Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İRADƏ GÜLMƏMMƏDOVANIN GÖZÜ ÖNÜNDƏ TÖRƏDİLƏN “MƏNƏVİ TERROR” – ”VƏ YA YAŞI QURU GÖRƏN 4 SAYLI RETSİ –NİN RƏİSİ MÜBARİZ VƏLİYEVİN “MİNNƏTDARLIĞI

  

Yenixeber.org: İlk əvvəl xatırladaq ki, «Abşeronda ağac qətliamı – kəsib üstünü torpaqladılar»başlıqlı məqalə saytımızda dərc olunandan sonra məqalədə ehtiva olunan məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 19.02.2019-cu il tarixli məktubumuza ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən (bundan sonra mətndə “İdarə”) “cavab xatirinə” cavab verilmişdir. İdarənin redaksiyamıza yazdığı məktubda bildirilir ki, Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) Xırdalan şəhəri üzrə nümayəndəliyinin inzibati binasının qarşısında təmir və abadlıq işləri aparılan ərazidə 2 (iki) ədəd şam ağacının kök üstündən kəsilməsi barədə yaydığımız xəbər guya İdarənin əməkdaşları tərəfindən araşdırılmışdır:

“Araşdırma zamanı məlum oldu ki, Abşeron rayonu Xırdalan şəhər icra nümayəndəliyinin ətrafında təmir və abadlıq işləri aparılır. Xırdalan şəhər icra nümayəndəliyinin qarşısından 1 saylı tam orta məktəbə gedən yolun, sakinlərinin müraciəti əsasında 1,5 metr genişləndirilməsi nəzərdə tutulmuşdur. Təmir və abadlıq işləri aparılan ərazidə 2 (iki) ədəd kök üstə quru halda olan şam ağacı DEİ-nin rəyi olmadan İTAİ-nın (İxtisaslaşdırılmış Təmir-Abadlıq İdarəsinin işçisi Bayramov Mətin Nazim oğlu tərəfindən kök boğazından kəsilmişdir. Bununla əlaqədar Bayramov Mətin Nazim oğlu barəsində 20.02.2019-cu il tarixli 0305037 saylı protokol tərtib edilmişdir”.

Məktubu oxuyub belə qənaətə gəldik ki, aparılan təmir və abadlıq işləri zamanı iki ədəd şam ağacının kəsintisi “tikinti məqsədilə edilmiş(tikinti quraşdırma) kəsintilər”ə aiddir. Bu məqsədlə kəsilmiş ağaclara görə isə dəymiş ziyan xeyli artıq hesablanır. Yəni, kəsilən ağacın diametri 40 sm-dirsə 400 manat, 40 sm-dən artıq olduqda isə hər sm üçün 50-100 manat hesablanaraq dəymiş ziyanın məbləği müəyyən edilir. Bütün bunlardan dolayı 26.02.2019-cu il tarixdə İdarənin rəisi cənab Mübariz Vəliyevə növbəti məktub yazaraq haqlı suallarımızı ortaya qoyduq:

 

Ekspertiza idarəsininnin rəyi olmadan kəsilmiş ağacların məhz quru halda olduğunu idarənin əməkdaşları necə müəyyən edə bilmişlər? Axı köklər özləri də yerində yoxdur! Məktəbə gedən yolun istifadəçiləri olan sakinlər ağacların kəsilməsi zərurətilə bağlı hansı quruma müraciət etmişlər? Onların müraciət etmələrinin səbəbi nə idi? Ümumiyyətlə, kəsilən ağacların diametrləri hansı ölçüdə olmuşdur?

İdarədən redaksiyamızın elektron poçtuna gələn növbəti məktub da bizi birincidən heç də az təəccübləndirmədi. Məktubda bildirilir ki, İTAİ-nin fəhləsi Bayramov Mətin Nazim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 263.1.2.1-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimələnib. Hələ üstəlik, məktubda redaksiyamızın əməkdaşına “ağacların kəsilməsini müəyyən edərək qanunamüvafiq tədbir görülməsi üçün ETSN-ə müraciıt etdiyinə görə” minnətdarlıq da bildirilmişdir.

Məktubda kəsilmiş ağacların 32-34 sm diametrdə olduğu, həmçinin köküstə ağacların yaş və ya quru olmasının müəyyənləşdirilməsi üçün heç bir ekspert rəyi lazım gəlmədiyi, bu halın 4 saylı İdarənin əməkdaşları tərəfindən müəyyən edildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nda köküstə quru halda ağacların kəsilməsinə görə dəymiş ziyanın hesablanması nəzərdə tutulmadığı bildirilir. Məktubda həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nda qurumuş ağacların kəsilməsinə də “götürülməsi vərəqi”nin alınmasının vacibliyi xatırlanır.

Məsələ burasındadır ki, Qaydalara əsasən “yaşıllıqların götürülməsi” özündə əslində ağac və kolların çıxarılmasının əsaslandırılmasını, bərpa edilmək şərtilə başqa yerə köçürülməsini nəzərdə tutur. Bizim misalda ağacların kəsilməsi fəhlə Bayramovun özbaşınalığıdırsa, deməli, qabaqcadan ağaclar kəsiləndən sonra yaşıllığın başqa yerdə bərpa ediləcəyi niyyətinin olmasından, yəni, məsələyə məhz “yaşıllığın götürülməsi” kimi yanaşılmasından söhbət gedə bilməzdi. Fəhlənin işlədiyi İTAİ-nin belə bir niyyəti var idisə, heç olmasa birinci növbəli sənədlərin bir qismini toplamalı, bircə ETSN-nin “vərəqi” çatmamalıydı. RETSİ-nin məktubunda o da bildirilir ki, gələcəkdə bir daha belə hallara yol verilməməsi üçün İxtisaslaşdırılmış Təmir-Abadlıq İdarəsinə icrası məcburi olan göstərişlər verilmişdir. Sual olunur: İcrası məcburi göstəriş İTAİ rəhbərliyinə verilirsə, adi fəhlə niyə cərimələnməlidir? Biz əlbəttə ki, bütün məsuliyyətin fəhlə baba Mətin Bayramovun üstünə yıxılmasının tərəfdarı deyilik. Bilirik ki, Bayramov bu işi özbaşına görməyib. Onu da bilirik ki, hətta belə olsa da, Mətin kişi öz kasıb qeyrətinə tapınaraq “kişinin başına iş gələr” deyərək bu sınağa da mətinliklə sinə gərəcək. Amma ona göstəriş verənlərin öz cinayətlərini boyunlarına götürməyə qeyrətləri çatmır.

Diqqət yetirilməli bir məsələ də 4 saylı RETS İdarəsinin öz əməkdaşları üçün necə böyük səlahiyyət, həm də korrupsiya meydanı tanımasıdır. Deməli, İdarənin işçisi zərrəbinsiz gözlə kəsilmiş ağacın quru və ya yaş olmasını müəyyən edə bilir ki, bununla həm də dəymiş ziyanın məbləği təyin olunur. Mübariz Vəliyevin işçisi hadisənin baş verdiyi ərazidə araşdırma apararkən, onu müşayiət edən saytımızın əməkdaşına dolğun informasiya vermir, həqiqəti ondan gizlətməyə çalışır və məsələnin “mübahisəli” i olduğunu vurğulayır. Daha dəqiq desək, “araşdırma” ağackəsən fəhlənin müdirinin kabinetində onunla İdarənin işçisinin qapalı söhbətindən ibarət olur, jurnalist otağa buraxılmır. Kəsilmiş ağacların da yaş deyil quru olması, başqa sözlə, törədilmiş qanunsuz əməlin cinayət deyil, məhz inzibati xəta olması da məhz həmin bağlı qapı arxasındakı məxfi söhbətdə müəyənləşdirilir.

Bir vacib məqamın da altını cızmaq istərdik ki, rayonda, ələlxüsus da rayonun inzibati mərkəzi sayılan Xırdalan şəhərində aparılan təmir, tikinti, abadlıq, quraşdırma işləri RİH başçısı İradə Gülməmmədovanın sərəncamı və nəzarəti altında həyata keçirilir. Görünür, rayon rəhbəri Abşeron ərazisində ağac kəsiminə o qədər adi hal kimi yanaşır ki, iki ədəd şam ağacının şəhər nümayəndəliyinin ətrafında aparılan işlərə qurban verilməsini də məqbul hesab edir. Necə olur ki, sakinlər ağacların qırılmasına qarşı çıxanda onlarla hesablaşan olmur, kəsilməsini istədikləri vaxt dərhal yerinə yetirirlər? Həmin o sakinlər məqsədəuyğunluğu əsas götürüb öz evlərinin həyətində illər uzunu becərib böyütdükləri ağacları da kəsə bilərlərmi?

Növbəti yazıda kəsilmiş yaş ağacla qurunun fərqinə adekvat olaraq dəyən ziyanı ifadə edən fərqli məbləğlərdən, bu əməllərdən doğan inzibati və cinayət məsuliyyətlərinin arasındakı təfavütdən söz açacağıq. Şər deməsən, xeyir gəlməz. Birdən əlimizdən xəta çıxsa, biz də kök üstdə yaş ağacı kəsməli olsaq, bilməyimiz vacibdir ki, 4 saylı RETSİ əməkdaşına yalvarıb-yaxarsaq, yaşı quru görməyinin qarşılığında mərhəmətindən nə qədər fayda götürə, xətadan nə qədər az zərərlə çıxa bilərik. Bir o biləcək, bir biz, bir də Allah. Ekspertin bizim aramızdakı korruptiv sövdələşməyə müdaxilə etməsinə ehtiyac olmayacaq. Şayəd, jurnalist – filan da görüb eləsə, RETSİ uzaqbaşı bir minnətdarlıq məktubu yazar, vəssalam.(realmedia.az)

Ramin Məhəmmədoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam