90-cı illərdə çörəklə sınağa çəkilən əhaliyə indi də psixoloji təzyiq göstərir, maska və əlcəyə möhtac qoyurlar

Yenixeber.org: Məlum olduğu kimi, “koronavirus” deyilən bir bəla bütün dünyanı ağuşuna alıb. Qloballaşmaya doğru gedən dünya dövlətlərinin inteqrasiyasının vüsət aldığı bir vaxtda belə bir yoluxucu xəstəliyin qonşu İranda geniş yayılması təbii olaraq Azərbaycan dövlətini də bəzi addımlar atmağa vadar etdi. Buna görə də hələ xəstəliyin pandemiya halına almamış ölkədə bir sıra tədbirlər görüldü.

Dövlət bu təhlükədən mümkün qədər az itki ilə çıxmaq üçün bütün tədbirlərə əl atır

Bu təhlükə ölkəmizə yaxınlaşmadan əvvəl dövlət başçısı İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Sərhədlər bağlansa da, xüsusən də xaricə səfər etmiş bəzi vətəndaşlarımızda koronavirusa yoluxma aşkar edilən kimi daha ciddi fəaliyyətlərə başlanıldı, Prezident tərəfindən koronavirusla mübarizə üçün vəsait ayrıldı, ölkədə karantin rejimi elan edildi. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Hazırda bi fonda müxtəlif təkilatlardan və şəxslərdən 100 milyondan çox vəsait toplanıb və bu vəsait görülən, gələcəkdə görüləcək tədbirlər üçün mühüm rol oynayacaq.

Bununla yanaşı, dövlət bu təhlükədən mümkün qədər az itki ilə çıxmaq üçün bütün tədbirlərə əl atır. Ölkə ərazisində yayılmanın qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq ölkədə tətbiq edilən karantin rejimi sərtləşdirildi və martın 31-dən aprelin 20-ə qədər market və digər ərzaq mağazaları və əczaxanalar istisna olmaqla, əhalinin evdən bayıra çıxması, parklarda, bulvarlarda gəzintisi qadağan olundu. Karantin rejimindən əziyyət çəkən sahibkarlıq subyektləri və orada çalışan vətəndaşların qayğısına qalmaq üçün də dövlət bir sıra güzəştlər hazırlayıb.

Bütün bu tədbirlərin müqabilində biz nə edirik, məmurundan tutmuş aptekdə satıcı işləyəninə qədər cəmiyyətin bütün təbəqələrindən olan hər bir şəxs yaranmış vəziyyətə adekvat addım atırmı? Apardığımız müşahidələrdən bəlli olur ki, inkişaf etmiş texnologiyanın gətirdiyi üstünlükdən yararlanan Azərbaycan vətəndaşlarının bir çoxunun problemə yanaşmasındakı primitivlik, qəribəlik, hətta etinasızlıq da ortaya çıxır. Amma gəlin görək, müvafiq qurumlar, müəyyən sahənin mütəxəssisləri, hətta karantin rejiminin təmin olunmasında birbaşa iştirak edənlər də müvafiq olaraq öz vəzifələrinin öhdəsindən gəlirlərmi?

Əhaliyə maska, əlcək satılmırsa, onu geyinməməyə görə cərimə etmək düzgündürmü?

Təəssüf ki, qeyd edilən sahələrdəki şəxslər, eyni zamanda insanlara düzgün məlumat çatdırmağı öhdəsinə götürən qurumlar və şəxslərin bəziləri cəmiyyəti təşvişə salmamaq, maarifləndirici yöndə fəaliyyət göstərmək əvəzinə şüurlu və ya şüursuz şəkildə insanlarda çaşqınlıq, inamsızlıq, bədbinlik, kütləvi psixoz yaratmağa cəhd edirlər. Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlardan kənaraçıxmalara rəvac verənlər də tapılır. İndiki şəraitdə isə bu qətiyyən yolverilməzdir.

Məsələn, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarına əsasən, bəzi sahələr istisna olmaqla, aprelin 6-a kimi ölkə ərazisində qeyri-iş günü elan edilib. Mövcud vəziyyətdə ən optimal yol kimi, 65 yaşdan aşağı vətəndaşların evdən çıxması qadağan edilib, işləməyənlərə isə zəruri olmadıqda evdən çıxmasının qadağan olunması deyil, sadəcə məhdudlaşdırılması seçilib. Amma burada boşluq var və karantin rejimini əsas gətirib, zibil atmağa, çörək almağa gedənin də üstünə hücum çəkirlər. Bu “əməliyyatlar”da hüquq-mühafizə orqanları işçiləri ilə yanaşı, televiziya kanallarının qeyri-peşəkar reportyorları daha fəallıq göstərirlər.

