Ola bilsin ki, son zamanlar ictimaiyyət qarşısına çıxmayan Kim Jong-un-ın sağlamlığı ilə bağlı fərziyyə və şayiələr boş söhbətlərdən başqa bir şey deyil. Lakin onu vəzifədə qısa müddətə və ya həmişəlik əvəz edə biləcək namizədlər haqqında söhbət aktuallığını itirmir.
Yenixeber.org: Şimali Koreyanın baş vəzifəsinə mümkün namizədlər barədə təhlilçilərlə söhbət etmişik.
1948-ci ildə Kim Il-sung tərəfindən qurulan Şimali Koreya dövlətinin başında həmişə Kim ailəsinin kişi üzvü durub. Bu ölkəni idarə edən ailə haqqında mifologiya dərin köklərə malikdir.
Möhtəşəm lider haqqında təbliğat vətəndaşlara hələ uşaq yaşlarında təqdim olunmağa başlayır: ölkə boyunca məktəbəqədər tədris müəssisələrində "Öndərimiz Kim Jong-un-ı görmək istəyirəm" adlı mahnı oxunur.
Bəs, görəsən siyasi və rəmzi əhəmiyyət daşıyan bu şəxs xaricində ölkəni təsəvvür etmək mümkündürmü? Və elitalar özlərini və bütövlükdə cəmiyyəti necə təşkil edə bilər?
Biz bu sualın cavabını sadəcə olaraq bilmirik. Daha maraqlı olan isə odur ki, cavabı heç onların özləri də bilmir. Çünki indiyədək belə bir şey baş verməyib.
Kim ailəsi həmişə var olub...
Kim Jong-unu vəzifəyə hazırlayarkən, onun hakimiyyətini legitimləşdirmək məqsədilə hətta "Paektu nəsli" ifadəsi ortaya çıxdı. Paektu, Kim Il-sunqun partizan müharibəsinə başladığı yer sayılır.
Bura həmçinin Kim Jong-unun anadan olduğu deyilən müqəddəs və mifoloji dağ sırasıdır. Kim Jong-un mühüm siyasi qərarların əhəmiyyətini nümayiş etdirmək istədiyi zaman məhz bu dağın zirvəsinə baş çəkir.
Şimali Koreyanın ideoloji qəlbində həmişə Kimlər ailəsi oub. Bəs, görəsən varissiz qalsa, Şimali Koreyanın vəziyyəti necə olardi?
Deyilənə görə, 36 yaşlı Kim Jong-un-ın 3 övladı var. Lakin onlar hələ çox gəncdir - ən yaşlı uşağın 10, ən balacasının isə üç yaşında olduğu güman edilir.
Kim Jong-un-ın özü də hakimiyyət başına gələndə gənc sayılırdı - onun cəmi 27 yaşı var idi.
Vyetnamda olduğu kimi, Şimali Koreyada da hakimiyyət başına bir növ kollektiv rəhbərlik gələ bilə bilər. Belə bir qrup öz siyasi mövqelərini gücləndirmək üçün sabiq liderin siyasi irsi və legitimliyinə əsaslana bilər.
Hazırda Şimali Koreyada əsas vəzifələrdə kimin olduğunu izləmək, açıq mənbələrdən vacib institutlar barədə məlumatları öyrənmək olar. Hərçənd ki, buna əsaslanan təhlilin öz çatışmaz tərəfləri var.
Belə ki, klanlar arasında əlaqələrin inkişafını və şəxsi münasibətlərə söykənən real hakimiyyətin kimə məxsus olduğunu görmək çətindir. Üstəlik, bəzən müavinlər və ya rəhbərləri əvəzləyən rəsmilər öz müdirlərdən daha qüdrətli olurlar.
Bu amil proqnozları xeyli çətinləşdirə bilər.
Kim ailəsinin üç üzvü
Kim Jong-un səhnədən yoxa çəkilərsə, Şimali Koreyanın gələcək siyasi quruluşuna Kim ailəsinin üç üzvü təsir göstərə bilər. Hər üçünün güclü və zəif tərəfləri var.
Bu sırada duran ilk şəxs, Kim Jong-un-ın kiçik bacısı Kim Yo-jong-dur.
Deyilənlərə görə, o, ən gənc yaşlarında siyasətə marağı ilə diqqəti özünə çəkərək atasının sevimlisi olub. Onun ünsiyyətdə effektiv, mülayim və olduqca diqqətli olduğu qeyd edilir.
Sinqapurdakı Trump-Kim zirvə görüşündə, o, müqaviləni imzalamaq üçün əlində tutduğu qələmi öz qardaşına uzatdı. Hanoyda keçirilən növbəti görüşdə isə o, Kim Jong-un-ın iştirak etdiyi rəsmi çəkiliş mərasimini kənardan izləyərkən nəzərə çarpmışdı.
Vyetnamdakı sammitdə buraxılan nöqsanlara görə, onun daha aşağı vəzifəyə keçirildiyi bildirilir, lakin bu məlumatı təsdiqləmək mümkün olmayıb.
Kim Yo-jong ölkənin ali idarəetmə orqanı - Dövlət İşləri Komissiyasının üzvü olmasa da, Siyasi Büronun tam üzvlüyünə namizəddir və Koreya Xalq Demokratik Respublikası İşçi Partiyasının Təbliğat və Təşviqat şöbəsinin (PAD) müdir müavinidir.
PAD qəribə bir qısaltma kimi səslənsə də, dövlət sisteminin daxilində ideoloji məsələlərə cavabdeh olan qüdrətli idarədir.
Özünün yüksək nüfuzuna rəğmən Kim Yo-jong qadındır və patriarxal ölkədə onun rəhbər olmasını təsəvvür etmək çətindir.
Kim Jong-chul ali vəzifəyə daha bir namizəd sayıla bilər.
O, Kim Jong-unun böyük qardaşıdır, lakin heç vaxt siyasətə və ya hakimiyyətə maraq göstərməyib. (Onun Eric Clapton-un yaradıcılığı ilə maraqlandığı məlumdur.)
Ən yaxşı halda Kim Jong-chul müəyyən bir fondun rəhbəri təyin olunaraq, ara-sıra nitqlərlə çıxış edə bilər.
Və sonuncu mümkün namizəd Kim Pyong-il-dir. O, Şimali Koreyanın ikinci lideri - Kim Jong-ilin ögey qardaşıdır.
1979-cu ildə Avropaya göndərilən Kim Pyong-il müxtəlif ölkələrdə Şimali Koreyanın diplomatik missiyalarına rəhbərlik edib.
O, ölkəyə yalnız keçən il qayıdıb və çox güman ki, siyasi fəaliyyəti üçün lazım olan əlaqələrə malik deyil.
Hazırda Şimali Koreyanın ikinci ən güclü şəxsi
Kim Jong-un dövründə nüfuz sahibi olan digər şəxslər də var, amma onların kimlə əməkdaşlıq və ya rəqabət edəcəyini demək çətindir.
Daha bir namizəd Choe Ryong-hae-dir. Onun Kim Jong-un hökumətində həm uğurları, həm də itkiləri olub.
Lakin bir çox təlatümlü dövrləri arxada qoyan Choe Ryong-hae Siyasi Bürönun Rəyasət Heyətinə üzv seçilib və Dövlət İşləri Komissiyası sədrinin birinci müavinidir.
Ötən il o, Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri təyin olunaraq, son 20 ildir ki, bu vəzifəni tutan ahıl yaşlı Kim Yong-nam-ı əvəzləyib və hazırda beynəlxalq danışıqlarda Şimalı Koreyanı təmsil edən yüksək rütbəli rəsmidir.
Choe eyni zamanda, hərbi nazirlik və Koreyanın İşçi Partiyasının nüfuzlu Təşkilat və Rəhbərlik İdarəsində (TRİ) yüksək vəzifələr tutub.
TRİ son dərəcə güclü qurumdur: o, Şimali Koreya ideologiyasına sadiqliyi təmin edir. Choe Ryong-hae Şimali Koreyanın ikinci ən güdrətli rəsmisi sayılır.
Köhnə casuslar və yüksələn siyasi fiqurlar
Daha bir namizəd Kim Yong-chol-du.
General Kim Yong-chol Trump-Kim sammitini təşkil etmək üçün, ABŞ Dövlət Katibi Mike Pompeo ilə bir neçə dəfə görüşüb. O, Vahid Cəbhə İdarəsinin (Cənubi Koreya ilə əlaqələrə cavabdehdir) və ölkənin əsas kəşfiyyat orqanı - Baş Kəşfiyyat Bürosunun rəhbəri olub.
Göründüyü kimi, ABŞ-la danışıqların dayandırılmasından sonra o, gözdən düşüb. Amma çox güman ki, bu kəşfiyyat generalı uzun müddət arxa planda qalmayacaq.
Kim Jae-ryong daha bir mümkün namizəddir.
O, Dövlət İşləri Komissiyasında təmsil olunub və ötən ildən bəri Nazirlər Kabinetinin başçısıdır. (Şimali Koreya siyasi sistemində Nazirlər Kabineti o qədər nüfuzlu qurum sayılmır.)
Kim Jae-ryong haqqında məlumat nisbətən azdır. Lakin məlumdur ki, son illər ərzində uğursuzluğa düçar bir sıra rəsmilərlə müqayisədə onun mövqeləri xeyli möhkəmlənib.
Kim Jae-ryong əsas hərbi-sənaye mərkəzlərinin yerləşdiyi ucqar əyalətə başçılıq edərək, bu sahəni yaxşı idarə etməklə ad çıxarıb. Bu, onun nüvə proqramında yaxından iştirak etməsinə dəlalət edə bilər.
Jong Kyong-taek siyasi cinayətləri araşdırıb cəza verən Dövlət Təhlükəsizlik İdarəsinin (DTİ) direktorudur.
DTİ həmçinin siyasi rəhbərliyin mühafizəsinə cavabdeh orqandır. O, sistemin daxili sabitliyini təmin etməkdə mühüm rol oynayır.
Hwang Pyong-so Silahlı Qüvvələrin ali komandanlığında mühüm hərbi vəzifələrdə xidmət edib. O, həmçinin TRİ idarəsinə də rəhbərlik edib.
Hwang Pyong-so (bir sıra başqa rəsmi kimi) töhmət alaraq cəzalandırılıb. Lakin onun reabilitasiya qazandığı barədə məlumat verilmir.
2010-cu illərin xarici siyasət dayaqları sayılan Ri Yong-ho və Ri Su-yong vəzifədən kənarlaşdırılıblar və onların yerinə Ri Son-Gwon və Kim Hyung-jun təyin olunub. Kim Hyung-jun-un general Kim Yong-chol-a yaxın olduğu güman edilir.
Güc nazirlikləri
Şimali Koreyadakı siyasi vəziyyətə Koreya Xalq Ordusunun (KXO) generalları da təsir göstərə bilər. Belə generallar arasında KXO Baş Siyasi Bürosunun (BSB) iki üzvünü - Kim Su-gil və Kim Won-hong-u qeyd etmək olar.
Generalların üzv olduğu büro, şəxsi heyətin siyasi sədaqətini təmin edir ki, bu, qeyri-müəyyənliyin hökm sürdüyü keçid dövründə taleyüklü məsələ ola bilər.
Ən üst elita arasında kimin kimə qarşı vuruşacağını demək çətindir.
Bəs, görəsən qeyri-sabitlik qorxusu rəqabəti dayandıra bilərmi? Belə ki, dövlətin çökməsi nəticəsində ölkə üzərində nəzarət Cənubi Koreya və ya hətta Çinin əlinə keçə bilər. Bu, isə yəqin ki, heç bir aparıcı siyasətçinin marağına daxil deyil.
Hazırda Şimali Koreya Xalq Demokratik Respublikasının ən yüksək vəzifəsinə ideal namizəd yoxdur: Kim Yo-jong-un namizədliyi patriarxal cəmiyyətdə seksizm və kişilərin varis olması ənənəsinə zidd ola bilər.
Digər namizədlər mühüm Paektu nəslinin bilavasitə törəmələri deyil. Lakin onların hamısı beynəlxalq normalara məhəl qoymadan qoruduqları dövlətin birliyi barədə düşünməli olacaqlar.(BBC)