PUTİNİN GÖBBELSSAYAĞI PROPAQANDASI VƏ... –Bütün dünyanın gülüş hədəfinə çevrilən aviadaşıyanı
Rusiyanın yeganə aviadaşıyanı - “Admiral Kuznetsov” 2016-cı ildə üzərinə qoyulan qısamüddətli tapşırığı yerinə yetirə bilmədiyindən təmirə yollanmaq məcburiyyətində qaldı. 12 dekabr tarixində Murmanskdakı tərsanədə təmir edilən aviadaşıyanda yanğın baş verib. İndi mütəxəssislər sual verirlər ki, görəsən, oradakı yanğın Rusiya aviadaşıyanının sonu deməkdirmi?
Yenixeber.org: Hazırda dünya mətbuatı yaşanmış hadisə barəsində fikir yürüdərkən, əsas istiqaməti “Admiral Kuznetsov”un köhnəliyinə və təmir işləri zamanı baş verən səhlənkarlığa yönəldir.
Məsələ ilə əlaqədar “The National İnterest” portalı ”Rusiyanın yeganə aviadaşıyanı məhvə məhkum olub?” başlıqlı məqaləsində yazır: “TASS agentliyinin məlumatına görə, yanğınsöndürənlərin bütün səylərinə baxmayaraq, alov 6500 kvadrat funt (təxminən 2000 kvadrat metr) sahəyə yayılıb. Hadisə zamanı 1 nəfər həlak olub, 10 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Onlardan 6 nəfəri intensiv terapiya şöbəsinə yerləşdirilib. Bu yanğın 60 min tonluq gəminin məruz qaldığı növbəti uğursuzluqdur.
“Admiral Kuznetsov”un köhnə və etibarsız olmasına baxmayaraq, Rusiya Hərbi Dəniz Donanması onu 2020-ci ildə quru doka (gəmilərin təmir edildiyi yer) yollamağı planlaşdırmışdı. İndi yanğın bu planı dəyişə bilər”.
“Admiral Kuznetsov” 1990-cı ildə döyüş cərgəsinə qoşulub. Gəmi elə ilk başdan çoxlu problemlərlə üzləşib. Rusiya aviadaşıyanının ən zəif yerlərindən biri - qırıcıların havalanmsı üçün katapult qurğusunun olmamasıdır. Qırıcı təyyarələr havaya durduqları yerdən yox, göyərtənin bir başından o biri başına sürət yığmaqla qalxırlar. Ona görə də, göyərtənin bir tərəfini maili formada dikəldiblər. Digər bir problem güc qurğusunun nasazlığıdır. Gəmi buxar turbinlərindən və yüksəktəzyiqli buxar qazanlarından istifadə edir. Ancaq “Defense İndustry Daily” saytı “Admiral Kuznetsov”un bu sistemini “mükəmməlikdən uzaq qurğu” kimi xarakterizə edir.
“English Russia” saytı isə məsələ ilə əlaqədar bildirib: “Admiral Kuznetsov”un boruları çox pis vəziyyətdədir. Bəllidir ki, şaxtada borular da daxil olmaqla, su hər yerdə donur. Bu isə borularda çatlar əmələ gətirə bilər. Belə bir təhlükədən qaçmaq üçün onlar sadəcə olaraq suyun 60 %-ni vermirlər. Su çatışmazlığı üzündən 1900 nəfərlik personalı olan gəmidəki 50 qalyunun (tualet) yarısı bağlıdır”.
Ümumiyyətlə isə, “Admiral Kuznetsov” tarixi boyunca dənizə çox nadir hallarda çıxıb. 1991-ci ildən 2015-ci ilədək cəmi altı dəfə patrul xidməti göstərib. 2016-cı ildə Suriya sahillərində həyata keçirdiyi üç həftəlik əməliyyat zamanı iki qırıcı itirib. Qırıcılar eniş zamanı suya düşüblər.
“The National İnterest” iri gəmilərdəki təmir işlərinin böyük xərclər tələb etməsinə də toxunub: “Admiral Kuznetsov”un başı həmişə bəla çəkib. Məsələn, 2018-ci ildə Roslyakovadakı gəmi təmiri zavodunda “Admiral Kuznetsov”un olduğu İsveç istehsalı “PD-50” üzən doku batmışdı. Bu, Rusiyanın Şimal Donanmasının iri gəmilərinin təmirinin aparılmasında istifadə edilən yeganə dok idi. Rusiyanın qalan quru dokları isə Şimal bazasından min mil uzaqdadır. Dokların daşınması hədsiz baha başa gəlir. Gəmidəki yanğın isə təmir işlərini bir qədər də mürəkkəbləşdirib. İndi Kreml strateqləri üçün tərəzinin bir gözündə milli nüfuz rəmzi olan “Admiral Kuznetsov”un əhəmiyyəti, digər gözündə isə bu aviadaşıyanın bərbad vəziyyəti, ekipaj və təmirçilər üçün yaranacaq təhlükələr dayanıb”.
