Çərşənbə günü "EuroHome" tikinti malları bazarında mağazası yanan sahibkarlar kompensasiya tələb edirlər.
Yenixeber.org: Onlar həmçinin sığortalarının olmamasına görə bazar rəhbərliyini ittiham ediblər.
Eyni zamanda Fövqəladə Hallar Nazirliyi (FHN) bazar rəhbərliyini yanğın təhlükəsizliyi qaydalarının pozulmasında ittiham edib.
"EuroHome" tikinti malları bazarının rəhbərliyindən bu iddia ilə bağlı şərh almaq mümkün olmayıb.
Dekabrın 10-da Bakının Binəqədi rayonundakı "EuroHome"da baş vermiş yanğın nəticəsində 100-dən çox mağaza yanıb, 15 nəfər xəsarət alıb.
Bu, Azərbaycanda son 6 ildə yanmış onuncu bazardır.
Yanğına nə səbəb olub?
Yanğının səbəbləri barədə məlumat verilmir. Bəzi sahibkarlar iddia ediblər ki, "yanğın qəsdlə törədilib".
Lakin bu iddiaya bazar rəhbərliyinin şərhi məlum deyil.
FHN-dən bildirilib ki, ilkin ehtimallara görə, yanğın bazarda yerləşən "kafel-metlax satışı mağazasında elektrik kabellərindən" başlayıb.
FHN niyə yanğını gec söndürüb?
Müxbirimizin danışdığı 20-yə yaxın sahibkarın hamısı yanğın təhlükəsizliyi ilə bağlı ərazidə "heç bir iş görülmədiyini" qeyd edib.
Onlar həmçinin FHN-nin yanğına vaxtında müdaxilə etmədiyini - suyun olmamasını dilə gətiriblər.
"Mən 8-də bura gələndə, hələ Xırdalan kruqundan gördüm ki, bura tüstüləyir. Pajarni-majarni yoxdur. Yarıya keçəndə pajarni gəlmişdi", hadisə şahidi Həsən Həsənzadə deyib.
FHN-nin sözçüsü bu iddialarla bağlı deyib ki, yanğın təhlükəsizliyi ilə bağlı tədbirlərin "görülməməsi onların işinə mane olub".
"Biz yanğın çağırışından 6 dəqiqə sonra hadisə yerində olmuşuq. Orada hidrantlar qaydada olmalı idi, amma olmayıb. Əgər bir yerdə 15 nəfərdən çox adam işləyirsə, orada könüllü yanğından mühafizə dəstələri olmalıydı. Olmayıb".
Gülçin Mehdiyeva əlavə edib ki, FHN "EuroHome"-a yanğın təhlükəsizliyi ilə bağlı "dəfələrlə" tövsiyə məktubları göndərsə də, bazar rəhbərliyi həmin məktublarda yazılanlara "əməl etməyib".
Redaksiyamız "EuroHome" rəhbərliyindən bu iddialarla bağlı şərh ala bilməyib.
FHN yoxlamanın aparılmaması səbəbi barədə sualımıza cavab olaraq "biz yoxlama apara bilmirik, bu səlahiyyətimiz yoxdur. Biz yalnız yanğından mühafizə ilə bağlı tövsiyyələr verə - tövsiyyə məktubları yollaya bilərik", - deyir.
EuroHome kimindir?
Vergilər Nazirliyinin saytında "EuroHome"-un qanuni təmsilçisinin bazarın direktoru Samir Məmmədov olduğu göstərilir.
Samir Məmmədovla şərh almaq üçün əlaqə saxlaya bilmədik.
Bazarlarda dükan sahiblərinin və malların sığortasının olmaması məsələsi bu il ikinci dəfədir ki, gündəmdədir.
Mallar niyə sığorta edilməyib?
Minlərlə manat ziyana düşmüş dükan və mal sahibləri isə iki gündür ki, sığortalarının olmamasını bazar rəhbərliyi ilə əlaqələndirirlər.
Onlar təzminat tələbi ilə çərşənbə günü Bakı-Sumqayıt yolunu bağlayıblar.
Sahibkarlarla görüşə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev onlarla görüşüb.
Sahibkar Yeganə Cabbarova təxminən 100 kvadrat metrə yaxın mağazasının satdığı divar kağızları ilə birlikdə yanıb, kül olduğunu deyir.
O deyir ki, mağazanın da, malların da sığortası olmayıb.
"Sığortamız yox idi. Bazarın yeni rəhbərliyi bazarda sığorta işini təşkil etməyə imkan vermədi", sahibkar iddia edib.
Saytımıza danışan digər sahibkarlar da sığortalarının olmadığını söyləyiblər.
"Sığortamız da yox idi, təhlükəsizlik tələblərinə sıfır faiz əməl olunmuşdu ... 55 min ziyandayam" deyə başqa bir sahibkar vurğulayır.
Bazarda mağazası olan sahibkarların bir çoxu rəhbərliyi tanımadığını, bəziləri ara-sıra gördüklərini, bəziləri isə direktorun adından başqa heç nə bilmədiklərini söyləyiblər.
Azərbaycanda "ara-sıra" öz məhsulunu sığorta etdirən sahibkarlar olur, bir sığorta şirkətinin əməkdaşı Sevda Eyyubova deyib.
O vurğulayır ki, sahibkar malını ayrı, mağazasını isə ayrıca sığorta etdirməlidir.
Bazarlarda sığorta üçün xüsusi prosedura gərək olmadığını deyən sığortaçı sığorta etdirmək üçün daşınmaz əmlakın yarımçıq və zədəli olmamasının "vacib" olduğunu bildirir.
Sevda Eyyubova sığorta məbləğinin ərazidən, ticarətin növündən və mağazanın kvadrat metrindən asılı olaraq dəyişdiyini deyir.
"Məsələn, EuroHome adlı bazar ərazisində 50 kvadratlıq bir mağazasının illik sığorta haqqı 70 manatdır", sığortaçı vurğulayır.
"Məhsulların sığorta olunması üçün onların qiyməti dəqiqləşdirilməli, xarakteri müəyyənləşdirilməli, siyahısı tutulub qiyməti müəyyənləşdirilməlidir. Daha sonra bütün dediklərim yerindədirsə, sığorta prosesi həyata keçirilə bilər", müsahibimiz əlavə edir.
O, xüsusilə yanğından sığortanın təxmini qiymətini də hesablayır: "Yanğından sığorta 0,3 faizlə hesablanır. Yəni, məsələn, bir sahibkarın 30 min manatlıq malı varsa, onun illik sığorta haqqı təxminən 90 manat edir".
Bundan əvvəl, 2013-2015 illərdə ardıcıl olaraq, Sumqayıtda yerləşən Karvan Ticarət Mərkəzi, Sədərək Ticarət Mərkəzi, Binə Ticarət Mərkəzin, Şəkidə Böyük Bazar, Bakıda Moskva Ticarət Mərkəzi və Sahil Ticarət Mərkəzi, Sədərək Ticarət Mərkəzi (iki dəfə) yanıb. 2019 -cu ilin martında isə Diqlas ticarət mərkəzi yanıb.
Bu ilin əvvəlində paytaxtın mərkəzində yanmış Diqlas ticarət mərkəzində mağaza sahibləri də sığortanın olmamasından şikayət etmişdi. Həmin vaxt sahibkarlara dəymiş ziyana görə Prezidentin Ehtiyat Fondundan 3 milyon manat ayrılmışdı.
Sonradan prezident İlham Əliyev "sığorta sahəsində boşluqlar" olduğunu deyib.(BBC)