Bakı yolları niyə çökür: qəza, yoxsa...
Son illərdə Bakı şəhəri ərazisində əsasən yeni çəkilmiş, yaxud əsaslı təmir olunmuş yollarda çökmə halları çoxalıb.
Yenixeber.org: Demək olar ki, hər il irili-xırdalı 5-6 belə çökmə halı qeydə alınır. Əksər vaxtlarda çökmənin səbəbi kimi su və kanalizasiya xətlərindəki qəzalar göstərilir. Yolu çəkən, yaxud təmir edən qurumdan verilən açıqlamalarda belə qəzalar üzündən yol yatağının yuyulması əsas arqument kimi səsləndirilir. Belə hallar son illərdə Babək prospektində, Nizami rayonu, Mehdi Abbasov küçəsində və digər ərazilərdə qeydə alınıb.
Son dəfə yeni təmir olunmuş yolda böyük çökmə faktı Binəqədi-Novxanı avtomobil yolunda ötən həftə baş verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, yolun altından keçən “Azərsu” ASC-yə məxsus su borusunda qəza olub, su sızıb. Nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb. Qeyd olunub ki, ərazi AAYDA-nin Yolları mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb. Eyni zamanda qəzanın aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub, təmir-bərpa işlərinə başlanıb.
Xatırladaq ki, bu, Binəqədi-Novxanı yolunda ilk çokmə hadisəsi deyil. Binəqədi-Novxanı-Corat yolu 2017-ci il avqustun 2-də istifadəyə verilib. Avqustun 17-də isə istifadəyə verilən Binəqədi-Novxanı avtomobil yolunun 11-ci kilometrində çökmə hadisəsi baş verib. Yolun çökməsinin səbəbi kimi yenə də su borusunun partlaması bildirildi.
2017-ci ilin aprelində Binəqədi-Novxanı avtomobil yolunda təmir işləri aparılıb. Həmin ilin may ayında 14 km uzunluğunda olan Binəqədi-Novxanı-Corat avtomobil yolunun bir hissəsi yenidən qurularaq istifadəyə verilib. “Azəravtoyol” ASC-dən bildirilib ki, avtomobil yolunun 6,5 km-lik Binəqədi-Novxanı hissəsinin yenidən qurulması işləri artıq yekunlaşıb. Məlumata görə, sözügedən hissənin 80 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1.2 km-lik hissəsində 1.5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb. Bundan öncə isə bu hissədə aidiyyəti qurum tərəfindən yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri aparılaraq yekunlaşdırılıb.
Bakı ərazisində əsasən yeni çəkilən yolların altından keçən su və kanalizasiya xətlərində qəzanın baş verməsi diqqətçəkicidir. Məlumdur ki, hər yeni yol çəkiləndə, yaxud hansısa mövcud yolda əsaslı təmir-bərpa işləri həyata keçiriləndə yolun altına düşən bütün infrastruktur xətləri, o cümlədən su, kanalizasiya xətləri də yenilənməlidir. Bu halda, nədən təmiri, yaxud tikintisi təzə başa çatmış yolların altındakı xətlərdə qəzalar baş verir? İnfrastruktur sahibi keyfiyyətsiz işləyir, yoxsa yolu çəkən?
Anar Cəbrayıllı: “Bakıda 50-dək küçədə yolaltı xətləri yeniləmişik”
Suallarla müraciət etdiyimiz “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı hesab edir ki, su və kanalizasiya borularında qəza heç də həmişə yeni çəkilmiş, yaxud təmir olunmuş yolların altından keçən hissədə baş vermir: “Bu mənada, o fikirlə razı deyiləm ki, yeni çəkilən, yaxud əsaslı təmir olunan yolların altından keçən xətlərdə qəza çox baş verir. Məsələn, Babək prospektində çökmənin səbəbi kimi su sızması dedilər, yoxladıq, məlum oldu ki, heç bir yerdə su sızıntısı yoxdur. Avtomobil Yolları Dövlət Agentliyinin əsaslı şəkildə yenidən qurduğu bütün yollarda su-kanalizasiya xətləri tərəfimizdən yoxlanılır. Vəziyyəti müəyyənləşdiririk ki, xətt nə zaman çəkilib, diametri nə qədərdir. Əgər diametrini böyütməyə ehtiyac varsa, bunu edirik. Xətləri tam təftiş edirik, bütün zəruri yenilənməni aparırıq. Yenidən qurulan bütün yolların altına düşən su-kanalizasiya xətlərinin böyük əksəriyyətini tam yeniləyirik. Bu işi biz - ”Azərsu" Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Yalnız yollardakı yağış barmaqlıqlarının qurulmasını Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. Agenlik son illərdə Bakının əksər küçələrində belə təmir-yenidənqurma işləri aparıb, buna uyğun olaraq biz də infrastrukturu yeniləmişik. Bu küçələrdən yalnız Məhəmməd Hadi küçəsində yolun altından keçən xətdə qəza baş verib. O da yeni çəkilən boruda deyil, sovet dövründən istismarda olan xətdə. Amma bu, o demək deyil ki, yeni çəkilmiş xətdə qəza ola bilməz. Ümumiyyətlə, heç kim qəzadan sığortalanmayıb. Kim istəyər ki, yeni çəkilmiş yolda problem yaradan qəza baş versin: həm biz əziyyət çəkək, həm bizə söz gəlsin, həm də yeni salınmış yol korlansın? Əlbəttə, biz bunu istəmirik, lakin yenə də qeyd edim ki, qəzadan tam sığortalanmaq mümkün deyil. İndiyədək Bakıda 50-dək küçədə yol yenilənib, yalnız M.Hadidə problem yaranıb".
