Milyon dollarlıq qaçış –Amerikalılar SSRİ-dən gizli qaçan DTK zabitinə kələk gəliblər
Yenixeber.org: Tərəflərin razılığından və məxfiliyin tam təmin olunmasına əminlikdən sonra görüşün Polşanın paytaxtı Varşava şəhərində keçirilməsi qərara alınır. Beləliklə, 1979-cu ilin dekabr ayının sonunda Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanlarının üç əməkdaşı ilə SSRİ DTK-sının mayoru Viktor Şeymovun Varşavada görüşü baş tutur. İki saatdan artıq davam edən görüşdə tərəflər şərtlərini açıqlayırlar, DTK mayoruna əməkdaşlığa görə 1 milyon dollar təklif olunur. Şeymov məbləğlə razılaşır, amma daha bir şərtini bildirir, onunla birgə həyat yoldaşı və 5 yaşlı qızının SSRİ-dən təhlükəsiz çıxarılması təmin edilməlidir. Bununla da 1 milyonluq sövdələşmədə razılıq əldə olunur...
Viktor Şeymov 1946-cı ildə Moskvada anadan olub. Atası sovet ordusunda xidmət edib, polkovnik rütbəsi daşıyıb, anası həkim-stomatoloq işləyib. Viktor orta təhsilini Moskvanın tanınmış məktəblərinin birində, 45 nömrəli orta məktəbdə alıb, texniki fənnlərə böyük maraq göstərib, bu sahədə həmyaşıdlarından fərqlənib və təhsilini əla qiymətlərlə başa vurub. Viktor Şeymov ali təhsilini Bauman adına Moskva Ali Texniki məktəbində alıb, bu təhsil ocağını da fərqlənmə diplomu ilə bitirib.
Kosmos texnikası konstruktoru ixtisasına yiyələnən Viktor Şeymov ilk əmək fəaliyyətinə Moskvadakı qapalı elmi-tədqiqat institutunda başlayıb və o, burada işə başlayarkən DTK tərəfindən nəzarətə götürülüb. Ümumiyyətlə, bu müəssisədə çalışan əməkdaşların hamısı DTK nəzarətində olublar.
Bir müddət bu qurumda işlədikdən sonra ictimai fəallığı, bilik və bacarığı nəzərə alınaraq dövlət təhlükəsizliyi orqanlarına xidmətə qəbul olunması üçün Şeymovun şəxsi işi DTK-nın kadrlar idarəsinə göndərilib. Xüsusi yoxlamanın müsbət nəticələrindən sonra Viktor Şeymov 1971-ci ildə DTK orqanlarına xidmətə götürülüb.
DTK kurslarını bitirdikdən sonra Viktor Şeymov rabitə, kriptoqrafiya və məxfi şifrələnmə xidmətini kurasiya edən 8-ci baş idarənin əməkdaşı kimi xidmətə başlayıb. O, mütəxəssis kimi SSRİ-nin xarici ölkələrdəki səfirliklərinin və DTK rezidentlərinin Moskva ilə informasiya mübadiləsində məxfiliyinə və texniki təhlükəsizliyinə cavabdehlik daşıyıb.
Xidməti işi ilə əlaqədar tez-tez xarici ölkələrdə ezamiyyətlərdə olan Şeymov həmin ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında da kifayət qədər məlumatlı olub. Ən mürəkkəb şifrələrin açılmasının mahir ustası olan Viktor Şeymov dövlətlərarası “gizli oyunlar”ın haradan qaynaqlandığını da yaxşı bilib.
Ümumiyyətlə, o, məxfi rabitə sahəsi üzrə ən güclü mütəxəssislərdən biri sayılıb. Elə onun ABŞ kəşfiyyatınının diqqətini cəlb etməsi də məhz güclü mütəxəssis olmasından irəli gəlib. Şeymov Amerika kəşfiyyatı üçün vacib və lazımlı bir fuqur sayılıb.
Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ xüsusi xidmət orqanları 1979-cu ildə Varşavada Şeymovla danışıqlara giriblər və razılaşma ilə nəticələnən danışıqlardan sonra Viktor Şeymov şərti olaraq “Sapfir” adını alıb.
Danışıqların şərtlərinə uyğun olaraq 1980-ci ilin may ayının 15-də Viktor Şeymov həyat yoldaşı və qızı ilə SSRİ-dən qaçırılıb. Onların sərhəddən necə keçirilməsi dəqiq məlum olmasa da, bu haqda iki versiya irəli sürülüb.
Birinci versiyaya görə, ailə Leninqraddan Finlandiyaya ABŞ kəşfiyyatına işləyən digər bir DTK zabitinin vasitəsi ilə keçirilib.
İkinci versiyaya görə isə, Şeymova ABŞ-ın SSRİ-dəki səfirliyində qərb ölkələrinə reysləri icra edən təyyarələrin birinin pilotunun sənədləri düzəldilib. Həyat yoldaşı və qızı isə məxfi möhürlü yük konteyneri ilə təyyaryə keçirilib.
Maraqlı məqamlardan biri odur ki, Şeymovlar ailəsi yoxa çıxdıqdan sonra onların öldürülməsi versiyası səslənib. Hər halda DTK zabitinin yoxa çıxması adi bir hadisə sayılmayıb. Ölüm faktını təsdiqləyən dəlillərin ortaya çıxmaması DTK rəhbərliyini ciddi narahat edib.
Amma baş verən digər bir hadisə Şeymovun həqiqətən də öldürülməsini qismən də olsa təsdiqləyib. Belə ki, DTK zabitinin ailəsi ilə birlikdə öldürülməsi hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılıb. Bu araşdırmalar altı ay nəticəsiz qalıb. 1980-ci ilin dekabr ayında DTK katibliyinin rəis müavini Vyaçeslav Afanasyevin Moskvanın “Jdanov” metrostansiyasında xətt milis bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilməsi Şeymov məsələsinə aydınlıq gətirib. Qeyd edək ki, metroda DTK zabitinin milislər tərəfindən öldürülməsi heç bir siyasi motiv daşımayıb, hadisə sırf tamah məqsədi daşıyıb. Amma buna baxmayaraq, bu hadisədən sonra DTK sədri Yuri Andropovla daxili işlər naziri Nikolay Şelekovun böyük müharibəsi başlanıb. Bu müharibənin sonu nazirin və həyat yoldaşının intiharı ilə nəticələnib.
Metrodakı qətl hadisəsi ilə bağlı 4 milis əməkdaşı həbs edilib və istintaq başlanıb. Eyni zamanda Şeymovlar ailəsinin istintaqı da davam edib. 1981-ci ildə milis əməkdaşlarına ölüm hökmü cəzası veriləndə, onlar vaxt qazanmaq üçün məhkəmədə daha bir cinayət törətdiklərini, daha bir DTK zabitini qətlə yetirdiklərini “etiraf” ediblər. Məqsəd ölüm cəzasının icrasının vaxtının uzadılması, yaxınlarının hökmün dəyişdirilməsinin mümkünlüyü söyləmələri olub. Bununla da, Şeymovun SSRİ-dən qaçması ehtimalını heç kim ağlına gətirməyib və 1985-ci ilə qədər Şeymovun yoxa çıxması müəmma olaraq qalıb.
Uğurlu qaçışından iki həftə sonra, 1980-ci ilin iyun ayında sabiq DTK mayoru Viktor Şeymov ABŞ-da öz işinə başlayıb. Məhz onun informasiyalarına əsasən, Moskva ətrafında məxfi rabitə qurğularına Amerika kəşfiyyatçıları müdaxilə edə biliblər, Moskva ilə SSRİ-nin xarici ölkələrdəki səfirliklərinin və DTK rezidentlərinin informasiya mübadilələri ABŞ xüsusi xidmət orqanları tərəfindən quraşdırılmış xüsusi qurğulara yazılaraq Vaşinqtona göndərilib.
Şeymov sosialist düşərgəsində olan ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində əsas fiqurlardan biri olub. Bir sözlə, ABŞ-da Viktor Şeymovun bildiklərindən və imkanlarından maksimum istifadə olunub.
Amma bunların müqabilində Şeymova Varşava sövdələşməsində ona təklif olunan 1 milyon dollar ödənilməyib. Viktor Şeymova mənzil və avtomobil verilib, qızının və həyat yoldaşının təhsil haqqı ödənilib və 200 min dollar pul verilib. Bundan razı qalmayan Şeymov məhkəməyə müraciət edib. Onun iddiası qismən təmin edilib. Amma sonralar özü dediyi kimi, o, amerikalılardan pulunu son sentə qədər ala bilməyib.
Şeymovun ABŞ-da olması haqqında təxmini məlumat isə SSRİ-yə ilk dəfə 1985-ci ildə daxil olub. Həmin vaxt Viktor Şeymov ABŞ vətəndaşı olub. 1988-ci ildə isə sabiq DTK zabitinin Amerika kəşfiyyatında xidmət etməsi tam təsdiqini tapıb.
İlk dəfə 1990-cı ildə jurnalistlərə müsahibə verən Viktor Şeymov SSRİ-dən qaçmasının, Amerika kəşfiyyatına xidmət etməsinin səbəbini belə açıqlayıb:
“Mən bütün gücümlə kommunizmə “gedən” SSRİ-ni dağıtmağa cəhd etmişəm. Bu ölkədə baş verən iyrənc oyunlara bələd olan biri kimi, SSRİ ilə mübarizədə ən yaxşı yolu Amerika kəşfiyyatında xidmət etməkdə görmüşəm və bu seçimimdə yanılmamışam...”
Viktor Şeymov 2019-cu ildə, 73 yaşında Virciniya ştatında ağciyər xəstələyindən vəfat edib.
Qeyd edək ki, amerikalı jurnalist Devid Xoffmanın Viktor Şeymov haqqında yazdığı kitabın əsasında “Milyon dollarıq casus” filmi çəkilib.(musavat)
İlham Cəmiloğlu