyüdü və hətta çiçək belə açdı. Uşaqların orta məktəb illərindəki sifətləri (bu günkü ola da bilməzdi.Ona görə ki, çoxsunu axırıncı dəfə elə1968-ci ildə orta məktəbi bitirəndə görmüşdüm) gözlərim önündə bir kino lenti kimi keçdi. Və mən bu köhnə lenti "seyr" etdikcə dodağıma təbəssüm qonur, gülümsəyirəm. Məktəb illərində gülümsədiyim kimi.
Beləcə, ayın 19-u kəndə yola düşürəm. Həyacanl və sevincliyəm. 49 ildən sonra dəyişən, dəyişməyən simalar görəcəm. Dəyişməyənləri tanıyacam, dəyişənlərdə bir az fikirə gedəcəm, yaddaşımı vərəq- vərəq çevrəcəm və birdən deyəcəm:- Sən nə yaman dəyişmisən? Doğrusu, ilk baxışdan səni tanımadım. Sonra da araya gülüş qatacam:- Varlı olacaqsan, deyəcəm. O da kədərli- kədərli gülümsəyəcək və deyəcək:- Bundan sonra? -Taleyin işini bilmək olmaz. Hər şey ola bilər, ürəyini sıxma,- deyə təsəlli verirəcəm.
19-u axşam üstü, saat 5-də doğmalarımın arasındayam. Bir-birimizlə görüşüb hal- əhval tuturuq. Hər birimizin üzündə seinc var. Hər zaman doğmalarımla olanda elə bil dünyaya yenidən gəlirəm. Ağrılarımızı , acılarımızı unuduruq. Saxlayırıq başqa vaxta. Doğrudur, bu gün barmaq qatlayıb deyə bilməzsən ki, filankəsin ağrısı, acısı yoxdur. Bu tamam yalan olar.
Qırx mərasimində xeyli adam var.Onların arasında şagird yoldaşlarımı da görürəm. Sağ olsunlar, sayıb gəliblər. İmkan tapıb görüşürük, hal-əhvallaşırıq. Ayın 23- ü, saat neçədə və harda görüşəcəyimizi dəqiqləşdiririk. Şamlıqda. Şamlık kimi hamımızın tanıdığ yer kəndin mərkəzi olub və yenə də mərkəzidir. Burada Sovet dönəmində kolxozun idarə binası,poşt, mədəniyyət evi, xəstəxana, mağaza, kənd soveti, aptek və s. yerləşirdi. Həmin binalara şadlıq evi, kənd bazarı da əlavə olunub. Kənddə kimi axtarsan burda taparsan. Çünki hamı işsizdir. Başını qatmağa, gününü keçirməyə yer axtarır. Yerdə çayxana, nə qədər istəyirsən çay iç, domuno, nərd oyna.Bir sözlə görüş yerini dəyişmək olmaz.
Ayın 23- ü. Səhər saat 10-dur. Uşaqlar yavaş- yavaş deyilən yerə yığılırlar. İçərilərində mənim tanımadığım və məni tanımayan uşaqlar da var. Dostlarımızın köməkliyi ilə bir-birimizə tanışlıq veririk. Əl verib qucaqlaşırıq. Hələ bir-birimizə isinişməmişik. Zarafat deyil, aradan 49 il keçib. Bu illərdə çoxumuz həmi zahirimizdə,həm də daxilimizdə dəyişmişik. Buna baxmayaraq hər kəsin üzü gülür,sevinir. Görünür bu görüş hər kəsin ürəyincədir. Vaxt keçir doğma məktəbə baş çəkməliyik. Yoldaşlarımızdan bir neçəsi gecikir. Uşaqlar gecikənlərə telefon açırlar. Gəlirik,-deyirlər.
Maşınlara oturub məktəbə yollanırıq. Məktəbin köhnə qapısından içəri daxil oluruq. Gövrəkliyimiz deyib- gülməyimizə qarışır. Məktəbimiz yerindədir. Amma uçuq- sökük. Dərs keçdiyimiz sinifimizə girə bilmirik. İçəri zir- zibil və daş-kəsəkdir. Biz oxuduğumuz məktəbin əsası 1936- cı ildə qoyulub. İri, hündür və işıqlı sinf otaqları vardı. Kənddə "böyük" məktəb kimi tanınırdı. İndi o məktəbin ərazisində müasir tələblərə cavab verən, 1200 şacirdin təhsil aldığı 3 mərtəbəli, özünün istilik sistemi olan məktəb inşa olunub. Onu da deyim ki, böyük sahəsi olan məktəbin bir hissəsini satıblar, qalanını satmağa isə imkan verməyiblər. Satılmayan sahə zir- zibil içərisindədir, unudulub.
