“Həmin gün şəhidlərimizin 40 mərasimi idi” -Mənsum İbrahimovdan ETİRAZ
Xəbər verdiyimiz kimi, akademik Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu özbaşınalığa görə hər iki tərəfin valideynləri sərt şəkildə cəzalandırılıblar.
Yenixeber.org: Xalq artisti Mənsum İbrahimov vəzifəsindən asılı olmayaraq hər kəsin qanunlara riayət etməli olduğunu deyib:
“Mən də cəmiyyətin hər bir üzvü kimi düşünürəm ki, qanun qarşısında hamı bərabərdi. Hər kəs, hər bir Azərbaycan vətəndaşı vəzifəsindən, tutduğu mövqeyidən asılı olmayaraq ölkəmizin qanunlarına riayət etməlidir. Bu günə qədər dövlət nə qərar çıxarıbsa, hamının borcudur ki, ona əməl etsin. Heç kim vəzifəsindən asılı olmayaraq nə artıq, nə də əskik deyil. O qədər gənclər var ki, uzun müddətdir toy etməyi gözləyir. Hamı gözləyir ki, pandemiya bitsin öz şad gününü keçirsin. Eləsi var ki, vacibdir, gedir nikaha girir. Elə öz ətrafımızda, tanıdığımız nə qədər elə gənc var. Toysuz nikah edirlər. Hamı qanuna əməl etməlidir, bu dövlət bizim dövlətimizdir, Azərbaycan hamımızın vətənidir və hər birimiz ona sahib çıxmalıyıq”.
Sənətçi bu gün gündəmin toy yox, ərazi bütövlüyünün qorunması olmasının önəmini vurğulayıb:
“Bizim qarşıda daha böyük problemimiz var, bilirsiniz ki, ən böyük problem torpağımızın işğal altında olmasıdır, buna fokuslanmalıyıq, belə şeylərə vaxt sərf etməməliyik. Son Tovuz hadisələrini yada salaq: bizim generalımız şəhid olub, əsgərlərimiz həyatını itirib. O gün onların 40 mərasimi idi. Buna görə də hər kəs öz çalışdığı vəzifədə düşünməlidir ki, vətənimizin ərazi bütövlüyünü qorumağa çalışmalıdır, çalışmalıdır ki, torpaqlarımız qayıtsın. Gündəm toy məsələləri yox, bu olmalıdır”.
M.İbrahimov karantin müddətində də boş dayanmadığını, yeni layihələr üzərində işlədiyini də bildirib:
“Karantin müddətində boş dayanmamışıq, onlayn tədbirlərimiz olub. Bu yaxınlarda Amerika-Azərbaycan ticarət komitəsinin təşkilatçılığı ilə Vaşinqtonda yaşayan azərbaycanlıların görüşü oldu. 2 saata yaxın tədbir oldu, canlı ifa da etdim, mini-konsert verdim. Pandemiya dövründə onlayn konsertlər vermişəm, fürsətdən istifadə edib bir neçə yeni mahnı yazmışıq. Bu il üçün planlarımız çox idi, bir neçə səfərimiz təxirə düşdü. Amma əsas sağlam qalmaqdır. Hər kəs özünü qorumalıdır, burada söhbət qadağalardan getmir, hamı özünün sağlamlığının qeydinə qalmalıdır. Səfərlər də, tədbirlər də, qalan bütün planlar da zamanla düzələr, əsas olan can sağlamlığıdır. Çalışıram ki, mən də özümü təcrid edəm, bağda ailəmlə qalıram, ehtiyac olmadıqca evdən çox çıxmıram. Düşünürəm ki, hər şey yaxşılığa doğru gedir, artıq yoluxma sayında da azalmalar var. Ümidsiz olmayaq, arzu edirəm ki, xalqımız pandemiyadan mümkün qədər az itki ilə çıxsın və sağlam qalsın”.