“Gənc Tamaşaçılar Teatrının 16 aktyoru işdən çıxarılıb”- Xalq artisti Tariyel Qasımov
"Baş rejissor susub oturur, heç kimi müdafiə etmir"
Yenixeber.org:
- Tariyel müəllim, bizdə olan məlumata görə, yeni bir teatr açılıb və sizin adınız həmin mədəniyyət ocağına verilib?
- Bu günlərdə Ağstafa Rayon Xalq Teatrı yaradıldı. Mən o teatrda tamaşa hazırlayacağam. Aprel ayında orada mənim 80 illik yubileyim keçiriləcək. Həmin tədbirdə Ağstafa Rayon Xalq Teatrına mənim adım veriləcək. Olacaq "Tariyel Qasımov adına Xalq Teatrı".
- Teatra adınızın verilməsi təklifini kim irəli sürüb?
- Rayon icra hakimiyyətinin başçısı. Sağ olsun, aktyora, sənət adamlarına qiymət verən, onları dəyərləndirən insanlar var.
- Bəzi sənət adamları var ki, yaşa dolandan sonra doğulduğu kəndə qayıdır. Sizin də səsiniz neçə vaxtdır ki, Ağstafa rayonundan gəlir…
- Hə, insan yaşa dolanda doğulduğu torpaq adamı özünə doğru çəkir. Neçə vaxtdır ki, şəhərdə özümə rahatlıq tapa bilmirdim, ona görə də gəldim ata yurduma. Burada çox rahatam. Sakit, səs-səmirdən uzaq bir məkandayam. İnsana bundan artıq rahatlıq verən heç nə olmaz.
- İllərdir çalışdığınız Gənc Tamaşaçılar Teatrından uzaqlaşdınız?
- Yox, uzaqlaşmamışam. Mart ayının 30-da Gənc Tamaşaçılar Teatrında mənim dövlət səviyyəsində yubileyim keçiriləcək. Teatrın tamaşalarında oynayıram. “Sarıköynəklə Valehin nağılı” mənim quruluş verdiyim tamaşadır. Nə vaxt bu tamaşa repertuara salınsa, rayonda da olsam, gəlib oynayıram.
- Bu mövsümdə teatrda tamaşa hazırlamaq fikiriniz var?
- Tamaşa hazırlaya bilərəm. Amma nəyimə lazımdır? Oynadığımı oynamışam, hazırlamaq istədiyimə də səhnə həyatı vermişəm. Bundan sonra dincəlmək istəyirəm. Xalq Teatrında da işləyirəm, ildə iki əsər hazırlasam, yetərlidir.
- Xalq artisti Yasin Qarayev bir müddət öncə sosial şəbəkədə sizin, Ağaxan Salmanlının və özünün Gənc Tamaşaçılar teatrından çıxarıldığınız haqqında məlumat vermişdi…
- Düzdür, bu barədə Yasin Qarayev yazıb. Amma mənim yubileyim keçiriləcəyi halda məni teatrdan necə çıxara bilərlər? Onların heç birini teatrdan çıxarmayıblar. Amma bizə məlumat verdilər ki, direktor işdən çıxmaq üçün ərizə yazmağımızı istəyib. Biz isə əksinə, ərizə yazmadıq. Əgər kimsə ərizə yazmırsa, onu kim işdən çıxara bilər? Adını nə qoyub çıxaracaqlar? Yasin Qarayev də, Ağaxan Salmanlı da iş başındadırlar.
- Deyirlər, aktyorun səhnədən ayrılması onun ölümü deməkdir. Necə düşünürsünüz?
- Aktyoru səhnədən ayırmaq doğru qərar deyil. Bizim görkəmli teatrşünas İlham Rəhimli böyük bir məqalə ilə çıxış edib. Məqalədə qeyd edib ki, bu qərar aktyorları ölümə apara bilər. Necə olur, Rusiyada və başqa ölkələrdə aktyorlar 100 yaşında belə səhnəyə çıxırlar, amma Azərbaycanda aktyoru səhnədən atırlar? Bir var, səhhəti imkan verməsin, beli bükülsün, qıçı tutulsun və s. Bir də var, işgüzar fəaliyyəti yerində olduğu zamanda onu bayıra atasan…
Üçümüz də işgüzar görkəmdəyik. Bəs yaxşı, bizi çıxardılar, o zaman teatrda yaşlı rollarını kim oynayacaq? Cavan adam gəlib yaşlı obrazı oynayacaq? Bu, necə alınar? Həmin qərar əslində aktyorlara aid deyil. Təcrübəli adamları niyə çıxarsınlar ki… Təzə gələn direktor teatrın 16 əməkdaşına deyib ki, gəlin ərizə yazın, teatrdan çıxın. Onlar da həmin anda ərizə yazıb, işdən getdilər. Zəng edib teatrın direktorundan soruşsanız ki, niyə onları işdən çıxardınız, deyəcək ki, özləri ərizə yazıb işdən çıxıblar. Biz ərizə yazmadıq, amma həmin 16 nəfəri teatrdan çıxardılar.
- Sizcə, bu məsələnin arxasında nə dayanır? Gənclərin teatra cəlb olunması, yoxsa...
- Teatrın ştat cədvəli var, ondan kənar çıxmaq olmaz. Təzə direktor təyin olunanda bir çoxlarına iş vəd edib. Bu üzdən də yer boşalmalıdır ki, həmin adamları işə götürsün.
- Teatrın yaradıcı işlərinə baş rejissor baxır. 16 nəfərə “ərizə yazmalısınız” deyiləndə, baş rejissor həmin aktyorları müdafiə etdimi?
- Aktyor və aktrisalar baş rejissora tabedirlər. Direktor texniki işçilərə nəzarət edir. Görünür, baş rejissor direktorla razıdır. Baş rejissor susub, otutur, heç kimi müdafiə etmir. Deməli, baş rejissor da yerində deyil. O, öz yerini qoruyur, birdən direktor onu da çıxardar. Bizim işdən çıxarılmağımızla bağlı məsələ ictimailəşəndə məni çağırdı ki, “Tariyel, sizi kimdir işdən çıxaran? Prezidentin Sərəncamı var, yubileyiniz keçiriləcək”. Beləcə, məni yumşaltdılar.
- Teatrdan çıxarılan 16 nəfərin arasında tanınmış aktyor və aktrisalardan kimlər vardı?
- Hamısı teatrın tanınan aktyorları idi. Heyif…