"Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin ediləndən sonra rayon əhalisinin vəziyyəti daha da ağırlaşıb".
Yenixeber.org: Bu barədə Press-az.com-un elektron poçtuna rayon sakinlərinin göndərdiyi məktubda deyilir. Məktubda bildirilir ki, Səlim Müslümov nazir təyin olunana qədər rayon əhalisinin müəyyən şikayətləri dinlənilir, bəzi insanlara qismən də olsa, köməklik olunurdu. Amma indi nazirin dayısı, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev sakinlərə qarşı daha aqressiv olub:
"Səlim Müslümov nazir təyin olunana qədər Ənvər Seyidəliyev hər həftənin 5-ci günü sakinləri qəbul edirdi. Qəbulda müəyyən problemlər müzakitrə edilirdi, əksəriyyəti həllini tapırdı. Amma Səlim Müslümov nazir təyin olunandan sonra Ənvər Seyidəliyev problemi olanların heç birini qəbul etmir. Düzdür, yenə də həmin günlər qəbul günü olur, amma həqiqi problemi olanlar qəbul olunmur. Ənvər Seyidəliyev İcra Hakimiyyətinin mühafizə xidmətinə tapşırıb ki, ciddi problemləri olan şəxsləri qəbula yazmasın. Qəbula yalnız ona təşəkkür etməyə gələn şəxslər yazılır və onların da guya "problemi" həll edilir.
Məsələn, kimsə gəlib deyir ki, o qonşusu ilə yola getmir, küçəyə çıxanda palçıq olur və sair. Amma aylarla sosial müavinətlərini ala bilməyən, idarə və təşkilatların qapısında süründürülən şəxslər Ənvər Seyidəliyevin qəbuluna düşə bilmir. Həmin şəxslər İcra Hakimiyyətində qəbula yazılmağa gələndə mühafizəçi və ya icra başçısının müavinləri, köməkçiləri tərəfindən "başçı burda yoxdur", "bu gün qəbul olmayacaq", "gecikmisiniz" kimi bəhanələrlə geri qaytarılır. Haqqını tələb edən şikayətçilər isə polislər vasitəsilə ya binadan uzaqlaşdırılır, ya da həbslə hədələnir".
Sakinlər yazırlar ki, yeni nazir təyin ediləndən sonra vətəndaşların Ağsuda sosial müavinət almasında da ciddi korrupsiya faktları yaranıb. Belə ki, bu vaxta qədər sosial müavinət almaq üçün müraciəıt edən şəxs mərkəzin rəhbərliyi ilə danışıqlar aparıb alacağı məbləğin 4 ayını hissə-hissə mərkəz rəhbərinə ödəyirdisə, indi "rüşvət yığışdı" adı ilə daha biabırçı hal yaradıblar. İndi sosial yardım almaq istəyən şəxs alacağı məbləğin 4 ayını əvvəlcədən nağd halda mərkəz rəhbərliyinə və ya onun əlaltılarına verməlidir. Əks halda həmin şəxs müəyyən bəhanələrlə yardımdan məhrum edilir.
Hazırda rayon ərazisində sosial yardım alanların əksəriyyəti imkanlılardır. Çünki alınacaq məbləğin 4 ayını nağd halda mərkəzə verməyə yalnız imkanlı şəxslərin gücü çatır. Kasıb, imkanı olmayan şəxslər isə həmin pulu verə bilmədiyi üçün yardımdan məhrum edilir".
Sakinlər daha sonra yazır ki, hazırda Ağsu rayonu büsbütün icra başçısına məxsusdur. Rayonda bütün iri ticarət obyektləri Ənvər Seyidəliyev tərəfindən zəbt edilib. Ənvər Seyidəliyev bu işdə müavinləri və köməkçilərinin adından yararlanır. Rayonda hazırda 50-dən artıq obyekt icra başçısının müavinlərinin adı ilə tikilərək özəlləşdirilib. İcra başçısının rayon ərazisində 100 hektarlarla həyətyanı torpaq sahəsi, onlarla balıqartırma gölü və 100-dən artıq iri ticarət cərgəsi var. Bütün bu ərazi və obyektlər icra başçısı tərəfindən özəlləşdirilib:
"Rayon ərazisində daxili və kəndarası yollar bərbad haldadır. Bir neçə ay əvvəl istifadəyə verilən, tikintisinə 19 milyon manat ayrılan 29 kilomterlik Ağsu-Çaparlı-Padarçöl avtomobil yolu 10 yerdən çöküb. Yolun tikintisi gedən vaxt yol bir neçə yerdən erroziyaya uğrasa da, icra başçısı bu yolun çökməsini ictimailəşməyə qoymadı və təzə yola yamaq vurdurdu. Amma buna baxmayaraq, yol yenidən çökdü".
Sakinlərin məktubda qeyd etdiyi şikayətlərini araşdırmaq üçün Ağsu Rayon İcra başçısı Ənvər Seyidəliyevin köməkçisi Vüqar Atakişiyevlə əlaqə saxladıq:
Bütün vətəndaşlar qəbul olunur
V.Atakişiyev bildirdi ki, məktubda yazılanlar qərəzlidir: "Qərəzli və yanlış məlumatdır. İcra başçısı bütün vətəndaşları qəbul edir. Heç kimin arasında ayrıseçkilik edilmir. Kiminsə qəbula yazılmaması barəsində söhbət belə gedə bilməz".
Sosial müavinət məsələsinə nazirlik baxır
"İcra hakimiyyəti ümumiyyətlə sosial müavinət məsələsinə qarışmır. Yəni nazirlikdən kimin əmri gəlirsə ki sosial müavinət verilsin, ona da müavinət verilir. Kimə sosial müavinət verildi, kimə verilmədi, - bu məsələ ümumiyyətlə icra hakimiyyətinin səlahiyyətinə aid deyil".
İcra hakimiyyəti sadəcə daxili yolların bərpasına cavabdehdir
"Qeyd etdiyiniz 29 kilomterlik Ağsu-Çaparlı-Padarçöl avtoyolu rayonun xaricində olan avtoyoldur. Ora icra hakimiyyəti nəzarət etmir, İcra Hakimiyyəti daxili yolların cari təmirini həyata keçirir"
İcra başçısının qaldığı kənd heç 100 hektar deyil
"İcra başçısının 100 hektardan çox həyatyanı sahəni mənimsəməsi iddiası da kökündən yalandır. Çünki icra başçısının qaldığı kəndin bütövlükdə ərazisi heç 100 hektar deyil. Onun necə 100 hektar həyatyanı sahəsi ola bilər axı?"