Azərbaycanda bank borcları ifrat həddə
Problemi kreditlərin çoxluğunun ilginc səbəbləri; ekspert: “Heç bir ölkədə xarici valyutada bu qədər kredit verilməyib”
Yenixeber.org: Azərbaycanda sahibkar və fərdi şəxslərin problemli kreditlərinin məbləği region ölkələri arasında ən yüksək səviyyədədir. Qaytarılmasında çətinliklər yaranan kreditlərin həcmi ümumi kredit portfelinin 15 faizinə çatır. Bu isə dünya üzrə qəbul olunmuş 6 faizlik orta göstəricinin az qala 3 dəfə üstələnməsi deməkdir.
Ölkədə bu qədər borc, özü də problemli borcun yaranmasının səbəbi nədir? Məlumdur ki, Azərbaycanda kredit faizləri həmişə yüksək olub. Yəni bir çox ölkələrdəki kimi aşağı faizlər də olmayıb ki, insanları cəlb etsin. Bu halda əhalinin, sahibkarların belə borclanmaya getməsinin səbəbləri maraq doğurur.
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun fikrincə, Azərbaycanda kreditləşmə səviyyəsi heç də qonşu ölkələrdən yüksək deyil: “Düşünmürəm ki, ümumi kreditləşmənin adambaşına düşən həcminə görə, tutalım ki, Gürcüstandan öndəyik. Lakin bizdə problemli kreditlərin həcmi yüksəkdir ki, bunun da bir neçə mühüm səbəbi var”.
Mütəxəssis bildirir ki, əsas səbəblərdən biri xarici valyutada olan kreditlərin həcminin böyük olmasıdır: “Azərbaycanda xarici valyutada olan kreditlərin həcmi çox yüksəkdir. Heç bir ölkədə xarici valyutada bu qədər kredit verilməyib, o cümlədən qeyd etdiyimiz Gürcüstanda. Azərbaycanda xarici valyutada olan kreditlərin çox verilməsinin əsas səbəbi isə budur ki, banklarımız neft gəlirlərinin axını olan illərdə xaricdən 5-8 faizlə xarici valyutada, əsasən də dollarda olan vəsaitlər cəlb edirdilər. Və o vəsaitləri də Azərbaycanda dollarla kreditə verirdilər. Buna da banklar məcburən gedirdilər. Çünki yerli valyutada cəlb olunan əmanətlər kredit tələbatını ödəmirdi. Mərkəzi Bankdan isə kredit götürmək bankların böyük əksəriyyəti üçün əlçatmaz idi. İndinin özündə də cəmi bir neçə bank Mərkəzi Bankın vəsaitlərindən faydalana bilir. O vaxtlar Mərkəzi Bankın kreditləri hərracsız verilirdi. Yəni banklarımızın o vaxt illik 3 faizlə verilən Mərkəzi Bank kreditlərini qoyub kənardan 5-8 faizlə xarici valyutada vəsait cəlb etməsi məcburən atılmış addım idi. Burada əsas problem Mərkəzi Bankda idi. Bəli, devalvasiyaların olmasında Mərkəzi Bankın məsuliyyəti yoxdur, amma xarici valyutada verilən kreditlərin həcminin bu qədər yüksək olmasında birbaşa bu qurum, onun banklara yanaşmada qoyduğu ayrı-seçkilik günahkardır”.
Ə.Həsənov bildirir ki, ölkədə faktiki faiz dərəcələri yüksək olsa da, Mərkəzi Bankın hesabatlarında orta faiz dərəcəsi 10 faizi keçməyib: “Mərkəzi Bankın rəsmi hesabatlarında ölkə üzrə faiz dərəcəsinin 10 faizdən yüksək olmadığı qeyd edilir. Çünki bank sahibləri, inzibatçılar öz yaxınlarına kreditləri həqiqətən çox aşağı faizlərlə veriblər. Belə verilən kreditlərin məbləğləri də bir qayda olaraq yüksək olub - özü də girovsuz və uzun müddətə. Amma sadə vətəndaşlara və özlərinin adamı olmayan sahibkarlara kreditlər yüksək faizlə verilib. Beləliklə də orta kredit faizi gəlib çıxır 9-10 faizə. Uzun illər Azərbaycan bankları belə dolanırdı: özlərinə verdikləri kreditləri bir müddətdən sonra qaytarılması mümkün olmayan kreditlər kimi rəsmiləşdirib silirdilər, bankın zərərini də digər şəxslərə və sahibkarlara yüksək faizlə verilən kreditlər hesabına örtürdülər. Bununla həm də mənfəətlərinin olmadığını isbatlayaraq, vergi ödəməkdən də yayınırdılar. Devalvasiyalardan sonra bu sxem işləmədi. Çünki borcu bir neçə dəfə artan sadə vətəndaşlar, sahibkarlar ödəniş etməməyə başladılar, bu isə bankları çətin vəziyyətdə qoydu”.
Hüquqşünas əmindir ki, hazırda Azərbaycanda mövcud olan problemli kreditlərin 60-70 faizi məhz bankların idarəçi və sahiblərinin özlərinə verilmiş vəsaitlərdir: “Uzunmüddətli, aşağı faizlə, girovsuz və ya az girovla verilmiş kreditlərin hamısı qeyd etdiyim şəxslərdədir. Sadə vətəndaşın və sahibkarların kreditləri ümumi problemli məbləğin 30 faizinə güclə çatar. Bunun də bir qismi imkanı olsa belə, yaranmış vəziyyətdən istifadə edərək borcunu ödəmək istəməyənlərdir”.