III Dünya Müharibəsini hansı ölkə başladacaq:Həm bioloji silah, həm də nüvə zərbəsi…
Belə bir savaşın dünyada yüzmilyonlarla insanın həyatı bahasına başa gələcəyi, planetin əhəmiyyətli bir hissəsinin isə ümumiyyətlə, yaşam üçün yararsız hala düşəcəyi vurğulanır…
Yenixeber.org: Dünyada gərginlik artmaqda davam edir. Bəşəriyyətin gələcəyi üçün aydın və daha inandırıcı proqnozlar demək olar ki, mövcud deyil. Gündəmə gətirilən ehtimallar da əsasən mənfi məzmunla yüklənib. Ən yaxşı halda, qeyri-müəyyənliyin hökm sürdüyünü iddia etmək mümkündür.
Amma gələcəyə yönəlik müxtəlif ssenarilər də mövcuddur. Əsas ssenarilərdən biri budur ki, pandemiya təxminən yaxın iki il ərzində sona çatacaq. Və bəşəriyyət yalnız bundan sonra pandemiyanın öz arxasında buraxdığı “fəlakət bataqlığı”nı qurutmaq üçün imkan qazanacaq. “Fəlakət bataqlığı”nın nə qədər müddətə qurudula biləcəyi isə yenə də qeyri-müəyyəndir, hətta müəmmalıdır.
Bu, azmış kimi daha bir qorxunc ssenari müzakirə mövzudur. İddialara görə, dünyada hazırda baş verənlərin sarsıdıcı nəticələri bəşəriyyəti üçüncü cahan savaşına sürükləyə bilər. Dünyanın az qala bütün ölkələrinin bu savaşda birbaşa və ya dolayısıyla iştirak etmək məcburiyyətində qalacağı da ehtimal olunur.
Əlbəttə, biz bu iddiaların reallığa çevrilib-çevrilməyəcəyini hələlik bilmirik. Ancaq nəzərə almaq lazımdır ki, dünyada hər şey müzakirələrdən başlanır. Əvvəlcə ortaya atılan ssenarilər müzakirə olunur, sonrasa, heç kimin gözləmədiyi halda, həmin iddialar reallaşmağa başlayır.
Əslində, kimsə belə bir fəlakət vəd edən ssenarilərin reallaşmasını qətiyyən istəməz. Amma dünya tarixi insanların arzulamadığı və nə vaxtsa baş verəcəyinə inanmaq belə, istəmədiyi hadisələrlə zəngindir. Bu baxımdan, narahatlıq üçün əsas olmamış deyil.
III Dünya Müharibəsinin özündən əvvəlkilərə bənzəməyəcəyi də qətiyyən şübhə doğurmur. Çünki texniki inkişafın səviyyəsi ötən əsrin eyni dövrü ilə müqayisədə fantastik sıçrayışla yüksəlib… |
Xüsusilə də III Dünya Müharibəsi barədə proqnozlar bəşəriyyət üçün ən arzuolunmaz ehtimaldır. Çünki bəşər övladı artıq iki dəfə “cahan savaşı” statusundakı müharibələrə şahidlik edib, doğurduğu ağır nəticələri yaşayıb.
Birinci Dünya Müharibəsi Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi ilə başlanmışdı. Bir hersoqun qətli bəhanə olunaraq, başladılan bu savaş 4 il davam etmişdi və 11 noyabr 1918-ci ildə sona çatmışdı. Savaşda iştirak edən 70 milyondan artıq əsgərin 10 milyondan çoxu bir daha evlərinə dönməmişdi. Milyonlarla dinc insan həlak olmuşdu, uzun illər aclıq-səfalət hökm sürmüşdü.
İkinci Dünya Müharibəsi isə 1939-cu ildə başlanmışdı və 1945-ci ildə yekunlaşmışdı. Ancaq bu dəfə nəticələr daha ağır olmuşdu. Təxmini hesablamalara görə, döyüş meydanlarında, həbs düşərgələrində həlak olanlarla, aclığa və səfalətə qurban gedənlərin ümumi sayının yüz milyonu aşdığı iddia olunur.
Bəşəriyyət iki belə qlobal hərbi fəlakət yaşamışkən, insan övladını üçüncü dəfə diri-diri “tonqal”ın içinə atmaq insafsızlıq olardı. Üstəlik, III Dünya Müharibəsinin özündən əvvəlkilərə bənzəməyəcəyi də qətiyyən şübhə doğurmur. Çünki texniki inkişafın səviyyəsi ötən əsrin eyni dövrü ilə müqayisədə fantastik sıçrayışla yüksəlib.
Bu dəfə top-tüfəngi kütləvi qırğın silahlarının (bioloji, kimyəvi, nüvə və s. silahlar) əvəzləyəcəyi qətiyyən şübhə doğurmur. Analoji silahlardan müdafiə metodları isə o qədər də geniş deyil. Bunun bənzərini hazırda dünya əhalisi demək olar ki, yaşamaqdadır.
Bill Qeyts: “Dövlətlər və insanlar gözlə görünməyən silahlara hədəf olacaqlar.
|
Maraqlıdır ki, vaxtilə hətta dünyanın ən zəngin və yönləndirmə gücünə malik şəxslərindən biri olan Bill Qeyts də III Dünya Müharibəsi barədə öz fikirlərini açıqlamışdı. Belə ki, hələ 2015-ci ildə B.Qeyts “III Dünya Müharibəsi mütləq olacaq” demişdi.
