SURİYADA HAKİM KLANLARIN DAVASI: bu, Rusiyanın prezident Əsədi oyundan kənarlaşdırmaq səyidirmi?
Anton Mordaşov
“Əl-Cəzirə”, 19.05.2020
Yenixeber.org: Aprel ayında Rusiya mətbuatında Suriya prezidenti Bəşər Əsəd rejiminin korrupsiyasını tənqid edən silsilə yazılar dərc edilib. Onlardan birində Suriyada Milli Dəyərləri Müdafiə Fondu tərəfindən keçirilən sorğuya toxunulub. Sorğuda iştirak edənlərin yalnız 32 faizi 2021-ci il prezident seçkilərində Əsəd əleyhinə səs verəcəklərini söyləyib. Fond – “RİA-FAN” və KİV-lərin Kremlə yaxın olan rus iş adamı Yevgeni Priqojinlə əlaqəli olduğu güman edilir.
Qısa müddətdən sonra Suriyanın ən varlı adamı və prezidentin dayısı oğlu Rami Məxluf, şirkətlərindən biri olan “Syriatel”-ə qarşı antikorrupsiya istintaqından şikayətlənən bir video yayımlayıb. Son iki həftədə o, Suriya siyasi elitasının gizli təhdidləri və tənqidinə dair video yayımlamağa davam edib.
Bu iki hadisə Moskva ilə Dəməşq arasındakı uçurum barədə fərziyyələrə səbəb olub.
Bəzi müşahidəçilərə görə, Rusiya Əsəd və iqtisadi idarəedilməzliyə qarşı səbrini itirir, buna görə də, dostlarının sıralarını təmizləməyə məcbur olub.
Digərləri iddia edir ki, Moskva Dəməşqin 3 milyard dollarlıq müharibə kreditlərini ödəməsini istəyir.
Ancaq həmişə olduğu kimi, reallıq bir az mürəkkəbdir. Rusiya rəsmiləri Əsəd əleyhinə hərəkətləri çətin ki düşünsün və ya Məxlufa qarşı kampaniya aparsın. Bəzi Rusiya KİV-lərində Əsədin tənqid etdiyi həqiqət olsa da, Kreml bu tənqidləri təsdiq etməyib. Moskvanın Əsədə alternativi yoxdur və rejiminin pozulmasını görmək istəmir.
Əsəd deyilsə, onda kim?
Rusiya 2015-ci ildə Əsədi dəstəkləmək üçün Suriya müharibəsinə müdaxilə etməklə riskli addım atsa da, Kreml müttəfiqindən bixəbər sövdələşmələr aparmayıb.
Doğrudur, Dəməşqin nümayəndələri olmadan müxalifətlə danışıqlar aparıb və İranda narahatlığa səbəb olaraq Əmmanda amerikalılarla siyasi barışıq perspektivlərini müzakirə edib. Moskva, eyni zamanda, Əsədin razılığı olmadan Suriya ərazisində hərbi əməliyyatlara başlama imkanı verən Ankara ilə bir sıra sazişlər bağlayıb.
Ancaq Moskva-Dəməşq münasibətləri hər zaman bir az nahamar olsa da, Kremlin hazırda Əsəd əleyhinə səy göstərməsi ehtimalı azdır. Həqiqətən, ona və ətrafına ismrış göndərmək istəsəydi, Priqojinnin mediası alət olmayacaqdı.
Rusiya hökumətinin sərəncamında daha nüfuzlu platformalar var, o cümlədən dövlət telekanalları və yüksək profilli çap mediası. Bundan əlavə, keçmiş rus diplomatı Aleksandr Aksenenok kimi şəxslərin Əsəd haqqında tənqidi fikirləri şəxsi işdir və Kremldəki ümumi əhval-ruhiyyəni əks etdirmir.
Əslində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Suriya prezidentinə qarşı narazılığı inkar və Suriya ilə bağlı “saxta xəbərlər”in yayılmasını tənqid edib.
