Yenixeber.org: Koronavirus bütün dövlətlərə zərər verib. Dünyanın elə bir dövləti yoxdur ki, koronavirusdan əziyyət çəkməsin. Dünyanın ən inkişaf etmiş ölkələrində ağır iqtisadi və sosial durum yaranıb. ABŞ-da son 20 ildə milyonlarla yeni iş yerləri açılmışdı. İşsizllərin sayının azalmasına və yeni iş yerlərinin açılmasına milyardlarla dollar xərclənmişdi. Cəmi ay yarım ərzində Amerika həm 20 ildə qazandığı iş yerlərini itirdi, həm də işsizlərin sayı daha da artdı. Avropada da ağır vəziyyət yaranıb. Mütəxəssislər koronavirusla mübarizənin hələ ən azı bir il davam edəcəyini bildirirlər.
Azərbaycan hakimiyyəti də hazırda iki istiqamətdə fəaliyyət göstərir.
Birinci istiqamət koronavirusla aparılan mübarizədir və bu mübarizədə uğurlar var. Virusa yoluxanların sayı azalır, virusdan sağalanların sayı isə getdickə artır. Bu müsbət tendensiyadır. Ancaq virusun ikinci dalğasından da qorunmaq lazımdır.
İkinci istiqamət isə iqtisadiyyat və sosial sahədir. Hökumət aztəminatlı ailələrə kömək edir, iş yerlərinin qorunmasına çalışır. Sahibkarlara tapşırılıb ki, işdən azad etmələr olmasın. Ancaq neftin qiymətinin sürətlə düşməsi iqtisadiyyatımıza mənfi təsir edəcək. Azərbaycanın 2020-ci ildəki büdcəsində neftin 1 bareli 65 dollar götürülmüşdü. Azərbaycan bəzən 10-12 dollara neft satmaq məcburiyyətindədir. Bu da büdcəyə mənfi təsir edəcək.
Azərbaycan cəmiyyəti digər ölkələrin cəmiyyətləri kimi baş verənlərə görə Çini tənqid edir. Sosial şəbəklərdə Çin haqqında müxtəlif fikirlər yayılır. Onları bir neçə qrupa aid etmək olar.
Birinci qrup Çini sərt şəkildə tənqid edir. Bu tənqidçiləri ümumi şəkildə Çin haqqında bunları yazırlar: “Koronavirusun yayılmasına görə Çin günahkardır. Çin virusun yayılmasını bir müddətini beynəlxalq aləmdən gizlətdi. Ona görə də koronarivus bütün dünyaya və Azərbaycana yayıldı. Bunun günahkarı Çindir. Bundan sonra Çinlə əməkdaşlıqda ehtiyatlı olmaq lazımdır. Çin uyğur türklərini incidir. Çinin uyğurlara qarşı zülmünə göz yummaq olmaz. Virus Çində azalıb. Çin virusa görə beynəlxalq aləmdən üzr istəmədi. Ona görə də Amerikanın və bəzi Avropa dövltələrinin Çinə qarşı maddi təzminat tələblərini dəstəkləyirik. Çin virusu dünyaya yaydığına görə maddi təzminat ödəməlidir”.
İkinci qrupda olanlar da Çini tənqid edirlər, ancaq bu ölkə ilə əməkdaşlığın vacibliyini də vurğulayırlar: “Son 20 ildə dünyada 4 virus yayıldı. Bunlardan 3-ü (quş qripi, donuz qripi və koronavirus) Çindən yayıldı. Sonuncu virus daha dəhşətli idi. Buna baxmayaraq, Azərbaycan Çinlə əməkdaşlığı davam etdirməlidir. Çünki, Çinin böyük iqtisadiyyatı və maliyyəsi var. Azərbaycan gələcəkdə bu imkanlardan istifadə etməlidir”.
Üçüncü qrup isə Çini yox Amerika Birləşmiş Ştatlarını tənqid edir: “Virusu dünyaya Çin yox, Amerika yaydı. Çin virusdan sonra güclənəcək və dünyanın əsas dövlətinə çevriləcək”.
Ancaq üçüncü qrupa aid onlarlar izah edə bilmirlər ki, əgər virus Amerika laboratoriyalarında hazırlanıbsa, niyə virusdan ən çox əziyyət çəkən də Amerikadır?
Çin Bakıya və Sumqayıta bir neçə dəfə yardımlar və maskalar göndərdi. Pekin bu yardımları müxtəlif dövlətlərə, o cümlədən Azərbaycana ona görə edir ki, Çinin tənqidçiləri azalsın.
Aydındır ki, rəsmi Bakı Çinlə münasibətlərini dəyişməyəcək. Əlaqələr davam edəcək. Ancaq rəsmi Bakı Çinin investisiyalarına ehtiyatla yanaşacaq. Çin hansı ölkəyə investisiya qoyursa həmin həmin ölkəyə işçilərini də gətirir. Çinin Mərkəzi Asiyadakı layihələrində çinlilər çalışır. Həmin çinlilərlə yerli əhali arasında tez-tez münaqişələr yaranır. Bu hadisələrin Azərbaycanda təkrarlanmasına imkan vermək olmaz.
Buna baxmayaraq, rəsmi Bakı Ankara kimi Bakı-Tbilisi-Qars dəmiryolunun tam həcmdə yük daşımasını istəyir. Bu dəmir yolu Xəzər dənizi üzərində Mərkəzi Asiya ölkələrinə qədər uzanır. Bakı və Ankara Çinin bu dəmiryolu ilə Avropa bazarlarına yük daşımasını istəyir. Çin bu laiyəhəyə qoşulmadan dəmiryolu tam həcmdə işləməyəcək. Bakı-Tbilisi-Qars dəmiryolunun effektiv çalışması üçün Çin mallarına ehtiyacı var. Belə ehtimallar var ki, Çinin özü də koronavirusun yayılmasına görə özünü sığortalamaq üçün Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
“Atlas” Araşdırmalar Mərkəzi