Üç minədək xarici şirkətin cəmi 9 faizinin ölkədən çıxmasının mübhəm səbəbləri
Rusiyanın Ukraynaya hücumundan sonra burada çalışan xarici mənşəli şirkətlərin böyük əksəriyyəti ölkəni tərk edəcəyini açıqladı. Şirkətlərin bir qismi Ukrayna ilə həmrəylik göstərib, işğalçı ölkəyə xeyir verməmək prinsipinə uyğun olaraq bu qərarı alıbsa, daha böyük qismi Qərbin tətbiq etdiyi sanksiyalar şəraitində Rusiyada qalmağın iqtisadi baxımdan faydasız olmasına, eyni zamanda sanksiyaları pozmağa görə cəzalardan yayınmaq istəyinə görə hərəkət edir.
Yenixeber.org: Rusiyanın işğalçı müharibəni başlatmasından 14 aya yaxın vaxt keçib və artıq məlum olur ki, bu ölkədəki biznesini dayandıracağını elan edən Qərb şirkətlərinin böyük bir hissəsi hələ də fəaliyyətini davam etdirir. Doğrudur, onların demək olar ki, hamısı Rusiyada biznesi genişləndirmək, investisiya yatırmaq planlarından geri çəkiliblər. Lakin fakt budur ki, hələ də Rusiyada qalmağa davam edirlər və bu, işğalla üzləşən Ukraynada ağrılı qarşılanır.
Qərb şirkətlərinin Rusiyadan çıxmaması faktı ötən ilin payızından bəri xarici medianın müzakirə mövzularından birinə çevrilib. “The Washington Post” İsveçrənin Sankt-Qallen Universiteti mütəxəssislərinin araşdırmalarına əsasən yazır ki, Rusiyada fəaliyyətini dayandırdığını elan edən xarici şirkətlərdən yalnız 9 faizi indiyədək ölkəni tamamilə tərk edib. Kiyev İqtisadiyyat Məktəbinin izlədiyi 3 min xarici mənşəli təşkilatdan yalnız 211 şirkət Rusiya bazarından çıxıb. Bu zaman Rusiyadan getmək planını elan edən 468 şirkət bunun üçün heç bir cəhd etməyib.
Məlumat üçün bildirək ki, 2022-ci il fevralın sonuna Rusiyada Avropa İttifaqı və G7 ölkələrindən olan 1400 şirkətin 2400 törəmə müəssisəsi fəaliyyət göstərirdi. Noyabra qədər onlardan 8,5 faizi - 120-si ölkə bazarını tam tərk edib. Gedənlərin 18 faizi ABŞ, 15 faizi Yaponiya, 8,3 faizi Avropa İttifaqı mənşəlidir. Rusiyada qalmağa davam edən şirkətlərin 19,5 faizi Almaniya, 12,4 faizi ABŞ mənşəlidir.
Rusiyadan gedən 120 xarici şirkət 2021-ci ildə ümumi xarici şirkətlərin vergiyəqədərki gəlirinin 6,5 faizinə, daşınmaz əmlakının 8,6 faizinə, aktivlərinin 8,6 faizinə, əməliyyat gəlirlərinin 10,4 faizini formalaşdırmışdılar. Onlarda çalışanların sayı ümumi xarici şirkətlərdə çalışanların 15,3 faizini təşkil edirdi. Rusiyanı tamamilə tərk edənlər arasında "bp", "Equinor", "Total", "Ford", "Renault", "McDonald’s", "İkea" və "Shell" kimi nəhənglər var. Rusiyadakı biznesi balansdan çıxmaq onlara 10 milyardlarla dollar itkiyə başa gəlib.
Rusiyadakı biznesini satmadan ondan tamamilə imtina edən beynəlxalq şirkətlərin ümumi itkisinin həcmi 240-250 milyard dollar həcmində hesablanır.
Rusiyanın “IBC Real Estate” şirkəti beynəlxalq səviyyəli (azı 5 region və ölkədə işləyən transmilli şirkətlər-red.) 419 şirkətin Rusiyadakı fəaliyyətinə dair vəziyyəti araşdırıb. Şirkətin hesablamalarına əsasən, beynəlxalq biznesin 419 təmsilçisindən 139-u - yaxud 33 faizi Rusiyanı tamamilə tərk edib. Daha 19 faiz beynəlxalq şirkət öz biznesini yerli menecmentə dövr edib, məhsullar yeni brend adları ilə istehsal olunur - Məsələn, "McDonalds", "Coca-Cola" və sair. Şirkətlərin 6 faizi Rusiyada fəaliyyətlərini qismən dayandırıblar. Bunlar əsasən əczaçılıq şirkətləridir - həyati vacib dərmanların istehsalını humanizm prinsipi əsasında davam etdirirlər. Daha 4 faiz şirkət Rusiyaya investisiyaları dayandırıb, 1 faizi Rusiya hökuməti məcburən milliləşdirib, qalan 1 faiz isə fəaliyyətini yenidən bərpa etmək məcburiyyətində qalıb.
2022-ci ilin avqustundan 2023-cü ilin martına qədər olan dövrdə Rusiyadakı biznesini dayandırdığını elan edən, lakin bu bizneslə nə edəcəyini müəyyənləşdirməyən şirkətlərin payı 65 faizdən 36 faizə düşüb. Ekspertlərə görə, qalanlar da bu ilin sonunadək aktivləri ilə nə edəcəklərinə dair yekun qərar verəcəklər.
Şirkət bildirir ki, sayı 198-ə çatan Yaponiya mənşəli şirkətlərin 60,6 faizi 2022-ci ildə Rusiyada fəaliyətini bütünlüklə və ya qismən dayandırıb, 35,4 faiz davam etdirib, 4 faizdən bir qədər artığı ölkədən tamamilə gedib. Fəaliyyətini olduğu kimi davam etdirən yapon şirkətləri arasında “Mitsubishi” də var.
Yaxşı, Qərb şirkətlərinin öz qərarlarına əməl etməmələrinin səbəbi nədir? Niyə onlar hətta sanksiya təhdidi altında olsa belə, Rusiyadan çıxmırlar? Səbəbi ilk öncə Rusiyada xarici şirkətlərin ölkədən çıxmasının qarşısını almaq üçün atılan addımlarda axtarmaq lazımdır. Belə ki, Rusiya hakimiyyəti xarici şirkətlərin ölkədən getməsinin qarşısını almaq üçün 2022-ci ilin yayından yeni qayda müəyyənləşdirib. Prezident Vladimir Putinin əmri ilə tətbiq olunan qaydaya əsasən, Rusiyadakı biznesini satmaq istəyən xarici şirkət alqı-satqının rəsmiləşməsi üçün ölkənin Aktivlərin Satılması üzrə Dövlət Komissiyasından icazə almalıdır. Komissiya birbaşa prezident Putinə tabedir və hər hansı xarici aktivin özgəninkiləşməsi üçün müraciətə onun qərarına əsasən rəy verir. Yəni faktiki olaraq, kimin aktivinin satılıb-satılmayacağına Putin qərar verir. Tətbiq olunan qaydaya əsasən, komissiyaya müraciət etmək üçün xarici şirkət aktivinin real bazar dəyərinin 50 faizi həcmində endirimə getməli, həmçinin onun üçün ödənişin icrasına 1-2 il güzəştli dövr tanımalı, yaxud ödəniş dərhal icra olunacağı təqdirdə müqavilə dəyərinin 10 faizini Rusiya büdcəsinə ödəməlidir.
Putin öz çıxışlarında bir neçə dəfə bəyan edib ki, Qərb şirkətlərinin Rusiyadakı aktivləri Qərbdə sanksiya altına alınaraq dondurulan Rusiya aktivlərinin qarantıdır. Yəni faktiki olaraq, Rusiya hakimiyyəti Qərb şirkətlərinin çıxışını əngəlləməklə özünün dondurulan aktivlərini geri almaq üçün alver predmetinə çevirməyi hədəfləyir.
Qərb şirkətlərinin Rusiyadan çıxış yolunun bağlanmasının daha bir səbəbi rusiyalı oliqarxların onları əldə etmək istəyidir. Belə ki, yanvar ayında məlum olub ki, Rusiyada törəmə müəssisələri olan 45 Qərb bankına ölkədən çıxmağa imkan verilmir. "Financial Times"ın yazdığına görə, Putinə yaxın olan rusiyalı milyarderlər xarici şirkətlərin ölkədəki aktivlərini su qiymətinə əldə etməyə çalışırlar. Buna görə də həmin şirkətlərə aktivlərini satmağa imkan verilmir, onların həmin aktivlərdən tamamilə və dəyərini almadan əl götürmələri gözlənilir. Bu proses xüsusilə maliyyə təşkilatları və banklara münasibətdə daha açıq müşahidə olunur. Putinin əmri ilə yaradılan dövlət komissiyası aktivlərin satışına dair müqavilələri qəbul etmir, yaxud Qərb şirkətləri üçün qəbulolunmaz şərtlər qoyur. Putinə yaxın olmayan şirkət və ya şəxslərin razılaşdığı qiymətləri belə komissiya “baha” hesab edərək, xarici şirkətlərdən daha böyük endirim və güzəştlər tələb edir. Bu barədə "Financial Times"a danışıqların iştirakçısı olan bir bank rəsmisi məlumat verib. O bildirib ki, Putinin yaxın çevrəsi hazırda ölkədəki xarici banklara göz dikib və bank aktivlərinə dair alqı-satqı, dövretmə müqavilələrinin qarşısını tamamilə alırlar.
Məsələn, İtaliyanın "UniCredit" bankının 2022-ci ilin əvvəlində Rusiyada 2 milyon müştərisi, 3500 əməkdaşı vardı. Oktyabrın ortaları üçün bankın Rusiyadakı aktivləri 7 milyard avro dəyərləndirilib. Onun öz aktivlərini satmasına Rusiya hakimiyyəti imkan vermədiyinə görə fəaliyyətini davam etdirməyə məcburdur. Buna görə Avropa Komissiyası banka ciddi təzyiqlər edir. Lakin dəyərini almadan Rusiyadakı aktivlərini balansdan silmək bankı iflasa apara bilər. "Bank Renault" və "Nissan"la birgə müəssisələrini “Avtovaz”a sata bilib - 2022-ci ilin noyabrında Rusiya komissiyası bu alqı-satqıya razılıq verib.
Rusiyada 7,5 milyard dollarlıq aktivi olan ABŞ-ın "Citigroup" bankı öz aktivlərinə müştəri tapa bilməyərək, onu parçalayaraq satmağa məcbur olub. Dekabrda özünün istehlak kreditləri portfelini “Uralsib”ə satıb. 2023-cü il martın sonuna qədər əsas bank xidmətlərinin çoxunu dayandırıb. Lakin əmanət və depozit protfelindən qurtula bilmədiyinə görə satış alınmır.
Öz aktivlərini satmağa müvəffəq olan Fransanın "Societe Generale" bankı bu prosesdən 3,3 milyard avro itirib. Onun aktivlərini isə Putinin adamı sayılan milyarder Vladimir Potanin alıb. Lakin heç də bütün bankların belə itkiyə davam gətirmək potensialı yoxdur, bu səbəbdən də onlar fəaliyyətlərini məhdudlaşdıraraq gözləmə mövqeyi tutublar. Burada həm də Ukraynada müharibənin başa çatması və Rusiyaya qarşı sanksiyaların qaldırılması ehtimalı da nəzərə alınır. Bu düşüncə ilə getmək qərarını açıqlayıb, hələ də Rusiyada işləməyə davam edən şirkətlər arasında Fransa mənşəlilər üstünlük təşkil edir. Məsələn, “Aşan”, "Leroy Merlin" market şəbəkələri və sair.
Lakin bir çox şirkətlər bu ehtimalı real hesab etməyərək çətinliklə də olsa, Rusiyadakı aktivlərini satmağa nail olurlar. Məsələn, İrlandiyanın kağız tara istehsalçısı olan "Smurfit Karra Group" Rusiyada biznesi dayandırdığını 2022-ci ilin aprelində elan edib, alqı-satqı müqaviləsinə bu ilin martında razılıq verilib - ikiqat ucuz qiymətə olmaqla. Şirkət Rusiyadakı 4 istehsal zavodunu yerli menecmentə satıb.(musavat.com)
Dünya SAKİT