Yenixeber.org: Bakıda sürücülər avtomobillərini saxlamaq üçün nəzərdə tutulan duracaq problemindən əziyyət çəkir. Bu səbəbdən çoxları nəqliyyat vasitələrini harada gəldi saxlayırlar. Qiymətləri bir az yüksək olan parkinqlər isə sürücülərə sərf etmir. Onlar ciblərinə uyğun duracaqda maşınlarını saxlamağı üstün tuturlar. Lakin sürücülərin bəziləri sərfəli parkinq, ucuz duracaq olsa belə düşüncəsiz davranıb, avtomobilərini uyğun olmayan yerlərdə saxlayırlar.

Paytaxtın Abdulvahab Salamzadə küçəsində avtomobil sahibləri qeyd etdiyimiz intizamsızlığa yol verib. Belə ki, onlar nəqliyyat vasitələrini zibil qablarının önündə saxlayıb. Bu səbəbdən ərazidə yaşayan insanlar tullantılarını zibil qabına ata bilməyiblər. Nəticədə düşüncəsiz sürücüləri cəzalandırmaq qərarına gəliblər. Sakinlər tullantıları avtomobillərin üzərinə qoyaraq onları bir növ “haqqa” çağırıblar .

Mövzuya bir başqa tərəfdən yanaşsaq, sürücülərin həmişə haqsız olduğunu deyə bilmərik. Çünki onların özləri avtomobillərini güvənli yerdə saxlamağa çalışır. Çarəsizlikdən, duracaq yerlərinin olmamasından çoxları yalnız özünü düşünmək məcburiyyətində qalır.

Xatırladaq ki, bundan öncə Bakının başqa bir küçəsində eyni hal yaşanmışdı və sürücü insanlar tərəfindən bu cür cəzalandırılmışdı.

Qeyd edək ki, parkinq problemi Bakının ən qlobal problemlərindən hesab olunur. Bu mövzu dəfələrlə qabardılsa da həllini tapmayıb. Sürücülər bunun ucbatından tez-tez qaydaları pozmağa məcbur olur və cərimələnirlər.

S.Mirzə / Minval.info