Moskva görüşü:İrəvan dərhal 7 rayonu qaytarmalı və...
Yenixeber.org: Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Hikmət Babaoğlunun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşü ilə bağlı müsahibəsini təqdim edirik:
- Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Qarabağ məsələsinin həlli istiqamətində Moskva danışıqlarının nəticələri ilə bağlı fikirləriniz maraqlı olardı...
- Nəzərə almaq lazımdır ki, Moskvada əvvəlcə Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin ayrıca görüşü oldu və yalnız bundan sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə yenidən 2+3 formatında danışıqlar keçirildi. Bu o deməkdir ki, Rusiya birinci görüşdə yaxın qonşu və regionda Azərbaycan və Ermənistanla mühüm strateji əlaqələri olan qonşu dövlət kimi, ikinci görüşdə isə Minsk Qrupunun həmsədri kimi iştirak etdi. Rusiyanın hər iki statusda görüşdə iştirak etməsi özlüyündə maraqlı hadisədir və ayrıca təhlil edilməlidir. Məsələyə bu kontekstdə yanaşdıqda bir daha Dağlıq Qarabağ probleminin həllində Rusiyanın daha geniş imkanlarının olduğunu və bunun əslində Moskva tərəfindən də bir növ etiraf edildiyinin şahidi oluruq. Yəni birinci üçtərəfli görüşdən aydın olur ki, Rusiyanın münaqişə tərəfləri ilə ayrılıqda danışmağa sözü var, tərəflər də bunu qəbul edir. Bu, problemin həllində müəyyən rol oynaya bilər. Yetər ki, regionun supergücü hesab edilən Rusiya Dağlıq Qarabağ probleminin yaranması və onun həllində öz tarixi və bugünkü strateji məsuliyyətini qəbul etsin! Hələlik isə yalnız belə bir qənaət ifadə edə bilərik ki, Vyana görüşündən sonra danışıqlara bir dinamizim gəlməkdədir və bu özlüyündə müsbət hadisədir.
- Rusiyanın aktivliyi danışıqlar prosesinə yeni töhfə verə bilərmi?
- Bu görüşü Rusiyanın aktivliyi kimi qimətləndirmək hələ olduqca tezdir. Çünki Rusiyanın əlində doğurdan da danışıqları aktivləşdirmək üçün çoxlu hərbi-siyasi və iqtisadi mexanizmlər mövcuddur və bunlar strateji xarakterlidir. Ancaq təəssüf ki, bu vaxta qədər həmin mexanizmlərdən rus diplomatiyasının səmərəli istifadə etməsinin şahidi olmamışıq. Bu bir sıra məsələlərlə bağlıdır və bu gün onları sadalamaq və səbəb kimi izah etmək bəlkə də faydalı deyil. Sadəcə, bir məsələni vurğulamaq lazımdır ki, Dağlıq Qarabağ probleminin həllinə tarixi strateji qərarlar və imperialist maraqlar prizmasından deyil, bugünkü geostrateji reallıqlar prizmasından baxılsa, problemin həlli ilə bağlı daha asan qrar qəbul etmək olar. Ümid edirik ki, son illərdə dəfələrlə ən çətin sınaqlardan uğurla çıxan Rusiya-Azərbaycan münasibətləri və iki ölkə arasında mövcud olan dərin siyasi etimad məhz belə qərarların qəbulunu mümkün edəcək. Bu da hazırkı mürəkkəb tarixi mərhələdə region ölkələrinin hamısının milli maraqlarına uyğundur.
- Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov bildirdi ki, görüşdə Rusiya, həmsədrlər, Azərbaycan və Ermənistan bəzi təkliflər səsləndirib. Sözügedən təkliflər nədən ibarət ola bilər?
- Azərbaycan danışıqlarda ərazilərimizin işğaldan azad edilməsi və məcburi köçkünlərin geri qayıtmasından, erməni tərəfi isə status və təhlükəsizlikdən danışdı. Əgər bu dörd mühüm komponenti konseptual təhlil etsək və problemin həllində bunları əsas mövqe kimi qəbul etsək, görəcəyik ki , problemin həllinə ciddi təkan verə biləcək hansısa təklifdən danışmaq olduqca çətindir. Yəni uzun illərdir tərəflər məhz bu cür düşündükləri üçün mövqeləri yaxınlaşdıra bilmirlər. Ona görə də Ermənistana sərt şəkildə xatırladılmalıdır ki, hər şeydən öncə işğal faktına son qoyulmalı, yeddi rayon dərhal Azərbaycana qaytarılmalıdır. Yalnız bundan sonra qarşılıqlı etimad və digər zəruri təhlükəsizlik məsələləri müzakirə predmeti olmaqla Dağlıq Qarabağ probleminin həllindən danışmaq olar. Təəssüf ki, nə həmsədrlər nə də beynəlxalq ictimaiyyət bunu etmir, Ermənistana təzyiq göstərmirlər. Ona görə də səsləndirilən təkliflər təmas xəttində təhlükəsizlik tədbirləri və kənd təsərrüfatı ilə məşğul olan insanlara şəraitin yaradılması və s. kimi məsələlərdən o tərəfə keçmir.
- Ümumiyyətlə, Qarabağ ətrafında gedən proseslərin bundan sonrakı gedişatını necə görürsünüz?
- Vyana görüşündən sonra qısa zamanda Moskvada görüşün keçirilməsi, görüşdən dərhal sonra yeni görüş haqqında danışılması və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin daha bir görüş keçirəcəklərini bildirməsi danışıqlar prosesinə yeni dinamizm gəldiyini söyləməyə imkan verir. Həmsədrlərin bəyanatında təmas xəttində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və qarşılıqlı etimad yarada biləcək bəzi humanitar addımlardan danışılması, ancaq problemin həlli ilə bağlı konkret fikirlərin səsləndirilməməsi bu dinamizmin bir mərhələdən sonra real nəticə vermədən passiv fazaya keçə biləcəyinə dair təəssürat yaradır ki, bu da yolverilməzdir. Azərbaycan artıq problemin həll edilməsinin vaxtının çoxdan çatdığını düşünür və bunun üçün ən qətiyyətli addımlar atmağa həm hərbi-iqtisadi, həm də siyasi-diplomatik baxımdan hazırdır.(axar.az)