Keçmiş döyüşçü: “Cənab Ali Baş Komandan Mirhəsən Seyidov bir əsgəriniz, xalqın bir xidmətçisi olaraq, Sizin etimadınızı doğrultmadı”.
Yenixeber.org: İkinci dərəcəli Qarabağ əlili, keçmiş hərbiçi Rəşad Rəhimovun redaksiyamıza yazdığı məktubda qeyd edir ki, ən gənc icra başçısı olaraq Mirhəsən Seyidov özü bir nümunə olmalı və Tovuzda döyüşlərin başladığı ilk gündə ordu sıralarına yazılmalı idı. Lakin bunun əvəzinə onun öz mənfəətini güdməsi və etdiyi hərəkətlər sadəcə təəssüf hissi doğurur…
Artıq bir neçə aydır ki, Neftçalada vəziyyət günü-gündən pisləşir. Bir tərəfdən susuzluq, digər tərəfdən pandemiyanın yaratdığı çoxlu narahatlıqlar və problemlər və son günlər yaşanan müharibə həyəcanı… Neftçala əhalisi son bir neçə ayda doğrudan da fövqəladə vəziyyət şəraitində yaşamaqdadır. Hər şeydən əvvəl Kürün suyunun kəskin azalması nəticəsində Xəzər dənizinin suyunun çayın mənsəbinə girməsi neftçalalıların bütün sahələrdə vəziyyətini çox ağırlaşdırıb. İstər əhalinin və heyvan-qaranın, istərsə də əkinlərin su ilə təminatında böyük problemlər yaşanmaqdadır.
Bəs Neftçala əhalisinin fövqəladə vəziyyətdə yaşadığı bu günlərdə Neftçalnının gənc başçısı da fövqəladə vəziyyətdə yaşayırmı? Çox təəssüflə qeyd etməliyik ki, yaşamır. Bütün hallarda Neftçaladan gələn xəbərlər bunu təsdiqləyir. Prezidentin tövsiyyələrinə baxmayaraq Neftçalanın gənc icra başçısı öz səfasının dalınca qaçır və xalqın cəfasını qətiyyən paylaşmır…
Qeyd edək ki, iyulun 15-də Neftçalanın icra başçısı Murhəsən Seyidovun Prezident tərəfindən neftçalalılara xidmət etmək üçün vəzifələndirilməsindən 100 gün keçdi. Bəs bu müddət ərzində neftçalalılar üçün nəyinsə dəyişdiyini, hansısa sahədə neftçalalılar üçün yüngüllüyün yarandığını demək olarmı? Neftçalalıların dediyinə görə yox. Neftçalalılar iddia edirlər ki, yeni gənc başçı ümumiyyətlə davranışları ilə belə, hazırda həbsdə olan sabiq başçı İsmayıl Vəliyevdən heç nə ilə fərqlənmir.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev martın 5-də yeni təyin etdiyi İsmayıllı və Neftçala rayonlarının icra başçılarını qəbul edərkən onlara bir sıra tövsiyyələr etmişdi. Konkret olaraq ən gənc başçı olaraq təyinat alan Mirhəsən Seyidova isə aşağıdakı tövsiyyələri etmişdi:
“Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq”.
Daha sonra isə prezident yeni başçıları işlərinə məsuliyyətlə yanaşmağa, həbs olunan icra başçılarının səhvlərini təkrar etməməyə və onlara göstərilən etimadı doğrultmağa çağırmışdı. Preziden xalqın və dövlətin qarşısında onlara göstərilən etimadı doğrultmağı xüsusi olaraq vurğulamışdı:
“Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız, bu eyni zamanda cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır”.
Və bu gün neftçalalılar açıq şəkildə deyir ki, prezidentin böyük etimad göstərdiyi Mirhəsən Seyidov sələfi İsmayıl Vəliyevin getdiyi yolla gedərək bu etimadı doğrultmayıb. Elə Mirhəsən Seyidovun iş prinsipi və davranışları da bunu deməyə əsas verir.
İsmayıl Vəliyev kimi gününün çox hissəssini restoranlarda keçirən yeni icra başçısının da ilk işi özünə biznes yaratmaq olub. (İsmayıl Vəliyevin ilk işi Neftçalada yeni bazar və restoran inşa etmək olmuşdu.) Belə ki, ikinci dərəcəli Qarabağ əlili, keçmiş hərbiçi Rəşad Rəhimovun PİA.az-a yazdığı məktubda qeyd edilir ki, 100 gün müddətində Neftçalada daşı daşın üstünə qoymayan, təhsil və səhiyyədəki dözülməz vəziyyəti sağlamlaşdırmaq üçün heç bir addım atmayan Mirhəsən Seyidov dəniz sahilində, xalq arasında “Müşviq” deyilən, Neftçalanın Şirvanlı kəndində İstirahət Mərkəzi tikdirir.
Tikinti yeni başlamasına rəğmən icra başçısı hazırda başlayan çimərlik sezonunu nəzərə alaraq, dəniz sahilində yüzdən artıq “besetka” hazırlatdırıb və istifadəyə verib. Besetkaların birini isə çimərliyə gələnlərə 20 manata verir. Bu işləri və İstirahət Mərkəzinin əsas binasının yeni başladılan tikintisini icra başçısının Bakıdan özü ilə gətirdiyi Rüstəm adlı yaxın qohumu idarə edir. (Təsadüfdənmi, yoxsa qədərdənmi, İsmayıl Vəliyev də Neftçalaya gələndə özü ilə Rüstəm adlı dostunu gətirmişdi.)
Başçının qohumu Rüstəmin yardımçısı isə Neftçala rayon İcra Hakimiyyətini Ərazi idarəetmə şöbəsinin müdüri Elşən Əmirovdur. Keçmiş hərbiçi Rəşad Rəhimov bildirir ki, Elşən Əmirovun adı DTX-nın apardığı cinayət araşdırmasında keçir və buna baxmayaraq Mirhəsən Seyidovun ona böyük etimad göstərir.
Xalqın çoxsaylı problemlərindən heç birini həll eləmədiyi halda yeni başçının özünə dəniz sahilində İstirahət Mərkəzi inşa etməsinə qarşı keçmiş döyüşçü, Qarabağ əlili Rəşad Rəhimov qəzəbini PİA.az-a belə ifadə edib:
“Neftçala əhalisi çox ağır günlər keçirir. Əhalinin sususz qaldığı bu günlərdə hamımız Tovuz döyüşlərinin şokunu yaşamaqdayıq. Bu ağır günlərdə biz icra başçısının hər hansı bir vətənpərvər və xalqa nümunə olacaq addım atmasının şahidi olmadıq. Bunun yerinə bu ağır günlərdə Mirhəsən Seyidov özü üçün dəniz sahilində İstirahət Mərkəzi inşa etdirir. İcra başçısını susuz qalan qəsəbələr, kəndlər, rayon mərkəzi, əkin sahələri narahat etmir. Tovuzda, Azərbaycan-Ermənistan sərhədində qəhrəmanlıqla şəhid düşən əsgərlərimiz də icra başçısı üçün əhəmiyyət kəsb eləmir. Bu ağır günləırdə başçını təzə inşa eləçməyə başladığı İstirahət Mərkəzi və ordakı “besetka”lardan əldə olunan gəlir daha çox maraqlandıdır. Biz bir qrup Qarabağ döyüşçüləri başçının bu davranışını şiddətlə qınayırıq. Və burdan üzümüzü Ali Baş Komandanımıza tutub deyirik: Cənab Ali Baş Komandan Mirhəsən Seyidov bir əsgəriniz, xalqın bir xidmətçisi olaraq Sizin etimadınızı doğrultmadı. O sizin tapşıırıqlarınızı həyata keçirmək üçün bu günə qədər heç bir addım atmayıb və belə görünür ki, atmayacaq da”.
Keçmiş döyüşçü bildirib ki, ən gənc icra başçısı olaraq Mirhəsən Seyidov özü bir nümunə olmalıydı və Tovuzda döyüşlərin başladığı ilk gündə ordu sıralarına yazılmalı idı. Lakin bunun əvəzinə onun öz mənfəətini güdməsi və etdiyi hərəkətlər sadəcə təəssüf hissi doğurur.
Maraqlıdır ki, Şirvanlı kəndində tikilən İstirahət Mərkəzi ilə bağlı məlumatlı olan ikinci mənbədən əldə etdiyimiz məlumata görə hazırda dəniz sahilində aparılan tikinti işləri qanunsuz aparılır. Belə ki, İstirahət Mərkəzi üçün müvafiq qurumlar hələ ki, torpaq sahəsi ayırmadığı kimi, Neftçala rayon İcra Hakimiyyəti də tikinti üçün icazə verməyib?!
Bundan başqa hazırda dəniz sahilində fəaliyyət göstərən “besetka”lar da qanunsuz və qeydiyyatsız fəaliyyət göstərir və Mirhəsən Seyidov burdan əldə etdiyi gəlirlərdən dövlətə vergi ödəmir.
Bütün iddilarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…(pia.az)
***
Bu gün (22.07.2020) yenixeber.org-a qarşı tərəfin müraciəti daxil olub. Müraciətdə deyilir:
Keçmiş hərbiçi Rəşid Rəhimov tərəfindən müxtəlif kütləvi informasiya vasitələrinə ünvanlanan müraciətlə bağlı saytlarda “Gənc icra başçısı prezidentin etimadını belə doğruldur?-Dəniz sahilində özünə istirahət mərkəzi tikdirir...” adlı məqalədə dərc edilən fikirlərlə əlaqədar Neftçala Rayonu İcra Hakimiyyətinin mövqeyini diqqətinizə çatdırırıq.
İlk növbədə Rəşid Vaqif oğlu Rəhimov Qarabağ müharibəsi əlili deyil, ümumi səbəbdən (travmatik mənşəli şəxsiyyət dəyişikliyi) ikinci dərəcəli əlildir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Rəşid Rəhimov fərdi yaşayış evi inşa etmək məqsədilə köməklik olunması ilə bağlı Neftçala Rayonu İcra Hakimiyyətinə dəfələrlə müraciət etmiş və Prezident İlham Əliyevin Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov təyinatından cəmi 5 (beş) gün sonra icra başçısı tərəfindən 10.03.2020-ci il tarixində qəbul edilmişdir. Müraciətə əsasən Rayon İcra Hakimiyyəti başçısının müvafiq tövsiyəsi ilə Neftçala bələdiyyəsi tərəfindən 500 manat dəyərində taxta və digər tikinti materialları Rəşid Rəhimova verilmişdir. Eləcə də, bu məqsədlə 2018-2019-cu illərdə də, Rəşid Rəhimovun müraciəti nəzərə alınmış və ona 40 ədəd sement, 1000 ədəd kərpic, 800 ədəd mişar daşı, 1 maşın suvaq qumu və maddi köməkliklər edilmişdir. Fərdi yaşayış evi tikmək məqsədilə Rəşid Rəhimova Neftçala bələdiyyəsi tərəfindən 2 dəfə hər biri 600 m2 olan həyətyanı torpaq sahəsi pulsuz olaraq verilmişdir. Rəşid Rəhimovun ailə vəziyyəti nəzərə alınaraq həyat yoldaşı Rəhimova Gülər Bəylər qızı 01.06.2019-cu il tarixdən və qardaşı Rəhimov Rəşad Vaqif oğlu 27.01.2020-ci il tarixdən “DOST İş Mərkəzi” MMC-də sosial işçi kimi işə götürülmüş və onlarla əmək müqaviləsi bağlanmışdır. Rəşid Rəhimov iddiaçı kimi, dəfələrlə rayon ərazisində tikilməkdə olan Olimpiya Kompleksindən müxtəlif təmir tikinti materialları tələb edib. Neftçala rayon icra hakimiyyətinin müvafiq əməkdaşları tərəfindən dəfələrlə Rəşid Rəhimovun tələbinin əsassız olduğu və rayon icra hakimiyyətinin belə bir səlahiyyəti olmadığı izah olunub.
Neftçala rayonunda içməli su ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı diqqətinizə çatdırırıq ki, Rayon İcra Hakimiyyəti başçısının müvafiq tapşırığı ilə hər gün rayon ərazisinə Salyan rayonundan30 ədəd su maşını ilə 500 m3dən artıq içməli su gətirilərək şəhər və qəsəbə ərazilərində yerləşdirilmiş 50 ədəd hər biri 5 m3 olan su çənlərinə doldurulur, qəsəbə və kəndlərdə yerləşdirilib,mütəmadi olaraq42 modul tipli su təmizləyici qurğular içməli su ilə təmin edilir. Rayon İcra Hakimiyyətində və Neftçala Sukanal idarəsində yaradılmış qaynar xətt əlaqə telefonlara daxil olan bütün müraciətlər qeydə alınır, içməli su problemi ilə bağlı yaranmış çətinliklər aradan qaldırılır. Eləcə də, müxtəlif şirkətlər və fiziki şəxslər tərəfindən əhaliyə pulsuz olaq plastik qablarda 20 m3 su paylanmış, rayonda fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən hər gün 20-22 m3 içməli su əhaliyə çatdırılır, rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilatların su ilə təminatıda diqqətdə saxlanılır.Azərsu ASC və Neftçala rayon İcra Hakimiyyətinin birgə
əməkdaşlığı ilə, Salyan rayonundan Neftçala rayonuna çəkilməkdə olan su kəməri sürətli icra olunur.
Diqqətinizə çatdırırıq ki, Rayon İcra Hakimiyyəti başçısı cənab Mirhəsən Seyidovun 100 günlük fəaliyyəti və Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində görülən işlərə nəzər salmaq məqsədilə dövrü mətbuatda mütəmadi olaraq məlumatlar yerləşdirilir. Neftçala Rayon İcra Hakimiyyətinin rəsmi sosial şəbəkə hesabından və internet səhifəsindən məlumat əldə etmək mümkündür.
Məqalədə rayonun Şirvanlı kəndi ərazisində Xəzər dənizi sahilində “Rayon İcra Hakimiyyəti başçısı tərəfindən istirahət mərkəzinin tikintisi” ilə bağlı qeyd edilən fikirlər əsassız, şər və böhtandır. Diqqətinizə çatdırırıq ki, Şirvanlı kəndi ərazisində Xəzər dənizinin sahilində 48000 m2 ərazi çimərlik məqsədilə əhali tərəfindən hər zaman ödənişsiz istifadə edilib. Burada əhalinin istirahəti üçün yerli fiziki şəxslər və hüquqi şəxslər tərəfindən mövsumi istifadə üçün düzəldilmiş həsirlər müvəqqəti istirahət yerləri mövcud olub. Neftçala rayon İcra Hakimiyyəti təşəbbüsü ilə, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi və rayon könüllülərinin birgə təşkili etdiyi aksiya ilə ekoloji vəziyyəti bərbad olan bu yerlər təmizlik aksiyası çərçivəsində təmizlənib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.2.8-ci bəndinə (müvafiq ərazidə hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu üçün şərait yaratmaq), 4.5.8-ci bəndinə (müvafiq ərazidə kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək), 4.5.9-cu bəndinə (əhaliyə sosial-mədəni xidmətlərin göstərilməsi sahəsində müvafiq tədbirlər görmək, digər növlərdən olan xidmətlərin inkişafına kömək etmək), əsasən hazırlanmış yerlər vətəndaşların sosial-mədəni həyatının yaxşılaşdırılmasına məqsədi ilə Müşviq çimərliyi kimi tanınan yerdə öncədən istifadə olunan konstruksiya materiallar toplanaraq sahibkarlar tərəfindən daha yenisi ilə əvəz olunub vətəndaşların istifadəsinə verilib. COVİD-19 pandemiyası müddətində, Operativ Qərargahın tövsiyyələrinə uyğun şəkildə bütün şərait qurulub. Sosial məsafələr gözlənilib, yeni geyinib-soyunma otaqları hazırlanıb, ərazidə vətəndaşların istifadə etdiyi yerlərdə dezinfeksiya məhsulları yerləşdirilib. Respublikanın müxtəlif bölgələrindən və rayon ərazisindən buraya istirahətə gələn vətəndaşlar ərazidə yaradılmış şəraitdən razılıqlarını bildirir və bu da öz növbəsində insanların məmnunluğuna səbəb olub. Şirvanlı çimərliyində mövsumi istifadədə olan yerlərdə onlarla vətəndaşlar yeni iş yerləri ilə təmin olunub. Ərazidə vətəndaşların istifadə üçün, ailəvi və gənclər sektorları hazırlanıb ki, bu da vətəndaşların daha rahat istifadəsinə imkan yaradıb. Neftçala rayon İcra Hakimiyyəti tərəfindən bundan sonra da, rayon ərazisində fəaliyyət göstərmək istəyən sahibkarlarla bağlı müvafiq investisiya layihələri qiymətləndiriləcək və vətəndaşların daha rahat istifadəsi üçün dəstəklənəcəkdir.
Bir daha bildiririk ki, özünü Qarabağ əlili kimi təqdim edən Rəşid Rəhimov tərəfindən kütləvi informasiya vasitələrinə ünvanlanan müraciətdə qeyd olunan fikirlər əsassız, şər və böhtan xarakterli məlumatlardır. O və onun kimi bəzi vətəndaşlarbundan öncə də müxtəlif vaxtlarda, rəhbər şəxslərin fəaliyyətinə kölgə salmaqla öz mənfur niyyətlərinə nail olmaq üçün müxtəlif mətbuat orqanlarına həqiqəti əks etdirməyən yalan məlumatlar verməklə məşğuldur. Neftçala rayon İcra Hakimiyyəti tərəfindən bütün məlumatlar dəqiqləşdirilir və müvafiq hüquq mühafizə orqanlarına bununla bağlı müraciət hazırlanır. Rəşid Rəhimov və ona havadarlıq edənlərin müxtəlif müxalif meyilli şəxslərin bu gün mövqeyi, rayon ərazisində əhali arasında narahatlıq yaratmaq, rayon rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdır. Neftçala rayon İcra Hakimiyyəti bəzi media nümayəndələrinə bu haqda məlumatı yaymadan öncə qarşı tərəfin mövqeyini öyrənməyi və icra hakimiyyətinin əlaqə vasitələrinə sorğu ilə çıxış etməyi tövsiyyə edir.