Kompleks Qazma İşləri Trestində NƏ BAŞ VERİR? -GİLEY
Yenixeber.org: Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestində 28 ildir ixtisaslı motorçu vəzifəsində çalışan Birinci Qarabağ Müharibəsi veteranı, 55 yaşlı Tale İsmayılov ixtisara salınıb. İşlədiyi müddətdə işdə nöqsanlara yol verməyib, heç bir xəbərdarlıq almayıb.
Bunu MeydanTV-yə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, 6 nəfərlik ailə İsmayılovun qazancı ilə yaşayır:
“İxtisar zamanı onun keçid balından yarım xal az bal topladığı bəhanə gətirilib. Tale İsmayılov qiymətləndirmədən 55 bal toplayıb. Bölüm rəisi Fazil Bayramov ondan SOCAR-n məşhur Neftçilər Klubuna qoşulmağı tələb edir. Xatırladır ki, bu ayın sonunadək ərizə yazıb işdən çıxmalısan, yoxsa proqram bağlanır”.
Qəhrəmanlı söyləyib ki, Neftçilər Klubu ictimai birlikdir.
“Belə olduğu halda işdən çıxan və proqrama qoşulan neftçilərə bu klub hansı mənbənin hesabına pul ödəyir? Neftçilər Klubunun kimə məxsus olduğu niyə açıqlanmır? İşdən çıxanlar niyə məhz bu kluba yönləndirilir? Klubun kimə məxsus olduğu niyə açıqlanmır? Suallar çoxdur və xeyli müddətdir cavab ala bilmirik”, - Qəhrəmanlı deyib.
YAP üzvü, müharibə veteranının müraciəti
Birlik rəhbəri ixtisarlar zamanı birinci və ikinci Qarabağ müharibəsi veteranları, qaziləri arasında fərq qoyulduğunu da bildirib. Onun sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi təşkilata müraciətlər edilir.
Qazax rayon, Bağanıs Ayrım kənd sakini, şəhid ailəsi üzvü, Birinci Qarabağ Müharibəsi veteran, məcburi köçkün Vüqar Məhərrəmov təşkilata müraciət edərək bildirib ki, Birinci Qarabağ müharibəsində Bağanıs Ayrım faciəsi onların ailəsinə zərbə vurub, atası Alməmməd Məhərrəmov 1990-cı ilin martın 23-də həlak olub, evləri yandırılıb. Özü də müharibə veteranıdır. 1996-ci ildən indiyə qədər Qaradağ Qalmaz İstehsalat Bölüyündə motorçu işləyir.
“Şikayətçi deyir ki, bir ildir onu işə çağırmırlar, halbuki işə çıxıb, maaş alanlar var. Müraciət etdikdə isə bildiriblər ki, o, köhnə müharibədə şəhid ailəsi üzvü, əvvəlki müharibənin veteranıdır. Hazırda işsizdir, bir ildir maaş almır”.
Qəhrəmanlı qanunvericiliyə görə ixtisar zamanı imtiyazların nəzərə alınmasının vacib olduğunu xatırladıb: “Bununla yanaşı, vətən uğrunda döyüşən insanların da xidmətini heç vaxt yaddan çıxmamalıdırlar. İxtisarlar zamanı İkinci Qarabağ müharibəsində vuruşan işçilərə güzəştin olunması yaxşı haldır. Amma veteranlar arasında ayrı-seçkilik yolverilməzdir”.