Təəccüblü deyil ki, RİA-FAN tənqidi məqalələri saytından silib və bunun əvəzinə, Əsəd haqqında “saxta xəbərlər”, o cümlədən Türkiyə kəşfiyyatı tərəfindən təbliğ olunan korrupsiya barədə məqaləri “ifşa edib”.
Rəy sorğusu da fondun saytından silinib.
Bu qısamüddətli media fırtınası Rusiyanın Əsədi 2021-ci ilin prezident seçkilərində iştirakdan çəkinməyə məcbur edəcəyi ilə bağlı fərziyyələr fonunda baş verib.
Əsədin uzaqlaşdırılmasının Rusiyaya Suriyanın yenidən qurulması üçün Qərb vəsaitlərinin cəlbinə kömək edəcəyi iddiaları da var. Ancaq rus diplomatları Qərbin köməyinə inanmadıqlarını söyləyib.
Həm də Rusiyanın Əsədi əvəz etmək üçün adamı yoxdur. 2011-ci ildən bəri Suriya prezidenti ona istənilən təhlükə yarada biləcək hər kəsi meydandan kənarlaşdırıb.
Bəziləri rusların Əsədi əvəz etmək üçün Moskvanın dəstəklədiyi 5-ci Korpusun “Pələng” Qüvvələrinin rəhbəri general Süheyl əl-Həsənlə görüşdüyünü güman edir. Ancaq son vaxtlar Həsənin iqtisadi fəaliyyətinin məhdudlaşdırıldığı və Rusiyadan aldığı dəstəyə görə ələvi icması ilə məsafədə qaldığı bildirilir. Rusiya, ehtimal ki, rejimin dayaq bazasını bir araya toplaya bilməyəcək fiqura güvənməz.
2021-ci il seçkiləri Moskva üçün vacib bir siyasi aksiyadır. Əsəd, çox güman ki, 2014-cü ildəki kimi, saxta seçki rəqabəti təşkil etməyi planlaşdırsa da, Rusiya fərqli bir tənzimləmə görmək istəyir. Bu, Əsədin seçki prosedurlarını daha şəffaf etməklə, ən azından məntəqələrdə real rəqabət meydana gətirməsinə səbəb olardı.
Dəməşq müəyyən mənada konstitusiya islahatları da elan edə bilər.
Bu, Rusiyaya beynəlxalq aləmdə Əsəd əleyhinə olan düşmənçiliyi azaltmağa kömək edəcək.
Bütün bu media kampaniyası nə ilə bağlı idi?
Bir neçə düzgün izah var.
Birincisi, Dəməşqin tənqidi Rusiya siyasi elitasının sifarişi ola bilər.
İkincisi, bu, rusiyalı muzdluların suriyalılara işgəncə verməsi ilə bağlı müstəqil “Novaya qazeta” qəzetinin yaydığı xəbərlərdən diqqəti yayındırmaq üçün istifadə edilə bilər.
Üçüncüsü, bu, Rusiya iş adamlarının Suriya rejimi üzərində daha çox təsir əldə etməsi və daha gəlirli müqavilələr əldə etmək səyləri ilə əlaqələndirilə bilər.
Sanksiyaların təhdidini nəzərə alaraq, Rusiya hökuməti Suriyadakı iqtisadi məsələlərdə birbaşa iştirak etmir. Bunun əvəzinə, Kremlə yaxın olan müxtəlif oliqarxlar Suriyanın müharibə iqtisadiyyatında imkanlar axtarmağa başlayıb və aktivlərini qorumaq üçün ölkəyə özəl hərbi şirkətlər yerləşdiriblər.
2017-ci ildə Kremllə yaxın iş adamı Gennadi Timçenkonun nəzarətində olan “Stroytransqaz” şirkəti Raqqa yaxınlığındakı Şimal Qaz Emalı Zavodunun inşasını tamamlayıb, Xunayfis və əl-Şərqiyyə bölgələrində fosfat mədənlərində işlərə başlayıb.
Timçenko ilə əlaqəli digər bir şirkət – “STG Engineering” Tartusdaı liman qurğularına sahibdir.
Ölkədə neft və qaz kəşfiyyat işlərinə başlamağı planlaşdıran “Velada” və “Mercury” də daxil olmaqla, Suriyada daha az tanınan firmalar fəaliyyət göstərir. Hər iki şirkət özəl “Wagner” hərbi şirkətinin sahibi olduğu iddia edilən Priqojin ilə əlaqəlidir.
Əsəd verir, Əsəd də geri alır
Rusiya Məxluf işində birbaşa iştirak etmir. Moskvanın öz pulunu geri almaq istədiyi üçün Əsədin varlı dayısı oğlunu güdaza verməsi barədə mübahisələrin mənası yoxdur. Suriyanın Rusiyaya borcunu ödəməkdə çətinlik çəkdiyi bir vaxtda Məxluf ailəsi Moskvadakı dəbdəbəli mülklərə xeyli pul xərcləyib.
Rusiya Əsəd rejiminə pul vermək və ya yenidənqurma üçün pul ödəmək istəmədiyini (və ya edə bilmədiyini) açıq şəkildə bildirsə də, bu, Dəməşqin 3 milyard dolları geri qaytarmaq üçün həqiqətən çətin vəziyyətə düşdüyü anlamına gəlmir.
Rus diplomatları Moskvanın Suriya rejimi qarşısında krediti qaytarma məsələsini qaldırdığını inkar ediblər. Onlar həm də bildirib ki, Məxlufun Moskva mülkləri barədə ictimaiyyətə məlumat vermək, şübhəsiz ki, Kremlin marağında deyil.
Ruslar Əsəd və Məxluf klanları arasındakı qarşıdurmanı daxili məsələ kimi qəbul edir, baxmayaraq ki, bunun qeyri-sabitlik doğuracağını bilirlər.
Əsədlər və Məxluflar arasındakı gərginlik hələ 2018-ci ildən başlayıb. Əsas səbəblərdən biri də Rami Məxlufun gücünün və sərvətinin çox artmasıdır.
Müharibədən əvvəl onun Suriya iqtisadiyyatının 60 faizinə nəzarət etdiyi təxmin edilib. Dövlət aktivlərinin özəlləşdirilməsindən başqa, Məxluf özünə “Cənab 5 faiz” ləqəbi qazandıran ticarət sövdələşmələrində vasitəçi rolunu oynayıb.
Müharibə Məxlufa daha çox sərvət toplama imkanı verib, çünki ələvilərlə birlikdə 2011-ci ildən əvvəl Əsəd rejiminin əsas dayağını təşkil edən sünni burjuaziyasını iflasa uğradıb.
Dəməşqin getdikcə daha təhlükəli maliyyə vəziyyətini nəzərə alaraq, sarsıntı yalnız vaxt məsələsi idi. Xüsusilə, ABŞ sanksiyalarından sonra İrandan vəsait axını azaldıqda.
Məxluf və onun əmlakına hücumlar Əsədin antikorrupsiya kampaniyası adı altında ölkənin maliyyə qaynaqlarını birləşdirmək səylərinin bir hissəsidir. Rami Məxluf 2019-cu ildə başlayan antikorrupsiya səyləri ilə hədəf alınan yeganə insan deyil. Bu antikorrupsiya toruna düşənlər arasında yalnız Məxluf və Məhəmməd Hamşo kimi böyük balıqlar olmayıb. Torda Hələbdə zinət əşyaları taciritək tanınan Fransua Bonya da var.
İndiyə qədər Əsədin Məxlufla qarşıdurmada qalib gəldiyi görünsə də, Məxluf klanına hücumun ələvilər arasında parçalanma yarada biləcəyi təhlükəsi var. Bu da, öz növbəsində, nizamı poza bilər – Rusiyanın heç istəmədiyi bir şey.
Beləliklə, Suriya hakimiyyəti və işgüzar elitadakı qarşıdurmalar daxili haqq-hesab olsa da, Məxlufun işi təhlükəli dönüş edərsə, Moskva böyük eskalasiyanın qarşısını almaq üçün əlbəttə, öz ağırlığını göstərəcək.
Tərcümə: Strateq.az