Belə problemlərin yaranmasına səbəb də əhaliyə karantin rejiminin şərtlərinin tam açıqlanmaması və düzgün izah edilməməsidir. Bu halda maska və əlcəksiz küçəyə çıxanların cərimələnməsi bəzi insanların narazılığına səbəb olur. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev mediaya açıqlamasında bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir. Onun sözlərinə görə, karantinin şərtlərinə əsasən, evdən bayıra çıxanda mütləq qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Yəni polis maska və əlcək taxmadığına görə hər bir vətəndaşı cərimə edə bilər, amma bunu maska və əlcək taxmadığı üçün yox, karantin rejiminin qaydalarını pozduğuna görə əsaslandırır.

Bu maraqlı nüansa sırf sadə vətəndaş üçün ağrılı məsələ olan maska və əlcəyin apteklərdə tapılmaması problemini qabartmaqla yanaşmaq istərdik. Bakı şəhəri başda olmaqla ölkənin əksər ərazilərində apteklərdən maska və əlcək almaq hər adama qismət olmur. Əvvəlcə əhali tam təmin olunmalıdır, sonra hələ maaşlarını ala bilməyən sakinləri cəzalandırmaq lazımdır. Yəni günlərlə apteklərdə maska və əlcək ala bilməyən adamlar nə etməlidirlər? Muvafiq qurumlar bunu niyə başa düşmək istəmir? Sual olunur: əhaliyə maska, əlcək satılmırsa, onu geyinməməyə görə cərimə etmək düzgündürmü?

Azərbaycanda ya fövqəladə vəziyyət elan olunmalı, ya da “Karantin rejimi haqqında” qanun qəbul edilməlidir

Digər tərəfdən, efirə çıxıb çoxları karantin rejimindən danışırlar, amma o qaydaların harada əks olunduğunu, hansı qanunla tənzimləndiyini heç özləri də bilmirlər. Azərbaycan hüquqi dövlətdir və burada bütün qaydalar da hansısa qanunla tənzimlənməlidir. Bəlkə də çoxları bilmir ki, Azərbaycanda “Karantin rejimi haqqında” qanun mövcud deyil. AzToday.az xəbər verir ki, bu məsələyə toxunan Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin sonuncu plenar iclasındakı çıxışında qeyd edib ki, Azərbaycanda karantin rejimi elan olunsa da, hüquqi anlayış verilməyib: “Biz mütləq “Karantin rejimi haqqında” qanun qəbul etməliyik. Parlamentin karantin rejimini təsdiq etməsi üçün hüquqi bazamız yoxdur. Biz hüquqi çərçivəni müəyyənləşdirməliyik”.

Bunlar öz yerində, hətta xüsusi karantin rejiminin qaydaları əhaliyə çatdırılmayıb ki, onlar da nəyə əməl edəcəklərini dəqiq bilsinlər. Məsələn sual oluna bilər: karantin rejimində çörək almağın qaydaları necə müəyyənləşib? Bu qaydalar rəsmi şəkildə elan olunmadığı üçün bu səpkili sualların və mübahisəli məsələlərin sayı çoxdur.

Yəni bu çoxsaylı suallar və çatışmazlıqlar da dövlətin bütün vətəndaşlarının qayğısına qaldığını şübhəsiz şəkildə nümayiş etdirdiyi bir vaxtda istər-istəməz əhali arasında narazılıq yaradır. Buna görə də ya təcili olaraq “Karantin rejimi haqqında” qanun qəbul edilməli, ya da son çarə kimi ölkədə fövqəladə vəziyyət elan olunmalıdı.

Əhalini təşvişə salan “fəlakət dəllalları”nın özünüreklam cəhdlərinin qarşısı alınmalıdır

Göründüyü kimi, koronavirus təhlükəsindən istifadə edən bəzi əlaqədar qurumlar və şəxslər onsuz da ölüm təhlükəsi ilə psixoloji travma keçirən insanlara az qala intihara sövq edəcək dərəcədə təzyiq göstərirlər. Yaranmış vəziyyətdən istifadə edib süni şəkildə qıtlıq yaradıb, 10 qəpiklik maskanın qiymətini 30 qəpiyə qaldırır, bir çox hallarda sovet dövründəki bəzi ərzaqlar kimi spirti, tibbi maskanı və əlcəyi əlaltından satırlar. Maskası olmayanlar isə cərimələnir. Buna görə də sakinlərin bir çoxu yoluxmaq qorxusundan yox, polis ilişməsin deyə maska almaq üçün səhər saat 8-dən apteklərin qarşısında basabas yaradır və bununla yeni yayılma təhlükəsinə rəvac verirlər. Beləliklə, 90-cı illərdə çörəklə sınağa çəkənlər indi də maska, spirt və ələcəyə möhtac qoyublar.

Eyni zamanda yuxarıda qeyd edilən təzyiq televiziyalardan birinin rəhbərindən tutmuş sıravi polis işçisinə qədər bütün təbəqələrindən olan və əslində real vəziyyəti anlamayan və ya anlasa da, kiməsə xoş gəlmək üçün gündəlik olaraq göstərilir. Halbuki bu qədər vicdansızlığa yol verənlər ən azından psixoloq deyillər və insanların xaraktercə bir-birinə yaxın olmaları ehtimalı varsa belə, hər bir insanın fərqli xasiyyətə, fərqli düşüncəyə və müxtəlif dərəcədə başadüşmə və qavrama dərəcəsinə malik olduqlarını anlaya bilməzlər.

Üstəlik, bu fəlakət birdən-birə ortaya çıxıb, cəmiyyət buna hazır deyildi. Azərbaycan xalqı karantinə yox, bayrama hazırlaşırdı. Birdən-birə tətbiq edilən, həmçinin nəticəsinin hesablanmadığı qadağalar ümumi vəziyyətin daha da pisləşməsinə şərait yaradır. Bununla yanaşı, televiziyalara və media orqanları vasitəsilə şablon çağırışları edən, əhalini sakitliyə, nikbinliyə, möhkəm olmağa çağırmaq əvəzinə “fəlakət dəllalı” vəzifəsini başqa formada üzərinə götürən şəxslər əslində özünüreklamla və vahimə yaratmaqla məşğul olurlar. Əhalini təşvişə salan bütün “fəlakət dəllalları”nın cəhdlərinin qarşısı alınmalıdır.

Yüngül xəstələr tam ev şəraitində də müalicə oluna bilərlər

Aralarında adını həkim qoyan bu adamlar bizə İtaliyanı, İspaniyanı misal çəkib, onsuz da ölüm qorxusu yaşayan uşaqları da öz həyatlarını yaşamağa qoymurlar. Onlar başa düşmürlər ki, heç də bütün uşaqlar ölkədə məktəblər bağlanıb deyə sevinərək bayram etmirlər. Onlar evdə qalıb sizin kimi “fəalkət dəllal”larının vahimə dolu çağırışlarını eşdib psxoloji sarsıntı keçirirlər.

Xəstələrin müalicəsinə gəlincə, TƏBİB rəsmisi elan edir ki, xəstələrin sayı artsa, onları yerləşdirmək mümkün olmayacaq. Bu da yenə vahimə yaratmaq xarakteri daşıyan xəbərdir. Bu vəziyyətin günahkarı da əhali deyil. Ona görə ki, xarici ölkə mütəxəssislərinin ortaya qoyduğu, o cümlədən dünyanın sosial rifahın ən yüksək olduğu ölkəsi İsveçin nümunəsində biz görürük ki, bu virusa yoluxanların hamısını karantin rejiminə cavab verməyən xəstəxanalara yatırıb, onun ailə üzvlərini çək-çevirə salıb ürək xəstəsinə çevirmirlər.

Çox təəssüf ki, hansısa səbəblərdən bizdə daha səmərəli üsul təklif edən və fərqli yanaşma sərgiləyən mütəxəssislər azdır. Onlardan biri də professor Adil Qeybulladır ki, özünün “Facabook” səhifəsindəki məqaləsində koronavirusun yayılması ilə bağlı müxtəlif məsələlərə aydınlıq gətirir. Professor haqlı olaraq bildirir ki, koronavirus aşkarlanan yüngül xəstələr tam ev şəraitində də müalicə oluna bilərlər. Ona görə ki, bəziləri bu virusa yoluxsalar da, ev şəraitində sağalıblar. Professor haqlı olaraq qeyd edir ki, COVİD -19-un spesifik simptomu yoxdur və atipik respirator virus infeksiyasıdır. Yəni qripdə olduğu kimi, xəstə ayrı otaqda təcrid edilsə, yataq rejiminə keçsə, qətiyyən panikaya düşməsə sağalmaq mümkündür. Digər tərəfdən, professor bəzi təcrübəli xarici mütəxəssislərin də tövsiyə etdiyi kimi, oxşar simptomların (qripdə (H1N1), adi bakterial və ya virus pnevmoniyasında, digər infeksiyalarda da baş verə bilər) baş qaldırmasını koronavirus hesab etmək və koronavirusu “kabus” kimi görməyin əleyhinə çıxır.

Yəni həkimlər, professorlar, alimlər əhalini bu virusu tam faciə kimi qəbul etməməsi üçün sakitliyə çağırmalı, düzgün tövsiyələr verməlidir. Bunun üçün Böyük Bitaniyanın baş naziri Boris Consonun, ölkənin səhiyyə nazirinin koronavirusa yoluxmasını və müalicə olunmasını müsbət halları da yada salmaqla əhalini gələcəyə nikbin baxmağa sövq etmək lazımdır.(aztoday.az)

Orxan Məmmədli