O, növbəti savaşın insanların təsəvvür etdiyi kimi və ənənəvi sulahlarla olmayacağını da vurğulamışdı: “Dövlətlər və insanlar gözlə görünməyən silahlara hədəf olacaqlar. Gözlə görünməyən düşmənlə vuruşmaq isə asan deyil”.
B.Qeyts həm də bəşəriyyəti belə bir savaşa hazır olmağa çağırmışdı. Əlbəttə, onun dediklərinə əhəmiyyət verməmək də olar. Ancaq bu adamın “dərin güclər”lə bağlılığı barədə iddialar və olduqca məlumatlı olmasının şübhə doğurmaması istər-istəməz hadisələrin “fəlakət ssenariləri” üzrə inkişaf ehtimalından narahatlığa əsas yaradır.
Məsələ ondadır ki, bəzi iddialara görə, bu dəfə ilk iki cahan savaşının əsas törədiciləri (almanlar) səbəbkar rolunda çıxış etməyəcəklər. Savaşın ilk iştirakçıları arasında okeanlar olacaq. Hücum edənlə hədəfə alınan müxtəlif qitələri təmsil edəcək. Yalnız daha sonrakı mərhələdə maraqları zərbə alan digər dövlətlər də savaşa qatılmaq məcburiyyətində qalacaqlar.
Şimali Koreyanın da Çini dəstəkləmək üçün ABŞ-a nüvə zərbəsi endirməklə savaşa qatılacağı ehtimal olunur. Ardıncasa, Rusiya, Cənibi Koreya, Böyük Britaniya və s. ölkələrin də bu savaşa bulaşmaq məcburiyyətində qalacaqları istisna edilmir… |
Bu versiyanın tərəfdarları əsasən ABŞ və Çin arasında ola biləcyi proqnozlaşdırılan hərbi konfliktin üzərində dayanırlar. Onların fikrincə, ABŞ-ın təzyiqləri qarşısında xəritədən silinmək təhlükəsiylə üzləşə biləcək Çinin son addım kimi ABŞ-a kütləvi qırğın silahları ilə zərbə endirəcəyi gözləniləndir.
Bu halda, Şimali Koreyanın da Çini dəstəkləmək üçün ABŞ-a nüvə zərbəsi endirməklə savaşa qatılacağı ehtimal olunur. Ardıncasa, Rusiya, Cənibi Koreya, Böyük Britaniya və s. ölkələrin də bu savaşa bulaşmaq məcburiyyətində qalacaqları istisna edilmir.
Maraqlıdır ki, bir çoxları belə bir ssenarinin inkişafını birmənalı şəkildə nüvə zərbələrinin qaçılmazlığı ilə təsəvvür edirlər. Xüsusilə də, nüvə silahı Şimali Koreya və Rusiyanın savaşa qatılmaq baxımından, əsas hərbi arsenalı hesab olunur. Və belə bir savaşın dünyada yüzmilyonlarla insanın həyatı bahasına başa gələcəyi, planetin əhəmiyyətli bir hissəsinin isə ümumiyyətlə, yaşam üçün yararsız hala düşəcəyi vurğulanır.
Məsələ ondadır ki, ötən əsrin sonlarında yayılmış hesabatlarda dövlətlərin arsenalındakı nüvə potensialının dünyanı 17 dəfə dağıtmağa bəs edə biləcəyi iddia olunurdu. Halbuki dünyanı bir dəfədən artıq dağıtmaq mümkün deyil.
Bəziləri əmindirlər ki, III Dünya Müharibəsi artıq xeyli müddətdir ki, başlayıb. Və dünyada kimlərinsə, bilərəkdən yaydığı koronavirus epidemiyası məhz bioloji savaşdan başqa bir şey deyil… |
Ona görə də 20-ci əsrin əvvəllərindən başlayaraq, dövlətlər nüvə arsenallarını nisbətən ixtisar etməyə başladılar. Hazırda ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransanın arsenalında təxminən 8 min nüvə döyüş başlığının olduğu bildirilir. Halbuki 2002-ci ildə dünya dövlətlərinin arsenalında ümumi olaraq, 20450 nüvə döyüş başlığının cəmləşdiyi açıqlanmışdı.
Ancaq III Dünya Müharibəsi ssenariləri içərisində nüvə savaşı ilə yanaşı, bioloji savaş variantı da mümkün ehtimal hesab edilir. Bəzi məlumatlara görə, dünyanın nəhəng dövlətlərinin arsenalında digər kütləvi qırğın silahları ilə yanaşı, bioloji silahların da olduğu vurğulanır. Bu baxımdan, III Dünya Müharibəsinin bioloji savaş kimi ortaya çıxma ehtimalı istisna olunmur.
Eyni zamanda, bəziləri III Dünya Müharibəsinin ola biləcəyi ilə bağlı ehtimalları ümumiyyətlə, əhəmiyyətsiz hesab edirlər. Onların fikrincə, bu barədə danışmaq artıq yersizdir. Çünki onlar əmindirlər ki, III Dünya Müharibəsi artıq xeyli müddətdir ki, başlayıb. Və dünyada kimlərinsə, bilərəkdən yaydığı koronavirus epidemiyası məhz bioloji savaşdan başqa bir şey deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert