Dramın dramı, böhran, müharibə –Ermənistanın iqtisadi vəziyyəti hər gün daha da pisləşir
Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyanın xalqa məntiqsiz sözlərlə dolu müraciəti erməni ictimaiyyətinə acınacaqlı təsir bağışlayıb. Onun isterik çıxışı, əlaqəsiz cümlələri Ermənistanda həm siyasi, həm də iqtisadi baxımdan vəziyyətin nə qədər pis olduğunu aydın şəkildə ortaya qoyub.
Bu dəfə Ermənistanın iqtisadi vəziyyətini təhlil edəcəyik.
Dəyişməz bir həqiqət var: Ermənistanda nələr baş verdiyini bilmək istəyirsinizsə, yerli KİV-i oxuyun və tam əksini anlayın.
Son bir ayda Qarabağ ərazisində gedən müharibə onsuz da vəziyyəti yaxşı olmayan Ermənistanı daha da acınacaqlı hala saldı. Və görünür, bu vəziyyət illərdir Ermənistanın məğlubedilməzliyi mifinə inanan bir çoxunu “yuxudan” oyatdı. Ayıq başlar üçün isə real vəziyyət, ölkənin bütün problemləri maraqlıdır. Eləcə də, ölkənin maliyyə vəziyyəti.
Bircə ay müharibə getməsi bəs etdi ki, Ermənistan dövlətinin büdcəsi boşalsın. Bircə ay bəs etdi ki, bank əməliyyatlarını dondursunlar, çıxan kapitalın qarşısını alsınlar. Ermənistan bankları artıq müştərilər qarşısında öhdəliklərini yerinə yetirə bilmir.
Bankların qeyri-sabit iş rejimindən narazı qalan vətəndaşlar kapitallarını çıxartmağa çalışırlar. Xüsusi müştərilər üçün olan imtiyazlar da ləğv edilir.
Əgər əvvəllər kredit almaq çətin idisə, artıq bu, xəyala çevrilib.
Bütün sahələr, layihələr dondurulub, bütün işlər dayanıb, iqtisadiyyat tənəzzülə doğru gedir.
Dövlət döyüşlərdə ölənlərin ailə üzvləri üçün müavinət ayıracağını vəd edir, lakin bu məqsədlər üçün ayrılacaq vəsaitin mənbəyi sual doğurur.
Müharibə başlayandan bəri Ermənistanın milli valyutası da dəyər itirir. Ekspertlərin fikrincə, dram ucuzlaşmaqda davam edəcək.
Bu gedişat milli valyutanın etibarlılığına şübhəni artırıb və nəticə olaraq, əhali olan-qalan pulunu xarici valyutada saxlayır.
Mərkəzi Bankın fəaliyyətsizliyi göstərir ki, onlar vəziyyətə nəzarət edə bilmirlər. Daha doğrusu, sağlam rəqabət mühiti yaratmaq, sahibkarların hüquqlarının pozulmamasına çalışmaq istəmirlər. Bundan əlavə, Mərkəzi Bankın onsuz da cüzi olan ehtiyatları çoxdan tükənib, xaricdən dəstək gözləmək isə vaxt itkisidir.
Ölkənin büdcə kəsiri ilə bağlı vəziyyət isə çoxdan hamıya məlumdur. Paşinyan 49 faiz büdcə kəsiri barədə müharibədən əvvəl danışmışdı. Yəni ölkədə onsuz da yaxşı olmayan vəziyyət tamamilə pisləşib.
Xatırladaq ki, “Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB-” səviyyəsindən “B+” səviyyəsinə endirib. Buna səbəb kimi ölkə iqtisadiyyatındakı kəskin eniş göstərilib. Agentlik tərəfindən Ermənistan iqtisadiyyatının bu il 6,2% daralacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Paşinyan hökumətinin hələ də maliyyə sabitliyi mövzusuna toxunmaması, proqnozlar barədə danışmaması onların fövqəladə hallar üçün planları olmadığını ortaya qoyur. Hər zaman xaricdən gələn pul və kreditlər hesabına ayaqda qalan Ermənistan iqtisadiyyatı sürətli eniş dövrünü yaşayır, işsizlik səviyyəsi artmaqdadır. Vəziyyət o yerə çatıb ki, erməni ekspertlər mövcud vəziyyətin mürəkkəbliyini gizlətmirlər və artıq qorxduqlarını etiraf edirlər.(mediapost)