Füzulidə ümumrayon görüşü keçirilib- FOTOLAR
Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın Füzuliyə göstərdiyi diqqət və qayğıya həsr olunmuş ümumrayon görüşü keçirildi
"Xeberinfo.com": Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır. Bunlar Horadiz şəhərində Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın cəbhə bölgəsinə göstərdiyi diqqət və qayğıya həsr olunmuş ümumrayon görüşündə bildirilmişdir.
Ümumrayon görüşündə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, 1994-cü ildən bu günə kimi görülən işlər həyata keçirilən tədbirlər barədə danışmışdır.
Bildirmişdir ki, 1993-cü ilin oktyabrında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edilmişdir. Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələri Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bərpa olunmağa başladı, sosial obyektlər, dağıdılmış və yandırılmış infrastruktur bərpa olundu, füzulililər doğma yurdlarına qayıtdılar. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”, - deyən Prezident İlham Əliyevin Sərəncamları ilə 2003-cü ildə rayon ərazisində 11 ədəd Qayıdış, 2007-ci ildə isə 5 ədəd Zobucuq qəsəbələri salınmışdır, hazırda həmin qəsəbələrdə 20 min nəfərdən artıq məcburi köçkün məskunlaşaraq yaşayırlar. Ölkə başçısının Sərəncam və tapşırıqlarına uyğun olaraq ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları ödənilmişdir.
Prezident İlham Əliyevin tapşırığına əsasən 2010-cü ildə rayonda Müalicə-Diaqnostika Mərkəzi, Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi tikilərək istifadəyə verilmişdir. Son 4 ildə Prezident İlham Əliyev Füzuliyə 2 dəfə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 4 Sərəncam imzalamışdır.
Ölkə başçısının 2012-ci il dekabrın 15-də rayona səfəri zamanı Horadiz şəhərində Mədəniyyət evininin, Dram teatrının, Şahmat Məktəbinin, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, 2 №-li tam orta məktəb binasının, YAP rayon təşkilatının inzibati binasının, Heydər Əliyev parkının, Horadiz Dəmir Yol Vağzalının, Soyuducu Anbar Kompleksinin, Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.
2013-cü ildə isə rayon Polis şöbəsi, Təhsil şöbəsi, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi üçün inzibati binaları tikilərək istifadəyə verilmişdir.
Ölkə başçısının 2014-cü il avqustun 28-də Füzuliyə sonuncu səfəri zamanı isə Horadiz şəhərinin ən yüksək nöqtəsində 10 ha ərazidə Bayraq meydanının, Boulinq zalının, Horadiz şəhərində tikiş fabrikinin, rayon İcra Hakimiyyətinin inzibati binasının, Uşaq bağçasının, Tarix-Diyarşünaslıq Muzeyinin, Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 227 fərdi evin və kommunal binanın, Qəhrəmanlar Parkının, Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak etmişdir.
İşğal dövrü Alıxanlı kəndində 50, Əhmədalılar kəndində isə 25 yandırılmış ev bərpa olunaraq sahiblərinin istifadəsinə verilmişdir. Evləri bərpa olunan ailələr rayona öz doğma evlərinə qayıdaraq, uzun illərin intizarına son qoymuşlar.
Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 5 küçə yenidən bərpa olunaraq istifadəyə verilmiş, şəhərdə geniş yaşıllıq zolaqları salınmış, həmişəyaşıl ağaclar əkilmiş, park və xiyabanlar salınmışdır. Rayon ərazisində 20000-dən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10000 eldar şamı, 25000 dekorativ kol, ümumilikdə 100000 minə yaxın müxtəlif növ ağac və dekorativ kol əkilmişdir.
Ölkə başçısının Sərəncamı ilə 25 min nəfər əhalinin yaşadığı 8 məntəqəni birləşdirən 31,7 kilometrlik Əhmədbəyli-Alxanlı-Zobucuq, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər avtomobil yolları yenidən qurulmuşdur. Ölkə başçısının Sərəncamına uyğun olaraq rayon ərazisində 60 km-ə yaxın yolların bərpası işləri başa çatdırılmışdır. Hazırda 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kmdən artıq olan yolun tikintisi sürətlə davam etdirilir.
Dövlət proqramına uyğun olaraq rayonun 37 şəhər, qəsəbə və kəndi təbii qazla təmin olunmuşdur. Yaxın günlərdə 4-cü və 5-ci Qayıdış qəsəbələri də qazla təmin olunacaqdır. Bununla da rayonun qazlaşdırılması tam başa çatacaqdır.
Son 4 ildə Araz Zərgər, Qarabağ, Gecəgözlü yatağı, Qazaxlar, və 4 №-li Qayıdış qəsəbəsində tam orta məktəb binaları tikilərək istifadəyə verilmişdir. Əhmədbəyli kəndində 340 yerlik musiqi təmayüllü gimnaziyanın tikintisi başa çatmış, gimnaziya yaxın günlərdə şagirdlərin istifadəsinə veriləcəkdir.
Ümumiyyətlə isə son 10 ildə 3860 şagird yerlik 23 məktəb binası tikilib istifadəyə verilmişdir. • 2180 şagird yerlik 12 məktəb binası əsaslı təmir olunmuşdur.
Respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda Heydər Əliyev Fondunun, fondun prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqətini əhalimiz daim hiss edir. Fond Füzulidə 4 böyük layihə həyata keçirmişdir. 2012-ci ildə Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz olunmuş məktəb binası, 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 100, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq ikimərtəbəli uşaq bağçası-körpələr evləri, 2014-cü ildə Horadiz şəhərində Tarix-Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilmişdir.
Bunlar Heydər Əliyev Fondunun son 4 ildə cəhbə bölgəsində yerləşən Füzuli rayonunda həyata keçirdiyi iri layihələrdir. Fond bu illər ərzində işğaldan azad olunmuş ərazilərdə onlarla layihələr həyata keçirmiş, minlərlə füzulili məcburi köçkünü sevindirmişdir.
Hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 65 min nəfərdən artıq əhali yaşayır. 55 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, şəhərlərində və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşmışdır.
Respublikada həyata keçirilən sosial-iqtisadi, ictimai-siyasi, humanitar, elmi-mədəni inkişafın nəticəsi olaraq Füzulinin işğaldan azad olunmuş ərazisi tikinti quruculuq meydanına çevrilmişdir. Hazırda Horadiz şəhərində Statistika və Kənd Təsərrüfatı İdarələri, Səfərbərlik və hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün inzibati binalar, Əhmədbəyli kəndində 35 yerlik uşaq bağçası və xəstəxan binaları inşa olunur.
Bu gün cəbhə bölgəsində yerləşən Füzuliyə gələn hər bir qonaq burada müharibənin dağıntıları ilə üzləşmir, bu yerlərdə gözəlliyin şahidi olur, insanların xoş günlərinə sevinirlər. Rayon İcra Hakimiyyəti ilə birlikdə işıqlı sabahlarını quran füzulililər ölkə başçısına, onun xanımına olan inam və məhəbbətlərini öz əməlləri ilə təsdiq edirlər.