“Virusdan əvvəl gedib toylarda içirdilər…” –Din xadimindən qalmaqallı MÜSAHİBƏ
Yenixeber.org: - Rahim bəy, QMİ qapalı, yaxud açıq məkanlarda on nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən yas mərasimlərində, o cümlədən, ehsan süfrələrində iştirak edən din xadimlərinin cəzalandırılacağını bəyan edib. Bu qərara münasibətiniz maraqlı olardı…
- Əgər rəsmi xəbərdarlıqdırsa, əlbəttə, riayət eləmək lazımdır. Çünki hazırkı vəziyyətə rəğmən, bəzən yas məclisləri təşkil olunur. Dəfn vacibdir. Amma ehsan üçün belə bir zamanda yığışmaq doğru olmaya bilər. Təbii, ehsan da xoşdur, savabdır və s. Amma bu dövrdə dəfndən əlavə hər hansı yığıncaq olmamalıdır. Bəziləri evlərdə yığışırlar, məclis təşkil edirlər, mövcud təhlükəyə görə məsləhət deyil. Tutaq ki, bunu heç Qafqaz Müsəlmanları İdarəsi deməyib. Biz yenə belə şeylər etməməliyik. Əgər təhlükə varsa və belə vəziyyətdə mən ətrafıma 10 nəfərdən artıq kimisə yığıramsa, bu həm mənəvi baxımdan düzgün deyil, həm də hüquqi baxımdan… Çünki özümdən əlavə digər insanları da təhlükə altına atıram. Allah demir ki, sən özünü və başqalarını təhlükəyə ataraq savab qazan. Bu tip məsələlərdə diqqətli olmaq lazımdır.
- Amma tövsiyələrə əməl etməyən, xəbərdarlıqları qulaqardına vuran çox sayda adam var…
- Bir məsələyə toxunmaq istəyirəm. Məsələn, deyirlər ki, filankəs özünü asıb intihar elədi. Burada intihar təkcə özünü asmaqla olmur. Hər cür intihar var. Bizim cəmiyyətin ağrılı yeri var. Məsələn, koronavirusdan əvvəl gedib toylarda içirdilər, sonra rol arxasında əyləşirdilər və qəzaya düşürdülər. Həm özlərini, həm ailələrini bədbəxt edirdilər. Bax, bu da intihardır. Xəstəlik də bu gün eyni xarakteri daşıyır. Əgər indi mən virusa məhəl qoymasam, özümü və ətrafımı xəstəliyə məruz qoysam, bu da intihar olar. Bir gün Həzrəti Musa xəstələnir. Öz ətrafındakı yaxınları gəlirlər ki, ya Musa, istəyirsənsə, təbib çağıraq və müalicə olunasan. O, cavabında deyir ki, ehtiyac yoxdur, özüm sağalaram. İkinci dəfə də gəlib deyirlər ki, axı sənin vəziyyətin ağırlaşır. O, ikinci dəfə də eyni cavabı verir. Həzrəti Cəbrayıl Allah tərəfindən göndərilir. Allah Musaya deyir ki, mən sənə verdiyim o cismə niyə xələl gətirirsən? Bir haşiəyə çıxım. Məhəmməd Peyğəmbər buyurur ki, birinci öz əqidənə uyğun hərəkət et, ağlın çatan yerədək özünü öz ağlınla idarə et. Bu şeyi ki, bacarmırsan, ondan sonra Allaha təvəkkül et. İndi bu gün əlimizdə nə var? Virus var və biz buna qarşı mübarizə aparmalıyıq. Ümumiyyətlə, əgər təhlükə varsa, biz özümüzü və ətrafımızı o təhlükədən qorumalıyıq. İndi əgər xəbərdarlıq olunubsa, bu, belə olmalıdır. Hər gün xəbərlər oxuyuruq, yoluxanların sayı günbəgün artır.
- Əgər orada hansısa din xadimi iştirak etməsə, ölü sahibi ehsan süfrəsi təşkil edə bilərmi? Quran oxunmasa, bu ehsan sayılırmı?
- Məclisin qayda-qanunu var. Biz əgər deyiriksə ki, məclis olmasın, deməli, məclisin nə qaydası, nə də qanunu olacaq. Amma şəxs ehsanı öz ailə üzvlərinə verə bilər. Şərt deyil ki, bir nəfər dünyadan köçürsə, mütləq ona ehsan verilməsi üçün oturub süfrə açılsın. Nənəm bizə deyirdi ki, mən hər qazan açıb duz atanda “Peyğəmbər və əhli beyt ehsanı olsun ölənlərimizlə bir yerdə” deyərdim. O, hər gün ehsan bişirib nəvələrini, övladlarını eyni süfrənin ətrafına yığırdı. Bu, o demək deyil ki, hər gün mütləq orada ruhani, yaxud molla oturub Quran oxuyurdu. Olsa, nə yaxşı, bununla savabı 100 faiz tamamlayırsan. Amma biz bu gün cəmiyyətə uyğun rəftar eləməliyik ki, savab qazanmaq adı ilə əksinə haram, günah qazanmayaq. Əgər orada kimsə xəstələnsə, kiminsə bədəninə ziyan dəysə, bu, bir növ intihar olur, intihar isə haram bir şeydir.
- Həssas dövrdə ehsanla bağlı məsələni necə tənzimləmsini təklif edirsiniz?
- Şəxslər belə həssas dövrdə pullarını ya ehsan xərclərinə verməsinlər, ya da kiməsə yardım göstərsinlər. Hazırda aztəminatlı ailələr var. Miqdarından asılı olmayaraq həmin o pulu ehtiyacı olana verə bilərlər. Aylarla ət yeməyən insanlar var. Elə onlara yardım etmək dünyasını dəyişən şəxsə 5 yox, 500 savab qazandırar.