“Şizofren”in səbəbi
Yenixeber.org: Tanınmış jurnalistlərdən biri olan, eyni zamanda ölkədə ateistliyi ilə önə çıxan Vüsal Məmmədov “Facebook” sosial şəbəkəsində paylaşdığı son statuslarının birində namaz qılan insanları “şizofren” adlandırıb. Buna öz etirazlarını bildirənlər də oldu, səssiz qalanlar da. Mən də bir müsəlman, namaz qılan insan kimi, bu sözün hədəfi olduğumu hesab edirəm. Buna görə də özümü məsul bilib Vüsal Məmmədovun bu təhqirinə cavab vermək və sözlərinin arxasında yatan psixoloji səbəblərə işıq tutmaq istəyirəm.
Onu da qeyd edim ki, bu, Vüsal Məmmədovun ilk belə çıxışı deyil. Tez-tez İslamı, dini dəyərləri, ümumiyyətlə Allah inancını təhqir etmək məqsədi ilə (Allahı tənzih edirəm) lətifələr paylaşır və müxtəlif fikirlər səsləndirirdi. Lakin bu sonuncu statusu ilə həm qanuni, həm etik, həm də bütün insani sərhədləri daha da tapdaladı. Vüsal Məmmədov köhnə, batil ateizm dininin təmsilçisi olaraq İslam dinini qəbul etməyə bilər. Hətta sevməsə belə, bu ona bütün müsəlmanları təhqir etmək hüququ vermir. İslamdakı namaz ibadətini bəyənməyə də bilər, təndiq də etmək istəyər, lakin təhqir etmək artıq ciddi insanın atacağı addım deyil. Təhqir etmək Azərbaycan qanunvericiliyinə də ziddir. Azərbaycan Konstitusiyasının 57-ci maddəsinin 2-ci bəndinin sonuncu cümləsi belədir: “təhqir və böhtan tənqid sayıla bilməz”. Bu sözü sərf edərkən bu xalqın ölkə başçısı daxil olmaqla hamısı deyilə biləcək qədər böyük əksəriyyətinin müsəlman olduğunu və namaz qıldığını da unutmamaq lazım idi. Vüsal Məmmədov bəyənməyə də bilər, sevməyə də bilər. Lakin bu ölkədə İslam dini yaşanır, bu xalq müsəlmandır. Vüsal Məmmədov bu ölkənin vətəndaşıdırsa, ölkəsinin və xalqının dəyərlərinə hörmət etməlidir. Onun bütün səylərinə baxmayaraq, Azərbaycanda İslam dininin və onun yayılmasının qarşısı alına bilməz. Mövzu ilə bağlı ulu öndərimiz Heydər Əliyevin bir sözünü qeyd etmək istəyirəm:
“Biz bir dövlət kimi İslam dininin son dövrdə geniş və çox sürətlə inkişaf etməsini bəyənirik və bundan sonra da Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq. Nəinki imkanlar yaradacağıq, biz İslam dininin inkişafı üçün dövlət tərəfindən lazımi tədbirlərin hamısını görəcəyik. Çünki biz yaxşı bilirik ki, İslam Azərbaycan xalqının, bütün İslam aləminə mənsub olan insanların, məxluqun ən yüksək mənəviyyat mənbəyidir.”1
Ulu öndərimizin bu sözünü ona görə xatırlatdım ki, Vüsal Məmmədov İslama qarşı mübarizə aparmaqla bu ölkədə nəyə qarşı mübarizə apardığının fərqində olsun. Əgər özü fərqindədirsə, onda insanlar da görsünlər. Vüsal Məmmədov qarşısına qoyduğu
vəzifənin nə qədər çətin olduğunu bir daha görsün deyə cənab prezidentimizin İslam dinini necə böyük şövqlə qoruduğuna və sahib çıxdığına diqqət etməli, eləcə də cənab Prezidentimizin bu sözlərini yaxşı-yaxşı oxumalıdır:
“Biz müqəddəs dinimizə - İslama sadiq olan xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan çox böyük işlər görür - həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti. Biz öz dinimizi həm təbliğ etməliyik, həm də əsassız hücumlardan qorumalıyıq.”2
“Ancaq, əfsuslar olsun ki, İslam dininə qarşı aparılan çirkin təbliğat kampaniyası hələ də davam edir. Biz bu yalan, böhtan üzərində qurulmuş kampaniyaları dağıtmaq üçün öz təbliğat işimizi daha da güclü şəkildə aparmalıyıq. Eyni zamanda, bizim birliyimiz, yəni İslam dünyasının birliyi, birləşməsi bu kampaniyanı aparanlara ən gözəl cavab ola bilər.”3
“Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir. İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir.”4
Vüsal Məmmədov, gördüyün kimi, cənab Prezidentimiz Azərbaycanın müsəlman ölkəsi olduğunu qeyd edir, eyni zamanda Azərbaycan Dövləti və dindarları olaraq İslam dininə qarşı çirkin kampaniya aparanların qarşısında mübarizə aparılacağını bildirir. Sənin İslam dininə qarşı fəaliyyətlərini nəzərə alsaq, cənab Prezidentin bu çıxışında öz yerini açıq-aydın görə bilərsən.
İndi isə məqalənin ikinci hissəsinə, yəni Vüsal Məmmədovun bu “çirkin kampaniyasının” psixoloji səbəblərinə baxaq. Ateizm elmi olaraq çökdürüldüyü və heç bir elmi əsasının qalmadığı, eləcə də ateizmin “elmi dayağı” olan təkamül fərziyyəsinin artıq süqut etdiyi üçün Vüsal Məmmədovun son dövrlərdə düşdüyü psixoloji vəziyyəti təxmin etmək çətin deyil. Çünki təkamül fərziyyəsinin artıq dünya miqyasında süquta uğrayıb və heç elmi əsası olmadığı məlum olub. Üstəlik, Azərbaycanda da təkamül fərziyyəsi tamamilə gözdən düşüb, buna görə də əhalinin böyük hissəsi ateizmdən uzaqlaşaraq dinə, İslama və elmə yönəlib. Bütün bunlar da Vüsal Məmmədovun psixologiyasına yaxşı təsir etməyib. Təkamül fərziyyəsinə qarşı aparılan elmi mübarizələrə cavab verə bilməməsindan, çarəsizliyin verdiyi əsəbdən, həmçinin psixoloji gərginlikdən qaynaqlanan bu təhqir metodlarını anlamaq çətin deyil. Adətən bir fikrin yanlış olduğuna əminsənsə, bundan əlavə elmi dəlillər də
varsa, təhqirə ehtiyac duymazsan, əlindəki dəlilləri təqdim edərək normal formada fikrini bildirərsən. Lakin fikrini ifadə etmək üçün təhqir seçilibsə, bu o deməkdir ki, “mən məğlub oldum, verə biləcəyim heç bir elmi cavabım yoxdur”.
Qısası, Vüsal Məmmədovun öz fikrini təhqirlə ifadə etməsi onu göstərir ki, o, təkamül fərziyyəsinə qarşı aparılan elmi mübarizədə məğlub olub. Elmi dəlillərə cavab verə bilmədiyi üçün də bu cür acizanə yollara əl atır.
Buna görə də hesab edirəm ki, Vüsal Məmmədov bu təhqirə görə Azərbaycan xalqından və bütün müsəlmanlardan üzr istəməli, bundan sonra daha məsuliyyətli davranıb fikirlərini daha məqbul çərçivədə çatdıracağına söz verməlidir.
Eyni zamanda, Vüsal Məmmədova tövsiyə edirəm ki, çalışdığı televiziya kanalı olsun, idarə etdiyi xəbər saytı olsun, ümumilikdə dövlətimizin yaratdığı geniş imkanların ona verdiyi şəraiti müsəlman ölkəsində ateizm təbliğatına xidmət edərək deyil, ölkənin, dövlətin hədəflərinə xidmət edərək keçirsə daha faydalı olar.
· (Əliyev R.Y. «Heydər Əliyev, din və mənəvi dəyərlər», Bakı, 1998. səh. 6.)
· Prezident İlham Əliyevin Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışındakı nitqindən. 22 dekabr 2011-ci il
· Prezident İlham Əliyevin Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışındakı nitqindən. 22 dekabr 2011-ci il
· Prezident İlham Əliyevin “Rossiya-24” informasiya telekanalına müsahibəsindən. 28.11.2014
Savalan Məmmədli