Yenixeber.org: Bu ilin ilk aylarından tüğyan edən COVID-19 pandemiyası dövrü demək olar ki, həm də dövlətin böhran kommunikasiyası strategiyasının daha da sistemləşməsi, müxtəlif vasitələrin sınaqdan keçirilməsi və tətbiqi, o cümlədən təkmilləşməsi üçün bir imkan olub. Eyni zamanda, pandemiya ilə mübarizə dövrü dövlət kommunikasiyasının əhəmiyyətini əyani şəkildə göstərmiş oldu və kommunikasiyanı böhran zamanı idarəetmənin ən mühüm elementlərindən biri kimi səciyyələndirib.
BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinə (UN DESA) əsasən, dövlətlər üçün xüsusilə böhran dövründə insanları dəqiq, faydalı və ən yeni məlumatlarla təmin etmək mühüm əhəmiyyət daşıyır. Nə üçün dövlət? Çünki pandemiya və ümumilikdə böhran ilə bağlı sistemli və əlaqələndirilmiş tədbirlər dövlət aparatı tərəfindən həyata keçirilir. Bu xüsusda, məhz dövlətin təmin etdiyi etibarlı informasiya əsasında ictimai etimad formalaşır, məlumatlı əhali gündəlik həyatı üçün düzgün qərarlar qəbul edə bilir və bu dövlətə epidemiyanın ümumi təsirini azaltmaq üçün qətiyyətli addımlar atmağa imkan yaradır.
Danılmaz bir faktdır ki, əhaliyə rəqəmsal məlumat ötürmək və rəqəmsal dövlət və özəl xidmətlər təklif etmək heç vaxt bugünkü qədər əhəmiyyətli və əlçatan olmamışdı. Pandemiya ilə mübarizə dövrü həm də dövlətlərin bir növ böhran vəziyyətində idarəetmə bacarıqlarını, dövlət xidmətlərinin təmin olunmasında və böhran kommunikasiyasının düzgün qurulmasında yaradıcı həll yollarını, rəqəmsal texnologiyalardan istifadə bacarıqlarını yoxlamadan keçirmiş oldu.
Azərbaycan dövlətinin COVID-19 dövründəki böhran kommunikasiyasını Nazirlər Kabineti yanında Operativ Qərargahın təbiri ilə desək, klasterlər üzrə aşağıdakı kimi nəzərdən keçirək:
Nazirlər Kabineti yanında Operativ Qərargah:
Pandemiya ilə mübarizə üçün əlaqələndirilmiş, sistemli və effektiv tədbirlərin görülməsi üçün prinsipcə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılmasını doğru addım hesab etmək olar. Qeyd etmək lazımdır ki, COVİD-19 virusuyla tam mübarizə üçün hazırda peyvənd mövcud deyil. Bu səbəbdən, Nazirlər Kabineti yanında Operativ Qərargahın əsas fəaliyyət istiqamətlərindən biri profilaktikanın təşkili və vətəndaşların bu prosesdə iştirakına nail olmaqdır. Aydındır ki, vətəndaşların inamı və iştirakı olmadan, profilaktika tədbirləri heç bir nəticə verməyəcək. Bu kontekstdə, Operativ Qərargah ictimaiyyətlə əlaqələr işini düzgün təşkil etmək məqsədilə dövlətin vətəndaşlarla effektiv ünsiyyəti üçün bir növ vahid dövlət kommunikasiya modelini nümayiş etdirməlidir. Bu həssas dövrdə dövlət kommunikasiyanın düzgün qurulması nəticəsində dövlət tərəfindən ölkə vətəndaşlarının operativ, əhatəli və dəqiq məlumatlandırılması üçün bütün mərkəzi və yerli icra hakimiyyəti strukturlarının əlaqəli kommunikasiyası zəruridir. Operativ qərargahın gündəlik informasiya siyasəti, ayrı-ayrı dövlət strukturlarının nümayəndələri ilə birlikdə keçirdiyi davamlı brifinqlər və mətbuat konfransları, bu konfransların sosial mediada və yerli tv-lərdə canlı yayımlanması, KİV-də dərhal geniş işıqlandırılması əhalinin vaxtında və düzgün məlumatlandırılmasına xidmət etmək məqsədi daşıyır. Mətbuat konfranslarında yoluxmanın coğrafiyasını və statistikasını təsvir edən vizual infoqrafik təqdimatlar, prosesin gedişatına uyğun data əsaslı qərar qəbul etmə və idarəetmə yanaşması böhran idarəetməsinin peşəkar göstəriciləri kimi qiymətləndirmək olar.
