Operativ Qərargah üçün səmərəli ABŞ nümunəsi:Üçmərhələli koronavirus tədbirləri
Koronavirusa qarşı mübarizədə alınan karantin tədbirləri iqtisadiyyatlarda böyük çöküşlərə səbəb olur. Cari planda olmasa belə, perspektivdə bunun zərərləri xəstəliyin özündən daha böyük təhlükə yarada bilər.
Yenixeber.org: Məlumata görə, “əsrin mərəzi”nə qarşı ən böyük imtahanı verən ABŞ administrasiyası da bunun fərqindədir.
Prezident Donald Tramp bu gün keçirdiyi mətbuat konfransında bu həqiqəti dilə gətirərək, koronavirusla bağlı alınan tədbirlər səbəbindən ölkə iqtisadiyyatının ciddi zərər gördüyünü açıqlayıb. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı uzun müddət bu məhdudlaşdırıcı tədbirlərə duruş gətirə bilməz. Odur ki, ağır karantin rejimindən 3 mərhələli yumşalma prosesinə keçmək lazımdır.
“Əldə etdiyimiz məlumatların işığında mütəxəssislər qrupumuz virusa qarşı mübarizəmizdə növbəti cəbhəyə keçməyə qərar verdi. Biz bu prosesi "Amerikanın yenidən açılması" adlandırırıq", - D.Tramp çıxışında belə deyib.
Üçmərhələli açılım planının məcburi xarakter daşımadığını vurğulayan Prezident Ağ ev tərəfindən hazırlanan layihənin həyata keçirilib-keçirilməmə səlahiyyətini ştat qubernatorlarının ixtiyarına buraxdığını açıqlayıb: “Bəzi ştatlar koronavirusdan təsirlənməyiblər. Bu statlar mayın 1-dən əvvəl karantin tədbirlərini yumşaltma prosesinə başlaya bilərlər. Ancaq hansı ştat bundan ehtiyat edirsə, onun məhdudlaşdırıcı rejimi davam etdirməsinə icazə verəcəyik."
Bəs bu 3 mərhələli plan nədən ibarətdir?
Ağ Evin planına görə, koronavirus karantinini yumşaltmaq üçün ilk mərhələdə mövcud qadağalarının bir çoxu davam edəcək. Bununla yanaşı, sosial məsafəni saxlamaq şərti ilə bəzi iş yerlərinin, idman salonlarının, ibadət yerlərinin, restoran və kinoteatrlar açılmasına icazə veriləcək. Barlar isə bu mərhələdə bağlı qalacaq.
İkinci mərhələdə, koronavirusa yoluxma halları artmayacağı təqdirdə həyati əhəmiyyət daşımayan səyahətlərə də icazə verilə, sosial məsafəni qoruyub saxlamaq şərtilə birinci mərhələdəki yerlərə məktəblər və barlar da əlavə oluna bilər.
İlk iki mərhələdə heç bir problemlə qarşılaşmayan ştatlar üçüncü mərhələyə keçmək səlahiyyətində olacaqlar. Üçüncü mərhələdə yenə sosial məsafəni qoruyaraq restoran və barların müştəri qəbuletmə potensialını artırması, qoca və kimsəsiz evlərinə ziyarətçi qəbuluna izn verilməsi nəzərdə tutulur.
Bütün bu mərhələlərdə həssas qrupların heç kimlə təmas qurmamasının, iş yerlərində sosial məsafəni gözlənilməsi vazkeçilməz şərtlərdəndir.
Qeyd edək ki, ABŞ-da indiyədək 700 minə yaxın insanın koronavirusa yoluxduğu, onlardan 34 min 641-nin dünyasını dəyişdiyi, hazırda 13 min 369 xəstənin əcəllə ölüm-qalım mübarizəsinə girdiyi xəbər verilir. Buna baxmayaraq, ölkədə koronavirusun yayılma arealı bütün ştatları eyni dərəcədə əhatə etmir. Əsasən Nyu-York, Nyu-Cersi, Massaçusets, Miçiqan, Pensilvanya, Koliforniya kimi bölgələrdə yayılan bu virus bir çox digər ştatlara ciddi təsir etməyib. Trampın açıqlamalarından belə görünür ki, koronavirusda az təsirlənən bölgələr normal həyata qayıda biləcəklər.
ABŞ-ın koronavirusla bağlı həyata keçirdiyi bu tədbirlər planı Azərbaycan üçün də səmərəli nümunə ola bilər. Əvvəla, ona görə ki, super dövlətdən fərqli olaraq Azərbaycanda koronavirusun geniş yayılmadığı bəllidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, indiyədək bizdə cəmi 1283 yoluxma halı aşkarlanıb, 15 nəfər dünyasını dəyişib. Hazırda 808 nəfərin koronavirusdan əziyyət çəkdiyi ölkəmizdə sağalan xəstə sayında da ciddi irəliləyiş var - 460 nəfər. Vəziyyəti ağır və ya orta ağır olanların sayı isə 28-dir. Dünən cəmi 30 nəfərdə koronavirus aşkarlanan Azərbaycanın vəziyyəti ABŞ-ın ən sağlam ştatlarından belə yaxşıdır.
Üstəlik, dünyanın super gücü sayılan ABŞ-ın iqtisadi vəziyyəti də bizimlə müqayisə edilə bilməz. Ağ ev bu yüngül şərtlər çərçivəsində belə ölkə iqtisadiyyatının karantin tədbirlərinə duruş gətirməyəcəyindən ehtiyatlanır. Azərbaycan isə bu günə qədər əsasən neft satışlarıyla özünü dolandıra bilirdi. Son zamanlar qlobal neft bazarında yaşanan çöküşlərlə ölkəmizdə bu eranın bitdiyi ölkə başçısı tərəfindən bir neçə il əvvəl dilə gətirilmiş, qeyri-neft sektorunun inkişafı dövrün prioriteti kimi qəbul olunmuşdu. Sözsüz ki, Azərbaycan insanı evdə oturmaqla ölkə rəhbərliyinin qarşıya qoyduğu bu iqtisadi hədəfi reallaşdıra bilməz. Nəticədə yenə neftə ümidimizi bağlamalı olarıq. Neftin qiyməti isə OPEC+ dövlətlərinin bütün siyasətlərinə baxmayaraq, 30 ABŞ dolları/barreldən yuxarı qalxa bilmir. Azərbaycanın 2020-ci il büdcəsində neftin qiymətinin 45 dollardan götürüldüyünü nəzərə alsaq, ölkəmizin qeyri-neft sektorunun inkişafı proqramını təcili həyata keçirməkdən başqa çarəsi yoxdur. Bunun üçün insanlar evdən çıxa, işgüzar fəaliyyətlərini davam etdirə bilməlidirlər.
Azərbaycanda isə bəlkə də dünyanın ən ağır karantin tədbirləri həyata keçirilir. Hətta indiyədək 230 mindən çox insanın koronavirusa yoluxduğu, minlərlə insanın bu səbəbdən öldüyü Nyu-Yorkda belə insanlar icazə ilə çölə çıxmırlar.
Ümidvarıq ki, Operativ Qərargah qələmə aldığımız bu faktları nəzərə alıb ABŞ təcrübəsindən yararlanacaq.(ovqat.com)