Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bir-birindən uzaqlaşmaqda olan iki qonşu

                           

                              Azərbaycanda və Gürcüstanda əks proseslər gedir

Yenixeber.org: Azərbaycanda nə vaxt hansısa ciddi problem yaransa, dərhal o sahəyə aid qanunvericiliyin sərtləşdirilməsi məsələsi gündəmə gəlir. Qanunlara bu yöndə dəyişiklik və əlavələr edilir. Cəzalar ağırlaşdırılır, cərimələr artırılır. Yuxarıların mentaliteti budur. Sanki ölkədə qeyri-məhdud liberal azadlıqlar var imiş və bu vəziyyət idarəetməyə mane olduğu üçün həmin azadlıqların çərçivəsini daraltmağa ehtiyac duyulur. Təəssüf ki, “vətəndaşı nə qədər çox çəkindirsək və qorxutsaq, o qədər rahat idarə edərik və nəticə alarıq” düşüncəsi hakimdir. 

İndi də koronavirusla mübarizədə ipin ucu əldən verildiyi üçün yenə çıxış yollarından biri kimi cəzaları ağırlaşdırmağı seçiblər. (Karantin rejiminin gücləndirilməsi də öz yerində.) Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləği artırılır. Digər tərəfdən isə polisin səlahiyyətləri genişləndirilir. 

Hazırkı mərhələdə cərimələrin artırılmasını haqlı və qaçılmaz addım saymaq olar, çünki bir çox vətəndaşın hələ də virusu lazımi qədər ciddiyə almadığını, qoruyucu vasitələrdən istifadənin əhəmiyyətini dərk etmədiyini görürük. Vətəndaş məsuliyyətsizliyi virusla mübarizədə ciddi problem yaradır. Bu, elə bir tibbi problemdir ki, onun yayılmasının qarşısının alınması həkimlərdən əvvəl sıravi vətəndaşların vəzifəsidir – əlbəttə ki, dövlətin bu işi düzgün təşkil və koordinasiya etməsi şərti ilə…   

Biz ötən müddətdə müşahidə etdik ki, dövlət hakimiyyətini həyata keçirənlər virusla mübarizə işini keyfiyyətli və ardıcıl qura bilmədilər. Dəyişkən və bir-birinə zidd qərarlar bunu təsdiqləyir. Təəssüf ki, proses nəzarətdən çıxdı. Belə bir çətin məqamda hökumət və əhali arasında sinxronluğa, qarşılıqlı anlayışa və güvənə ehtiyac var. Amma əvəzində biz öncə rəsmilərin ardıcıl qınaqları və danlaqlarına məruz qaldıq. Bunun məntiqi nəticəsi olaraq, cəzaların ağırlaşdırılması təklifi ortaya atıldı. 

Hökumətin qanun-qaydaları sərtləşdirməsi o halda məqbul sayıla və ictimai dəstək qazana bilər ki, hökumət əvvəlcə özünün başqa vəzifələrini layiqincə yerinə yetirmiş olsun. Karantin rejiminin hökm sürdüyü dövrdə əhaliyə sosial dəstək tədbirləri yetərsiz oldu və insanları narazı saldı. Aşağılarla yuxarılar arasında qarşılıqlı etimadsızlıq müşahidə olundu və hələ də olunur. İnsanlar internetdəki konspiroloji iddialara, “WhatsApp” qruplarında yayılan uydurmalara daha çox etimad edir, nəinki rəsmi şəxslərin açıqlamalarına və siyasi iqtidarın ruporu kimi çıxış edən medianın yayımlarına. (Yeri gəlmişkən, özünüsenzura və yuxarıdan müdaxilə şəraitində deyil, müstəqil fəaliyyət göstərən azad, plüralist medianın nə qədər önəmli olduğu bu dönəmdə daha aydın göründü.) Belə bir vəziyyətdə azadlıqların daha da məhdudlaşdırılması, polis nəzarətinin gücləndirilməsi nə qədər xoş niyyətdən irəli gəlsə də, istər-istəməz qıcıq doğurur. 

                                        Yaxın-uzaq Gürcüstan

COVİD-19-dan əvvəl tez-tez gedib-gəldiyimiz həmsərhəd Gürcüstanda isə istər koronavirusla mübarizə sahəsində, istərsə də daxili siyasətdə tamam əks proses gedir. Bizdə gündəlik aşkarlanan yoluxma halı 500-ü ötdüyü halda, qonşu ölkədə gündəlik yoluxma statistikası adətən 3-5 nəfər olur. Artıq Gürcüstan Avropa Birliyinin “yaşıl siyahı”sına daxil edilən 15 ölkədən biridir. AB həmin siyahıya aid etdiyi ölkələrin vətəndaşları üçün öz sərhədlərini açır. (Gürcüstanın bu uğura necə nail olduğu başqa yazının mövzusudur.) 

Bu gün isə Gürcüstan parlamenti çox önəmli siyasi qərar qəbul edib və seçki islahatına dair Konstitusiya dəyişikliyini üçüncü oxunuşda təsdiqləyərək bu mühüm proseduru yekunlaşdırıb. Mövzunun üzərində bir qədər geniş dayanmağa ehtiyac var. 

2017-сi ilin oktyabrında həyata keçirilən Konstitusiya dəyişikliyinə əsasən tam parlament sisteminə keçid və  2024-cü ildən etibarən seçkilərin tam proporsional sistem üzrə keçirilməsi qərara alınmışdı. (Qüvvədə olan seçki sisteminə görə 150 deputatın 77-si proporsional, 73-ü majoritar sistem üzrə seçilirdi.) Lakin müxalifət və qeyri-hökumət sektoru tələb edirdi ki, proporsional sistem elə növbəti, yəni 2020-ci il seçkilərindən etibarən tətbiq olunsun, 2024-cü ili gözləməyə nə ehtiyac?! (Majoritar sistem adətən maddi-inzibati resursları arxasına alan iqtidar namizədlərinə üstünlük yaradır.) 2019-cu ilin 20 iyununda, “Qavrilov gecəsi” kimi Gürcüstan siyasi tarixinə düşən hadisədən sonra, bu məsələ yenidən aktuallaşdı. Xatırladaq ki, həmin gün Pravoslav Parlament Assambleyasının Tiflisdə keçirilən toplantısında iştirak edən rusiyalı kommunist Sergey Qavrilovun Gürcüstan parlament sədrinin kürsüsündə oturması və rusca danışması xalqı qəzəbləndirmiş və etiraz aksiyaları başlamışdı. Aksiyalarda əsas tələblərdən biri 2020-ci il seçkilərində proporsional sistemin tətbiqi idi. “Gürcü Arzusu” bu tələbi qəbul etdiyini açıqlamaq zorunda qaldı, əlavə olaraq, parlamentin sədri İrakli Kobaxidzeni istefaya göndərdi. Sonradan məlum oldu ki, “Gürcü Arzusu”nun lideri, hiyləgər siyasətçi Bidzina İvanişvilinin məqsədi ehtirasları səngitmək və siyasi böhranı sovuşdurmaq imiş, çünki seçki sistemini dəyişdirmək barədə Konstitusiya dəyişikliyi təklifi parlamentdən keçmədi. Hakim partiya konstitusion çoxluğa malik olsa da, onun bəzi üzvləri əleyhinə səs verdilər və təklifin qəbulu üçün yetərli səs toplana bilmədi. Hamıya aydın idi ki, bu işin arxasında İvanişvili dayanır, çünki hakim partiyada ondan xəbərsiz quş da uça bilməz. Bundan sonra etiraz aksiyaları yenidən başladı və Qərb 2012-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra ilk dəfə olaraq Gürcüstan daxili siyasətinə açıq müdaxilə etdi. Avropa Birliyi və ABŞ-ın vasitəçiliyi ilə iqtidar-müxalifət dialoqu başladı və bu il martın 8-də kompromis əldə olundu. Tərəflər razılığa gəldilər ki, 2020-ci il parlament seçkilərində 120 deputat proporsional, 30-u isə majoritar sistem üzrə seçilsin. Oliqarx güzəştə meylli olmasa da, Qərb “əba altından zopa” göstərdikdən sonra buna məcbur oldu: ABŞ Konqresində İvanişviliyə qarşı sanksiyaların tətbiqi gündəmə gəlmişdi…  

Bu gün – 29 iyun 2020-ci ildə qəbul olunan Konstitusiya dəyişikliyi məhz 8 mart razılaşmasının nəticəsidir. 120 deputatın proporsional sistem üzrə seçiləcək olması şübhəsiz ki, müxalifətin şansını artırır, çünki “Gürcü Arzusu”nun bu gün 50%-dən çox səs alması istisna edilir. 2016-cı ildə proporsional sistem üzrə 48% səs toplayan hakim partiya o vaxtdan bəri reytinq itkisinə məruz qalıb. (Pandemiya dövründəki uğurlu idarəçiliyin onlara xal qazandırıb-qazandırmadığı hələlik məlum deyil.) Müxalifət əmindir ki, 120 yerin yarısından çoxunu əldə edə biləcək. Bundan başqa, müxalifət partiyaları (qərbyönümlülər) 30 birmandatlı dairədə ortaq namizədlərlə çıxış etməyə hazırlaşır. 

Böyük ehtimalla oktyabrın 31-də keçiriləcək seçkilərin nəticələri koalisiya hökuməti formalaşdırmaq zərurətini ortaya çıxaracaq. Çünki mövcud şərtlərdə partiyalardan birinin azı 76 mandat qazanıb, çoxluq yaratması çox çətin vəzifədir. Üstəlik, Konstitusiyaya maraqlı bir müddəa da əlavə edilib. Buna əsasən 40,45%-dən az səs alan partiya təkbaşına hökumət formalaşdıra bilməz. Keçid baryerinin 1% olması isə kiçik partiyalara da qanunverici orqanda təmsil olunmaq şansı verir. Güman ki, yeni Gürcüstan parlamenti çox rəngarəng olacaq və çoxluq formalaşdırmaq üçün böyük partiyalar xeyli əziyyət çəkəcək, kiçiklərə güzəştlərə gedəcək. Koalisiya hökumətləri bəzən qeyri-sabitlik mənbəyi kimi qəbul olunur, ancaq zənnimizcə, müsbət tərəfləri daha çoxdur, xüsusən Gürcüstan kimi hələ oturuşmamış demokratiyalarda. Koalisiya ehtiyacı anlaşmaq, mövqeləri uzlaşdırmaq məcburiyyəti yaratmaqla siyasi mədəniyyətin inkişafına töhfə verir, avtoritar idarəçiliyin bərqərar olması ehtimalını xeyli azaldır. Ötən müddətdə İvanişvili avtoritar rejim qurmağa nail ola bilməsə də, faktiki, tək adam idi, bütün qərarları o verirdi. Bunun fəsadlarını həm Gürcüstan ictimaiyyətinin siyasi şüuru yüksək olan hissəsi, həm də avroatlantik inteqrasiya kursu seçmiş bu ölkənin Qərbdəki müttəfiqləri gördülər və anladılar. Son Konstitusiya dəyişiklikləri bu ehtimalı ortadan qaldırmağa yönəlib. 

Müəllif: Şahin Cəfərli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam