“Bu adamların günahı odur ki, mənim qohumlarımdırlar”
“Bu gün əmək qabiliyyətli kişi cinsindən olan demək olar ki, bütün yaxın qohumlarım həbs təhlükəsi qarşısındadır”
Xeberinfo.com: Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin Sabirabad rayonunda 7 yaxın qohumunun həbs edilməsi gözlənilir. Pənah Hüseynin sözlərinə görə, parlament seçkilərindən bir müddət öncə qohumları - qardaşı Adil Hüseynov, qardaşı oğlu Vasif Hüseynov, əmisi oğlanları Mənsur, Qaşqay, İxtiyar, Xalid və Sərxoş Hüseynovların barəsində xuliqanlıq maddəsi ilə açılmış cinayət işi ilə bağlı gözlənilməz gəlişmə baş verib: “Onların cəlb olunduğu 221.2 və 222.3 xuliqanlıq maddələri ilə cəlb olunduğu məhkəmə gedişatında şahidləri dinləmədən, heç bir vəsatəti təmin etmədən, hətta ittiham tərəfinin sübutları olmadan məhkəmə prosesi təyin edilib. Noyabrın 30-na məhkəmə prosesi təyin edilib və ittihamçının cəza istəyəcəyi çıxışı gözlənilir. Birdən-birə belə bir dramatik vəziyyətin seçkidən xeyli sonra yaradılması bizim üçün də gözlənilməzdir. Rayona yeni gəlmişəm, araşdırma aparıram. Vəziyyəti ətraflı öyrənib, geniş məlumat verəcəyəm”.
P.Hüseyn bu məsələ ilə bağlı “Yeni Musavat”ın suallarını cavablandırıb:
-Pənah bəy, mətbuatda sizin qardaşınız və digər yaxın qohumlarınızın həbs ediləcəyi barədə informasiyalar yayılıb. Nə baş verir?
- Əvvəldə onu deyim ki, həbs təhlükəsi mənim əmək qabiliyyətli kişi cinsindən olan demək olar ki, bütün yaxın qohumlarımı əhatə edir. 50 yaşında yeganə qardaşımı, yaşları 40-50 olan beş əmioğlumu, qardaşım oğlunu həbs etmək istəyirlər. Hətta mənə məlum oldu ki, digər 3 qohumumu da bu işə qatmaq istəyiblər.
- Məsələnin mahiyyəti nədən ibarətdir? 1 noyabrda, seçki günü, 63-cü dairədə siz və qohumlarınızın qanun pozuntularına yol verdiyiniz, zorakılıqlar etdiyiniz haqqında yerli orqanlara və seçki komissiyalarına istinadən məlumatlar getmişdi. Həmin məsələdirmi?
- Onları yəqin hələ ehtiyata saxlayıblar. Bu məsələ formal məzmununa görə bir qədər əvvələ aiddir. Hazırda qohumlarımı guya 2014-cü ilin avqustun 8-də baş verən hadisə ilə ittiham edirlər. Lakin mahiyyətcə 1 noyabrda bizi bulaşdırmaq istədikləri ilə, eyni məsələlər olduğu, eyni məqsədlə edildiyini də inkar etmək mümkün deyil. Mən bu işin təhqiqatdan kənar tərəfləri ilə də, iş materialları ilə də ətrafı tanışam, məhkəmə iclaslarında olmuşam. Tam əminliklə deyirəm ki, burda mənim qohumlarıma qarşı irəli sürülən ittihamla əlaqəli olan heç nə yoxdur. Rəsmi ittiham tamamilə subyektiv mülahizə, saxtalaşdırma və təhrif üzərində qurulub, qurama və sifariş xarakteri daşıyır. Burda olsa-olsa, mənim qohumlarıma, onların da bəzilərinə münasibətdə inzibati xəta ilə bağlı nəsə irəli sürülə bilər. Vəssalam! Bunu təqibçilər də bilir. Əgər bu şəxslər qatı xuliqanlıq hərəkəti etmişdilərsə, niyə il yarımdır ki, həbs olunmurdular? İndi dəyişən nədir?
- Mümkünsə, konkretləşdirək. Qohumlarınızı hansı ittihamlarla həbs etmək istəyirlər?
- Bildirilir ki, 2014-cü ilin 8 avqustunda kənddən kənar bir yerdə mənim qohumlarımla digər həmkəndliləri arasında məişət zəminində, daha dəqiqi şor su kanalının qazılması ilə bağlı qarşılıqlı mübahisə olub və bu zaman yenə guya qarşı tərəfdən 5 nəfər xəsarət alıb. Əslində isə heç bir səbəbsiz döyülən mənim qardaşım olub. Yeri gəlmişkən, bu fakt təhqiqatda da rəsmən təsdiqlənib və yazılıb. Aydınlaşdırdım ki, həmin qarşılıqlı mübahisə zamanı ölən-itən, qalıcı xəsarəti olan, şikəst olan heç bir şəxs olmayıb. Soruşanda da ki, göstərin o vaxt nə xəsarətlər olub, deyirlər sağalıb izi itib, ancaq ekspert rəyləri qalıb. O vaxt bununla əlaqədar şikayət edilib və 127-ci maddə, yəni döymə maddəsi ilə iş açıblar. Hamı hesab edib ki, rayonda hər həftə baş verən bu tipli digər hadisələr kimi, bunu da təhqiq edib barışıq, ya başqa yolla xitam edəcəklər. Lakin 5 ay sonra 2015- ci ilin yanvarın 24-də, o vaxta qədər 127-ci maddə ilə qaldırılmış iş mənim yaxın qohumlarıma xuliqanlıq maddəsi ilə ittiham verilməsi üçün 221.2.və 221.3. maddələri ilə əvəz olunub və dərhal da məhkəməyə verilib. 2015-ci ilin martından başlanan məhkəmə də noyabra qədər uzadılıb və noyabrın 23-də ildırım surəti ilə vəkillərin dediyinə görə, heç tələb olunan məhkəmə istintaq hərəkətlərinin yarısı aparılmadan prosesin yekunlaşdığı və noyabrın 30-da hökm oxunacağı elan edilib.
- Siz və vəkillər məhkəmədəki bu qəfil dönüşü necə izah edirsiniz? Bu, sizin seçki ilə bağlı fəaliyyətiniz, şikayətləriniz, son dövrdə bəyan elədiyiniz siyasi planlarınızla bağlı ola bilərmi?
- Doğrusu, mən bu barədə qəti hökm verməkdən çəkinməyə çalışıram. Ancaq məsələnin hazırda həqiqətən hüquqla izah edilə bilməyən əcaib cəhətləri var. İşi fevraldan aparan hakim Firdovsi Zülfü oğlu bu ilin oktyabrın 26- da prezidentin sərəncamı ilə Lerik rayonuna hakim təyin edilib. Yəni hazırda qanunvericilikdə nəzərdə tutulmuş qaydada burdakı məhkəmə işləri onun yurusdiksiyasına daxil olmadığına görə bu işi aparmaq üçün səlahiyyətli şəxs deyil. Odur ki, iş başqa bir hakimə, konkret, Sabirabad Rayon Məhkəməsinin hakimi Abbaslı Təyyar Bəhrəm oğluna həvalə edilib. Bu hakim də noyabrın 3-də məhkəmə iclası keçirib, tapşırıqlar verib və elə həmin iclasda öz imzası ilə təqsirləndirilən şəxslərə bildirişlər təqdim edilib ki, növbəti məhkəmə iclasına gəlin. Həmin yeddi bildiriş də müdafiə tərəfinin əlindədir. Ancaq növbəti iclasa gələndə, yəni noyabrın 23-də məlum olub ki, hakim kürsüsündə bu dəfə işin həvalə olunduğu və artıq bir iclas keçirmiş hakim Təyyar Abbaslı yox, yenə Firdovsi Zülfü oğlu əyləşib. Vəkillər və təqsirləndirilən şəxslər konkret əsaslar göstərməklə, daha dəqiqi, Cinayət Məcəlləsinin 109.1. və 109.2. habelə bununla bağlı CPM-in 26, 67, 76 və s. maddələrinə istinadla, hakimlərə etirazın əsasları barədə Ali Məhkəmə Plenumunun Qərarı, yenə bu məsələyə dair Konstitusiya Məhkəməsinin 31 may, 2012-ci il tarixli qərarı, Azərbaycan Hüquq doktrinasına və sair mənbələrə istinadən hakimə yazılı etiraz verib. Lakin hakim konkret əsaslar göstərilibsə, etiraza baxılmasını məcburi edən qanun normasına məhəl belə qoymayaraq, etirazı baxılmamış saxlamalıydı və cəmi bir saat ərzində ittiham tərəfinin mənim qohumlarıma aid olan epizod üzrə 8 şahidindən 6-sının məhkəməyə gəlməsinə ehtiyac olmadığını bildirib və onların ibtidai istintaqdakı ifadələrini elan edib, müdafiə tərəfinin hələ hazırlıq mərhələsindən yazılı təqdim etdiyi 4 vəsatətin ( müdafiə tərəfinin şahidlərinin dindirilməsi, ekspertin dindirilməsi, müstəntiqləri dindirilməsi, hadisə yerinə baxış keçirilməsi) 4-nü də rədd edib, məhkəmə istintaqı mərhələsini yekunlaşdırıb. Noyabrın 30-da çıxışlar hazır olmağı və hökm oxunacağını elan edib. Mən həmin iclasda iştirak etdiyimə görə vəkillərdən bu gördüklərimizin nə anlama gədiyini soruşduqda onlar dedilər ki, hakim əslində bu hərəkətləri ilə çıxaracağı qərarın qanunsuz olması üçün mümkün olan hər şeyi edib. Ancaq məni onun çıxaracağı qərarın hüquqi keyfiyyəti yox, qohumlarımın taleyi narahat etdiyindən əlbəttə ki, vəkillərin cavabı məni qane etmir.
-Pənah bəy, məhkəmələrdə baş verən qanunsuzluqlar haqda çox deyilib. Lakin Lerik rayon hakimi Sabirabad Rayon Məhkəməsi adından necə qərar çıxaracaq?
- Hakim bu məsələ barədə bir izahat vermədi ki, hansısa fikir yürüdə bilək. İzahat vermədiklərinə görə məhkəmənin əvəzinə nəsə demək çətindir. Lakin çox güman ki, onlar “Məhkəmələr və hakimlər haqqında” qanunun 96-cı maddəsinin 4-cü bəndini əsas göstərəcəklər. Həmin maddəyə görə hakimin təyin olunduğu sərəncamdakı səlahiyyət müddəti başa çatırsa da, bu səlahiyyət qurtardığı andakı iş yekunlaşana qədər qüvvəsini saxlayır. Lakin qanun bunu həmin hakim başqa bir məhkəməyə yeni təyinat almırsa, mümkün sayır. Əks təqdirdə məhkəmə aidiyyəti pozulmuş olur. Bu barədə hakimə etirazda ətraflı şərh olunurdu. Müəmmalı olan başqa məsələdir. Axı bu iş başqa bir hakimə-Təyyar Abbaslıya həvalə olunmuşdu. Həmin hakim iclas da keçirib. Bu necə olsun? Yəqin elə sənədləşdirəcəklər ki, ümumiyyətlə belə şey olmayıb, nə belə hakim olub, nə də hakim Təyyar Abbaslının keçirdiyi məhkəmə iclası. Elə bir dövrdə yaşayırıq ki, nə desən olar! Bəs, həmin hakimin həmin iclasda imzaladığı, iştirakçılara verilmiş, surətləri etiraza əlavə edilən və əsli bizdə olan rəsmi bildirişlər nə olacaq?! Eləcə də müdafiə tərəfinin şahidləri barədə vəsatət rədd edərkən məhkəmə nə düşünür? Təsəvvür edin ki, məhkəmə araşdırması zamanı aşkara çıxdı ki, dindirmələri bir müstəntiq aparıb, protokolda imza başqasınındır! Tələb olunur ki, bu məsələni həll etmək üçün müstəntiqlər məhkəməyə çağırılsın. Hakim deyir ki, buna nə ehtiyac var? Yaxud ittiham tərəfinin mənim qohumlarıma ittiham verilməsi epizoduna dair şahidlərindən cəmi ikisini dəvət edib dindirəndən sonra görəndə ki, ittiham sənədləri ifşa olunur, digər 6-sının çağırılmasından imtina etməyə nə ad qoymaq olar? Qohumlarım deyir ki, hara, kimin üstünə gedirik, eşidib biləndə ki, sənin qohumlarınıq, yaxın duran tapılmır, haqqımızı təsdiqləməyə kömək göstərməyə söz verənlər də indi bizdən qaçır ki, xatanızı uzaq edin, bu iş ən yuxarıdakılara məlumdur, bizlik bir məsələ yoxdur. İndi hərəsinin bir külfət ailəsi, uşaqları olan, çoxunun yaşları 50-ni haqlamış bu insanların, ailələrinin nə günahı var ki, Pənah Hüseyn onların qohumudur?
-Pənah bəy istər-istəməz belə bir sual yaranır: bu qədər müddətdə davam edən bu işi indi niyə ictimailəşdirirsiniz?
- Bilirsiniz, mən yalançı hay-küyü heç sevmirəm. Həm də ümid qalırdı ki, məsələ təhqiqatda, sonra da məhkəmədə həllini tapacaq. İctimailəşdirmənin müsbət tərəfi ilə yanaşı mənfi tərəfləri də çoxdur. Amma proseslərin gedişi qəti göstərdi ki, məsələ nə isə başqa cürdür.
-Nə etməyi planlaşdırırsınız?
- Məni tanıyanlar bilir ki, belə üsullarla mənə təzyiq göstərmək mümkün deyil. Yaxın qohumlarımı incitməklə, həbs etməklə mən nə siyasi fəaliyyətimdən, nə də planlarımdan əl çəkən deyiləm. Açığı, indiki konyukturda elə bir siyasi mövqe sərgiləmirəm ki, kimisə xüsusi qıcıqlandırsın. Odur ki, güman etməyə üstünlük verirəm ki, bu, xeyli dərəcədə məhəlli təşəbbüslərdir. Hərçənd ki, məhəlli deyəndə yalnız kəndi, yaxud Sabirabadı nəzərdə tutmuram. Bəzi tam yoxlanılmamış, ancaq qeyri-ciddi görünməyən informasiyalar var. Hüquq müstəvisində nə mümkündürsə edirik və etməkdə davam edəcəyik. Siyasi imkanlar məhduddur, ancaq tam yox da deyil. Baxaq görək nə olur.