Bakıda məmurlar estoniyalı iş adamlarının başına necə oyun açdılar... -FOTOLAR
Bu kriminal əhvalatı “görünməmiş” adlandırmaq həqiqətə qarşı günah etmək olardı: günəş altında yer, daha dəqiq desək, Bakıda və onun ətrafında kommersiya baxımından gəlirli torpaq sahəsi uğrunda ciddi mübarizə gedir və bəzən bu mübarizə qeyri-qanuni formalar alır. Lakin iş adamı Həbib Quliyevin başına gələnlər qeyri-adidir - burada söhbət təkcə konkret şəxsin maddi və mənəvi zərərindən yox, həm də ölkəmizin nüfuzunun itirilməsindən gedir.
Yenixeber.org: Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması, iqtisadi layihələrimizə xarici sərmayələrin cəlb edilməsi istiqamətində ən yüksək səviyyədə səylər göstərildiyi bir vaxtda bəzi, yumşaq desək, şərəfsiz məmurlar bütün bu gərgin zəhmət hesabına başa gələn üşlərin üstündən öz hərəkətləri ilə xətt çəkirlər. Ona görə də bizə elə gəlir ki, bu hadisəyə həm hüquq-mühafizə, həm də icra hakimiyyəti orqanları xüsusi diqqət yetirməlidirlər.
Baltikyanı ölkələrdə Azərbaycan diasporunun yaradıcılarından olan Həbib Quliyev redaksiyamıza müraciət edib. O, uzun müddətdir ki, Estoniyada yaşayır, lakin daim öz Vətəninə səmimi qəlbdən sadiq qalıb və ona faydalı olmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. 1980-ci illərin sonu və 90-cı illərin əvvəllərində, parçalanmaqda olan SSRİ-nin respublikaları üçün son dərəcə çətin dövrdə, siyasi gərginliyin və iqtisadi çətinliklərin bəzən etnik çəkişmələrə çevrildiyi dönəmlərdə Həbib Quliyev həmfikirləri ilə birlikdə Sovet DTK-sının və yerli hakimiyyət orqanlarının müqavimətinə baxmayaraq, Estoniyanın paytaxtı Tallin şəhərində azərbaycanlıların “Ocaq” cəmiyyətinin yaradılmasına nail olub.
Həbib Quliyev
Estoniyalılar isə postsovet məkanında Ermənistanın Azərbaycana təcavüzü, sovet tanklarının Bakını, necə deyərlər, “ütülədiyi” 20 Yanvar - Azərbaycan xalqının hüzn günü, Xocalı soyqırımının dəhşəti haqqında həqiqətləri ilk eşidənlər sırasında oldular. Və həmin faciəli hadisələrdən təkcə Estoniyada xəbər tutmadılar – “Ocaq” həvəskarları bütün Baltikyanı respublikalara gedir, yerli əhaliyə məsələnin əsl mahiyyətini çatdırmaq üçün hər cür fürsət axtarırdılar. Sonradan “Ocaq” cəmiyyəti azərbaycanlıların ən mütəşəkkil və fəal diaspor təşkilatlarından birinə çevrildi.
“Mən dəfələrlə ümummilli liderimiz Heydər Əliyev və indiki Prezident İlham Əliyevlə görüşmüşəm. Hər bir azərbaycanlı kimi mən də düşmənə qalib gələn, torpaqlarını azad edən xalqımla fəxr edirəm. Prezidentimiz İlham Əliyev Qarabağın işğaldan azad olunduğunu elan edəndə biz Tallinndə şənlik təşkil etdik və böyük sevincimizi hamı ilə bölüşdük.