Operativ qərargahın İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iştirakı ilə əhalinin məlumatlandırılması məqsədilə ilə təbliğat prosesinə gəldikdə isə gün ərzində bütün televiziya və radio kanallarda, digər kütləvi informasiya vasitələrində, internet məkanında və sosial mediada maarifləndirici video çarxların və posterlərin yayımlanması, kütləvi sms məlumatlandırma, küçə posterləri və təbliğat bannerləri hər addımda təşkil olunduğunu müşahidə edirik. Əhalinin sıx toplaşdığı yerlərdə, şəhər və rayon mərkəzlərində icra hakimiyyəti strukturları tərəfindən əhalinin yerində məlumatlandırılması, dini liderlər vasitəsilə inanclı insanların, tanınmış simaların iştirakı ilə sosial media və televiziyada pandemiya ilə bağlı maarifləndirmə davamlı olaraq aparılmaqdadır. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların ölkə nümayəndəliklərinin ictimaiyyətin diqqətini koronavirusla mübarizəyə yönəltmək məqsədilə təşkil etdiyi sosial kampaniyalarda dövlət rəsmilərinin iştirakını da uğurlu kommunikasiya nümunəsi saymaq olar.
Koronavirus pandemiyası dövründə bütün dünyada olduğu kimi Azərbaycanda da xüsusilə sosial mediada və bəzi xəbər saytlarında saxta xəbərlərin sürətlə yayıldığını nəzərə alaraq, Operativ qərargah tərəfindən bu dezinformasiya cəhdləri dərhal cavablandırılmış və səhv məlumatlandırmanın qarşısı alınmışdır. Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin maarifləndirilməsi məqsədilə yaratdığı “www.koronavirusinfo.az” məlumat portalından sonra növbəti diqqətəlayiq kommunikasiya və profilaktika məhsulu məhz “E-təbib” mobil tətbiqidir. Bir çox inkişaf etmiş ölkələrdə uğurla sınaqdan keçirilən bu tətbiqin vətəndaşlar tərəfindən kütləvi istifadəsi təbliğ olunmalıdır. Tətbiqin nə dərəcədə əhali tərəfindən qəbul olunması, dəqiqliyi və profilaktika tədbirlərində rolu yaxın günlərdə daha da bəlli olacaq.
Rəqəmsal dövlət xidmətləri və dövlət kommunikasiyasının təşkili:
Pandemiya dövründə Prezident Administrasiyası tərəfindən vətəndaşların qəbulunun “skype” və “whatsapp” vasitəsilə videoqəbul formatında keçirilməsi, o cümlədən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların videoqəbullarının təşkili, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin onlayn mətbuat konfransları və sosial media üzərində vətəndaşlarla ünsiyyəti böhran kommunikasiyasının düzgün təşkilinin uğurlu nümunələridir.
Pandemiya şəraitində vətəndaşların dövlət orqanlarına və dövlət xidmətlərinə əlçatanlığının asanlaşdırılması məqsədilə dövlət strukturları tərəfindən müasir innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə uğurlu tədbirlər görülməkdədir. ASAN Xidmət və Dost Mərkəzlərində əhalinin kütləvi toplaşmağının qarşısını almaq üçün vətəndaşlara veb sayt, mobil tətbiq və Çağrı Mərkəzinə zəng vasitəsilə qabaqcadan növbə əldə etmək imkanı və elektron xidmətlər təklif edilməkdədir.
Elektron hökumətin inkişafı mərkəzinin “myGov”, “icaze.e-gov.az” vahid elektron portalı və 8103 SMS icazə sistemi rəqəmsal dövrdə dövlət xidmətlərini müasir innovasiyalar və rəqəmsal texnologiyalar vasitəsilə əhaliyə təklif etməsi vətəndaşların həyatını asanlaşdırmaqla bərabər dövlət kommunikasiyasının mühüm bir hissəsini təşkil edir.
Ayrı-ayrı dövlət strukturları tərəfindən dövlət xidmətlərinin əlçatanlığını artıran bu kimi elektron sistemlər vasitəsi ilə vətəndaşlar dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olmaqla bərabər, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə və dövlət strukturları ilə ünsiyyət saxlaya biliblər.
Xarici ölkələrdən vətənə qayıtmaq istəyən vətəndaşlara Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən xaricdəki səfirlik, konsulluq və diplomatik nümayəndəliklər, Diasporla İş üzrə Dövlət Komitəsi isə xaricdə fəaliyyət göstərən Azərbaycan evləri və diaspor təşkilatlarını vasitəsilə bütün mümkün əlaqə vasitələrindən sosial media, 24 saat qaynar xətt və elektron əlaqə imkanlarından istifadə etməklə davamlı dəstək göstərilməsi və “www.evegedirem.info” internet portalının istifadəyə verilməsi dövlət kommunikasiyasının mühüm bir hissəsidir.
