Yoxlamalar qayıdır?-“Sahibkarlara təzyiqlər yenə də mövcuddur”
Azərbaycanda sahibkarlıq subyektlərində dayandırılan yoxlamaların yenidən bərpa ediləcəyinə dair məlumatlar var. Məlumata görə, sahibkarlıq sahəsində keyfiyyət indeksi aşağı düşdüyünə görə bəzi sahələrdə yoxlamalar müəyyən edilən vaxtdan əvvəl başlaya bilər.
Yenixeber.org: Məlumat üçün bildirək ki, 2017-ci ilin noyabr ayında ölkə başçısı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişikliyi təsdiq edib. Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb. Qanuna əsasən, istisna sahələr var ki, orada yoxlamalar aparıla bilər.
Dəyişiklik həmin sahələrin dairəsinin nisbətən genişləndirilməsini də nəzərdə tutur. Dəyişikliyə qədər vergi məsələləri, insanların həyatına, sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparıla bilərdi.
Dəyişiklikdən sonra dərman vasitələrinin keyfiyyəti və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar da aparılır.
Qeyd edək ki, Azərbaycanda sahibkarlıq sahələrində yoxlamalar 2015-ci il noyabrın 1-dən 2 illik müddətə dayandırılmışdı. Bu müddətdə yalnız vergi məsələləri, insanların həyatına, sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə yoxlanmalara icazə verilirdi. Həmin yoxlamaların da bəlli məhdudiyyətlər nəzərə alınmaqla aparılması nəzərdə tutulurdu.
Məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliylə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz boşa çıxıb. Sözügedən məsələ ilə bağlı saytımıza danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, 2015-ci ildə ölkə başçısının qərarı ilə yoxlamalar 2 illik müddətə dayandırılıb:
“Daha sonra yoxlamalar 3 il müddətinə dayandırıldı. O zaman prezident çıxışında bildirmişdi ki, yoxlamaların əksəriyyəti sahibkara maneə yaratmaq, yoxlayıcılar tərəfindən sahibkarı maddi çətinliyə salmaq və bundan sui-istifadə etmək üçün həyata keçirilir. Yəni, yoxlamaların böyük əksəriyyəti bu tipli məsələlərdən ibarətdir. Qanunla 10-dan yuxarı dövlət orqanının sahibkarlıq fəaliyyətini yoxlamaq ixtiyarı var. Dövlət büdcəsini vergilər vasitəsilə təmin edən yeganə orqan - Vergilər Nazirliyinin yoxlamaları qalır. Əslində qanuna müvafiq olaraq kameral yoxlamalar Vergilər Nazirliyinin səlahiyyətindədir. Bunu heç kəs qadağan etməyib. Əslində, sahibkarların təmas qurduğu yeganə qurum Vergilər Nazirliyi və vergi müfəttişləri olmalıdır. Çox təəssüf ki, əvvəlki illərdə vergilər xətti ilə sahibkarlığa müxtəlif təzyiqlər mövcud idi. 16-dan yuxarı qurumun hər dəqiqə sahibkarın başının üstünü alması psixoloji sarsıntılar yaradır. Müəssisə düzgün işləsə belə, həmin yoxlayıcı orqanlar müxtəlif iddialar irəli sürür və sahibkarlar sonradan məhkəmələrdə sürünürlər”.
Ekspert ölkə başçısının sahibkarlara mənəvi, maddi və siyasi dəstək göstərməsini təqdirəlayiq hal hesab edib. Nazim Bəydəmirlinin qənaətincə, sahibkarlığın problemi təkcə bu addımlardan ibarət olmamalıdır:
“Yoxlamaları əvvəllər də qınayırdım, indi də qınayıram. Müxtəlif yollarla sahibkarlara təzyiqlər yenə də mövcuddur və bu davam edir. Ölkədə nə qədər inhisarçılıq və məmur sahibkarlığı var, belə addımlar dolayı yolla olacaq. Çünki öz sahəsinə cavabdeh məmur daha çox gəlir əldə etmək üçün öz patronajlığı altında olan şirkətlərə daha münbit şərait yaradır. Belə ki, məmur sahibkar digər şirkətlərə yoxlayıcı göndərərək onun işini əngəlləyir, bəzən də bazardan çıxarır. Dəfələrlə bunların şahidi olmuşuq. Ümid edək ki, bunlar aradan qaldırılacaq, qanun qarşısında böyük və kiçik sahibkarlığın hüquq və vəzifələri eyni olacaq. O zaman ölkədə inkişaf gedəcək”.(cebhe.info)
Yeganə Oqtayqızı