Koronavirusun yaratdığı neft böhranı - nə etməli? -TƏHLİL
Yenixeber.org: Dünyada koronavirus təhlükəsinin yayılması qlobal iqtisadiyyata özünün mənfi təsirlərini artıq göstərməyə başlayıb. Beynəlxalq səviyyədə iqtisadi artımın azalması neft qiymətlərinin də kəskin azalması ilə müşahidə edilir. Artıq qara qızılın bazar qiymətləri ilə bağlı ən bədbin proqnozlar səsləndirilir.
Məsələn, “Goldman Sachs” bankının analitikləri güman edir ki, neftin ucuzlaşması davam edə bilər. Analitiklər bazardakı dəyişkənliyi nəzərə alaraq, neftin qiyməti bir barelə görə 20 dollaradək düşəcəyini ehtimal edirlər.
Onların fikrincə, bunun əsas səbəbi Rusiyanın OPEC-lə neft hasilatını azaltması üzrə razılaşmamağıdır. Bundan əvvəl isə, qara qızıl bazarına dünyada sürətlə yayılmış koronavirus zərbə vurmuşdu.
Qeyd edək ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,31% azalaraq 1 barelə görə 33,36 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 27,86% azalaraq 29,78 dollar təşkil edib.
Bu cür vəziyyət, bir neçə il əvvəl dünyanın əsas neft ixracatçısı olan OPEK-lə bu təşkilata üzv olmayan neft tədarükçüləri arasında qurulmuş müsbət əməkdaşlıqda da çatlaqlara yol açıb. Artıq bu çatlaqların ilk bəlirtiləri özünü göstərməkdədir.
Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft korporasiyasının neftin qiymətini kəskin azaltması Rusiyanın bu enerji daşıyıcısı üzrə dünya bazarındakı mövqeyinin zəifləməsinə yönəlib. Bu barədə “The Wall Street Journal”-a Neft İxrac edən Ölkələr Təşkilatında (OPEC) olan mənbələr bildirib.
"Bu, Rusiya bazar seqmentinin payını ələ keçirmək üçün təcavüzkar bir kampaniyanın elementidir", - mənbələr qeyd edir.
Qeyd edək ki, şənbə axşamı "Saudi Aramco" rəhbərliyi ABŞ-a neft tədarükünün qiymətinin bir barel üçün 7, Şimali Avropa ölkələr üçün 8, Cənub-Şərq ölkələri üçün 6 dollar ucuzlaşdıracağı barədə xəbərdarlıq edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin iclasında neft hasilatının əlavə olaraq azaldılması barədə razılığa gəlmək mümkün olmadı. OPEC üzvləri bu dəfə “OPEC+” koalisiyasının ən böyük neft istehsalçısı olan Rusiya ilə kompromisə gələ bilmədilər. Nəticədə Londonun ICE birjasında “Brent” markalı xam neftin qiyməti “OPEC+” mexanizmi fəaliyyətdə olduğu dövrdən, yəni 2017-ci ildən indiyədək ilk dəfə 45 dollar/barreldən aşağı düşdü. OPEC isə yaxın həftələrdə Rusiya ilə məsləhətləşmələrin yenidən aparılacağına ümidvardır.
“OPEC+” nazirlərinin martın 6-da keçirilən 8-ci görüşündə OPEC neft hasilatına dair məhdudiyyətin dərinləşdirilməsini və mövcud sazişin müddətinin uzadılmasını təklif etdi. Lakin Rusiya və Qazaxıstan hasilatın əlavə olaraq azaldılması təklifini qəbul etmədilər. Beləliklə, nazirlər neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılığa gələ bilmədilər və bu, neftin qiymətinə dərhal öz təsirini göstərdi. Vyanadan gələn xəbərlər fonunda qiymət həmin gün 10 faizədək ucuzlaşdı.
Rusiya sazişdən çıxmayıb və nazirlər istənilən vaxt əməkdaşlıq üçün toplaşa biləcəklər. OPEC-in baş katibi Məhəmməd Barkindonun sözlərinə görə, kartel yeni həll yolları üçün səylərini davam etdirəcək. İranın Neft naziri Bijən Namidar Zəncənə isə bildirib ki, yaxın həftələrdə yeni məsləhətləşmələr aparılacaq. Çünki bazarda neft hasilatına dair yeni ixtisarlarla bağlı qərara ehtiyac var və bu, Rusiyasız mümkün deyil.