Bir haşiyə çıxım. 2011-ci ildə məktəbin açılışında Milli Məclisin Deputatları Məlahət Həsənova və Mübariz Qurbanlı tədbirdə iştirak edən camaatın qarşısında söz veriblər ki, kəndin yuxarı hissəsində yerləşən tam orta məktəbi də belə yarlı- yaraşıqlı tikib şagird və müəllimlərin istifadəsinə verəcəyik. Deputatların (Mən onlara Millət Vəkili deyə bilmirəm) verdikləri vəddən tam 6 il keçib. Amma hələdə yüzlərlə şagird döşəməsi, tavanı olmayan, şagirdlərin gətirdikləri odunla qızdırılan məktəbdə oxuyurlar. Bu yerdə vəd verənlərə adamın yazığı gəlir. Biz bildiyimiz kimi onlarda bilir ki, hər bir millətin gələcəyi onun təhsilindən asılıdır. Əcabə, onda gələcəyimizi beləmi dəyərləndiririk?
Deyə- gülə üz tuturuq yeni məktəbə. İlk öncə məktəbin həyətində şəhid Sərdar Məmmədovun xatirəsinə ucaldılmış abidəni ziyarət edirik. Gül qoyub, igidliyi,mərdliyi qarşısında baş əyib, Allah Sərdara və bütün şəhidlərimizə rəhmət eləsin deyib, məktəbin pilləkanlarında şəkil çəkdirib, hər birimizin əzizlərimizin və müəllimlərimizin uyuduğu qəristanlığa yollanırıq. Qəbristanlığın qarşısında molla Quran oxuyur və biz dünyasını dəyişmiş müəllimlərimizin qəbirləri qarşısınd baş əyib, güllər qoyuruq.
Artıq ziyarətlər başa çatır və biz yaxınlıqdakı istirahət güşəsinə yollanırıq. Sözlü, mahnılı məclisimiz burda davam edir. Sağ qalmış yeganə müəllimimiz Oqtay İsgəndərov da burada bizə qoşulur. Oqtay müəllimin aramızda olması hər birimizi sevindirir, qürurlandırır. Oqtay müəllim onuncu sinifdə bizə ədəbiyyatdan dərs deyib. Onda İnistutu təzəcə və əla qiymətlərlə bitirib doğma kəndinə, oxuduğu məktəbə gəlmişdi. Cavan olmasına baxmayaraq aramızda səmimi müəllim, şagird münasibəti var idi. Məclisimizdə də ilk söz demək Oqtay müəllimin halal haqqı idi. Və bu halal haqqı o çox yüksək səviyyədə bizimlə bölüşdü. Hətta bizə həsr etdiyi şeirini də oxudu. Sonra vacib işi olduğunu dedi, bizə uğurlar diləyib məclisimizi tərk etdi.
Artıq sərbəstik. Eyni yaşda olan adamlar bir yerdə olanda daha rahat, daha sərbəs olurlar. Biz də təpədən dırnağa bu rahatlığın, bu sərbəstliyin içində idik. Bunun üçün dostların təklifi ilə balaca bir ssenaridə qurmuşduq. Hər kəs özü və ailəsi haqqında qısa məlumat versin. Bu 49 ildən sonrakı yeni tanışlıq üçün yetərli idi. Ən azından kimin ailəsində neçə nəfərin olmasını biləcəkdik. Və beləcə də başladıq.
Tanrım, qulağlarımız nə qədər sevindirici xəbərlər eşitdi. Elə qulaqlarımızın eşitdiyi xoş, sevindirici xəbərləri də ürəkdən alqışladıq, Allah saxlasın dedik. Aramızda bir nəticəm var deyən dostumuzu az qaldı ki,əlimizin üstündə ataq,tutaq. Axı bizim nə yaşımız var ki? Biz dünənki məktəblilər deyilikmi? Biz nə tez qopqocaman olduq? Bütün bu sualların bir cavabı var. Biz illərin yol yoldaşıyıq, onlardan geridə qalmaq, onlardan qabağa düşmək imkanımız, bacarığımız da yoxdur. Bu həyatın dəyişməz qanunudur. Sıralama illə özünü təqdim edənlərdən biri hər birimizdən yaşca böyük olan Arif deyir ki, yeddi nəticəm var. Bu yerdə elə əl çalıb onu alqışlayırıq ki, bəlkə də səsimiz kəndə gedib çatır. İnsan üçün bundan böyük sevinc, fərəh olarmı. Hamı bir ağızdan "sağlam böyüsünlər" deyir. Söz Nizamiyə verilir. Nizami hər kəsi salamlayır, bu görüşdən məmnun olduğunu bildirir. Və sonra Bizim yaşıdımız mahnılardan birini şövqlə oxuyur. Hər birimizin yadına uşaqlığımız düşür. Onda Nizami məktən özfaliyyət dərnəyinin ən fəal üzvülərindən biri idi. Dərnəyin rəhbəi Fərrux Məlikov idi. Onun sayəsində bir negə nəfər Bakıda keçirilən yarışda birincilik qazanmışdı. Nazimin də gözəl səsi vardı. Ardınca düşmədi, başqa sahədə çalışdı. Çox təəssüf.
Sakit təbiətli, dindirsən dinən, dindirməsən sakitcə danışanları dinləyən İsrayıla söz verilir. Tədbirin vacibliyi haqqında xoş sözlər deyir, təşkil edənlərə təşəkkürünü bildirir, bir neçə nəvəsinin və hətta bir nəticəsinin olduğunu bildirir. Ətrafdan "sağlam böyüsün" alqışları eşidilir.
Haşiyə. Deyir, ölüm gözlə qaşın arasındadır. Bu yazını bitirmək ərəfəsində kənddən acı bir xəbər gəldi. Qaşla gözün arasında olan ölüm İsrayılı aparmışdı. Hələ insanlıq tarixində heç kim ölümün qarşısına keçib onu dayandırmaq gücündə olmayıb. Ölüm təbii qanunauyğunluqdur. Vaxtı, zamanı yoxdur. Qəfildən gəlir və aparmaq istədiyini də çox rahatca aparır. 49 ildən sonra görüşdüyümüz, az bir zaman kəsiyində dərdləşdiyimiz, bir tikə çörək kəsdiyimiz İsrayılı da ölüm beləcə apardı. Allah rəhmət eləsin, qəbri nurla dolsun, doğmalarının, yaxınlarının başı sağ olsun.
Yenidən qayıdıram görüşün iştirakçılarını sadalamağa. Oqtay Hacıyev, Asəf Zeynallı adına musiqi texnikumunun muğam şöbəsində oxuyub. Böyük Xan Şuşalıdan muğamın incəliklərini öyrənib. İllərdir ki, Azərbaycan televiziya və radiosu xorunun solistidir. O, eyni zamanda bəstəkarlıq da edir."Neyçün bəs" , "Şəmkirim" və s. kimi maşhur mahnıların müəllifidir. Sağ olsun, öz məlahətli və şaqraq səsiylə bizə xoş anlar yaşatdı.
Qafar müəllim. İxtisasca alman dili müəllimidir. Uzun illər Coşqun Abıyev adına tam orta məktəbin direktoru işləyib. Hazırda müəllim kimi şagirdlərə alman dilini öyrədir.
Başqa bir sinif yoldaşımız Zakir sakit təbiətlidir. Xasiyyətcə heç dəyişməyib, yenə sakit və təmkinl Zakirdir. Tibb texnikumunu və Neft Akademiyasını bitirib. Kənddə məsul vəzifələrdə işləyib. Hal-hazırda kənd xəstəxanasında tibb qardaşı işləyir. Camaat arasında böyük hörməti var.
Sakit tarix müəllimidir. Adı Sakit olmağına baxmayaraq, yaxşı mənada özü sakit deyil. Ünsüyətçil və səmimidir, deyib-güləndir. Zarafatı sevir.
Aydın maliyyəçidir, Müzəffər və Səməndər sahibkardır,Əhəd, Məhəmməd, Söyün (Oxuya bilməsə də, yaxşı saz çalmağı var. Sağ olsun ifasıyla məclsimizi şənləndirdi ), Qəzənfər,Qurban, Vaqif, Eyvaz, İsmayıl, Nazim, Bayram, Fərman, Yusif halal zəhmətləri, alın tərləri ilə alələrini dolandırırlar. Hər birinin xeyli sayda uşaqları və nəvələri var. Allah hər birinə sağlam ömür versin.
49 ildən sonra baş tutan görüşün şirinliyini təkcə biz 22 nəfər sinif yoldaşı yox, həmidə qohumlar, dostlar, tanışlar bildi. Səsi- sədası bütün kəndə yayıldı, yaddaşlara köçdü. Görüşü gənc operator Sarvan peşəkarcasına lentə aldı, elinin-obasının xeyirxahı, kəndə böyükdən, kiçiyə hamının tanıyıb, hörmət elədiyi Elnur bəy sintezatorda gözəl mahnılar çaldı, oxuyanları müşayət etdi. Bütün bunlara görə onlara və bu görüşün təşkilatçısı olan Arif və Oqtqy bəyə dostlarım adından təşəkkür edirəm.
ÖMürümüzün bu çağında bir araya gəlməyimiz ruhumuzu təzələdi, yaşamaq eşqimizi artırdı. Məyər insan üçün bundan böyük sevinc ola bilərmi?! Dəyərli oxucular, hər birinizə sevincli ömür arzulayıram!
Məhərrəm Şəmkirli