Polkovnik TV-ləri tənqid etdi
"Ordumuzun güclənməsinə və hərbi büdcəmizin əhəmiyyətli dərəcədə artırılmasına baxmayaraq, hələ də ölkədə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində yetərli uğurlardan danışmağa haqqımız çatmır".
"Xeberinfo.com": Məlumata görə, bunu Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Rüfət Əmirov “Azərbaycan ordusu” qəzetindəki məqaləsində bildirib.
Onun sözlərinə görə, çox təəssüf ki, hazırkı mərhələdə mətbuatın və özəl telekanalların fəaliyyəti ölkənin müharibə şəraitində olması ilə bir araya sığmır: “Axı səhərdən axşama qədər ucuz şou proqramlarına önəm verən televiziya və media qurumları ordu və cəmiyyət əlaqələrinin möhkəmlənməsinə deyil, tamamilə başqa məqsədlərə xidmət edir. Məncə, hansısa müğənninin sifarişi ilə hazırlanan şouların tamaşaçısı olan gəncdən vətənpərvərlik gözləmək sadəlövhlük olardı. Həftənin yalnız bir günü, sərfəli olmayan vaxtda yarım saatlıq vətənpərvərlik verilişi hazırlamaqla tamaşaçıya Vətən sevgisini aşılamaq mümkünsüzdür”.
R.Əmirov qeyd edib ki, saysız-hesabsız qeyri-hökumət təşkilatlarının da vətənpərvərlik tərbiyəsinə biganə münasibəti təəssüf doğurur: “Yaxşı olmazmı ki, hansısa bir təşkilat vətənpərvərliklə bağlı maraqlı layihəsini ortalığa çıxartsın? Əsgərə münasibət, onun obrazının cəmiyyətə bir simvol kimi təlqin olunması düşmənə qalib gəlmək üçün bir siyasətdir. Eyni zamanda, düşmənin kimliyi, tarix boyu xalqımıza qarşı törətdiyi vəhşiliklər də təbliğ olunmalıdır. İraq müharibəsi ilə bağlı tədqiqat aparmış bir amerikalı ekspert belə qənaətə gəlib ki, qarşı tərəfi silah gücü ilə məğlub etıməkdənsə, onun əsgərlərinə qarşı psixoloji təxribatların hazırlanması daha əhəmiyyətli nəticə verib. Biz əsgərlərimizin mənəvi-psixoloji hazırlığına nail olmaqla düşmənə layiqincə cavab verməyə qadir olan mübariz döyüşçü nəslini formalaşdırırıq. Fikrimcə, bu sahədə uğurlarımızı artırmaq üçün cəmiyyətdə gənc nəslin ordu həyatına psixoloji hazırlığına ciddi fikir verilməlidir. Məsələn, Türkiyədə hər bir gənci əsgərliyə yola salanda deyirlər ki, onu verdim Vətənə, qanını da halal etdim. Bu, mühüm psixoloji məqamdır və düşmənin də qorxduğu məhz elə budur”.
Nazirlik rəsmisinin fikrincə, müasir Azərbaycan reallığında hərbi vətənpərvərlik ideyalarının təbliği üçün kifayət qədər iş aparılmalıdır: “İstər məmur olsun, istərsə də sadə vətəndaş, hər kəs öz fəaliyyəti ilə az da olsa gənc nəslə vətənpərvərlik ideyalarının aşılanması üçün köməyini əsirgəməməli və bu sahədə əsl vətəndaş mövqeyindən çıxış etməlidir”.
Polkovnik hesab edir ki, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə lap erkən çağlardan başlanmalıdır və bu vacib məsələdə həm ailə, həm ümumtəhsil kollektivləri, həm də dövlət və ictimai təşkilatlar üzərilərinə düşən məsuliyyəti dərindən hiss etməlidir: “Sabah ordu sıralarında Vətənin müdafiəçisi olacaq gənc nəslin erkən çağlarında vətənpərvərlik tərbiyəsinin düzgün aparılması vacib məsələdir. Bu sahədə ailənin, məktəbin üzərinə nə qədər ciddi məsuliyyət düşürsə, bütövlükdə cəmiyyətimiz, bütün ictimai qurumlar, təbliğat orqanları və mətbuat da əlbir fəaliyyət göstərməlidir. Bir sözlə, hər kəs böyüməkdə olan nəslə Vətənə sədaqət və dövlətçiliyə hörmət hisslərinin aşılanması üçün əlindən gələni etməlidir. Gəlin bir anlığa fikirləşək ki, bu gün ordu sıralarına qəbul edilən gənc dünən kim olub və hansı mühitdə tərbiyə alıb? Şübhəsiz, hər bir gənc orduya hazırlıqlı gəlməlidir, ən azından, yetərli vətənpərvərlik tərbiyəsinə malik olmalıdır. Bu məqsədlə həm orta məktəblərdə, həm də ali təhsil ocaqlarında məqsədyönlü iş aparılmalıdır. Orduda isə əsas vəzifə həmin gəncə döyüş vərdişlərini, hərbi bilikləri aşılamaq və onu Vətənin etibarlı müdafiəçisi kimi formalaşdırmaqdır”.