– Fərid, 18-23 sentyabrda Dünya Yazarlarının 55-ci Beynəlxalq Belqrad Görüşündə iştirak etdin. Səfərin necə keçdi, hansı təəssüratlarla qayıtdın?

 

– Birinci dəfə 2016-cı ildə Dünya Yazarlarının 53-cü Beynəlxalq Belqrad Görüşünə qatılmışam. Həmin tədbirə Azərbaycandan şair Səlim Babullaoğlu dəvət olunmuşdu. O, öz yerinə mənim namizədliyimi irəli sürmüşdü. Həmin il mənim festivalda iştirakım uğurlu oldu, sonrakı illərdə yenə dəvət etdilər. Bu festivala zamanında İvo Andriç, Çeslav Miloş, İosif Brodski və dünyaca məşhur digər şair-yazıçılar qatılıblar. Elə indi də müxtəlif ölkələrin seçkin qələm adamları bu festivala dəvət alırlar. Festivalda tanıdığım Kokis Kristos, Qjek Marinaj və s. tanınmış simalarla ünsiyyətim, dostluq əlaqələrim yaranıb. Bir sıra istedadlı şairlərin şeirlərini dilimizə çevirmişəm. Onların hər biri öz poetik düşüncəsinə görə poeziyada müstəsna yeri olan ədəbi simalardır.

 

– Bu festival şair kimi sənə nə qazandırdı?

 

– Bildiyiniz kimi, ötən il ABŞ-da kitabım çıxdı. O kitab həmin festivalda yaranan ünsiyyətin nəticəsində Amerikada “Mudros” nəşriyyatında işıq üzü gördü. Cavanşir Yusifli otuzdan çox şeirimi təmənnasız ingilis dilinə çevirdi və həmin kitab yayımlandı.

 

– Nəşriyyat öz hesabına çap elədi?

 

– Bəli, o kitabın tərcüməsi, redaktəsi və nəşri üçün bir qəpik də xərcləməmişəm, hamısını özləri etdilər.

 

– Dünya Yazarlarının Belqrad Görüşünün təşkilatçıları kimdir?

 

– Tədbiri Serbiyanın Yazıçılar Birliyi keçirir, əlbəttə ki, donor təşkilatlar da olmamış deyil.

 

– Bu il tanınmış şair-yazıçılar qatılmışdılar?

 

– Builki ədəbi görüşə ABŞ-dan Bet Berd, Qjek Marinaj, Mirjana Matariç, Albaniyadan Entela Kasi, Belarusdan Lyudmila Kloçka, Böyük Britaniyadan Çenet Saterlend, İsraildən Dorit Silverman, Çivi Nir, Xava Pinxas Koen, Kanadadan Ranko Radoviç, Makedoniyadan, Rade Silman, Xristo Petercki, Almaniyadan Lyudviq Jeqe, Serbiyadan, Rusiyadan Aleksandr Kojedub, Sergey Qlavyuk, Türkiyədən Mehsut Şənol, Rumuniyadan Lyçiyan Aleksiyu, Predaq Decnotoviç, Sloveniyadan Erik Ondeyilçka, Miroslav Demka, İtaliyadan Amoc Matio, Ukraynadan Yelena Byeviç, Dmitor Buraqo, Fransadan Anton Simon, Xorvatiyadan Yelene Sabliş Tomiç, Çexiyadan Lyadie Romanska və başqa ölkələrin 30-dan artıq ünlü yazıçı və şairləri təşrif buyurmuşdu.

 

Festival Qabriel Qarsiya Lorka, Bertolt Brext, Rasko Petroviç, Desanka Maksimoviç, Aleksa Şantiç, və Miloş Çrnanskinin yubileylərinə həsr edilmişdi.

 

– Festival çərçivəsində hansı tədbirlər keçirildi?

 

– Festivalın ilk günü rəsmi açılış olur, sonra şeir gecəsi təşkil edilir. Burda şairlər öz dillərində və bir də bildikləri başqa dildə şeirlərini oxuyurlar. Sonra da serb dilinə tərcümə olunmuş şeirləri qiraətçilər səsləndirirlər. Sonrakı günlərdə müxtəlif ədəbi məsələlərlə bağlı panellər, dəyirmi masalar keçirilir. Üçüncü gün isə şairlər qruplar halında bölünərək, Serbiyanın 14 şəhərinə göndərilirlər və o şəhərlərdə tədbirlər keçirilir. Mən bu il Novıy Sad və İnjia şəhərlərində oldum. İnjia şəhər kitabxanasında möhtəşəm bir şeir gecəsi keçirildi.

 

– Tədbirlər yorucu deyildi ki?

 

– Orda tədbirlər, şeir gecələri qısa olur, əlavə çıxışlara yer verilmir. Heç kəs uzunçuluq eləmir, məsələn, 8 şairin şeir gecəsi 1 saat davam elədi. Hələ o vaxt kəsiminə şairlərin təqdim olunması da daxil idi. Daha çox interaktiv, auditoriyayönümlü tədbirlərə üstünlük verirlər.

 

– Bir qələm adamı üçün bu tədbirlərdə iştirak etməyin faydası nədir?

 

– Bu festivallar yaradıcı insanın, şairin dünya görüşünün formalaşmasında mühüm rol oynayır, müasir şeir haqqında təsəvvürün dəyişməyə yardım edir. Yəni faydalı təcrübələr qazanırsan, ədəbi əlaqələrin genişlənir, çoxlu yaradıcı insan tanıyırsan. Bu da ölkələrarası ədəbi əlaqələrin inkişafına kömək göstərir. Məsələn, keçən il İstanbul şeir festivalına getmişdik. Orda tanış olduğum bir şair bu il xəbərim olmadan başqa bir şeir festivalında iştirakıma namizədliyimi verib. Yəni bu cür tədbirlər yaradıcı insana yeni üfüqlər açır.

 

– Bu festivallardan Azərbaycan ədəbiyyatı necə görünür?

 

– Açığı deyim ki, MDB ölkələrinin yazarları bizim ədəbiyyatçılardan bir neçəsini çox yaxşı tanıyırlar və qiymətləndirirlər. Amma İngiltərə, ABŞ, Yunanıstan, Kanada və bu tipli ölkələrdən olan müəlliflərlə ünsiyyətdə görürəm ki, ədəbiyyatımızdan demək olar, xəbərsizdirlər. İnanıram ki, zamanla bu problem də aradan qalxacaq.

 

– Fərid, belə başa düşdüm ki, bu səfərlər, tədbirlər həm də sənə yaradıcı impuls verir. Çünki ötən həftə “Ədəbiyyat qəzeti”ndə Anarın təqdimatı ilə “Səmərqənd divanı” adlı poetik silsilən dərc olundu və mənə bu cür səfərlərin nəticəsi kimi göründü.

 

– Təxminən üç ay əvvəl Səmərqənddə oldum. Və bu şəhərə heyrət elədim. Heyrətimə səbəb dünyanın faniliyi ilə bağlı idi. O boyda səltənət indi sadəcə seyrinə çıxdığımız açıq hava altında muzeyə çevrilib! Eyni zamanda Səmərqəndin gözəlliyinin bir təhrikediciliyi də olub və mən onu duydum. Deyirlər, Səmərqənd bəzənməkdən doymayan qadın kimi olub və şəhər Əmir Teymuru “təhrik edirmiş” ki, onu daha da bəzəsin, çoxlu “qarət libasları” geyindirsin. Və indi həmin ehtişamın susqunluğu məni hədsiz təsirləndirdi. Orda tarixi abidələri görərkən könlümdə “Səmərqənd divanı” poetik silsiləsi doğuldu. Bu silsiləni tərcüməçi və şair Nicat Məmmədov rus dilinə, Tahir Qaxar adlı özbək şair və mütərcim isə özbək dilinə çevirib. Sağlıq olsun, Özbəkistanda üç dildə bir kitabda işıq üzü görəcək.

 

– “Səmərqənd divanı” poetik silsiləsini divan adlandırmağın da maraqlıdır?

 

– Həmin poetik silsiləni yazanda Şərq ovqatına köklənmişdim. Düşünürəm ki, yeni dövrün “divanı” həcmcə lakonik, üslub cəhətdən isə modern olmalıdır.

 

– “Səmərqənd divanı” necə qarşılandı, reaksiyalar oldumu?

 

– Qeyd etdiyiniz kimi, Xalq yazıçı Anarın məqaləsi poetik silsilə ilə bərabər dövrü mətbuatda dərc olundu.

Başqa reaksiyalar da oldu. Həqiqətpərəstliyinə inandığım, yaxşı sözün qədrini bilən bir neçə fikir adamından “Səmərqənd divanı” haqqında xoş sözlər eşitdim. Məni ən çox sevindirən bu alizövq ədəbiyyat adamlarının fikirləridir. Professor Cavanşir Yusifli isə bu poetik silsilə haqqında “Səmərqəndə yağan qar” adlı məqalə ilə mətbuatda çıxış elədi. Əsəri rus dilinə çevirən Nicat Məmmədov isə “Tərcüməçidən” adlı rus dilində bir məqalə qələmə alıb. Bu silsilə haqqında fikrini bildirən hər kəsə təşəkkür edirəm.

 

– Digər yaradıcı planların nədir?

 

– Yeni şeirlərim, esselərim var. Ancaq onları kitab şəklində çap eləmək fikrim hələ ki, yoxdur. Bir də şeirlərimin audio variantlarını hazırlamağı düşünürəm. Çünki yeni dövr artıq bunu tələb edir və bu, o qədər təhrikedici tələbdir ki, ondan qaçmaq çətindir.

 

– Fərid, Sovet dövründə yazıçı-şairlərin tez-tez ölkə xaricindəki tədbirlərdə iştirak etməsi kimi ənənə var idi. Müstəqillik illərində bu ənənə xeyli zəiflədi, demək olar ki, qırıldı. Ancaq son illərdə yenidən dirçəlməkdədir. Bu tədbirlərə, festivallara mütəmadi qatılan bir gənc yazar kimi tövsiyyən nədir?

 

– Festivallara qatılmağın müxtəlif yolları var: hər kəs uyğun əlaqələrdən və çeşidli yollardan istifadə edərək müxtəlif ədəbi festivallara qatıla bilər. Bəzi festivallar var ki, iştirakçıya bilet almırlar. Təbii ki, bu da yaradıcı insana problem yaradır, ancaq bütün xərcləri qarşılayan ədəbi festivallar da çoxdur. Mümkün qədər aktiv olmaq, əlaqələr qurmaq lazımdır. Ümumiyyətlə tənbəllik, “halva-halva” demək yaradıcı insanın xarakterinə pis təsir edir.

Bizim bir sıra ədəbiyyatçılar da belə bir pis adət var: oturub gözləyirlər ki, kimsə onların əsərlərini əcnəbi dillərə tərcümə edəcək, kitabını nəşrə hazırlayacaq, nəhayət bütün dünyaya yayacaq. Dünyada artıq belə ənənə yox hesabındadır, müəlliflər özləri əlaqə qurur, bir mərhələyə ucalırlar, daha sonra onlara təkliflər gəlməyə başlayır. Bu gün dünyada hədsiz dərəcədə tanınan ədəbi imzaların heç biri göydən zənbillə düşməyib. Onlar ya özləri ədəbi əlaqələr qurublar, yaxud da onlar üçün bu işləri həyata keçirən insanlar olub. Orxan Pamukun da döydüyü qapılar olub, Murakaminin də, boşdan heç nə yaranmır.

Ümumiyyətlə, indi bütün dünyada avara şairlərin dövrü keçib. Daha gününü kafelərdə keçirən, gecə-gündüz araq gillədən, əyyaşlığı həyat tərzinə çevirən, pinti-minti şair-yazıçıların dövrü deyil. Qələm adamlarını reallıqdan təcrid etmək üçün Sovet dövründə belə bir yanlış fikir formalaşdırılmışdı ki, yazar gününü kafelərdə keçirəcək, amma həm də bu və ya digər şəkildə mənsəb sahibi olacaq, pul qazanacaq. Xeyr, indi belə şeylər yoxdu. Sovet reallığından oyanmaq lazımdır. İndi dünyada şairlər əksərən praqmatik, son dərəcə savadlı və mədəni insanlardırlar. Onlar da içirlər, amma spirt onları haldan çıxarmır. “Xaça qədər” – normada içmək lazımdır. İçib xaçı itirmək, yaxud satmaq olmaz. Bəzi şairlərin özlərinə süni şəkildə tale düzəltmələri artıq keçmir, indi taleyi yaradıcılıq və zəhmət yaradır. Yəni zəhmət özünüifadə formasına çevrilməlidir. Təəssüf ki, bizim ədəbi mühitdə bəzən bəzi adamlar özlərini avaraçılıqla ifa edirlər: məsələn, gör, nə qəşəng “alkaşam”, gör, nə qəşəng hər şeyə biganəyəm, gör, nə günə düşmüşəm. Və bizdə bır qrup yaradıcı adamın timsalında bu dəyərlərin hələ də dəbdən düşməməsi olduqca pis haldır.