Vətənləşən səfərlərim
Vətənləşən səfərlərim
"Xeberinfo.com": Bəşər həyatını davamlı izləsək, görərik ki, insanlar çoxluq etibarilə öz yaşamlarında bir-birindən səthi məsələlərdə fərqlənirlər. Yalnız ayrı-ayrı insanlar səthilikdən çıxır, bənzərsiz ömür yaşamaq səviyyəsinə yetirlər. Bu da onunla bağlıdır ki, ali keyfiyyətlər daşıdığını anlayanda insan öz ömrünü məhz adilikdə məhdudlaşdırmaq istəmir. Bu insani ehtiyacdır. Bunun ödənməsi üçün gərək ideya, yol və məqsəd olsun. Soylu Atalı deyir ki: “Mədəniyyət – fərd üçün ictimai zəmindir. Bu zəmin üzərində insanlar özlərini ifadə edir və xalqın mədəni varlığına xidmət göstərir. Sənət, poeziya, musiqi, ictimai, siyasi xadimlik fərqli yaşayanları bir araya gətirir və bu səviyyəni ümumi mühitə çevirir.” Bəli, bax, mühit o vaxt xəlqi olur ki, yaradıcı insanlar aktiv və mükəmməl səviyyədə fəaliyyət göstərirlər. Asif Atanın və Onun Ocağının da məqsədi belə insanlara ölçü vermək, yön vermək məqsədi daşıyır. Bütövlükdə isə Ocaq insan həyatının dəyişməsinə yönəlik ideya və prinsiplərlə çıxış edir. Mən və Amaldaşlarım bu tələblərlə səfərlər edir, xalqımızın içinə gedirik.
Son vaxtlar ayrı-ayrı bölgələrə səfərlər etdim, Azərbaycanın mahiyyətini, Asif Atanın məqsədini, ideyalarını çatdırmağa çalışdım. Ayrı-ayrı fərəhli uğurlarım oldu – söz dedim, ünsiyyət yaratdım; Atanı, Ocağı getdiyim yerlərdə müəyyən mənada tanıtdım. Bu gedişlər həvəsimdə səfər ehtiyacını artırır, çoxaldır. Bu günlərdə elə bu həvəslə də Saatlı-İmişli bölgəsinə səfər elədim. Müxtəlif ünvanlarda oldum. İlk getdiyim ünvan mədəniyyət evi oldu. Əslində bu ünvanlar daim qaynar, məzmunlu olmalı və milli əhvallarla insanlara ümid gətirməlidir. Ancaq hər dəfə bölgələrə gedəndə eyni mənzərənin şahidi oluram, – sakitlik, kimsəsizlik, iki-üç nəfərdən ibarət heyət. Mədəniyyət evinin müdiri Bəylər bəy Asif Atadan xəbərsiz idi. Ocaq ideyaları ilə tanış olduqca sevgisini və heyrətini bildirdi. Eləcə də diyarşünaslıq muzeyinin direktoru Sürəyya xanım da Asif Ata haqqında bilgisiz idi, onlarla söhbətlər edib ədəbiyyatlarımızdan verdim, maraqlandıqları sualları cavablandırdım. Söhbətim uğurlu olsa da məni qane etmədi. İnsanları ümidsiz, fəaliyyətsiz, inamsız görmək içimi rahatsız edir. Mən istəyirəm ki, bu mədəniyyət ocaqları insanları dövlətin planı əsasında bir araya gətirməsin, yalnız “gül bayramı”nda, “qurtuluş günü”ndə bir yerə toplaşmasınlar. Onları bir araya inam gətirsin, vətənsevərlik toplasın və insanlar arasında ülvi bir bağlılıq, həyanlıq olsun.
Saatlı və İmişli rayonlarında, yuxarıda vurğuladığım kimi, bir sıra ünvanlarda oldum və ədəbiyyatlar verdim. Amma kütləvi görüş keçirmək üçün yenə də məni icra hakimiyyətinə yönləndirdilər. Təəssüf ki, mən soydaşlarıma söz demək, dərdimi bölüşmək üçün “aparat”da qapılar döyməli oluram...
Bu qapıların nə vaxt açılacağını bilmirəm, amma hər ünvana mən ümidlə gedirəm. Nə qədər çətinliklərlə qarşılaşsam da, İnsanlığa inam hissim məni qanadlandırır.
Paytaxta qayıdanda siyasi müxalifət düşərgəsindəki tanışlarımdan AXC-nin 25 illik yubileyinə dəvət aldım. Oraya getməkdə məqsədim yeni insanlarla tanış olmaq, bu ünvanda olan insanların halını müşahidə etmək idi. İnsanları bir yerə təkcə sevgi deyil, həm də hiddət, qəzəb, sosial ədalətsizliyə qarşı nifrət, reyimə qarşı mübarizə olur. Milli hisslərlə yaşayan, öz dövlətini müstəqil görmək istəyən fərdlər belə yerlərdə özünü ifadə etməyə çalışır. Bu insanların hiddətini, qəzəbini, vətənə, millətə olan sevgisini ələ almaq, onu sağlam milli qüvvə kimi yönəltmək üçün ideya, quruculuq olmalıdır. Ancaq bu dediklərim olmadıqda deyilən sözlər “alqış” bitən yerdəcə bitir. Söz böyük hikmətdir. İnsan yaşadıqlarını, düşündüklərini sözlə ifadə edir. Bu söz əmələ çevrilməyəndə isə adiləşir, ucuzlaşır, şüarlaşır.
Soylu Atalı “Mübarizə idrak işidir”, “Azadlığımız haqqımızdır” və başqa yazılarında Qərbçiliyin, rusçuluğun, islamçılığın daim türkçülüyümüzə bir zərbə olduğunu, bizi məğlubiyyətə sürüklədiyini vurğulayıb... Əgər insanlarımız anlayıb qəbul eləsələr ki, hər bir xarici qüvvənin Azərbaycanda öz marağı var, hər kəs öz məqsədini həyata keçirmək üçün insanlarımızı öz yurdumuzda vasitəyə çevirirlər, onda əminliklə demək olar ki, bu cür hiddətlər səfərbər oluna bilər və Milli Qüvvənin yaranmasına gətirib çıxarar...
Ata Yolu xilas yoludur, ondan bəhrələnmək və xalq olmaq gərəkdir. Qrupların dağınıq mübarizəsi əvəzinə vahid, yetkin Milli Mübarizə olmalıdır!
Üstün Atalı
Atamız Var olsun!
Od Ayı, 36-cı il. Saray-Soylu.
(İyul, 2014.)