Qiymətləndirmənin elektronlaşması ilkin əlilliyin azalmasına imkan verib -MÜSAHİBƏ
Yenixeber.org: Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər fəaliyyət sahələrində olduğu kimi, əlilliyin qiymətləndirilməsi sistemində də mühüm islahat tədbirləri həyata keçirilməklə, bu sistemin elektron infrastruktur üzərində qurulması təmin olunub. Bu mövzu ilə əlaqədar "APA-Economics"in suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev cavablandırır:
- Hazırda əlilliyin qiymətləndirilməsi üçün elektron qaydada müraciət hansı formada həyata keçirilir?
- Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə Tibbi-Sosial Ekspertiza Komissiyaları (TSEK) haqqında əsasnaməyə dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən vətəndaşların onlara əlillik dərəcələrinin təyin edilməsi məqsədilə TSEK-lərə müvafiq sənədlərlə müraciət etmələri və TSEK-də müayinə olunmaqla əlilliyin qiymətləndirilməsi proseduru ləğv olunub.
Bu proses artıq elektron qaydada, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə yerinə yetirilir. Əlilliyin qiymətləndirilməsi üçün göndərişin (forma 88) rəsmiləşdirilməsi barədə məlumat Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sisteminə - TSERAS-a ötürülür.
- Bəs elektron sistem tərəfindən əlilliyin qiymətləndirilməsi necə həyata keçirilir və bu zaman şəffaflıq, obyektivlik necə təmin olunur?
- Göndəriş TSERAS-a daxil olan kimi həmin göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın) kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar TSERAS tərəfindən adsızlaşdırılaraq kodlaşdırılır və dərhal əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə hər hansı TSEK-ə göndərilir. Bu zaman da heç bir halda göndəriş onu vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK-ə göndərilə bilməz, çünki artıq sistemdə ölkədəki bütün Həkim Məsləhət Komissiyalarının dislokasiyası barədə məlumatlar var, eləcə də sistemin Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələri barədə məlumat bazasına çıxışı vardır. Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Göründüyü kimi, göndərişin kimə aid olduğu, hətta hansı rayon və şəhərin səhiyyə müəssisəsindən göndərildiyi bilinmədən, tam obyektiv və şəffaf şəkildə əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar qəbul edilir. TSEK-in üzvləri qəbul edilmiş qərarı elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edirlər.
- Qəbul edilmiş qərar barədə müvafiq vətəndaşların məlumatlandırılması da elektron qaydada həyata keçirilir?
- Bəli. Əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar barədə məlumat, habelə əgər əlillik təyin olunmasından imtina verilibsə, bu imtinanın səbəbi də vətəndaşın elektron ünvanına və ya telefonla mesaj vasitəsilə ona çatdırılır. Eyni zamanda, əlillik qrupu təyin olunduğu halda, vətəndaşa qanunvericilikdə nəzərdə tutulan qaydada sosial təminat növünün (əmək pensiyası və ya aylıq sosial müavinətin) təyin olunması üçün aidiyyəti quruma elektron qaydada məlumat göndərilir.
Eyni zamanda, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 "Çağrı mərkəzi"nə zəng edərək şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil etməklə də nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən əlilliklərinin qiymətləndirilməsinin nəticəsi barədə məlumat əldə edə bilərlər. Həmçinin "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi", "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" e-xidmətləri də bu sahədə vətəndaşların xidmətindədir.
- Bu islahat tədbiri gözlənilən nəticəni verirmi?
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər elektron sistemləri kimi, TSERAS da gözlənilən uğurlu nəticələri verir. Yəni əlilliyi qiymətləndirilməsi prosesi vətəndaşla ekspert arasında heç bir kontakt olmadan və şəffaf şəraitdə həyata keçirilir. Bu da idarəetmə və əhaliyə xidmət sahəsində müasir, şəffaf iş mexanizmini şərtləndirməklə ictimai məmnunluğa səbəb olub. Digər tərəfdən, diqqətinizə çatdırım ki, cari ilin birinci yarısında ilkin əlillik qrupu təyin olunanların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə böyük azalma özünü göstərib. Bu da əlilliyin qiymətləndirilməsinin elektron infrastruktur üzərində tam obyektiv və şəffaf şəraitdə həyata keçirilməsinin əlilliyin statistikasında da müsbət göstəricilərə səbəb olduğunu təsdiqləyir.
- Yeri gəlmişkən, bəzən bu və ya digər KİV-də əlilliyin təyinat müddəti ilə bağlı müxtəlif məlumatlara rast gəlinir. Hazırda konkret olaraq əlillik hansı müddətə təyin olunur?
- Çox vacib məqama toxundunuz. Əlilliyin təyinat müddəti ilə bağlı dəfələrlə məlumatlar verilməsinə baxmayaraq, həqiqətən də bəzən jurnalistlərin bu barədə məlumatsızlıqlarının şahidi oluruq.
Bildiyiniz kimi, əvvəllər əlilliyi olan şəxslər hər il təkrar əlillik almaq üçün aidiyyəti üzrə müraciət etməli olurdular və bu da onlarda haqlı narazılığa səbəb olurdu. 2016-cı ilin əvvəlindən bu praktikaya son qoyulub. Belə ki, 2016-cı ilin əvvəlindən etibarən birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi müddətsiz, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə, uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə 3 il müddətinə müəyyən edilir.
Ona görə də, əlilliyi olan şəxslərin onlara əlillik qrupu verildikdən sonra hər il təkrar əlilliklərinin qiymətləndirilməsi üçün müraciət etmələrinə ehtiyac yoxdur.