AAYDA Şəki-Qax yolunun çəkilişi zamanı mənimsənilən milyonları necə ört-basdır etmək istəyir?-PROBLEM
Yenixeber.org: Bu günə qədər Azərbaycanda yolların çəkilişi zamanı yol verilən irihəcmli korrupsiya faktları ilə bağlı dolaşan məlumatlar barədə dövürü mətbuatda kifayət qədər yazılıb. Son zamanlar bununla bağlı elə bizim də apardığımız bəzi araşdırmalara çox təəssüfləndirici haldır ki, dövlətimizdə qanunların icrasına nəzarət edən hüquq-mühafizə orqanlarının baş vermiş və hələ də davam edən iqtisadi cinayətlərə göz yumması başa düşülən deyil. Ən maraqlısı da odur ki,baş verən korrupsiya halları ilə bağlı faktlara,rəqəmlərə istinad edərək hazırladığımız araşdırma məqalələrində yazıb ictimaiyyətə və aidiyyatı üzrə dövlət orqanlarına təqdim etdikdən sonra həmin orqanlar sanki hansısa gizli göstəriş əsasında irimiqyaslı iqtisadi cinayətlərdən bəhs edilən yazdıqlarımız məlumatların araşdırılmasını çox qəribə də olsa elə korrupsiya “yuvası” hesab etdiyimiz baş idarə rəhbərliyinə göndərməklə işlərini bitmiş hesab edirlər. Necə ki, 29 iyun 2020-ci il tarixində aktualinfo.org saytında yayılmış “Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır?” məqaləsində olduğu kimi. Bəli, biz yerli sakinlərin şikayətləri və verilən dəqiq məlumatlar əsasında hazırladığımız araşdırma məqaləmizdə çəkilmiş 35 km-lik asfalt yolun rəsmi açılışı zamanı dövlət başçısına görülən işlərin yüksək keyfiyyətindən,strateji əhəmiyyətindən gen-bol məlumatlar verilsə də,bunların bir yalan olduğunu bir mətbuat orqanı olaraq araşdırmalarımızla bir daha sübut etdik ki, yazdıqlarımız doğrudur. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi cənab Əflatun Qasımovun imzaladdığı 27 avqust 2020-ci il tarixli, 3/02 – 5857 saylı cavab məktubunda bildirilir:
“ Müraciətinizə aidiyyatı üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində baxılmışdır. Bildiririk ki, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax sahəsinin tikintisinə “AR regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı”na əsasən keçmiş Nəqaliyyat Nazirliyinin sifarişi ilə 2011-ci ildə başlanmışdır. Avtomobil yollarının tikintisi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış, müvafiq qurumlarda qeydiyyatdan keçmiş, yerinə yetiriləcək işlərin qiymətləndirilməsi və ekspertizadan keçirilməsinə dair rəylər verilmişdir.
Qeyd edək ki, avtomobil yolunun bərpası layihəsi üzrə görülmüş işlər smeta sənədlərimdə nəzərdə tutulmuş iş həcmlərinə uyğun həyata keçirilmiş və yerinə yetirilmiş işlərin qəbul aktı ilə təsdiq edilmişdir.”
AAYDA-nın Baş idarə rəisi, həm də cənab Saleh Məmmədovun qudası olan Əflatun Qasımov redaksiyamıza yazdığı bu formal məktubu ilə bizi inandırmağa çalışır ki, guya Şəki-Qax yolunun tikintisi zamanı görülən işlər smeta sənədlərində nəzərdə tutulmuş iş həcmlərinə uyğun həyata keçirilmiş və yerinə yetirilmiş işlərin qəbul aktı ilə təsdiq edilmişdir. Bəli, Əflatun bəy biz də sizinlə razıyıq ki, görülmüş bütün işlər kağız üzərində qanunvericiliyə tam cavab verir. Bəs reallıqda necə? Sözügedən yolun açılışı zamanı Prezident, cənab İlham Əliyevə verdiyiniz saxta və yalan məlumatlardan heç utanmadınızmı ki, bir gün gələcək tarix və əlahəzirət faktlar özü sizi və qohumlar komandanızı mat vəziyyətinə salacaq. Müharibə vəziyyətində olan bir ölkədə törətdiyiniz irimiqyaslı iqtisadi cinayətlərə görə gec-tez cavab vermək məcburiyyətində qalacaqsınız. Belə formal və əsassız cavab məktubları ilə nə bizi,nə dövlət başçısını, nə də xalqımızı aldada bilməzsiniz! Ona görə də qərara almışıq ki, cənab Prezident İ.Əliyevin ən sədaqətli məmurları olan Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə və İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova birbaşa müraciət edərək 35 km uzunluğu olan Şəki-Qax yolunun asfalt-beton örtüyünün salınması zamanı araşdırdığımız və qeyd etdiyimiz korrupsiya və mənisməmə faktları xüsusi komissiya tərəfindən yerində araşdırılsın və hüquqi qiymət verilməsi üçün aidiyytı üzrə hüquq-mühafizə orqanlarına təqdim edilsin. Araşdırma məqaləmizin işıq üzü görməsindən sonra podratçı təşkilat “Polat Yol Yapı” şirkətinin rəhbərlərindən biri olan şəxslə telefon əlaqəsi saxladığımız vaxt türk iş adamı yazıda göstərilənlərə əvvəlcə öz etirazını bildirsə də sonda qeyd etmişdir ki,”rayon rəhbərliyi mənə necə göstəriş verirsə, biz də o vəsaitə uyğun yol inşa edib təhvil veririk.” Bununla türk iş adamı sualımıza cavab olaraq təsdiq etmişdir ki, inşa etdikləri Oğuz-Zarağan-Qəbələ yolu 3 qat asfalt örtüyü çəkilmiş, lakin sifarişə uyğun Şəki-Qax yolunda 2 qat asfalt örtüyü salınmışdır. Sonda iş adamı onu da xatırlatdı ki, “biz bu günə qədər azərbaycanda 1000 km –dən çox yol salmışıq. Siz niyə bunları görmürsünüz? Biz sizinlə Avropa Məhkəməsinə qədər dava açacağıq” “Polat Yol Yapı” şirkəti rəhbərliyini təmsil edən şəxsin etirafından da məlum olur ki, onlara nə qədər vəsait ayrılırsa, ona uyğun iş icra edirlər. Yəni, bir daha təsdiq edilir ki, Layihə-smeta sənədlərində cənab Əflatun Qasımovun qeyd etdiyi kimi yerinə yetiriləcək işlərin ( 3 qat asfalt olmaqla) qiymətləndirilməsi kağız üzərində formal həyata keçirilsə də reallıqda Şəki-Qax yolunun inşası zamanı asfalt qatının biri “YADDAN ÇIXMIŞDIR” Daha doğrusu, bu asfalt qatının milyonlarla dəyəri olan pulu mənimsənilmişdir. Kimin şübhəsi varsa, Şəki-Qax yoluna gedib baxa və əmin ola bilər. Biz də adımız kimi bu işə əminik.
Bir daha xatırladaq ki, sözügedən məlumatlarda bildirilir ki, 4 noyabr 2015-ci ildə yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin açılışında ölkə başçısı İlham Əliyev də iştirak etmişdi. Sabiq Nəqliyyat naziri Ziya Məmmədov yolun açılışı zamanı məlumat vermişdirdir ki, avtomobil yolunun yenidən qurulması işlərinə 2010-cu ildə başlanmışdır.İkizolaqlı yolun uzunluğu 35 kilometr, hərəkət hissəsinin eni 7, torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metrdir. Yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür.
Aktualinfo.org-un apardığı araşdırmalara görə bu yolun çəkilişi respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı bilavasitə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən iri miqyaslı layihələrdən biri olub. Layihənin icrasına 2011-cü ildə başlanılıb və 2015-ci ildə isə başa çatıb. Qeyd edək ki,sifarişçisi artıq ləğv edilmiş Azərbaycan Respublikası Nəqlliyyat Nazirliyinə tabeli “Azəryolservis” ASC olan bu layihəni güya Türkiyə şirkəti olan, lakin Goranboy rayonun Nadirkənd kəndində bir türk vətəndaşının adına yaradılmış “Polat Yol Yapı” şirkəti həyata keçirib.
Layihə 2 hissədən ibarət olub I hissə: Şəki-Qax hissəsi, yolun uzunluğu- 35,0 km; II hissə: Qax-Zaqtala hissəsi, yolun uzunluğu – 28,0 km . Yolun əsas göstəriciləri isə rəsmən belə göstərilir.
Yolun uzunluğu – 35 km,yol 3-cü texniki dərəcəlıdir, yolun eni 12.00 m,hərəkət hissəsinin eni 7m (2×3,5 m), çiyinlərin eni 2×2,5 m-dir,hərəkət zolaqlarının sayı – 2. Yerinə yetirilmiş iş həcmləri torpaq işləri – 1005,7 min m3,əsasın alt layının tikintisi üçün materialın daşınması – 790,5 min m3,əsasın alt layının 25 sm qalınlığında qırmadaş qarışığından tikilməsi – 101,6 min m3,asfalt-beton örtük, 3 laydan ibarət qalınlığı 21 sm,asfalt-beton qarışığı sərf edilmişdir -182,1 min ton,beton bordyurların quraşdırılmışdır – 8000 m,yol üzərində, ümumi uzunluğu 2100 pm olan 21 körpü vardır;
Qeyd edək ki,xaricdən alınmış qrantlar və dövlət büdcəsi hesabına həyata keçirilən bu layihə üzrə yerli sakinlərin verdiyi məlumatlar əsasında apardığımız araşdırmalardan sonra bir sıra ciddi korrupsiya hallarının baş verdiyinin şahidi olduq. Belə ki, AR Nəqliyyat Nazirliyinin sifarişi əsasında həyata keçirilən 35 km uzunluğunda müasir standartlara cavab verən asfalt yolun çəkilişi zamanı smeta-planda qeyd edildiyi kimi, 101,6 min kub.m. əsasın alt layının 25 sm qalınlığında tikinti normalaraına uyğun olaraq qırmadaş qarışığından tikilməsi nəzərdə tutulsa da, bu tikinti materialı əvəzinə yaxınlıqdakı Şin, Gürmük, Qaşqaçay vadilərindən xam daş-çınqıl qarışığı daşınaraq istifadə edilmiş və beləliklə çay yataqları qanunsuz mənimsənilərək ekologiyaya ciddi ziyan vurulmaqla yanaşı yerli tikinti materiallarından istifadə etməklə çox ucuz başa gəlmişdir. Lakin kağız üzərində isə yuyulmuş və xüsusi ölçüdə doğranmış qırmadaş qarışığından istifadə edildiyi sənədləşdirilmişdir.Bu birinci qanunsuzluq.
