Şəki və Qaxda kürünən meşələr:Müxbirlərimiz orada nə gördü?
Göz işlədikcə uzanan şumlanmış bu hektarlarla ərazinin bir vaxtlar meşə sahəsi olduğunu təsəvvür etmək indi xeyli çətindir.
Yenixeber.org: Bircə avtomobil yollarının kənarlarındakı, sanki kürünmüş ərazinin keşiyini çəkən ağaclıq burada nə vaxtsa meşəliyin olduğunu söyləməyə çalışır.
2019-cu ilə qədər Şəki rayonunun meşəsi olmuş bu ərazidə Monte Ferro adlı şirkətə məxsus fındıq bağları salınır.
Hələliksə, bu yerlərdə hökm sürən lal sükutdur, onu da uzaqda kəsilmiş-biçilmiş ağacların və kolların dərinə işləmiş kötüklərini qazıb çıxarmağa çalışan traktorların səsi pozur…
1000 hektar torpaq
Şəkinin bəzi kəndlərinin və Qaxın Qaşqaçay kəndinin söhbətləşdiyimiz sakinləri deyir ki, kürünən ərazilərin bir hissəsi Meşə Fondunun, bir qismi pay torpaqlarının, digər hissəsi isə örüş yerlərinin ərazisidir.
Monte Ferro şirkətinin rəhbəri Hikmət Bağmanov isə bu iddialarla razılaşmır. O, BBC News Azərbaycancaya deyir ki, hazırda əllərində "4600 hektar ərazi var və sözügedən ərazilər əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, qismən isə şəxsi təsərrüfatlardan icarəyə götürülüb".
Şirkət artıq fındıq bağlarının bir qismini salıb. Digər qismini isə salmağı planlaşdırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də BBC News Azərbaycancaya Monte Ferroya Meşə Fondundan "1000 hektar ərazi icarəyə verildiyini" deyiblər. "Qalanını isə şirkətin özü ya bələdiyyədən, ya da şəxsi təsərrüfatlardan alıb", - qurumdan bildiriblər.
Ancaq nazirlik, təkidimizə baxmayaraq, Monte Ferro şirkətinə icarəyə verdiyi ərazilərin dəqiq koordinatlarını təqdim etməyib.
Monte Ferro şirkəti
Monte Ferro Caspian Plaza, Caspian Business Center, Dəmirçi Tower iş mərkəzlərinin də aid olduğu AGA Groupa daxildir - AGA Groupun rəsmi saytında belə qeyd olunub.
Monte Ferro şirkətinin rəsmi qeydiyyatı iki fərqli ünvanda görünür. Vergilər Nazirliyinin məlumat bazasında şirkətin Qax rayonu, Qax şəhəri, ev 28 ünvanında qeydiyyatdan keçdiyi göstərilib.
Vergilər Nazirliyinin qəzetinin 15 fevral 2017-ci il buraxılışındakı şirkətlərin rəsmi qeydiyyatı ilə bağlı elanında isə Monte Ferronun rəsmi ünvanı Zaqatala rayonu, Kiçik Xanlı, ev 8 ünvanı qeyd olunub.
Qanuni təmsilçi hər iki qeydiyyatda Bağmanov Hikmət Kamal oğludur. Şirkət rəsmən 2016-cı ildə qeydiyyata alınıb. 2018-ci ildə isə reyestrdə dəyişiklər aparılıb. Lakin bu dəyişiklərin nə ilə bağlı olduğu göstərilmir.
Kəndlilərin etirazı
Şəkinin Bideyiz kəndinin camaatı mal-heyvanlarını otarmaq üçün nəzərdə tutulmuş 147 hektar örüş ərazisinin şirkət tərəfindən tutulduğunu iddia edir. Kəndlini düşündürən əsas suallardan biri bundan sonra mal-qarasını harada otaracağıdır.
