Sülhəddin Əkbər: “Düşünürəm ki, “sülhməramlıların” hələlik qalması maraqlarımıza uyğundur, qondarma qurumun ləğvi isə tezləşdirilməlidir”
Yenixeber.org: Azərbaycan Ordusunun Qarabağın dağlıq hissəsində sentyabrın 19-da başlatdığı, bir gün davam edən lokal antiterror tədbirləri nəticəsini verdi. Belə ki, qondarma rejim təslim olduğunu bəyan etdi, atəşkəs sənədi imzalandı. Hazırda Ermənistan silahlı qüvvələrinin və “müdafiə ordusu”nun tərksilah edilməsi prosesi həyata keçirilir. Eyni zamanda, Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyasının həyata keçirilməsi istiqamətində addımlar atılır. Bununla bağlı erməni nümayəndələrlə Azərbaycan rəsmiləri arasında Yevlaxda və Xocalıda görüşlər baş tutub.
Lakin ictimaiyyət nümayəndələrinin tez-tez səsləndirdiyi iki sual var: Qarabağın tamamına Azərbaycan nəzarəti tam bərpa etdisə, bölgədə yerləşən Rusiya sülhməramlı kontingentinin bundan sonrakı taleyi necə olacaq, atəşkəs sənədində qondarma rejimin ləğvi, özünü buraxması ilə bağlı niyə qeyd yoxdur? Ümumiyyətlə, qondarma rejim niyə hələ də ləğv edilməyib.
İctimaiyyətdən gələn bu sualları ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq nazir müavini, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərə ünvanladıq. S.Əkbər bildirib ki, lokal antiterror tədbirlərindən sonra aydın olmayan üç məsələ var:
- Birincisi, biz gözləməliyik ki, razılaşma tam yerinə yetiriləcək, yoxsa yox? Mən bir qədər ehtiyatlılığın tərəfdarıyam. Bizim Ermənistanın, ermənilərin razılaşmaları yerinə yetirməməsi ilə bağlı acı təcrübəmiz var. BMT Təhlükəsizlik Şurası kimi mötəbər qurumun qəbul etdiyi 4 qətnamə 30 il yerinə yetirilmədi. İkinci Qarabağ müharibəsini yarımçıq bitirən Üçtərəfli Birgə Bəyanatın da üç ildir ki, bir çox maddələrini Ermənistan yerinə yetirmədi. Hansı ki, bu sənəd yüksək səviyyəli şəxslər tərəfindən imzalanmışdı. Ona görə də, daha aşağı səviyyəli ermənilərin verdikləri sözə tam etibar etmək olmaz. Gözləyək görək, əldə olunan razılaşmalar tam yerinə yetiriləcəkmi, Ermənistan silahlıları və qondarma rejimin “müdafiə ordusu” silahları tam təhvil verib ərazidən çıxacaqmı.
İkincisi, indi Qarabağdakı xunta rejiminin taleyi barədə heç nə deyilmir. Bu günədək rəsmi açıqlama yoxdur ki, “Arsax” dedikləri qondarma qurum və onun “strukturunun” taleyi necə olacaq, ləğv olunacaq, yoxsa olunmayacaq?! Bu məsələ də açıq qalıb.
Üçüncü məsələ və mən deyərdim ən ciddi məsələ bölgədəki Rusiya “sülhməramlıları” ilə bağlıdır. Məntiqi sual ortaya çıxır ki, erməni silahlıları Qarabağdan çıxarılırsa, oradakı əhali də kütləvi şəkildə ərazini tərk edirsə, o zaman “sülhməramlılara” nə ehtiyac qalır? Rus hərbçilərinin Qarabağda 30 postu var idi. İndi bütün əraziyə nəzarət Azərbaycana keçirsə, 30 post indi harada qurulacaq, nə üçün qurulacaq?! Bu mənada, hesab edirəm ki, “sülhməramlıların” bundan sonrakı statusuna baxılmalı olacaq. Çünki Qarabağdakı vəziyyət köklü şəkildə dəyişib. Ona görə də razılaşmaya yenidən baxmaq zərurəti ortaya çıxır. Rus hərbçilərin statusu məsələsi Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur - əsas sual budur. Düşünürəm ki, xarici faktorları, Qarabağdakı indiki durumu nəzərə alsaq, “sülhməramlıların” bir müddət orada qalması vacibdir.
- Buna nə ehtiyac var ki?
- Çünki indi Qarabağın erməni sakinləri ərazini sürətlə və kütləvi tərk edirlər. Birincisi, Azərbaycana qarşı “etnik təmizləmə” ittihamlarının qarşısını almaq üçün ruslara hələ ki, ehtiyac var. Rusiya Müdafiə Nazirliyinin və Rusiyanın Qarabağdakı hərbi kontingentinin açıqlamalarına baxmaq lazımdır. Son günlər çox obyektiv məlumatlar verirlər. Bu açıqlamalar bizim üçün çox vacibdir. Rusiya dünyada necə qəbul olunub-olunmamasından asılı olmayaraq, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Orada Rusiyanın razılığı olmadan Azərbaycan əleyhinə heç bir sənəd qəbul oluna bilməz. Burada bizim maraqlarımız Rusiya ilə üst-üstə düşür. İndi bizə qarşı olan güclər, başda da Ermənistan olmaqla, çalışırlar ki, Qarabağa beynəlxalq müşahidə missiyası gəlsin. Amma Rusiya hərbçiləri Qarabağda olduğu müddətdə buna imkan verməyəcək. Rusiya beynəlxalq missiyanın gəlişinə BMT Təhlükəsizlik Şurasında qarşı çıxacaq. Bizim üçün yox, öz maraqları naminə buna qarşı çıxacaq. Bu isə o deməkdir ki, bu məsələdə Rusiya ilə taktiki maraqlarımız üst-üstə düşür. Amma biz Rusiya hərbi kontingentini bölgədən çıxaracağımız halda Rusiya çox böyük həvəslə beynəlxalq missiyanın gəlişində maraqlı olacaq. O halda isə Azərbaycanın iradəsindən kənar BMT Təhlükəsizlik Şurasında əleyhimizə qətnamələr qəbul oluna bilər. Bizim Ermənistan kimi havadarlarımız yoxdur ki, qətnamələri icra etməyək. Rusiya da bu qərarlarda iştirak edərsə, qətnamələrin icrasına məcbur olarıq.
Ona görə də, düşünürəm ki, “sülhməramlıların” hələlik qalması maraqlarımıza uyğundur. Onsuz da Rusiya hərbi kontingentinin Qarabağda qalma müddəti bəllidir. Artıq Azərbaycan ərazilərinə tam nəzarət edir, o cümlədən də “sülhməramlılar” nəzarətdədir, müddət bitənədək qalsınlar.
- Beynəlxalq müşahidəçilərin bölgəyə gəlməsi Azərbaycan üçün hansı səbəbdən problemdir?
- İlk növbədə ona görə maraqlarımıza uyğun deyil ki, hazırda ermənidən çox erməni olan xarici oyunçular var. Onlar üçün hələ də “öz müqəddəratını təyinetmə”, “Qarabağın statusu” kimi məsələlər hələ də gündəmdədir. Həm Vaşinqton, həm də Brüssel bu gün də istəyirlər ki, sülh sazişində bəndlərdən biri də “Dağlıq Qarabağın statusu” ilə bağlı olsun. Ona görə də beynəlxalq müşahidəçilərin Qarabağda iştirakı rusların onlarla bir araya gəlməsinə səbəb olacaq. Bundan sonra Azərbaycan BMT Təhlükəsizlik Şurasında qlobal güclərin hamısı ilə eyni vaxtda üz-üzə qalmış olacağıq. Qarabağın “statusu” məsələsində onların istəkləri üst-üstə düşəcək. Burada Çin və Britaniya özünü necə aparacaq, deyə bilmərəm, amma keçmiş Minsk Qrupunun həmsədr ölkələri bu məsələdə həmrəy olacaqlar.
Bununla yanaşı, yenə deyirəm, ən təhlükəli məsələdən biri də qondarma qrumun qalması məsələsidir. Azərbaycan çalışmalıdır ki, mümkün olan ən qısa zamanda qondarma qurum buraxılsın. Çünki burada iki təhlükəli məqam var.
- O məqamlar hansılardır?
- Birincisi, qondarma qurum Fransa tərəfindən “tanına” bilər. Bu gün xunta rejimi zaman qazanmağa çalışır, Azərbaycandan xahiş edirlər ki, guya daxili vəziyyət çətindir, panika var. Guya bu xaosu aradan qaldırmaq üçün qondarma quruma ehtiyac var, məsələ həll olunanda özlərini buraxacaqlar və s. Amma onların nə qədər hiyləgər olduqlarını bilirik. Təsəvvür etmək çətin deyil ki, qondarma rejim Fransa kimi ölkə tərəfindən “tanınsa” bu, Azərbaycana necə böyük çətinliklərin yaranması deməkdir.
İkinci məqam isə odur ki, zaman qazanan separatçılar bir yolla xaricə gedə, orada “mühacir hökuməti” qura bilərlər. Bundan sonra “mühacir hökumətin tanınması” baş verə bilər ki, bu, Azərbaycana başağrısıdır. Ona görə də qondarma rejimin tez zamanda ləğvi vacibdir.
- Sizcə, atəşkəslə bağlı sənəddə qondarma qurumun ləğvi barədə niyə bənd olmadı və Azərbaycan bu məsələdə niyə tələsmir?
- Mən dəqiq bilmirəm ki, niyə xuntanın buraxılması o sənəddə əksini tapmadı, sadəcə ehtimalımı deyə bilərəm. Ehtimalımdan biri burdur ki, ola bilsin, hansısa gizli, centlmen razılaşma olub. Azərbaycan ola bilsin, belə hesab edib ki, onlarla dil tapsaq, onların merkantil maraqlarını ödəsək, təhlükəsizliklərinə təminat versək, öz sifətlərini qorumalarına şərait yaratsaq özləri qondarma rejimi buraxacaqlar. Yəni bir növ onlar yığışsınlar, real vəziyyəti Qarabağda qalanlara izah etsinlər və özlərini buraxsınlar. Amma məncə, qondarma qurumun ləğvi atəşkəs sənədində əksini tapmalı idi. Çünki bunun təhlükələri var. Həm də ağırlaşmalarla müşahidə oluna biləcək bir problemdir. Qondarma qurumun özünü buraxmasına mümkün qədər tez nail olmalıyıq.(AYNA)