Digər əsas faktlardan biri də odur ki, ümumi eni 12 m, asfalt-beton örtüyünün isə eninin 8 m olması göstərilməklə, uzunluğu 35000 m olan asfalt yolun qalınlığı 21 sm olan asfalt-beton örütyünün 3-cü qatı ümumiyyətlə vurulmamış, və qeyd edildiyi kimi reallıqda 3-cü texniki dərəcəli deyil, 4-cü texniki dərəcəli olmuşdur. Doğrudur, podratçı təşkilat olan Türkiyənin “Polad Yol Yapı” şirkəti standartlara uyğun olaraq 3-cü asfalt qatını vurmaq istəsə də, yerli rayonun rəhbər məmurları vicdansızcasına buna imkan verməmişlər. Tərəflər bu işin müqabilində yəni, işlənməsi nəzərdə tutulan, qalınlığı 7 sm olmaqla, 280000 kv m. asfalt-beton örtüyü əvəzinə ayrılan milyonlarla manat dövlət vəsaitini mənimsəməklə ağır cinayət törətmişlər.Yəni, konkret desək, təkcə 3-cü asfalt-beton örtüyünün faktiki olaraq çəkilməməsi nəticəsində dövlətin 3.080000 manat vəsaiti mənimsənilmiş və podratçı təşkilatla yerli rayon rəhbərliyi arasında mənimsənilərək görülən işin təhvil verilməsi barədə akt tərtib edilmişdir. Yerində apardığımız monitorinq nəticəsində verilən məlumatlar bir daha təsdiqini tapmışdır. Podratçı şirkət 3 qat asfalt əvəzinə 2 qat asfalt (astar və üz dən ibarət 14 sm qalınlıqda) çəkməklə işlərini bitmiş hesab etmişlər. Belə yolun ömrü isə nəzərdə tutulduğundan az olur və tez dağılır. Nəzərə alsaq ki, Şəki-Qax yolu intensiv yağışlara məruz qalan bir zonadır. Budur, rəsmi açılışdan 5 il keçmişdir və son müşahidələrimizdən məlum olur ki, yolun bir sıra yerlərində çökmələr müşahidə olunur. Müqayisə üçün onu da eyd edək ki, “Polat Yol Yapı” şirkəti Oğuz dairəsindən Zarağan-Qəbələ şəhərinə qədər olan 42 km –lik yolda da asfalt-beton işlərini yüksək keyfiyyətlə yerinə yetirmişlər. Yəni bu zonada şirkət bütün tikinti norma və qaydalarına əməl etməklə işi sonadək yüksək keyfiyyətlə icra edib başa vurmuşdur. Hazırda eyni vaxtda istifdəyə verilmiş bu yolları müqayisə etməyə dəyməz. Oğuz-Qəbələ yolu reallıqda da 3-cü texniki dərəcəli olub Şəki-Qax yoluna nisbətən yüksək keyfiyyətlidir və uzunömürlü olcağı bildirilir.
Qeyd edək ki,yerli rayon sakinləri bu yol çəkilişinin araşdırılması üçün Aktualinfo.org vastəsi ilə Türkiye Cumhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özerala müraciət etdilər.Onlar bildirirlər ki, qardaş ölkənin yol-tikinti şirkəti olan “Polat Yol Yapı” şirkətinin Şəki-Qax magistral yolunun çəkilməsi zamanı yol verdiyi korrupsya əməlləri hər şeydən əvvəl utancverici hərəkətdir və səfirdən burada yol verilmiş nöqsanların Türkiyənin rəsmi qurumlarına məlumat verməyi xahiş edirlər. Sakinlər Prezident İlham Əliyevdən isə, mühüm dövlət və ictimai əhəmiyyət kəsb edən belə bir layihənin həyata keçirilməsində yol verilmiş irimiqyaslı korrupsiya əməllərinin araşdırlması və hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə göstəriş verməsini xahiş edirlər.(aktualinfo.org)