Bəziləri isə deyir ki, bu gedişlə, əllərində nə qədər mal-heyvan varsa satıb-sovurmalı olacaqlar, çünki "otlaq yoxdursa, heyvanı yedirtmək çox çətin olar".
Bəziləri də giləmeyvəsiylə uşaqlarını böyüdüb boya-başa çatdırdığı meşənin özünün və xatirəsinin əlindən alınmasının acısını yaşayır.
Bideyiz kənd sakini Salehə xanım həyat yoldaşı onu oğlan doğmadığı üçün atıb getdikdən sonra, 5 qızını həm də bu meşələrdən yığdığı giləmeyvənin hesabına böyüdüb.
Ona görə də, indi bu meşələr onun üçün çox əzizdir. Qışda soyuqlar səbəbi ilə övladlarının yanında yaşayan bu yaşlı qadın hava bir az ilıqlayan kimi Bideyizə qaçır. Onu bura gətirənsə, dediyinə görə, kəndə, onun meşəsinə, təbiətinə olan sevgisidir.
Burada bir çoxları da təbiətə vurulacaq ziyandan, meşələrin qırılmasının özü ilə gətirəcəyi susuzluqdan şikayətçidir.
Əhali deyir ki, ərazilər Monte Ferro şirkətinə icarəyə verilərkən onlarla heç bir məsləhətləşmə aparılmayıb. Bəziləri isə onlarla əvvəlcədən danışıldığını deyir - onlara "bu, dövlət layihəsidir, lazım gəlsə pay torpaqlarınızı da icarəyə verməlisiniz" deyilib.
Monte Ferro şirkəti BBC News Azərbaycancaya verdiyi yazılı açıqlamada bu iddianı rədd edib.
Polis kənddə nəyə nəzarət edir?
Bideyiz əhli deyir ki, məsələ ilə bağlı hazırda kəndə polis nəzarəti var.
Şəkidə meşə sahəsinin kürünməsi ilə bağlı məsələni ekoaktivist Cavid Qara ictimailəşdirib. Bundan sonra əraziyə gedən jurnalistlər bölgədən çəkilişlər ediblər. Həmin kadrlarda görünən kənd camaatının çoxu polisə çağırılıb. Hazırda kənddə patrul gəzir.
Yaxınlaşıb söhbətləşməyə çağırdığımız kənd əhli bizimlə ünsiyyətə maraqlı görünmür. İzahları isə "görsələr polisə çağıracaqlar" və ya "danışmağın nə xeyri var" şəklindədir.
"Qanun belə tələb edir?"
Əhalini narahat edən digər bir məsələ isə "Meşə Fondu torpaqlarından köhnə sovetdən əhalinin ixtiyarında qalmış hissələrin" onlardan tələb olunmasıdır.
Cavid Qara deyir ki, təxminən, 50 hektara qədər olan bu əraziləri kəndlilər verməyə razılaşıblar: "Onlara deyilib ki, qanun bunu belə tələb edir".
Fəalın sözlərinə görə, hazırda qanunları az-çox soruşub-öyrənmiş kənd əhalisi məhkəməyə müraciət etməyə hazırlaşır.
Şəki kəndlərinin bəzi sakinləri isə meşələrin qırılması ilə bağlı komissiyanın yaradılmasını da istəyirlər.
Bideyiz kənd icmasının nümayəndəsi Sahib Kərimli deyir ki, bu məsələdə kənd əhalisinin təklifləri də nəzərə alınmalı və layihələr sənədlərdə qeyd olunan yerlərdə həyata keçirilməlidir.
"Ortada komissiya işləməlidir. Biz həmin komissiyaya öz təkliflərimizi verməliyik və komissiya ortaya yekun rəyi qoymalıdır. Orda bütün təkliflər səslənəcək. Siz bu layihələri daha çox aktda/rəydə yazdığınız kimi meşənin yararsız, kol-kos bitən və daşlıq hissəsində həyata keçirin. Bizim meşələrdə də elə yerlər var".
Meşə fondunun əraziləri hansı şərtlərlə icarəyə verilə bilər?
Ekoaktivist Cavid Qara BBC News Azərbaycancaya deyir ki, Meşə Məcəlləsinin əsas prinsipinə görə, "Meşə Fondunun bitki örtüyü olmayan ərazisi burada yaşayan insanların da mənafeyi nəzərə alınmaqla meşələrin bərpası məqsədiylə təyinatı üzrə icarəyə verilə bilər".
2017-ci ildə Meşə Məcəlləsinə edilmiş dəyişikliklə meşələrin icarəsi 10 ildən 49 ilə qədər artırılıb.
Cavid Qara hesab edir ki, məhz bu dəyişiklik "meşələrin kürünməsini sürətləndirib".
Ekoaktivist söyləyir ki, Meşə Fondunun ərazisində meşə təsərrüfatının daxili ehtiyacları üçün hansısa tinglik və ya bağ salına bilər.
"Bütün bu qanunlar pozulduqdan sonra belə, "Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunu var. Həmin qanuna görə, (əlavələrində - 31-ci bənddə) qeyd olunur ki, ərazisi 5 hektardan çox olan meşələrin irimiqyaslı qırılması və ya irimiqyaslı 10 hektardan çox olan meşəsalma fəaliyyəti üzrə layihələr, (34-cü bənd) irimiqyaslı kənd təsərrüfatı aqroparklar salınarkən bu fəaliyyətin qiymətləndirilməsi aparılmalıdır".
Cavid Qara deyir ki, aparılacaq araşdırma meşələrin qırılmasının yeraltı sulara, atmosferə təsirindən tutmuş biomüxtəlifliyə təsirinə qədər hərtərəfli olmalıdır.
O iddia edir ki, bu məsələ ilə bağlı "heç bir qiymətləndirmə aparılmayıb".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) isə bildiriblər ki, "kürünmə ilə bağlı araşdırmalar aparılıb. Ərazilərin icarəyə verilməsi də məhz araşdırmalardan sonra mümkün olub".
Cavid Qara həm də vurğulayır ki, meşə ərazilərinin kürünməsi bu ərazinin biomüxtəlifliyinin məhvi ilə yanaşı, həm də burda quraqlığın yaranmasına səbəb olacaq. Çünki ağac və kolların kəsilməsi, üstəlik artezian quyularının qazılması susuzluğa gətirib çıxaracaq.
Əhalinin örüş sahələrinin icarəyə verilməsinə gəlincə isə ekoaktivist deyir ki, yalnız ehtiyat fondunda olan örüş sahələri icarəyə verilə bilər: "Örüş sahələri yalnız və yalnız istifadəsində mal-qara olan şəxslərə təyinatı üzrə istifadə üçün verilə bilər", - o əlavə edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin mütəxəssisi Ağaqardaş Qaraşov BBC News Azərbaycancaya deyir ki, "Meşə Fondunun ərazisinin istifadə üçün icarəyə verilməsi təkcə Şəki və Qaxda yox, bütün ölkəboyu aparılır".
Ağaqardaş Qaraşov vurğulayır ki, bu proses Meşə Fondunun ağacsız sahələrində ağaclandırma məqsədilə həyata keçirilir.
Cənab Qaraşov Azərbaycanın Meşə Fondunun cəmi 14 faizinin ağaclarla örtülü olduğunu deyir: "Qalan faizə isə ağacsız ərazilər daxildir. Orada kol bitkiləridir. Meşə torpaqları da münbit torpaq kateqoriyasına aid olduğu üçün nə toxum düşsə bitir. Baxımsız qaldığı üçün bu əraziləri kol basıb. Hər il yay aylarında həmin kollar quruyub yapışır yerə. Quruma nəticəsində də yay aylarında potensial yanğın təhlükəsi yaranır".
ETSN mütəxəssisi hesab edir ki, kolluq ərazilərdənsə aqrobağların salınması "daha doğru seçimdir".
