İRAN MƏTBUATININ “QARA GÜN”Ü:kağız tapmayan qəzetlər ya səhifələrini ixtisar edir, ya da qapanır
Ruhullah Fəqihi
“Əl-Monitor”
İranda bəzi qəzetlərinn gələcəyi müəmmalıdır, çünki onlar kağız sifariş edə bilmir və bu, qismən ABŞ sanksiyalarından yaranan yeni fenomendir.
Yenixeber.org: Kağız idxalı ötən ildən, həm də ABŞ-ın may ayında nüvə sazişindən çıxmasından sonra getdikcə daha çox çətinləşir. Bir sıra qəzet tirajını və dövriyyəsini azaltmaq və ya qapanmaq məcburiyyətində qalıb. Problemə rialın dəyərsizləşməsi də təsir göstərir. Kağız və Karton İstehsalçıları Sindikatı İranın “Financial Tribune” nəşrinə verdiyi şərhdə valyuta məzənnəsinin dəyişkənliyinə görə son bir ildə nəşriyyat xərclərinin ikiqat artdığını bildirib.
İslahatyönlü “Həmbəstegi” qəzeti iyulun 17-də bağlanıb. Həmin problemi yaşayan “Kar və Kargər” də iyulun 25-də nəşrini dayandırıb. Eyni zamanda, Tehran bələdiyyəsinə aid olan yüksək tirajlı “Həmşəhri” qəzeti və islahatyönlü “Sazəndegi” 8 səhifəsini “qayçılayıb”. “Həft-e Sobh” qəzeti 20 min riala (48 sent), ikiqat qiymətə satılmaq məcburiyyətində qalıb. Buna əlavə olaraq, İranın ən qocaman qəzetlərindən biri olan “Ettelaat”, 50 yaşlı idman jurnalını – “Donya-ye vərzeş”in nəşrini dayandırıb.
Kütləvi informasiya vasitələri hər vasitə ilə kağız çatışmazlığını aradan qaldırmağa çalışır. “Sazəndegi” daha əlçatan, həm də daha bahalı – parlaq kağız üzərində dərc olunmaqla, çətinlik çəkmək yolunu seçib. Bununla yanaşı, “Şərq” də daxil olmaqla, bir sıra qəzet İran mətbuatında yeni bir fenomenə – internet nəşrlərə çevrilməklə əlavə xərcləri kompensasiya etməyə çalışır.
“Bazarda iki gündür kağız tapmırıq, kağızı olanlar onu gizlədirlər. Hətta idxal üçün “dövlət dollarları” (1 $ = 42 min tümən kursu ilə) alanlar kağız satmırlar”, – “Kar və Kargər”in icraçı direktoru İsrafil İbadəti iyulun 25-də bildirib.
Qiymətləri yüksəltmək, səhifələri azaltmaq və ya nəşrlərin dayandırılması əvəzinə, bəzi müstəqil qəzetlər, istəksiz olsa da, onların dövriyyəsini azaldır. Anonimlik şərti ilə danışan bir yayım şirkətinin meneceri son zamanlardakı böhrana görə əvvəlki və indiki tirajları “əl-Monitor”a verib:
“Həmşəhri, 290.000 – 130.000
“Xorasan”, 120,000 – 48.700
“Şərq” 18.000 – 8.000
“Etemad” və “Arman”, hər biri 12.000-6.000
“Aftab-e Yəzd”, 10.000-6.000
“Sazəndegi”, 10.000-7.000
“Həft-e Sobh”, 8.000-6.000.
Böhranın böyük hissəsi valyuta devalvasiyasına və normal ticarətə mane olan möhtəkirliyə aiddir. 2017-ci ilin payızına qədər iranlı tacirlər 32 min rial / 1dollar kursu ilə kağız idxal ediblər. ABŞ prezidenti Donald Tramp oktyabr ayında JCPOA-nu şübhəyə alandan rial rəsmi və açıq bazarlarda dəyər itirməyə başlayıb. İran valyutasının zəifləməsi ilə əlaqədar olaraq kağız idxalçıları ehtiyatlarını satmaqdan çəkinib, ehtimal ki, valyutanın nə vaxt və nə dərəcədə stabilləşdiriləcəyini gözləyirlər. Həm də daha yaxşı qiymət və mənfəət dövrünü.
Ötən ilin payızında 1 kiloqram kağız 32 min rial (0,76 dollar) idisə, sonra 50 min (1,19 dollar) və indi 72 min rial (1,71 dollar) qiymətindədir. Qiymət artımına cavab olaraq, hakimiyyət orqanları satıcıların nəşriyyat kağızını 1 dollar üçün 42.000 rial rəsmi kursu ilə ala biləcəklərini elan edib. Amma bir sıra idxalçı qanunun pozmaqda ittiham olunub, çünki həmin vəsaitlə digər mallar idxal ediblər.
“Etemad” qəzetinin məlumatına əsasən, rəsmi valyuta məzənnəsinə çıxışı olan bəzi idxalatçılar kağız idxal edib, sonra isə onu “fastfood” restoranlarına satırlar.
Tehranda başqa söz-söhbətlər də dolaşır. Əvvəllər reformist qəzetlərə kağız satan və anonimlik şərti ilə “əl-Monitor” ilə danışan bir satıcı kağız bazarında baş verən hadisələrin bir nəşrlə bağlı olduğunu deyib. “Qəzet böhranı başlandıqda, bir qəzet daha sonra böyük mənfəət əldə etmək üçün bütün kağız ehtiyatını alıb. Bundan sonra digər vasitəçilər daha çox qazanc əldə etmək üçün kağızlarını satmaqdan imtina ediblər”.
Mənbənin sözlərinə görə, Sənaye, Mədən və Ticarət Nazirliyi bir çox şirkətə kağızı idxal etmək üçün “dövlət dolları” verib. Ancaq sonra şirkətlər həmin pulla başqa mallar, xüsusilə mobil telefonlar alıb”.
Avqustun 4-də mədəniyyət və islami irşad naziri Abbas Salehi hökuməti məsələyə müdaxiləyə çağırıb, ölkənin cəmi iki aylıq kağız ehtiyatı olduğunu bildirib. Buna cavab olaraq, Sənaye , Mədən və Ticarət Nazirliyi avqustun 7-də 20 min ton kağızı fövqəladə şəkildə idxal etdiyini təsdiqləyib.
Yeni idxalın qəzetlərin qiymətinə təsir göstərə bilib-bilməyəcəyi aydın deyil. Bununla yanaşı, hakimiyyət orqanları digər tədbirlərə, məsələn, korrupsiyaya qarşı mübarizənin gücləndirilməklə, vəziyyəti düzəldə bilərlər.
Tərcümə: Strateq.az