Eyni zamanda ölkəmə müəyyən mənada kömək etmək üçün əlimdən gələni etməyə çalışdım. Biz diaspor təşkilatındakı yoldaşlarımızla birlikdə avropalı investorları Azərbaycanımıza sərmayə qoymağa çağırır, onlara ölkəmizin təbii imkanlarından, hakimiyyət orqanlarımızın yaratdığı əlverişli investisiya mühitindən danışırıq. Beləliklə, “Delta Land”dan olan estoniyalı tərəfdaşlarım mənimlə Azərbaycana sərmayə qoymağa qərar verdilər...
Hələ 2007-2008-ci illərdə paytaxtın Kürdəxanı qəsəbəsində 50 hektardan çox torpaq sahəsi almışıq. Yeri gəlmişkən, qeyd edim ki, “Delta Land”in təsisçisi daha böyük Estoniya şirkətidir, oğlum Səid Quliyev isə onun ortağı və bu biznesin Azərbaycandakı rəsmi nümayəndəsidir”, – Azərbaycan əsilli estoniyalı iş adamı vurğulayıb.
Bakıda bağlanan sövdələşmə barədə Səid Quliyev daha ətraflı məlumat verib. “Kürdəxanıda torpaq sahəsi alarkən qanunda nəzərdə tutulmuş bütün prosedurlara əməl olunub”, - “Delta Land” şirkətinin Bakıdakı nümayəndəsi deyir. - Sövdələşmədən bütün maraqlı dövlət qurumlarının, o cümlədən, təbii ki, Sabunçu Rayon İcra Hakimiyyətinin də xəbəri var idi və o zaman bizə qarşı heç kimin heç bir iddiası yox idi.
Dövlətdən alınan, təxminən 1,5 milyon manat ödənilən ərazidə yaşayış kompleksi tikməyi planlaşdırırdıq. Və bunun üçün Estoniyadan investorlar cəlb etdik. Torpaqların alınması, həmin ərazidə yaşayan insanların köçürülməsi, yolların çəkilməsi - bütün bunlar bizə 15 milyon avrodan çox vəsaitə başa gəldi. Yenə deyirəm, torpaq sahəsinin alınması ilə bağlı bütün müqavilələr qanuni şəkildə bağlanıb, ödənişlə bağlı sənədlər də var. Üstəlik, İcra Hakimiyyəti bizi, sözün əsl mənasında, 2,5 kilometrlik yol çəkməyə məcbur etdi və buna 250 min manat xərclədik. Layihə və hazırlıq işlərini başa vurub, Azərbaycan məmurlarından heç bir hiylə gözləmədən Estoniyaya qayıtdıq və bir müddət sonra öyrəndik ki, bizim inşaat işləri üçün hazırladığımız meydançada hansısa kənar adamlar nəsə tikməyə başlayıblar”.
S.Quliyevin sözlərinə görə, "Delta Land" bu torpaq sahələrini Kürdəxanı bələdiyyəsi ilə qanuni müqavilə bağlamaqla əldə edib. Nəticədə rəsmi alqı-satqı əsasında dövlətə 1,5 milyon manata yaxın vəsait köçürülüb. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən isə "Delta Land"şirkətinin torpaq sahələrinin təsdiqlənməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq məktub göndərilib. Bütün bu sənədlər rəsmiləşdirilib və vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərin aşkarlanması üçün müvafiq instansiyalara təqdim olunacaq.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı A. Vəliyev S. Quliyevi "Delta Land"in təsisçisi, Estoniya vətəndaşı İndrek Aasnanın iştirakı ilə öz xidməti kabinetində şəxsən qəbul edib. Bu görüş zamanı A. Vəliyev həmin torpaqların "Delta Land"şirkətinə məxsus olduğunu təsdiqləyib. Lakin...
İcra başçısı sonra bu torpaq sahələrinin digər şəxslərə ayrılması barədə qanunsuz sərəncam verir. Bununla əlaqədar təsisçi məsələni aydınlaşdırmaq üçün Bakıya gəlir.
“Bakıya qayıtdıqdan sonra ilk olaraq Sabunçu Rayon İcra Hakimiyyətinə getdim. Orada məni onun rəhbəri Adil Vəliyev qəbul etdi. Rayon icra başçısının baş verənlərdən, deyəsən, xəbəri yox idi. O, mənə söz verdi ki, məsələni təcili araşdıracaq. Məsləhət gördü ki, narahat olmayım, üstəlik təklif də etdi ki, mümkünsə, həmin torpaq sahəsini hasara aldırım. Ancaq əvvəlcə Güloğlan adlı müavininə baş çəkməyimi xahiş etdi. Mən də Güloğlana baş çəkdim, o isə heç utanıb-çəkinmədən bəyan etdi ki, rəhbəri Vəliyev bu “xidmətə görə” bizdən 100 min dollar (!) istəyir. Məbləğ böyükdü, amma artıq nə qədər xərclədiyimizi təxmin edərək və gələcəkdə digər problemlərlə üzləşməmək üçün imtina etməmək və ödəmək qərarına gəldim. Ancaq Bakıda mənim 75 mindən çox pulum yox idi və mən bunu Güloğlana dedim. Beş dəqiqə keçmiş, görünür, A.Vəliyevlə məsləhətləşdikdən sonra 75-ə razılaşdı. Mən də, demək olar ki, dərhal bu məbləği ona çatdırdım.
Nə isə... işçilər götürdük, material gətirtdik və ərazinin ətrafında hasar çəkməyə başladıq. Amma bir neçə gün sonra məhz həmin İcra hakimiyyətinin məsul şəxsləri gəlib işi dayandırmağı tələb etdilər. Dedilər ki, “rəisin tapşırığıdır”. Yenidən A.Vəliyevin kabinetinə girməyə cəhd etdim, amma o məni qəbul etmədi. Necə deyərlər, suyu süzülə-süzülə Tallinə qayıtdım. Bununla belə, ümidimizi itirməmişdik - axı, torpaq sahəsi üçün qanunla tərtib olunmuş bütün sənədlər əlimizdədir.
Elə oldu ki, mən Bakıya bir də 4 ildən sonra gələ bildim. Həmin əraziyə də baş çəkdim: gördüm ki, artıq qismən tikilib: “Delta Land”in aldığı torpaqda yaşayış binaları və müxtəlif obyektlər ucaldılıb. Hətta orada “Rahat” supermarketi də peyda olub. Bir sözlə, Estoniya biznesinin əmlakı hansısa yolla Azərbaycandan olan fərdi şəxslərə yenidən satılıb. Üstəlik, torpaqlarımızı zəbt edənlər bizi əmin etdilər ki, onu İcra Hakimiyyəti başçısının icazəsi ilə alıblar. Təbii ki, rayon rəhbərliyində uzunömürlü olan bu A.Vəliyevlə yenidən görüşməyə cəhd etdim, amma o, yenə məni qəbul etməyi özünə rəva bilmədi, digər məmurlar isə çiyinlərini çəkdilər – dedilər ki, hər şeyi ancaq “rəis” həll edir, – S.Quliyev qəzəblənir.
Dəqiqləşdirək: sahibkar Quliyevlərin estoniyalı tərəfdaşları ilə birlikdə aldıqları bütün torpaq sahələri 50 hektardan çox olub. İndi isə onun cəmisi 10 hektara yaxın hissəsi qalıb. Hələ ki, qalıb, çünki bu bölünmüş ərazini metr-metr müxtəlif adamlar zəbt edirlər, deyirlər ki, lazım olanı ödədikləri üçün rayon icra nümayəndəliyində onlara “dobro” verilib.
“Bir müddət əvvəl mənə məlumat verildi ki, yerdə qalan torpaq sahəsində yenidən tikintiyə başlanılır”, - deyə S.Quliyev detektiv hekayəsini davam etdirir. - Oraya getdim, nə baş verdiyini soruşdum. Ustalar mənə dedilər ki, “bu torpağın sahibi” onlara ərazini qorumağı tapşırıb. Onları inandırmağa çalışdım ki, əslində torpağın sahibi mənəm, amma heç kim buna əhəmiyyət vermədi. Onlar üçün pulu kim ödəyirsə, torpağın sahibi də odur. Bu arada torpağımızın yeni sahibi Sərdar Şahmuradov bir növ ləyaqətli adam çıxdı - özü mənə zəng vurub izah etdi ki, qanuni (!), rəsmi sənədləri var. Onunla görüşmək istədim, amma torpağın qəfil ortaya çıxan “ağası” geri çəkildi və qətiyyətlə imtina etdi. Yeri gəlmişkən, sonradan bildim ki, o, mənə zəng edəndən sonra başqa yerə yox, birbaşa Sabunçu Rayon Polis İdarəsinə gedib və bildirib ki, guya onun (!) mülkünün ətrafına çəkdirdiyi hasarı dağıdmışam. Deməli, mən düşüncələrimdə onun ləyaqəti ilə bağlı əməlli-başlı yanılmışammış və hazırda bu böhtan Sabunçu Polis İdarəsinin İstintaq Şöbəsində icraatdadır".
Nə deyəsən, Estoniyadan olan Quliyevlər saxtakarlıqla yanaşı, klassik bürokratik özbaşınalıqla da üzləşiblər. Bu məsələdə çox da dərinə getmək istəməzdim, amma görünür, orada - qanunlara və sərəncamlara Avropa münasibəti ilə seçilən Baltikyanı ölkələrdə bizimkilərin “fırıldaqlarını” unudub və sayıqlığı itiriblər – yoxlamayıblar, nəzarət etməyiblər, iki metrlik hasar çəkməyiblər, itlərlə gözətçilər qoymayıblar və ümumiyyətlə Tallində öz işləri ilə məşğuı olublar. Halbuki “dəmiri isti-isti döyməli” idilər – İcra hakimiyyətinin və digər strukturların məmurları pulu (həm qanuni, həm də “şapka” şəklində) alan kimi, fikirlərini dəyişməmişdən...
“Bunların çoxu estoniyalıların puludur və mən onlara yaranmış vəziyyət barədə danışmağa utanıram. Bəli, başa düşməyəcəklər: bu necə ola bilər - əməliyyatın rəsmi təsdiqi var, amma ərazini başqaları götürüblər? – Həbib Quliyev hirsindən qovrula-qovrula gileylənir.
Bunun üçün səbəb də var: “Delta Land” böyük məbləğdə sərmayələrini itirib, biznesi böyük itkilərə məruz qalan xarici investorların hüquqları və biznes maraqları pozulub. Həbib və Səid Quliyevlər redaksiyamız vasitəsilə hüquq-mühafizə orqanlarından israrla xahiş edirlər ki, onları məmur özbaşınalığından qorusunlar.
Amma Sabunçu Rayon İcra Hakimiyyətindən olan həmin məmurlar hər şeyi qəti şəkildə təkzib edir və S.Quliyevi şantajda ittiham edirlər. “O, dövlət orqanlarının icazəsi olmadan, qanunsuz olaraq aldığı torpaqların hamısını bələdiyyə vasitəsilə rəsmiləşdirib. İndi də bu adam bizi şantaj etməyə çalışır. Amma bu işə hüquq-mühafizə orqanları baxır və onlar S.Quliyevin əməllərinə hüquqi qiymət verəcəklər”, - deyə RİH-dən bildiriblər.
Ümid edək ki, səlahiyyətli orqanlar işə mümkün qədər obyektiv yanaşacaqlar, çünki söhbət təkcə Estoniya biznesinin pulundan getmir: təhlükə altında olan həm də hüquqi dövlət kimi istər kiçik, istərsə də böyük biznes müqavilələri bağlamaqda maraqlı olan ölkəmizin nüfuzudur...(Korrespondent.az)