Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda vəkillərin durumu:onların özünün müdafiəyə ehtiyacı var 

 

 Yalçın İmanov: “Dövlət orqanları və məhkəmələrdəki qanunsuzluğu dilə gətirən vəkillərin cəzalandırılması təhkimçi vəkillik institutunun yaradılmasına xidmət edir. Bu halda, qanunsuzluqları daha rahat ört-basdır eləmək mümkün olur”

Yenixeber.org: Beynəlxalq insan haqları təşkilatlarının Azərbaycanda tənqid etdiyi sahələrdən biri də vəkillik istitutunun vəziyyətidir. Son beş ildə ölkədə ictimai-siyasi fəalların, tənqidçilərin hüquqlarını müdafiə edən xeyli vəkil cəzalandırılıb. Onların bir qismi ümumiyyətlə, vəkillikdən uzaqlaşdırılıb, fəaliyyəti müəyyən müddətə qadağan edilənlər də olub.

Vəkillərin bir qismi məhkəmə, prokurorluq sistemi və başqa dövlət orqanlarının fəaliyyətini tənqid etdiyinə görə cəzalandırılıb. Məsələn, Xalid Bağırov müvəkkili, ReAL Partiyasının sədri İlqar Məmmədov haqqında ittiham hökmü çıxarılanda demişdi ki, Azərbaycanda müstəqil, ədalətli məhkəmə sistemi yoxdur, olsaydı, belə qərar verməzdi. X.Bağırovun bu fikirləri “məhkəmə sistemini gözdən salan dəyərləndirmə” kimi qiymətləndirilərək, onun vəkillik fəaliyyətinə xitam verildi. Bu il aprelin 23-də Ali Məhkəmənin Plenumu isə qərar verdi ki, vaxtilə İlqar Məmmədov haqqında çıxarılmış hökm qanunsuz, ədalətsiz olub. Həmin hökm ləğv edildi. Yəni X.Bağırovun sözlərini Ali Məhkəmə dolayı olaraq təsdiqləmiş oldu. 

İyunun 8-də Yeni Yasamalda yaşanan olaylara görə də (polisə zibil atmaqda ittiham olunan sakinlərin səhər tezdən evlərindən üst geyimi olmadan aparılması, döyülməsi, təhqir olunması) bir vəkil xəbərdarlıq aldı. Həmin sakinlərdən Elvin və Kərim Süleymanlı qardaşlarının hüquqlarını müdafiə edən Cavad Cavadov hüquqlarını müdafiə etdiyi şəxsə qarşı işgəncələri sosial media hesabından ictimailəşdirdiyinə görə Vəkillər Kollegiyası rəhbərliyinin hədəfinə çevrildi.

C.Cavadovun hüquqlarını müdafiə etdiyi qardaşlardan biri həbsdən buraxılanda onun sifətində və bədənində çoxlu xəsarət izləri, qançırlar vardı. Vəkil müvəkkilindən bu xəsarətlərin hansı şəraitdə yetirildiyini soruşur, K.Süleymanlı da sualları cavablandırırdı.

“Cavad Cavadov sanki bir jurnalist kimi Kərim Süleymanlıdan müsahibə götürüb, aldığı məlumatları sosial şəbəkələrdə yayaraq, məsələyə geniş ictimaiyyət tərəfindən yanlış fikir formalaşdırılmasına rəvac verib. Onun hərəkətləri ”Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin tələblərinə ziddir. Bununla əlaqədar vəkil Cavad Cavadov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dəvət olunaraq, onunla müvafiq söhbət aparılıb. Xəbərdarlıq edilib ki, vəkillik fəaliyyətini həyata keçirərkən qanunvericiliklə nəzərdə tutulmuş üsullardan istifadə etsin. Ona bildirilib ki, gələcəkdə belə hərəkətlər davam etdirilərsə, daha ciddi tədbirlər görüləcək”, – deyə Vəkillər Kollegiyasının məlumatında bildirilir.

C.Cavadov üzvü olduğu Vəkillər Kollegiyasının onun haqqındakı bu açıqlamasını şərh etmək istəməyib.

“Kollegiyanın qərarlarını şərh eləmək, öz aramızda olan danışıqları açıqlamaq istəmirəm. Mən bundan sonra da vəkillik fəaliyyətimi qanuna uyğun şəkildə davam etdirəcəyəm”, – deyə C.Cavadov bildirdi.

