Yenixeber.org: Cümə günü ABŞ-ın İraqda keçirdiyi hava hücumu nəticəsində İranın ən yüksək hərbi komandiri Qasım Süleymani öldürülüb.
Süleymani Yaxın Şərqdə əməliyyatlara rəhbərlik edib və onun öldürülməsi Washington-la Tehran arasında olan gərginliyin yeni mərhələyə çıxmasını işarələyir.
Müdafiə və diplomatik məsələlər üzrə müxbirimiz Jonathan Marcus bu məsələyə dair oxucuların suallarını cavablandırır.
Üçüncü Dünya Müharibəsinin başlaması ehtimalı varmı? - Lewis Alcott
Süleymaninin öldürülməsini bəziləri ABŞ-ın İrana qarşı "müharibə elan etməsi" kimi qiymətləndirsələr də, yaranmış vəziyyəti olduğundan nə daha çox dramatikləşdirmək, nə də ki, əhəmiyyətini azaltmamaq vacibdir.
Bu, Üçüncü Dünya Müharibəsini qaçılmaz etmir. Belə bir münaqişənin iştirakçıları ola bilən əsas oyunçular, məsələn, Rusiya və Çin bu dramada əsas rolların ifaçıları deyil.
Lakin bu, Yaxın Şərq və Washington-un buradakı rolu üçün həlledici sınağa çevrilən müəyyən bir məqam ola bilər. İranın ciddi bir qisas alacağı gözlənilir. Bu, qarşılıqlı zərbələr silsiləsinə və nəticədə iki ölkəni genişmiqyaslı qarşıdurma həddinə gətirib çıxara bilər.
İran öz qisas cavabı üçün ABŞ-ın bölgədəki hərbi obyektləriylə yanaşı, ABŞ-la əlaqəli olan və Tehranın həssas saydığı istənilən hədəfi seçə bilər.
Beynəlxalq hüquq bu cür qətli qanuni sayırmı? - Eamonn Donaghy
ABŞ iddia edir ki, Süleymani İraqda Amerika qüvvələrinə əsassız hücumlara görə cavabdehdir. Həmin qüvvələr İraqın indiki hökumətinin xahişiylə orada idi.
Washington hesab edir ki, Süleymani bir çox ABŞ qulluqçusunun ölümünə baiskardır.
Süleymaninin rəhbərlik etdiyi Qüds təşkilatını ABŞ terrorçu təşkilat sayır.
Odur ki, ABŞ-ın qanunvericilik təfsiri onun qətlinə qanuni don geyindirə bilər.
Lakin beynəlxalq hüquq üzrə tanınmış alim, Notre Dame Hüquq Məktəbinin professoru Mary Ellen O'Connell məsələnin hüquqi tərəfi barədə bunları söyləyib:
"Qabaqlayıcı özünümüdafiə hərəkəti heç zaman qətlin törədilməsinə hüquqi bəraət qazandırmır. Heç nə qazandırmır. Müvafiq qanunvericilik BMT Nizamnaməsidir, bu sənəddə "özünümüdafiə gerçək və ciddi səciyyə daşıyan silahlı hücuma cavab vermək hüququ kimi müəyyən edilir".
"Bağdadda iranlı general Qasım Süleymanini öldürən dron ABŞ-a qarşı silahlı hücuma cavab vermək üçün işə salınmamışdı. İran ABŞ-ın suveren ərazisinə hücum etməmişdi", - o deyib.
"Bu halda ABŞ, nəinki məhkəməsiz bir qətl törədib, həm də İraq daxilində qanunsuz bir hücum həyata keçirib".
BMT-nin bu qətllərlə bağlı mövqeyinecədir? - Sara
Ayrı-ayrı nümayəndələrin bildirdiyi fikirlərdən başqa, BMT-nin bu məsələylə bağlı mövqeyinin nədən ibarət olduğunu söyləmək çətindir, çünki həqiqətən belə bir mövqe yoxdur.
Misal üçün, bu məsələdə BMT Təhlükəsizlik Şurasının yekdil mövqeyi ola bilərmi? Bu məsələdə parçalanmanın və konsensunsun əldə olunmayacağı ehtimal edilir.
Baş katib Antonio Guterres Yaxın Şərqdə gərginliyin artmasından çox narahat olduğunu bildirib.
"İndiki anda liderlər maksimum təmkinli olmalıdırlar. Dünya üçün Körfəzdə daha bir müharibənin baş verməsinə dözə bilməz", - BMT Baş katibinin sözçüsü Farhan Haq bəyanatında deyib.
Bu əmr prezident Trump-ın impiçment prosesini əngəlləmək məqsədiylə verilə bilərdimi? - Martin Gallagher
Bu cür ittihamları irəli sürmək asandır, lakin daxili siyasi mülahizələr həmişə vacib olsa da, xüsusən də prezident Trump üçün seçki ilində - bu qərar iki amilin nəticəsi ola bilər: imkan və vəziyyət.
Bunun konteksti, görünür, ABŞ-ın İraqdakı obyektlərinə hücumların artması, Pentaqon tərəfindən gələcək hücumların hazırlanması barədə verilən qeyri-müəyyən bəyanatlar oldub.
Və birdən-birə yaranmış fürsət - ABŞ kəşfiyyatının dəqiqliyini və hara qədər çata bildiyini bir daha nümayiş etdirmək imkanı.
Bu, qüsursuz olmaqdan xeyli uzaq hərəkət olsa da, eyni zamanda iranlılar hər hansı bir cavab vermək barədə qərar verərkən bu amili də nəzərə almalıdırlar.
Seçki ilində prezident Trump-ın əsas narahatlığı bölgədə ABŞ tərəfindən insan itkisi vermək riskidir.
Bu dramatik zərbə sərt danışan, lakin ehtiyatlı addımlar atan prezident üçün bir qədər uyğun görünür.
İranın nüvə silahıyla cavab verə bilərmi? Onun belə imkanı varmı? - Harry Rickman
Yox. İranın belə bir nüvə silahı proqramı yoxdur, baxmayaraq ki, belə bir proqramın tərkib hissəsi ola biləcək çox sayda elementi və buna nail olmaq üçün elementi var.
İran həmişə nüvə silahı yaratmaq istəmədiyində israr edib.
Lakin indi İran 2015-ci il nüvə sazişində nəzərdə tutulan məhdudiyyətlərdən heç birinə artıq əməl etməyəcəyini açıqlayıb. İranın bəyanatında deyilir ki, zənginləşdirmənin həcmi və səviyyəsi, zənginləşdirilmiş materialların toplanması və nüvə tədqiqatları ilə bağlı heç bir məhdudiyyətə artıq əməl edilməyəcək.
Bu açıqlama İran Nazirlər Kabinetinin Tehranda keçirilən iclasından sonra verilib.
Bu bəyanatdan əvvəl Trump administrasiyası İranla nüvə sazişindən artıq imtina etmişdi, - bir çox təhlilçilərə görə, bu addım məsuliyyətsizlikdir.
General Süleymani İraqda nə edirdi? İraq hökuməti bu barədə nə deyir? - Tom
Generalın İraqda nə iş gördüyü aydın deyil.
Lakin İran orada nüfuzlu müxtəlif şiə silahlı qruplarını dəstəkləyir.
Süleymaniylə birgə öldürülən Əbu Mehdi əl-Mühəndis - Xətaib Hizbullah qrupunun lideri idi (deyildiyinə görə, ABŞ bazalarına son raket hücumlarına görə həmin qrup cavabdehdir) və eləcə də İraqdakı iranpərəst silahlı qruplar koalisiyasının komandir müavini idi.
İraq hökuməti hücum onun ərazisində keçirildiyindən çox çətin vəziyyətdə qalıb.
İraq həm İran, həm də ABŞ-ın müttəfiqidir və ABŞ qoşunları İŞİD qruplaşmasına qarşı daha geniş mübarizəyə kömək etmək üçün İraqda qalır.
İraq rəsmiləri ABŞ obyektlərində yerləşən bazalara silahlıların hücumlarına görə artıq narahatlıq hissi keçirirdi.
İraqın Baş nazirinin ofisi Süleymaninin öldürülməsini qınayaraq onu və onunla birgə qətlə yetirilən silahlı qrup liderinin "İŞİD-ə qarşı böyük qələbələrin" arxasında duran "şəhidlər" kimi xarakterizə edib.
İraq hökuməti, eyni zamanada ABŞ-ın ölkədə fəaliyyət göstərilməsi barədə müqavilələrin şərtlərindən kənara çıxdığını iddia edir.
ABŞ və İranın İraqdakı rolu nədir? - Kakinga Musa
İran İraqdakı şiələrin üstünlük təşkil etdiyi hökümətin yaxın müttəfiqidir.
Eyni zamanda İran öz-özlüyündə yuxarıda qeyd olunan silahlı qrupların vasitəsilə ölkədə əhəmiyyətli bir oyunçu kimi hərəkət edir.
ABŞ-ın İraqda 5 minə yaxın əsgəri var, onlar İŞİD qalıqlarını məğlub etmək üçün İraq ordusuna təlim keçir.
Əslində bu iki kənar oyunçu - ABŞ və İran İraqda bir-birlərinə qarşı manevr etdilər.
İndi ortada olan əsas sual isə belədir: görəsən, ABŞ-ın İraqda davamlı qalmasını mümkünsüz edən bir böhran baş verəcəkmi?(BBC)