Rusiyanın “İzvestiya” qəzeti məsələ ilə əlaqədar müvafiq mənbələrdən aldığı məlumata əsasən bildirir ki, mütəxəssislər arasında müxtəlif fikirlər dolaşır və bəziləri bu işlərə çəkilən xərcin əvəzində iki freqat və ya atom sualtı qayığı tikilməsini daha məqsədəuyğun sayır.
Belə görünür ki, yanğından ziyan çəkmiş gəminin döyüş cərgəsinə nəzərdə tutulan vaxtda qaytarılması və ümumiyyətlə isə, bunun nə vaxtsa baş tutacağı böyük sual alıtındadır.
Öz növbəsində “Forbes” jurnalı sözügedən hadisəylə bağlı yazısısında “Admiral Kuznetsov” aviadaşıyanındakı vəziyyəti xarakterizə etməklə yanaşı, ABŞ hərbi gəmilərində də yanğın təhlükəsizliyinin heç də üst səviyyədə olmamasına toxunub.
“Forbes” yanğını belə dəyərləndirib: ”Admiral Kuznetsov” siyası icmalçıların, hərbi-dəniz məsələləri üzərində ixtisaslaşmış mütəxəssislərin və jurnalistlərin daimi gülüş hədəfinə çevrilən köhnəlmiş aviadaşıyandır. Əlbəttə, rəqibin düçar olduğu kədərli hadisədən həzz almaq təbii bir şeydir”.
“Forbes” onu da bildirir ki, rusların təhlükəsizlik qaydalarına lazımı şəkildə əməl etmədikləri məlum məsələdir, lakin amerikanlar da təhlükəsizliyə riayət etmələriylə öyünə bilməzlər. Belə ki, 2012-ci ildə Amerika çox böyük dəyərə malik “Mayami” zərbə sulatı qayığını itirib. Bu sualtı qayıq gəmiqayırma zavodunda olarkən, işçilərdən biri vaxtından əvvəl işdən getmək üçün orada yanğın törətmişdi.
“Forbes” yazır ki, təhlükəsizlik planı baxımından Amerikada vəziyyət getdikcə pisləşir. Məqalədə deyilir: “Bu il baş verən bir sıra yanğın və bədbəxt hadisələrdən sonra ABŞ hərbi-dəniz mütəxəsisləri bir faktı bilməlidirlər ki, gəmi təmiri zavodlarındakı növbəti fəlakətin qurbanı Hərbi-Dəniz Qüvvələri olacaq. “Mayami” atom sualtı qayığından başqa, keçən il yanğından “İvodzima” desant-hücum gəmisi də zərər görmüşdü; onda 11 dənizçi xəsarət almışdı. 2018-ci ilin noyabr ayında “Oskar Ostin” esminesində yanğın baş vermişdi və indi bu gəmi demək olar ki, iki illiyə təmirə dayanacaq. Bu yaxınlarda gəmiqayırma zavodundakı yanğın “Fiscerald” esminesinə xətər yetirib. Gəmi kapitanının dediyinə görə, bu müəssisədə yanğın təhlükəsizliyinə riayət olunmaması ucbatından 15 xoşagəlməz hadisə yaşanıb”.
“Forbes” jurnalının məqaləsi bir çox mətləblərə aydınlıq gətirsə də, lakin Amerikan gəmilərindəki hadisələrdən beynəlxalq ictimaiyyətin demək olar ki, xəbəri yoxdur. ”Admiral Kuznetsov” aviadaşıyanı ilə hamının maraqlanmasının başlıca səbəbi, rusların üç il bundan öncə həmin gəmiylə qürrələnməsi ilə bağlıdır. Çünki Kreml bu köhnəlmiş və həm də texniki baxımdan öz analoqlarından geri qalan aviadaşıyan üzərindən təbliğat mexanizmi qurmağa çalışdı. İndi söhbət təbliğatın fiaskosundan gedir. Rusiya istəyir ki, onu güclü avtoritet saysınlar və desinlər ki, siz artıq Sovet İttifaqı kimi nəhəngə çevrilmisiniz. Məsələn, 2016-cı ildə “RTR” kanalında “Admiral Kuznetsov” barəsində hazırlanmış verilişdə elə pafoslu danışırdılar ki, sanki, bu gəminin qarşısında Amerikanın ən müasir aviadaşıyanı uşaq oyuncağıymış. Bəli, Göbbelssayağı propaqanda haray- həşiri!
Əlbəttə, sözsüz ki, digər tərəfdən bütün bunlar həm də daxili auditoriya üçün nəzərdə tutulub.(azpolitika)
Vaqif NƏSİBOV