"Aqrobağları salan şəxs ağacları özü ilə aparmayacaq ki. Müasir stildə infrastruktur yaradacaq? Yaradacaq. Şəki və Qaxda təxminən 1000 hektar ərazi vermişik Monte Ferroya. Bu ərazilər illərlə mal-qaranın tapdağında qalmış torpaqlardır".
Ağaqardaş Qaraşov deyir ki, kürünmə ilə bağlı komissiya da yaradılıb, araşdırmalar da aparılıb.
"Monte Ferroya otlaq əraziləri verilməyib"
Bideyiz Bələdiyyəsinin sədri Müseyib İsmayılov BBC News Azərbaycancaya bildirib ki, Monte Ferroya verilən bələdiyyə torpağının həcmi 147 yox, 140 hektardır.
Onun sözlərinə görə, Bideyiz bələdiyyəsinin balansında olan 320 hektar ərazinin 140 hektarı fındıq bağları salmaq üçün şirkətə icarəyə verilib.
"Əmlak Komitəsinin müəyyənləşdirməsinə görə, bu ərazilər kənd təsərrüfatı təyinatlı torpaqlardır, amma örüş deyil. Kolluq sahə gedir o ərazi. İllərlə heç nəyə istifadə olunmayıb. 2017-ci ildə qanunamüvafiq qaydada Monte Ferro şirkətinə icarəyə vermişik. Orada qırx nəfərə yaxın Bideyiz sakini işləyib və 100 min manat əməkhaqqı şəklində kəndə daxil olub".
Məsələ ilə bağlı müraciət etdiyimiz Monte Ferro şirkəti BBC News Azərbaycancanın sorğusuna cavab olaraq bildirib ki, "Monte Ferro dövlət layihəsi deyil, lakin dövlət bu layihəni dəstəkləyir".
"Monte Ferro MMC özəl şirkətdir. Fındıq bağlarının salınması layihələrinin həyata keçirilməsi üçün yerli icra hakimiyyətləri, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bizə yaxından dəstək olur. Hal-hazırda yaradılmış geniş imkanlardan istifadə edərək... fərdi vətəndaşlardan satın aldığımız və icarəyə götürdüyümüz sahələrdə hovuzlar, müasir damla suvarma sistemləri qurmuş, elektrik xətləri çəkmişik. Bu ərazilərdə yaşayan 350 - 375 nəfər qeyri-məşğul əhalinin işlə təmin olunmasına, əhalinin iqtisadi şəraitinin yaxşılaşmasına şərait yaratmışıq", - şirkətdən bildirilib.
Monte Ferro şirkəti istifadəsində olan 4600 ha torpaq sahəsinin 2043 hektarının yerli bələdiyyələrdən, 2 min hektarının isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Fondundan uzunmüddətli icarəyə götürüldüyünü bildirib.
Şirkət cavab məktubunda bir neçə dəfə vurğulayır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icarəyə götürülmüş 2 min hektar ərazi "meşə örtüyü olmayan, əsasən köhnə çay yatağı olan və kolluq olan, səmərəsiz torpaq sahələri"dir və uzunmüddətli icarəyə götürülüb".
Bu günə qədər Monte Ferro MMC fındıq bağları üçün dövlətdən 20500 AZN subsidiya alıb. 2020-ci ildən isə intensiv fındıq bağları üçün yeni qaydalar üzrə veriləcək subsidiya alınmasına görə müraciət edəcək.
Kürümədən narahat olan Şəki kəndlərinin bəzi sakinləri prezidentə onlayn müraciətlər edir ki, məsələ həllini tapsın. Onlar bildirir ki, növbəti addım məhkəmə də ola bilər.
Göz işlədikcə uzanan şumlanmış bu hektarlarla ərazinin bir vaxtlar meşə sahəsi olduğunu təsəvvür etmək indi xeyli çətindir.