2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə “OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edildi. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi sutkada 27 min barrel müəyyən olundu. Bu ilin yanvarından etibarən Azərbaycan neft hasilatını martın sonunadək 769 min barrel həcmində saxlamalıdır.
Rusiyanın Energetika naziri Aleksandr Novak deyib ki, aprelin 1-dən etibarən ölkəsinin neft hasilatını azaltmaqla bağlı heç bir öhdəliyi olmayacaq. Bununla yanaşı, rusiyalı nazir bildirib ki, Rusiya OPEC-lə əməkdaşlıqdan imtina etmir və razılaşma üzrə fəaliyyətini davam etdirəcək.
Lakin artıq dünyanın neft bazarında şok yaşanmaqdadır. Bəs Azərbaycan mövcud durumda nə etməlidir? Neft qiymətlərinin kəskin ucuzlaşması iqtisadiyyatımıza hansı təsirləri göstərəcək?
İqtisadçı ekspert Fikrət Yusifovun qənaətincə, neftin qiymətlərinin kəskin azalacağı ilə bağlı bir neçə ildir ki, dəfələrlə verdiyimiz proqnozlar bu gün özünü doğruldur:
"Cari ilin yanvar ayının əvvəli ilə müqayisədə neftin qiymətləri 54%-dən çox və ya 39 dollara qədər ucuzlaşıb. Çox təəsüf edirəm ki, 5 ilə yaxın vaxt ərzində ölkə Prezidentinin iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafını təmin etməklə bağlı qəbul etdiyi önəmli qərarlar yetərincə icra edilə bilmədi. Təbi ki, bu icraçıların birbaşa məsuliyyəti və günahıdır. 2015-ci ilin sonlarından bu günə qədər Prezident real sektorun sürətli inkişafına yönəli zəruri ola biləcəyindən də artıq addımlar atdı. Lakin icraçıların ləngliyi, təşəbbüskarlıqlarının yox səviyyəsində olması gözlənilən nəticələri əldə etməyə imkan vermədi. Elə bu səbəbdən də bu ilin yanvar ayında, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə, Prezident icraçılara “nə üçün qeyri-neft sektorunun inkişaf templəri bizim qəbul etdiyimiz qərarlara adekvat deyil” sualını ünvanladı. Bu sualın cavabı birdir – qərarların icrası yetərli olmadı. Ona görə də Prezident heç kimin gözləmədiyi qeyri-adi bir addım atıb, təşəbbüskar və islahatçı bir nazirin rəhbərliyinə ölkənin iqtisaiyyat, vergi və əmlak məsələlərinin idarəçiliyini verdi.
Bu gün nə etmək lazımdır? Bu gün ölkə iqtisadiyyatının real sektoruna daxili və xarici mənbəələr hesabına investisiyaların həcminin dəfələrlə artırılmasına, xarici investisiyaların ölkəyə gəlməsini əngəlləyən bütün məqamların aradan qaldırılmasına, daxili və xarici investisiyaların ölkə iqtisadiyyatının real sektoruna yatırdılmasına əngəl törədən məmurların ən sərt formada cəzalandırılmasına, Neft Fonduna son illər ərzində neft qiymətlərinin yüksək olması hesabına yığılmış 10 milyard dollara qədər vəsaitin ölkədə kiçik və orta biznesin inkişafına yönəldilməsinə, ölkədən kapital axınının səbəblərinin 10-cu mərtəbədən deyil, birinci mərtəbədən araşdırılmasına üz tutmaq lazımdır".
Qeyd edək ki, hələ büdcə müzakirələri zamanı Azərbaycanın maliyyə qurumlarının rəhbərləri ölkənin ən pis ssenariyə hazır olduğunu açıqlamışdılar. Azərbaycanın mövcud şərtlər altında yaranan qlobal çətinlikdən necə çıxacağını zaman göstərəcək. //hafta.az//