Saytı olmayan şirkət dövlət qurumuna distant tədbir keçirir –Tender maxinasiyası
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2022-ci ilin aprel ayının 6-da və 21-də iki lot üzrə satınalmaya yekun vurub.
Yenixeber.org: “Kompyuter şəbəkəsinə, serverlərə, TV sistemlərinə, telefon sisteminə, ofis avadanlıqlarına və periferik qurğulara texniki xidmət və cari təmir xidmətinin” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən distant rejimdə keçiriləcək tədbirlərin (vebinar, konfrans) təşkil edilməsi xidmətlərin göstərilməsinin satın alınması lotları üzrə Mərkəzin sifarişçi olduğu satınalmada “BICAART” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
Bu satınalmaların ümumi məbləği 116.000 manatdır.
“BICAART” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ilin iyun ayının 21-də dövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 2 mkr, ev 22/57 ünvanı, qanuni təmsilçisi isə 1993-cü il təvəllüdlü Kərimov Hikmət Firuz oğludur.
Hikmət Kərimovun adına çoxsaylı MMC-lərin təsis edildiyi və bu MMC-lərin dövlət satınalmalarında iştirak etdiyi deyilir.
“BICAART” MMC-nin fəaliyyət profili, maddi texniki bazası, müvafiq lisenziyaları barədə açıq internet resurslarında heç bir məlumat yoxdur.
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
İlginc məqam budur ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə distant rejimdə tədbirlər keçirəcək təşkilatın – “BICAART” MMC-nin özünün web saytı yoxdur.
Qlobal.az-ın əldə etdiyi məlumata görə “BICAART” MMC-nin 2018-ci ildə təsis edilərkən ilk qanuni təmsilçisi 1998-ci il təvəllüdlü Məmmədzadə Bəhruz Elşən oğlu olub. Bəhruz Məmmədzadənin Sumqayıt şəhər 3 saylı peşə liseyində təhsil aldığı deyilir. B.Məmmədzadənin 2021-ci ildə şirkətin qanuni təmsilçiliyindən ayrıldığı bildirilir.
Digər maraqlı məqam isə “BICAART” MMC-nin indiyədək heç bir dövlət satınalmasında iştitrak etməməsidir. Bu şirkət yuxarıda da qeyd edildiyi kimi yalnız cari ilin aprel ayında 6 və 21-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin iki lot üzrə sifarişçi olduğu 116.000 manatlıq satınalmasında qalib elan edilib.
Fəaliyyəti barəsində açıq internet resurslarında heç bir məlumat verilməyən “BICAART” MMC-nin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sifarişçi olmasına qurum belə mövqe sərgiləyib:
“Qeyd etmək istərdik ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6.6-ci maddəsinə əsasən, bu Qanunun 8.1, 36.9, 44.2-ci maddələri nəzərə alınmaqla, satınalan təşkilat malgöndərənlər (podratçılar) arasında ayrıseçkilik salan meyarlar, tələblər və ya prosedurlar şərtlər toplusunda qeyd edə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, dövlət vəsaitlərinin qənaətlə və səmərəli xərclənməsi, bütün iddiaçılar arasında bərabər rəqabət imkanlarının yaradılması və ayrı-seçkiliyə yol verilməməsi prinsiplər əsas götürülüb. Məktubda qeyd etdiyiniz suallar və “fakt” kimi sadaladığınız məsələlər, “BİCAART” MMC-nin 2018-ci ildə dövlət qeydiyyatına alınması, 10 (on) manat nizamnamə kapitalına malik olması, hüquqi ünvanı Sumqayıt şəhəri olması, qanuni təmsilçisi 1993-ci il təvəlludü olmağı və digərləri birmənalı şəkildə ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı prinsiplərə ziddir. Sizin “BiCAART” MMC-nin hüquqi ünvanı ilə bağlı irəli sürdüyünüz irad ölkə vətandaşları arasında ayri-seçkilik yaradır, bu isə Azərbaycan Respublikasının Ali Qanunu olan Konstitusiyamızın köklü şəkildə pozulması deməkdir”.
Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sifarişçi olduğu sözügedən satınalmalarda daha hansı təşkilatların iddiaçı qismində iştirak etdiyi barədə sualımızı qurum cavablandırmayıb.
Eyni sualla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət etdik. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də sualımızı cavablandırmadı.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Abbasbəyli Məmməd Aslan oğludur. M.Abbasbəyli 2021-ci ilin dekabr ayının 23-də bu vəzifəyə təyin edilib.
Xatırladaq ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevdir. Fərid Şəfiyev Fərid Şəfiyev 1998-2001-ci illərdə Azərbaycanın BMT yanında daimi nümayəndəliyində, 2005-2009-cu illərdə Azərbaycanın Kanadadakı Səfirliyində işləyib. O, 2009-cu ildə Azərbaycanın Kanadadakı səfiri vəzifəsinə təyin olunub və 2014-cü ilin iyununa kimi bu vəzifəni icra edib. 2014-cü ildən 2019-cu ilin fevralına kimi Azərbaycanın Çexiyadakı səfiri olub.
2019-cu il fevralın 19-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edilib.(Qlobal.az)