Dünyanın ən “qaynar” təbii fəlakəti -Milyonlarla insanın həyatı təhlükədədir
Qədim Roma əsatirlərində vulkan od tanrısıdır. Əslində isə vulkan Yer qabığı səthində baş verən geoloji hadisədir.
Yenixeber.org:Məlumata görə, vulkanın krateri onun zirvəsindəki üzdə olan, görünən hissəsidir. Vulkan püskürəndə yerin təkindən lava, kül, yanar qazlar və buxar çıxıb ətrafa yayılır.
Vulkan (lat.Vulcanus) - Vulkan xaricə lava, vulkanik qazlar, daşlar püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur. Fəaliyyət xarakterinə görə vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur.
Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir. Damcı formalı maqma 50 km dərinliyinə yığılır. Təzyiq çoxaldıqca maqma yarıqlarla hərəkət edərək litosferə daxil olur. Bu yolla yerin üzünə çıxmış maqmaya lava deyilir.
Vulkanlar bəşəriyyətin başına az bəlalar gətirməyib. Məşhur Etna və Vezuvi vulkanları haqqında eşitmişik. Etna vulkanı təxminən 200 dəfə püskürüb. Eramızın 122-ci ilində Kataniya şəhərini yer üzündən silib. Vezuvi vulkanı isə Pompey və Herkulanum şəhərlərini əhalisi ilə birlikdə məhv edib. Bu dəhşətli hadisə Karl Bryullovun “Pompeyin son günü” adlı rəsm əsərində təsvir olunub.
Fəal vulkanlardan başqa sönmüş vulkanlar da var. Lakin bəzən sönmüş vulkan da oyanır. Ona görə də belə vulkanları yatmış vulkan adlandırırlar. Qafqaz sıra dağlarının Kazbek və Elbrus kimi zirvələri sönmüş vulkanlardır.
Bir də palçıq vulkanları var. Belə vulkanların mənşəyi neft-qaz yataqları ilə bağlıdır. Palçıq vulkanları olan ərazilər neft və qaz-kondensat yataqları ilə zəngin olur. Palçıq vulkanlarının püskürməsi güclü partlayışlar və yeraltı uğultu ilə müşayiət olunur. Yerin ən dərin qatlarından bayıra çıxan qaz dərhal alovlanır. Vulkanın kraterindən yüksələn alovun hündürlüyü bəzən 1000 metrə çatır.
Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada 1-ci yeri tutur. Dünyada mövcud olan 800 palçıq vulkanından təxminən 350-si Azərbaycandadır. Deyilənə görə, Azərbaycanda palçıq vulkanları ilk dəfə 25 milyon il əvvəl püskürüb. 1810-cu ildən indiyə qədər 50 vulkanda 200-ə yaxın püskürmə qeydə alınıb. Bizim palçıq vulkanlarımız “Təbiətin yeddi möcüzəsi” müsabiqəsinin nominantı seçilib.
Vulkan püskürməsi zamanı bir neçə təhlükə var. Əgər vulkan püskürən zaman siz yaxında yerləşirsinizsə, ən təhlükəlisi piroplastik axındır. Bu, saatda 700 km sürətlə irəliləyən kül və daşlardan ibarət səddir. Növbəti təhlükə - bazalt bonbalarıdır. Onlar vulkanın içindən atılaraq onlarla kilometr uzağa düşə bilirlər. Sonda isə zəhərli qazlar və külün özü. Amma kül, yəqin ki, ən təhlükəlisidir. O, hər yerə daxil olur. Həm də ki, bu kül sizin ağ ciyərlərinizdəki maye ilə əlaqəyə girərək, betonabənzər qarışığa çevrilir və alveolları tıxayır. Bir müddət sonra ağ ciyərlərin fəaliyyəti dayanır. Onu nəfəs yollarından təmizləmək isə qeyri-mümkündür. Bunu sizə niyə deyirəm? Birincisi, biz də seysmik zonada yaşayırıq. İkincisi, Xəzər dənizinin dibi aktiv geoçatdır. Bizim gölümüzdə vaxtaşırı yeni adalar meydana gəlir. Vulkanik aktivlikdən azad olmağın yeganə yolu qaçmaqdır. Arxaya baxmadan, alimlər vulkan püskürməsini əvvəlcədən xəbər verəcək sistemləri təkmilləşdirməyə çalışırlar.
Kinorejissorlar da vulkanların dayanılmaz gücündən yan keçə bilməyiblər. Bodleyan sərgisində iki film afişası nümayiş olunur: İtaliya dramatik filmi Vulkan (1950) və Robert Rossellinin eyni ildə İnqrid Berdmanın iştirakı ilə lentə aldığı neo-realist “Stromboli” filmi.
Cavab sadə görünə bilər, amma, niyə vulkanlar kollektiv təxəyyülə bu qədər təsir göstərə bilir? "Uçuruma göz salmaq qarşımızda sirli bir boşluq açır. Vulkanın kənarında dayandıqda onun uğultusu və titrəyişini hiss edə bilirsən. İnsanlar min illərdir ki, vulkanları təsvir etmək üçün eyni sözlərdən istifadə edirlər. Bu sözlər, planetdə heç bir yerdə yaşaya bilməyəcəyin bir təcrübənin gücünü əks etdirir”- deyə vulkanoloq Pale bu marağı izah edir. (Modern.az)