“Azərsu” rəsmisi bildirir ki, kiçik və orta diametrli bütün su xətləri polietilen borulardan istifadə etməklə yenilənir: “Bu, xətlərin korroziyaya davamlılığını təmin edir, eyni zamanda vətəndaşlara daha təmiz suyun çatdırılmasına imkan yaradır”.
Novxanı yolundakı qəzaya gəlincə, A.Cəbrayıllı bildirdi ki, orada qəza 225 millimetrlik su xəttində baş verib: “Biz artıq orada təmir işlərini başa çatdırmışıq”.
Anar Nəcəfli: “Yolun altındakı kommunikasiya xətlərini yeniləmək onların sahiblərinin işidir”
AAYDA mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin dediyinə görə, “Azərsu” ASC Binəqədi-Novxanı yolunda bərpa işlərini dünən axşam başa çatdırıb: “Bu gün (sentyabrın 30-da) biz yola asfalt çəkmişik”.
Onu da qeyd edək ki, bəzi mənbələr yeni təmir olunan, yaxud çəkilən yollarda çökmələrin əsas səbəbinin yol yatağı hazırlanarkən kipləşdirmə (“trambovka”) işlərinin düzgün aparılmaması ilə bağlı olduğunu bildirirlər. A.Nəcəfli isə bildirir ki, heç də bütün yollarda torpaq işləri görülmür: “Kipləşdirmə yol yeni çəkiləndə aparılır. Mövcud yol təmir olunursa, orada kipləşdirmə aparılmır. Bakı şəhəri ərazisində yollar təmir olunur əksər hallarda.Yeni yol çəkmirik ki, torpaq işləri də görək. Biz yolun üst qatını yeniləyib, yeni asfalt döşəyirik. Əsaslı təmir işləri apardıqda yoldan keçən bütün kommunikasiya xətlərinin sahibləri olan qurumlara məlumat veririk. Onlar öz xətlərini özləri yoxlayırlar, ya yeniləyirlər, ya təmir edirlər. Kommunikasiya xətlərini çəkmək, yeniləmək onların sahiblərinin işidir. Bu zaman yolun altında qazıntı işlərini onlar aparırlar, buna görə də torpağın kipləşdirilməsini də onlar etməlidilər. Onlar işlərini tam başa çatdırdıqdan sonra bizə məlumat verirlər, gedib asfalt çəkirik”.
A.Nəcəfli də hesab edir ki, yenidənqurma aparılmış hər hansı xətdə qəzanın, yolda çökmənin olmasını heç bir qurum istəmir: “Çünki o qəzanın nəticələrini onlar özləri aradan qaldırırlar. Buna görə onlara əlavə vəsait də ayrılmır, öz imkanları hesabına görürlər işləri. Bu baxımdan, heç bir qurum qəza olmasını istəmir”.
Qeyd edək ki, bu ilin iyununda “Azərsu” ASC ilə AAYDA arasında müqavilə imzalanıb. Müqavilə “Azərsu” ASC tərəfindən Abşeron yarımadasında və respublikanın regionlarında tikinti-quraşdırma və qəza-bərpa işləri həyata keçirilərkən qazılmış asfalt örtüyünün bərpasını təmin etmək məqsədilə ərazidə asfalt örtüyünün vurulması işlərini nəzərdə tutur. ASC bu işlərə görə AAYDA-ya 3 milyon 993 min 549.56 manat ödəyəcək. (Yeni Müsavat)