Dünyada dərman böhranı dərinləşir
Son dövrlərdə dünyada, xüsusən də qonşu ölkələrdə dərman qıtlığı və bahalığı yetərincə aktuallaşıb.
Yenixeber.org: Dərman istehsalı və ixracı ilə tanınan, tibbi məhsullar və dərmanla özünütəminetmə səviyyəsi yüksək olan ölkələrdə belə, bu problem kəskin hiss olunmaqdadır.
Məsələn, ötən ilin sonlarından Türkiyə, İran, habelə Qazaxıstan və sair ölkələrdə cəmiyyət və media dərman bahalığı və qıtlığından şikayət etməkdə, bu barədə həyəcan təbili çalmaqdadır.
Qardaş Türkiyədə sözügedən sahədə problemin yaranmasının əsas səbəblərindən biri də dərmanların qiymətinin avro məzənnəsi ilə hesablanmasıdır. Türk lirəsi dəfələrlə dəyər itirdiyinə görə dərmanlar da xeyli bahalaşıb. O da nəzərə alınmalıdır ki, Türkiyə hökuməti ötən ilin dekabrında dərmanların yeni məzənnəyə uyğun olaraq 36,77 % bahalaşmasını rəsmiləşdirib.
Dərman istehsal edən şirkətlər isə bazara dərman çıxarmamağa başlayıblar ki, bu da məhsulun qıtlığına və “qara bazar”da dəfələrlə baha satılmasına səbəb olub. Hökumət bu kimi hallara qarşı tədbir görsə də, ekspertlər bu tədbirlərin ötəri effekt verəcəyini, bahalaşma və qıtlığın aradan qaldırılmayacağını qeyd edirlər.
Bir neçə gün öncə Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi dərman çatışmazlığı böhranı barədə növbəti dəfə çıxış edib. Onun sözlərinə görə, dərman tədarükü üçün nəzərdə tutulan büdcə azdır və bu büdcə dərman bazarının yarısını belə əhatə etmir: "Dərman idxalçılarının və dərman xammalının üzləşdiyi likvidlik problemi göstərir ki, bütün xəbərdarlıqlara rəğmən, hökumət praktiki olaraq dərman istehsalçılarının aşağı faizlə maliyyələşdirilməsi üçün heç bir əməli addım atmayıb".
H. Xoyi mart ayından sonra ölkədə dərman qıtlığı böhranının daha da dərinləşəcəyi barədə xəbərdarlıq edib.
Qazaxıstanın Səhiyyə Nazirliyi isə bahalığın qarşısını almaq üçün dərman vasitələrinin maksimal qiymətlərini müəyyən edib. Qazaxıstanın səhiyyə nazirinin müavini Jandos Burkitbayevə görə, bəzi dərmanların qiyməti istehsalçıların özləri tərəfindən qaldırılıb.
O əlavə edib ki, yanvarın 9-da departament 6 715 adda dərmana qiymət limiti müəyyən edib. Qazaxıstanın səhiyyə nazirinin müavini onu da vurğulayıb ki, 6 ay ərzində 1918 adda, yəni siyahıdakı bütün dərmanların 29 %-də qiymətlər təxminən 30 % artıb.