Vəkillər Kollegiyasının daha bir üzvü Yalçın İmanovun da fəaliyyətinə bənzər əsasla xitam verilmişdi. O, hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə medianın suallarını cavablandırdığına görə vəkillikdən uzaqlaşdırılıb. Y.İmanovun əlində müvəkkilinin imzalı şikayəti vardı. Nardaran hadisələrinə görə həbs olunmuş A.Hüseynov şikayətində yazırdı ki, həbsxanada avqust ayında, 40 dərəcə istidə günün altında onu dəmir dirəyə bağlayıb, saatlarla o vəziyyətdə saxlayıblar. Həbsxananın rəisi onu dəyənəklə döyüb, təhqir edib, daha sonra gəmiricilərin olduğu kameraya salıb.

Bu hadisənin ictimailəşməsinə görə Penitensiar Xidmət Vəkillər Kollegiyasına şikayət edərək, Y.İmanovu “ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə, bu dövlətin çiçəklənməsini gözü götürməyən qüvvələrə xidmət etməkdə” günahlandırmışdı. Vəkillər Kollegiyasının rəhbərliyi də belə nəticəyə gəlmişdi ki, vəkilin öz müvəkkilinə istinadən onun həbsxanada işgəncəyə məruz qalması haqda söylədikləri “vəkillik fəaliyyətinə yaraşmayan hərəkət”dir. Ona görə də 2017-ci ilin noyabrında onun vəkillik fəaliyyətinin dayandırılmasına qərar verildi.

Blogger Mehman Hüseynovun vəkili Şəhla Hümbətovanın da barəsində müvəkkilinin həbsdə aclıq etməsi barədə açıqlamalarına görə intizam icraatı başlanmışdı. Bir müddət sonra Ş.Hümbətovanın da fəaliyyətinə başqa bir əsasla xitam verildi.

Yaranmış durumu şərh edən Yalçın İmanov bildirdi ki, dövlət orqanlarında, məhkəmələrdəki qanunsuzluğu dilə gətirən vəkillərin cəzalandırılması ölkədə təhkimçi vəkillik institutunun yaradılmasına xidmət edir. Bu halda, qanunsuzluqları daha rahat ört-basdır eləmək mümkün olur. Y.İmanovun sözlərinə görə, müvəkkilinə qarşı işgəncəni və başqa qanunsuzluqları görən vəkilin buna susması, əksinə, onun öz peşəsinə xəyanətdir.

Y.İmanov “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 16-cı maddəsini yada salır: 

“Orada göstərilib ki, vəkil müdafiə etdiyi şəxsin hüquq və mənafelərini qanunla nəzərdə tutulmuş bütün vasitələrlə müdafiə etməlidir. Mediaya müsahibə vermək nə vaxtdan qanun pozuntusu sayılır? Görünür, Vəkillər Kollegiyası qanunun bu tələbini ya bilmir, ya da öz mənafeyinə uyğun şərh edir. Hərçənd, bilmədiyini düşünmürəm. Vəkilin müdafiə etdiyi şəxsin durumu haqda cəmiyyətə açıqlama verməsi tam normal haldır, qanunun tələblərinə zidd deyil. Vəkilin bu addımı həm də müqavilə öhdəliyindən irəli gəlir. Vəkil şəxsin yaxınlarıyla müqavilə bağlayanda öhdəlik götürür ki, onun hüquq və mənafeyini müdafiə edəcək. Bu öhdəliyin icrası üçün də qanunla qadağan edilməyən bütün vasitələrdən istifadə etməyə borcludur”.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin hazırkı sədri Anar Bağırov 2017-ci il dekabrın 7-dən bu vəzifədədir. Onun sədr seçildiyi gün həm də “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamə qəbul edildi. Vəkillərin işgəncə və başqa pozuntular haqda mediaya danışması bu Əsasnaməyə ziddir.

Y.İmanovun fikrincə, Əsasnaməyə əlavə edilən bir sıra müddəlar vəkillərin ifadə azadlığını məhdudlaşdırmağa xidmət edir: “Əsasnamə mütləq dəyişməlidir. Çünki “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, vəkillərin davranışı haqda BMT-nin, ATƏT-in prinsiplərinə, Avropa Məhkəməsinin hüquqşünasların ifadə azadlığıyla bağlı presedent qərarlarına ziddir. Əsasnamə vəkilə, hətta vəzifəli şəxslər haqda da tənqidi fikir bildirməyi qadağan edir”.

Vəkillər Kollegiyasının rəhbərliyi hesab edir ki, əgər vətəndaşın hansısa hüququ pozulubsa, işgəncəyə məruz qalıbsa, vəkil bu barədə müvafiq dövlət orqanlarına şikayət etməli, cavabı gözləməlidir, məsələni ictimailəşdirməməlidir. Y.İmanov isə düşünür ki, bu, yanlış yanaşmadır: 

“Yalnız dövlət orqanlarına şikayət etməklə kifayətlənməlidir fikri tamamilə yanlışdır. Vəkilin davranışını bu şəkildə məhdudlaşdıran norma, akt yoxdur. Vəkil məhkəməyə qədər də ədalət mühakiməsinin təmin edilməsində vacib fiqurdur. Ədalət mühakiməsində olan problemləri dilə gətirməklə, ictimailəşdirməklə bu prosesun yekununa öz təhfəsini verir. Bu məsələ Avropa Məhkəməsinin presedent qərarlarında da əksini tapıb. “Vəkil dövlət orqanlarına müraciət edib, nəticəsini gözləməlidir” demək, vəkillik institutunun mahiyyətindən xəbərsizlik anlamına gəlir. Yaxud da bu, Azərbaycanda təhkimçi vəkillik institutunun yaradılmasına xidmət etməkdir. Vəkil müdafiə etdiyi şəxslə bağlı mediaya açıqlama verə bilər. Əgər apardığı iş, müdafiə etdiyi şəxs ictimai fiqurdursa, yaxud onunla bağlı açıqlamalar mühüm əhəmiyyət kəsb edirsə, bu haqda cəmiyyəti xəbərdar etməyə borcludur. Bu cür açıqlamalara görə vəkili cəzalandırmaq Azərbaycanda boynu bükük vəkillik institutunun yaradılmasına xidmət edir. Bunun başqa adı yoxdur. Abbas Hüseynova qarşı işgəncə məsələsində mənim o cür davranışım həm müqavilə öhdəliyimdən, həm də andıma sadiqlikdən irəli gəlirdi. Vəkil Kollegiyaya üzv qəbul olunarkən şəxsin hüquq və azadlıqlarını dönmədən və ardıcıl şəkildə müdafiə edəcəyinə and içir”.

Y.İmanov hesab edir ki, susmayan vəkillərin cəzalandırılması mənfi anlamda öz nəticəsini verib. Onun sözlərinə görə, özü də daxil, bu qəbildən olan vəkillərin cəzalandırılması həm də başqalarını çəkindirmək məqsədi daşıyırdı. Buna da tam olmasa, müəyyən qədər nail olublar: 

“Bəlkə də müqayisə uğursuz olar, amma nəticə oxşardır. 2005-ci ildə Elmar Hüseynov qətlə yetiriləndən sonra jurnalistlərin əksəriyyətində özünüsenzura yarandı. Susmayan vəkillərin cəzalandırılması da müəyyən qədər çəkinmələrə səbəb oldu. Amma bunu tam çərçivəyə salmaq mümkün deyil. Əks halda, vəkillik institutunun mahiyyəti itir, formal, səmərəsiz fəaliyyətə çevrilir. Vəkilin işi qanunla qadağan edilməyən bütün vasitələrlə müvəkkilinin hüquqlarının müdafiəsini həyata keçirməkdir. Qanunla nəzərdə tutulmuş vasitələr dedikdə, media ilə işləmək də bura daxildir. Bu, çox mühüm alətdir və vəkil ondan mütləq istifadə etməlidir. O yerdə ki, hüquqi müdafiə vasitələri effektiv deyil, dövlət orqanları qərəzli yanaşır, media vasitəsilə pozuntulara diqqət çəkmək qanun çərçivəsindədir. Beynəlxalq aləmdə də bu təcrübədən istifadə olunur”.

Y.İmanovun vəkillikdən uzaqlaşdırılmasıyla bağlı şikayət Avropa Məhkəməsinin icraatındadır. Şikayəti onunla birlikdə həm də Böyük Britaniyada yerləşən “European Human Rights Advocacy Centre” (EHRAC) təşkilatı hazırlayıb.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam