Şahmat dahisinin oteldə müəmmalı ölümü –Alyoxin SSRİ-dən gəlmiş Botvinnikə rəqib idi
Yenixeber.org: Ölüm onu Portuqaliyanın Eştoril şəhərindəki “Park” mehmanxanasında yaxalayıb. 24 mart 1946-ci ildə mehmanxana xidmətçisi nömrələrdə təmizlik işləri aparanda otaqların birində orta yaşlı kişinin kresloda tərpənməz vəziyyətdə qaldığını görüb, O, bir neçə dəfə “cənab, sizi narahat edə bilərəmmi” sualını təkrararlasa da, cavab almayıb. Dərhal mehmanxanaya hüquq-mühafizə orqanlarının əməkdaşları və tibbi personal çağrılıb. Ölən şəxsin əyləşdiyi kreslonun qarşısındakı kiçik masada bir neçə boşqab və şahmat taxtası olub. Fiqurlar hamısı səliqə ilə düzülsə də, heç bir gediş edilməyib. Nömrədə şübhə yaradacaq heç nə aşkarlanmayıb. Tibbi ekspertizanın nəticələrinə görə, ölmüş şəxsə heç bir fiziki təsir göstərilməyib. Nəticələrdə ölümün səbəbi şəxsin qidalandığı zaman qəbul etdiyi ət parçasının nəfəs borusuna düşərək tənəffüsün dayanması göstərilib. Və təbii ki, həmin şəxsin kimliyi də müəyyənləşdirilib - şahmat üzrə dünya çempionu Aleksandr Alyoxin...
Aleksandr Alyoxin 1892-ci ildə Moskvada zadəgan ailəsində anadan olub. Maddi durumu zəngin olan ailədə Alyoxinin təhsilinə xüsusi diqqət yetirilib. O, gimnaziyada və imperator məktəbində təhsil alıb.
Artıq 6-7 yaşlarında Aleksandr Alyoxinin şahmata sonsuz həvəsi valideynlərinin və ətrafdakı insanların diqqətindən yayınmayıb. Vaxtını əsasən şahmat məşqlərinə sərf edən Alyoxin 1907-ci ildən, 15 yaşında etibarən beynəlxalq şahmat turnilərinə qatılıb. İlk illər böyük uğurlar qazanmasa da, o, ruhdan düşməyib, daha ciddi şəkildə məşqlərini davam etdirib.
1913-cü ildə Alyoxin ilk böyük uğurunu qazanıb, tanınmış şahmatçı Stepan Levitskiyə 7-3 hesabı ilə qalib gələrək Sxeviningen turnirində birinciliyə sahib olub.
Bir il sonra, 1914-cü ildə Peterburqda keçirilən şahmat üzrə Rusiya birinciliyində Alyoxin növbəti uğurunu qazanaraq qalib titulu qazanıb.
Beləliklə, ardıcıl mötəbər turnirlərdə bir-birinin ardınca qələbələr qazanan Alyoxin tanınmış şahmatçılar tərəfindən ciddi rəqib kimi qəbul edilməyə başlayıb.
1917-ci ildə oktyabr inqilabından sonra Rusiyadakı ictimai-siyasi vəziyyət Alyoxinin həyatına ciddi mənfi təsir göstərib. Zadəgan ailələrinə olan xoşagəlməz münasibət Alyoxinin ailəsindən də yan keçməyib. Sonralar Alyoxin müsahibələrində bu münasibət haqqında belə açıqlama verib:
“Qırmızıların zadəgan ailələrinə münasibəti dözülməz idi. Tanınmış bir şahmatçı kimi mən də hədəfdə idim. Çıxış yolu tapmaqda çətinlik çəkirdim, digər tərəfdən şahmat karyeramda da problemlər yaranırdı. Bu ərəfələrdə mötəbər turnirlərdə içtirakıma qadağa qoyulurdu. Mən Rusiyadakı yeni rejimi qəbul edə bilmirdim. Ölkədən çıxmağım isə mövcud dövrdə mümkünsüz idi. Mən məcbur olub bir müddət yeni rejimdə özümə yer etməliydim. Beləliklə də mən dövlət qulluğunda işə düzəldim. Eyni vaxtda iki vəzifədə işləyirdim, Moskva şəhər İcraiyyə komitəsində və Moskva cinayət-axtarış idarəsində. Bu addımdan sonra mən 1920-ci ildə Moskvada keçirilən Ümumrusiya olimpiadasında iştirak etmək hüququ qazandım və çempion oldum”.
1920-ci ilin sonunda Aleksandr Alyoxin pul müqabiləndə xarici kəşfiyyata işləməkdə ittiham olunub. Bir müddət “ÇK”-da sorğu-suala tutulan şahmatçı çox çətinliklə bu böhtandan yaxasını qurtara bilib.
1921-ci ildə həyat yoldaşı Aleksandra Batayeva ilə nikahını pozduqdan sonra Alyoxin Fransaya mühacirət edib. 1925-ci ildə isə bu ölkənin vətəndaşlığını alıb.
Avropada məskunlaşan Alyoxin dünya çempionu titulunu qazanmaq üçün bütün gücünü səfərbər edib. O, bütün seçim turlarından qalib çıxaraq bu adın bir addımlığında dayanıb, sonuncu dünya çempionu olan kubalı şahmatçı Raul Kapablankanı mübarizəyə dəvət edib. “Məğlubedilməz” titulu ilə məşhur olan kubalı şahmatçı dünya çempionu adı uğrunda şahmat taxtasının arxasına keçmək üçün öz şərtlərini diktə edib. Şərtlərə əsasən iddiaçı, yəni Alyoxin mükafat fondu üçün 10 min dollar və oyunun keçirilməsində sərf olunacaq bütün xərcləri öz üzərinə götürməli olub. Beləliklə, şərtlərlə bağlı şahmat tarixində məşhur olan “London protokolu” imzalanıb.
Alyoxin üçün bu məbləğləri əldə etmək çətin olub. Həmin dövrdə 10 min dollar böyük bir məbləğ sayılıb. Ruhdan düşməyən Alyoxin sponsor axtarışına başlayıb, bütün mümkün variantlara əl atıb. Nəhayət, çoxsaylı müraciətlərdən birinə real cavab gəlib. Argentina hökuməti matçın mükafat fondunu və bütün xərclərini öz üzərinə götürüb. Amma matçın Buones-Ayresdə keçirilməsi şərtilə.
Tərəflərin razılığından sonra 1927-ci ilin payızında çempionata start verilib. Şərtlərə görə, qələbə sayında 6 xalı ilk qazanan şahmatçı çempion sayılıb. İki ay davam edən çempionatda Aleksandr Alyoxin 6-3 hesabı ilə 4-cü dünya çempionu adını qazanıb.
Fransya qayıtdıqdan sonra jurnalistlərə verdiyi müsahibəsində Alyoxin təəsüratlarını belə bölüşüb:
“SSRİ-də hər şeyin mifləşdirildiyi kimi, Kubada da belə bir ənənə yaranıb. Necə ki, Raul Kapabalankanı mifləşdirərək, “məğlubedilməz” etmişdilər. Heç kim qarşısındakının gücünə bələd olmadan özünü məğlubedilməz saymamalıdır...”
Alyoxinin bu açıqlaması SSRİ-də böyük səs-küyə səbəb olub. SSRİ-nin ədliyyə komissarı Nikolay Krılenko isə Alyoxin haqqında öz sərt fikirlərini gizlətməyib:
“Alyoxinin bu müsahibəsindən sonra bizim onunla heç bir xoş münasibətimiz ola bilməz. O, bizim düşmənimizdir və biz onu düşmənimiz kimi islah etməliyik...”
1937-ci ildə Alyoxin dünyanın şahmat tacına ikinci dəfə sahib olub, o, hollandiyalı şahmatşı Maks Eyveyə böyük xal hesabı ilə qalib gələrək yenidən dünya çempionu olub.
Növbəti dünya çempionatında mövcud şrtlərə görə Alyoxinin SSRİ şahmatşısı Mixail Botvinniklə görüşməsi planlaşdırılıb. 23 mart 1946-cı ildə FİDE növbəti dünya çempionatanın keçirilməsinin əsas şərtlərini rəsmiləşdirib. Səhərisi gün isə yuxarıda qeyd etdiyimiz kimi, Alyoxin Portuqaliyada mehmanxanada vəfat edib.
Alyoxinin müəmmalı ölümü kifayət qədər səs-küyə səbəb olub, qalmaqal yaradıb. Bəzi versiyalara görə, şahmatçı SSRİ-nin xüsusi xidmət orqanları əməkdaşları tərəfindən zəhərlənib.
53 yaşında dünyasını dəyişən Aleksandr Alyoxin Portuqaliyada dəfn olunub. 1956-cı ildə SSRİ tərəfindən Alyoxinin Novodeviçye qəbirstanlığında, doğmalarının yanında yenidən dəfn olunması təklifi səslənib. Ancaq şahmatşının ikinci həyat yoldaşı Qreys Alyoxina bu təklifə razılıq verməyib. Onun istəyi ilə Aleksandr Alyoxin daha çox yaşadığı Fransada ikinci dəfə dəfn edilib. Onun məzarüstü daşının üzərinə bu sözlər yazılıb: “Rusiya və Fransanın şahmat dahisi”.
Aleksandr Alyoxin yeganə dünya çempionu olub ki, bu titulu daşıyarkən vəfat edib.(musavat)
İlham Cəmiloğlu