Pandemiya dövründə dövlətin əsas kommunikasiya simaları:
Azərbaycanda pandemiya ilə mübarizə dövründə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müxtəlif kommunikasiya vasitələri ilə xalqa ünvanladıqları müraciətləri, xalqımıza xas olan yüksək dəyərləri və keyfiyyətləri qeyd etməklə və vətəndaşlarımızın həyata keçirilən tədbirlərə sağlam, anlaşıqlı münasibətini yüksək qiymətləndirməklə onları məsuliyyətə və nizam-intizama dəvət etməsini dövlət kommunikasiyasının mühüm bir hissəsi kimi yüksək qiymətləndirmək olar. Prezident İlham Əliyevin məsələnin taleyüklü əhəmiyyətini nəzərə alaraq prosesi şəxsi nəzarətində saxlaması, həyata keçirilən siyasətin mərkəzində vətəndaş amilinin dayanmasının qəbul edilən qərarlarda bilavasitə öz əksini tapması, habelə rəsmi görüşlərdə, cənab Prezidentin açılışlarda qoruyucu vasitələrdən istifadə etməklə əhaliyə nümunə olması, hətta karantin qaydalarına riayət etməyən rəhbər şəxslərin dərhal cəzalandırılması uğurlu kommunikasiyanın tərkib hissəsidir.
Baş nazir Əli Əsədovun və Milli Məclisin sədri Sahibə Qafarovanın sərt karantin rejiminin tətbiq olunmasından öncə xalqa müraciətləri dövlət kommunikasiyasının təşkili baxımdan düzgün addımlardır. Ümumiyyətlə, pandemiya ilə mübarizə dövründə Milli Məclisin deputatlarının, tanınmış ictimai-siyasi xadimlərin KİV və sosial media vasitəsilə xalqa müraciətləri əhalinin geniş kütləsinin məlumatlandırılması baxımdan önəmli ünsiyyət alətləri hesab etmək olar.
Pandemiya ilə mübarizə dövründə dövlət tərəfindən atılan addımlar haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədilə Prezidentin köməkçisi Anar Ələkbərovun bir qrup media nümayəndəsi ilə görüşü və mətbuatla dövlət qurumları arasında əməkdaşlıq və kommunikasiyanın gücləndirilməsinin vacibliyini vurğulaması dövlət kommunikasiyasının inkişafına yönəlik müsbət irəliləyişlərdir.
Pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədilə könüllü təşkilatların birgə təşəbbüsü ilə yaradılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin, Heydər Əliyev Fondunun, o cümlədən digər təşkilatların xeyriyyə təşəbbüslərinin və bu təşəbbüslərə özəl təşkilatların, şəxslərin yaxından dəstək olması həm də dövlət-vətəndaş birliyinin təcəssümü oldu. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə keçirilən “Evdə qal” və “Biz birlikdə güclüyük” sosial aksiyaları əslində son illərdə bütün dövlət və özəl təşkilatlarının əməkdaşlığı, media və vətəndaş cəmiyyətinin bir araya gələrək reallaşdırdığı ən uğurlu dövlət kommunikasiyası nümunəsidir.
Nəticə və təkliflər:
Dövlət pandemiya ilə mübarizə dövründə əlində olan bütün kommunikasiya vasitələrini əhalini davamlı şəkildə məlumatlandırmaq, cəmiyyətdə yarana biləcək psixoloji gərginliyə yol verməmək, prosesi minimum zərərlə idarə etmək məqsədilə səfərbər etmişdir. Vətəndaşların inamı və birbaşa iştirakı, məsuliyyətli davranış olmadan bu pandemiyanın yayılma sürəti və coğrafiyasının azaldılması çox mürəkkəb olacaqdır. Bu xüsusda, Operativ Qərargahın çatdıracağı önəmli mesajlar əhalinin dilinə, diqqətini cəlb etmə stilinə, səmimi olaraq bu tədbirlərin həqiqətən vətəndaşların sağlamlıq və təhlükəsizliyinə yönəlik olmasına inandıracaq səpkidə olması vacibdir.
