Paytaxtın zibillik problemi, yoxsa zibilliklə davranış mədəniyyəti...
Ətraf mühitin çirklənməsi hər il dünyada 1.7 milyon uşağın ölümünə səbəb olur; Bakı sakini: “Təklif edirəm ki, kamera qoyub zibil atan adamlar izlənsin və...”
Yenixeber.org: Dəfələrlə yazılıb, müzakirə edilsə də, Bakının zibillik problemi öz həllini tapa bilmir. Demək olar ki, paytaxt əhalisini iki hissəyə - zibili hara gəldi atanlara və buna qarşı mübarizə aparanlara bölmək olar.
İkinci qisim insanlar hətta zibil atılan binanın bloklarına, yol kənarlarına insanların zibil atmamalarına dair xəbərdarlıq məzmunda kağızlar, hətta təhqir və söyüşlər yazıb yapışdırırlar. Ancaq görünən mənzərə odur ki, bu cür xəbərdarlıqlara da əhəmiyyət verən yoxdur.
Əvvəllər problem yalnız zibil qablarının aşıb daşması, küçələrdə hara gəldi zibil qoyulması idisə, indi vəziyyət daha da pisləşib. Mətbuatda, televiziyalarda küçələrə zibil atılmaması ilə bağlı bu qədər xəbərdaredici, maarifləndirici yazılar yazılsa da, problem nəinki həllini tapıb, əksinə, daha da dərinləşib. Belə ki, bəzi insanlar zibillərini nəinki zibil qutusunun yanına qoyur, artıq yaşadığı binanın pəncərəsindən birbaşa küçəyə atır və ya birinci mərtəbəyə qədər düşürüb elə oradaca saxlayır. Məhz buna görədir ki, əksər binalarda zibili bloka qoyanlara ünvanlanan təhqir, söyüş dolu kağızlar yapışdırılır.
Məsələn, “Həzi Aslanov” metrosu yaxınlığında yerləşən Xudu Məmmədov 2942-ci məhəllə bina 3 sakinləri zibillik əlindən təngə gəldiklərini deyirlər. Hava qaralan kimi 17 mərtəbəli binanın arxa tərəfinə demək olar ki, hər mərtəbədən torba-torba zibillər atılır. İnsan sanki özünü zibil yağışı altında hiss edir. Bununla bağlı binanın komendantlığı dəfələrlə xəbərdaredici elanlar yazsa da, hətta binanın hər mərtəbəsinə zibil atanların 100-500 manat arasında cərimələnəcəyini bildirən kağızlar yapışdırsa da, zibil mədəniyyəti olmayan insanlara bu təsir etməyib.
65 yaşı olmasına baxmayaraq hər səhər zibili aparıb zibil qutusuna atdığını deyən Məhəmməd Quliyev bu cür insanların sözdə yox, əməldə ən sərt şəkildə cəzalandırılmasının tərəfdarı olduğunu dedi: “Zibillik əlindən pəncərəni açmaq mümkün deyil. Yayda zibilliyin qoxusu evimizə dolur. Binanın arxasının zibilliklərini təmizləsələr belə, bir gecə kifayətdir ki, ora yenə zibillə dolub daşsın. Bizim bəzi insanların zibilliklə davranış mədəniyyətləri yoxdur. Təklif edərdim ki, kamera qoyub binadan zibil atan adamlar təsbit edilsin və o zibili oradan götürərək həmin adamın evinə aparıb atsınlar və cərimələnsin. Yoxsa sözlə, başa salmaqla bunun qarşısını almaq mümkün deyil. Mən yağış, külək, soyuq olsa da, zibilimi aparıb zibil qutusuna atıram. Halbuki əgər mədəniyyətsiz olsaydım, mən də deyə bilərdim ki, hamı atır, mən də atım”.
Bir problem də zibil qutularının vaxtı-vaxtında boşaldılmamasıdır. Səhər təmiz hava almaq istəyən və ya işə gedənlər bu cür dolub-daşan zibil qutularının yanından keçməyə peşman olur. Çünki ətrafa yayılan üfunət qoxusu və zibilliyin ətrafına yığışan sahibsiz itlər qorxu yaratmaqla yanaşı, həm də ciddi xəstəlik mənbəyidir. Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, ətraf mühitin çirklənməsi hər il 5 yaşdan aşağı 1.7 milyon uşağın ölümünə səbəb olur.
Xatırladaq ki, mövcud qanunvericiliyə görə, məişət tullantılarının daşınması xidmətlərini Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin yerlərdəki mənzil istismar sahələri həyata keçirir. Tarif Şurasının 4 noyabr 2011-ci il tarixli 5 saylı qərarına əsasən, Azərbaycanın bütün şəhər və rayonlarında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə əhali qrupu üzrə adambaşına 30 qəpik xidməthaqqı tutulur. Qeyri-əhali qrupuna aid abunəçilər üçün 1 kubmetr zibilin daşınması xərci 10 manat, 1 ton üçün isə 45 manat 50 qəpik təşkil edir. Bu vəsaitlərin hamısı mənzil istismar sahələri tərəfindən yığılır və icra hakimiyyətinin hesabına toplanır.
12 iyun 2012-ci ildə isə “İstehsalat və məişət tullantıları haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunur. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə ödəməlidir.
Əlavə edək ki, Azərbaycanda bu cür cəza tətbiqləri yalnız kağız üzərində qalsa da, zibili hara gəldi atanlara göz yumulsa da, xarici ölkələrdə bu məsələlərə çox ciddi yanaşılır. Məhz buna görədir ki, Bakıdan fərqli olaraq digər ölkələrə səyahət edərkən bu cür zibilliklərlə rastlaşmanız mümkün deyil. Çünki bu ölkələrdə zibillə davranmağı bilməyənlərin cəzası çox ağırdır. Məsələn, Tailandda nəinki küçəyə zibil atmaq, çeynənilmiş saqqız belə atmaq olmaz. Bunu edən şəxs 600 dollar cərimələnir. Cərimə ödənilmədikdə isə həbs olunur.