Qəddarlığı ilə “şöhrət” qazanan generalın acınacaqlı sonu… - FOTOLAR
Nürnberq məhkəməsində törətdiyi çoxsaylı cinayətlərlə bağlı hakimlər Ernest Kaltenbrunneri ittiham edərkən və bununla bağlı ona suallar ünvanlayarkən o, özünə haqq qazındırmağa cəhd etməyib.
Yenixeber.org: Amma onun məhkəmədən bir xahişi də olub: “Haqqımda irəli sürülən ittihamları dinləməyə hazıram. Yəqin ki, bu ittihamlarla bağlı mənə saysız-hesabsız suallar veriləcək. İcazə versəydiniz mən həmin sualları qeyd edərdim və bu sualların hamısına sonda cavab verərdim. Cənablar, sizdən rica edirəm ki, xahişimi nəzərə alasanız”.
Prosesdə iştirak edənlər elə düşünüblər ki, Ernest Kaltenbrunner sonda “maraqlı açıqlamalar” verəcək. İttihamlarla bağlı suallar ardıcıl qeydə alındıqdan sonra söz generala verilib.
Ernest Kaltenbrunner bütün suallara bir cümlə ilə cavab verib: “Mən Adolf Hitlerə inanaraq, bütün gücümü xalqıma sərf etmişəm və belə düşünürəm ki, yanılmamışam…”
O, Nasist Partiyasının ən qəddar, ən amansız üzvlərindən biri olub. 3-cü Reyxin əmrinə əsasən əsir düşərgələrinin yaradıcısı və vəzifə ranqına görə onlara ümumi rəhbərliyi həyata keçirən general Ernest Kaltenbrunnerin cəza müəssisələrində və düşərgələrdə tətbiq etdiyi qaydalar, cəza tədbirləri insan düşüncəsinə sığmayacaq qədər sərt olub. Ən son məqamda belə, İkinci Dünya müharibəsi Almaniyanın məğlubiyyəti ilə sona çatanda da Ernest Kaltenbrunner qəddarlığından əl çəkməyib, əsir düşərgələrində saxlanılanların hamısının öldürülməsi, məhv edilməsi ilə bağlı əmr verib.
Ernest Kaltenbrunnerin 1903-cü ildə Avstriyada anadan olub. Atası bu ölkədə tanınmış vəkillərdən biri sayılıb. Valideynlərinin hər ikisi ali təhsilli, cəmiyyətdə öz mövqeləri olan, milli adət-ənənələrə riayət edən şəxslər olsa da, onların bu cəhətləri Ernest Kaltenbrunnerin tərbiyəsinə müsbət təsir göstərə bilməyib. O, uşaqlıq və yeniyetməlik dövründə çətin tərbiyə olunan, məhəllə davalarının əsas səbəbkarı, dövrün dəbdə olan duel səhnələrinin təşkilatçısı və iştirakçısı kimi tanınıb. Bütün bu “qəhrəmanlıqlar”ına görə də hələ yeniyetməlik dövründən üzündə bir neçə çapıq izi qalıb.
Ernest Kaltenbrunner orta təhsil aldıqdan sonra kimyaçı olmaq istəyib. Elə bu arzu ilə də yerli kolleclərin birində kimya fakültəsinə daxil olub. Amma çox keçməmiş o, bu arzusundan vaz keçib, atasının yolunu davam etdirməyi qərara alıb, Graz Universitetinə qəbul olunaraq ali hüquq təhsili alıb.
Hüquqşünas kimi Lints şəhərində ilk əmək fəaliyyətinə başlayan Ernest Kaltenbrunner az müddətdən sonra öz peşə fəaliyyəti ilə yanaşı, siyasi proseslərə də fəal qoşulub. Bu sahədə o, ilk fəaliyyətinə Avstriyada gizli fəaliyyət göstərən Nasist Partiyasında başlayıb. 1932-ci ildən başlanan bu gizli fəaliyyət Ernest Kaltenbrunnerin böyük karyerasının başlanğıcı olub.
Fəallığı və çevikliyi ilə fərqlənən Ernest Kaltenbrunnerin qısa müddətdən sonra Lintsdə SS qüvvələrində yüksək vəzifələrə irəli çəkilib, daha sonra isə Avstriya üzrə SS-in komandiri təyin edilib. Sürətli vəzifə karyerası bununla yekunlaşmayıb. Vəzifələr bir-birini əvəzlədikcə Ernest Kaltenbrunnerin “iş məhsuldarlığı” Adolf Hitlerin də diqqətindən yayınmayıb. Boyu 2 metr 1 sm hündürlüyündə olan cəllad zabit qısa müddətdən sonra Hitlerin təşəbbüsü ilə Xarici və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.
General rütbəsi daşıyan Ernest Kaltenbrunnerin əsas vəzifələrindən biri də Adolf Hitlerin şəxsi tapşırıqlarını həyata keçirmək olub. Onun 3-cü Reyxə bu qədər yaxınlığı Reystaq üzvlərində ciddi narahatlıq yaradıb, onları qıcıqlandırıb. Hitler tərəfindən xüsusi səlahiyyət, imtiyaz və həm də güzəştlərə malik olan generaldan hətta yüksək ranqda olan vəzifəlilər də çəkinib. Ernest Kaltenbrunnerin şefinə və özünə arxayınlığı o dərəcədə olub ki, qeyri-rəsmi tədbirlərin birində SS briqadalarının komandirlərinin birini ən adi mübahisəyə görə yerindəcə güllələyib və buna görə ona heç bir cəza veilməyib.
Ernest Kaltenbrunnerin əsir düşərgələrinə “təşrifi” ən azı 15-20 nəfərin güllələnməsi ilə nəticələnib. Həmişə qəzəbli görünən general üçün insan ölümü və onu şəxsən icra etmək ən adi hal sayılıb. Cəllad general əsir düşərgələrində vəziyyəti daha da dözülməz etmək üçün bütün vasitələrə əl atıb, yeni işgəncə növlərinin “kəşfi” üçün günlərlə baş sındırmalı olub.
Məhz onun təşəbbüsü ilə cəza tədbirlərinin tətbiqi zamanı istifadə ediləcək əşyaların istehsalı üçün xüsusi sexlər yaradılıb. Bu sexlərdə məngənələr, rezin geyimlər, azdan çoxa doğru artan elektrik enerjisi verən aparatlar, oturacaq hissəsində iti dəmir çıxacağı olan stullar və s. hazırlanıb.
Ernest Kaltenbrunnerin işgəncə metodları, qəddarlığı artıqca rütbələri də yüksəlib, mükafatları da çoxalıb. Cəmi beş il ərzində o, 3-cü Reyxin ən ali mükafatlarına layiq görülüb.
Ernest Kaltenbrunnerin qəddarılığının bir səbəbi də onun psixoloji durumundakı problemlərlə bağlı olub. Alkoqollu içkilərə hədsiz dərəcədə meylli olan general spirtli içkilərin qəbulundan sonra daha da amansızlaşıb, vəhşi heyvanları xatırladıb.
İkinci Dünya müharibəsinin son mərhələsində Almaniyanın məğlubiyyətini dərk edən general Avstriyaya qaçıb. Cinayətdən, törətdiyi əməllərdən yayınmaq üçün sənədlərini də dəyişib. Amma general başqa ad altında çox gizlənə bilməyib. Amerika kəşfiyyatı onu elə Avstriyada ələ keçirməyə nail olub.
Nürnberq məhkəməsi Ernest Kaltenbrunner haqqında ən ağır hökmü çıxarıb - asılmaqla ölüm hökmü...
1946-cı ilin oktyabr ayında hökm icra edilib. Hökmün icrasından əvvəl asılacağı kəndirin həlqəsi qarşısında Ernest Kaltenbrunner son sözünü deyib: “Xoşbəxt ol, Almaniya!!!”(musavat)
İlham Cəmiloğlu