Dövlətin cəhdlərinə dəstək olmaqla yanaşı vətəndaşlarımız bir məqamı da yaxşı anlamalıdırlar ki, görülən tədbirlərin effektivliyi yalnız hökumətin səylərindən asılı deyil. Uğurun qazanılması və itkilərin minimuma endirilməsi həm də insanların məsuliyyətli davranışından, qaydalara əməl etməsindın asılıdır. Əlbəttə ki, vətəndaşları günahlandırma və məsuliyyəti onların üstünə atma ritorikası tamamilə kənara qoyulmalı, kommunikasiya panikaya yönəlik deyil, bir uğur hekayəsinin yazılmasına uyğun qurulmalıdır. Başqa sözlə, vətəndaşlar böhran dövründə özlərini hücuma məruz qalmış deyil, sanki bu savaşdan qəhrəman kimi çıxa bilən ordu kimi hiss etməlidir. Məhz bu zaman, hər bir vətəndaş profilaktika və mübarizə prosesində pay sahibi olacaqdır.
Operativ qərargah tərəfindən cəmiyyətin fəal üzvlərinin təklifləri, vətəndaş cəmiyyətinin təşəbbüsləri nəzərə alınmalı və maarifləndirmə prosesinin araşdırma və ya təhlil komponeti bir qədər də artırılmalıdır. Çünki pandemiyanın genişlənməsinin səbəbləri və onunla mübarizə üsullarının təkmilləşdirilməsi elmi yanaşma və araşdırma tələb edir. Efirdə dövlət məmurları ilə yanaşı cəmiyyət tərəfindən hörmət və ehtiramla qəbul edilən tibb mütəxəssislərinin və həkimlərin mütəmadi şəkildə insanlarda narahatlıq doğuran məsələlərə aydınlıq gətirməsi deyilənlərin ciddiliyinə, onların cəmiyyət tərəfindən inamla qəbul edilməsinə birbaşa təsir göstərən elementdir.
Müxtəlif cəmiyyətlərdə fərdlərin davranış normaları və həyat tərzləri fərqli olduğuna görə, ölkələrin də pandemiya ilə mübarizə strategiyaları özünəməxsusdur. Sosial məsafə üzrə müəyyən milli adətlərimiz və ənənəvi davranış tipinin bugün virusun yayılmasına töhfə verməsi və vətəndaşların bundan çəkinməsi üçün insanların qəbul etdiyi və inandığı şəxslər tərəfindən mesajların verilməsi bu sahədəki informasiya siyasətinin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər. Məsələn, görüş zamanı əl sıxışıb öpüşülməsi, bir-birinə çox yaxın məsafədə durulması Azərbaycan üçün tipik davranışlardandır. İtaliya da məhz bu istiqamətdə təbliğat aparmış, insanları yaxın təmasdan kənara qalmağa çağırış etmişdir.
Mobil operatorlar öz imkanlarından yararlanaraq, mobil cihazların geolokasiya üzrə sayını avtomatik müəyyən edərək insanların sıx toplaşdığı zaman mobil telefonlarına xəbərdarlıq mesajı göndərərək insanları sıxlıqdan yayınmağa çağırış edə bilər. İnternetə çıxışı olmayan və istifadə imkanları aşağı olan vətəndaşların hədəf auditoriyadan kənarda saxlamamaq üçün virusun yayılma coğrafiyasına uyğun səylər səfərbər olunmalı və virusun ən çox yayıldığı bölgələrə uyğun spesifik kommunikasiya tədbirləri həyata keçirilməlidir.
Sonda hər bir Azərbaycan vətəndaşı dövlətin atdığı addımları qiymətləndirərkən, onları tənqid etməyə hazırlaşarkən dərk etməlidir ki, COVİD-19 virusu ilə aparılan mübarizə müharibə dövrünün reallıqları çərçivəsində cərəyan edir. Bu qlobal bir müharibədir və bütün dünyanı əhatə edən bu prosesdən ölkəmizin tez bir zamanda və asanlıqla yaxa qurtarması qeyri-mümkündür. Təbii ki, bu virusun mənşəyi haqqında qəti bir söz demək hələlik çox çətindir və zaman keçdikcə, bəzi mühüm müəmmalar aydınlaşdıqdan sonra insanlar baş verənlərin mahiyyətini daha doğru anlayacaqlar. Sadəcə bir az zamana ehtiyac var və həmin zaman kəsiyində biz öz cəmiyyətimizin bu təhlükəli prosesdən minimum zərərlə çıxmasının üçün birgə səy göstərməliyik. Əminik ki, Dövlət pandemiya ilə mübarizə dövründə dürüst və anlaşıqlı kommunikasiya qurmaqla, vətəndaşlarla uğurlu həmrəylik və əməkdaşlıq mühiti yaratmaqla öhdəsinə düşən vəzifələri uğurla icra edəcək və həyata keçirilən düşünülmüş siyasət sayəsində xalqımız bu sınaqdan da şərəflə çıxmağı bacaracaq.
Rzayev Səbuhi – Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Böyük Britaniyanın York Universitetinin məzunu.