NEFT SEKTORUNDAN BAŞLAMALI OLAN SƏYLƏR: İraq Kürdüstanında korrupsiyanın miqyasları azalmayıb
Yerevan Səid
“Əl-Cəzirə”, 01.12.2019
Yenixeber.org: İraq dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir və neftin bununla çox əlaqəsi var. İllik büdcəsinin 90 faizini təşkil edən neftdən 365 gündə təxminən 100 milyard dollar gəlir əldə edən ölkə siyasətçilərin “resurs lənəti” adlandırdıqları məkana nümunədir.
Son 20 ildə bu pulun çox az hissəsi sıravi iraqlıların həyatının yaxşılaşdırılmasına xərclənib. Bunun əvəzinə, geniş himayədarlıq şəbəkələri vasitəsi ilə İraqın neft sərvətləri seçilmiş bir neçə nəfər arasında paylanıb.
Neft hakim siyasi elitanı gücləndirib və cəmiyyətdə mütərəqqi səsləri boğmaq imkanı verib, məhkəmə sistemini sarsıdıb, geniş ictimaiyyətə xidmət göstərən qurumları zəiflədib və məmurları məsuliyyətdən yayındırıb.
Oktyabrın əvvəlində İraqın mərkəzində və cənubundakı böyük şəhərlərdə kütləvi etirazların başlamasına da məhz pozulmuş və işləməyən idarəetmə sistemi səbəb olub.
İraqın yarımuxtar Kürdüstan bölgəsində bu dəfə nümayişlər keçirilməyib, amma Kürdüstan Regional Rəhbərliyi (KRR), Bağdaddakı mərkəzi hökumət kimi, geniş yayılmış korrupsiya, qohumluq və tayfabazlıqdan əziyyət çəkir.
İyul ayında Məsrur Bərzani KRR-nin baş naziri vəzifəsini icra edərkən, ən əsas prioritetlərindən birinin bu məsələlərin həll olunacağını açıqlayıb. Noyabr ayında Duhokdakı Amerika Kürdüstan Universitetində Yaxın Şərq Sülh və Təhlükəsizlik Forumunda çıxış edərək o deyib: “Biz korrupsiyanı dayandırdıq”.
Bütün hesablara görə, bu, on illər boyu korrupsiya və dövlət vəsaitindən sui-istifadə ilə dolu olan bölgənin gələcəyinə ümid verən cəsarətli bəyanatdır.
Noyabr ayında KRİ-yə son səfərim zamanı söhbət etdiyim insanlar müxtəlif dövlət idarələrinin mükəmməl işləndiyini bildiriblər. Daha yaxşı xidməti təmin etmək üçün hökumət qurumları arasında vintlər bərkidilib.
Bu əhəmiyyətli addımdır və Kürdüstan bögəsindəki sıravi insanların həyatını asanlaşdırır. Ancaq məmurlar üçün daha ciddi nizam-intizam yalnız Ərbilin korrupsiya probleminə cırmaq vurmadır. Dövlət işçilərinin davranışı Kürdüstanın əsas narahatlığı deyil.
Neft sektorunda şəffaflığın yoxluğu, neft gəlirlərinin düzgün idarə edilməməsi və iki əsas hakim partiya – Kürdüstan Demokratik Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (KVB) tərəfindən iqtisadiyyatın geniş şəkildə idarə olunması onları daha çox narahat edir.
Güclü institutlar, qanunlar və normativ aktlar olmadığından yerli partiyalar və vəzifəli şəxslər, xarici ölkələr və beynəlxalq neft şirkətləri İraq Kürdüstanının neft sektorundan öz mənfəətləri üçün sui-istifadə etdilər. Kürd bölgəsi xalqının dayandırmaq istədiyi budur. Məhz bu, mübarizə aparmaq istədikləri korrupsiya növüdür.
Neft sektorunun korrupsiyalı və qeyri-şəffaf idarəçiliyi bölgənin sabitliyini təhdid edir. Artıq yerli səviyyədə şikayətlər artır. Gənclər iqtisadi imkanların yoxluğundan getdikcə daha çox əsəbləşərək neft gəlirləri barədə tərs suallar verirlər.
Neft sektorundakı aktyorlar sistemə dərindən nüfuz edib və status-kvoda olan hər hansı bir dəyişikliyə müqavimət göstərəcəklər. Buna görə də, bu sənayenin islahatı səyləri qanunun aliliyi, azad məhkəmə və Kürdüstanın Dürüstlük Komissiyası kimi antikorrupsiya orqanlarının gücləndirilməsi ilə başlamalıdır. Effektiv olmaq üçün bu qurumlar şəxsləri və şirkətləri məsuliyyətə cəlb edə bilməli, icra hakimiyyətindən siyasi dəstək və siyasi öhdəlik tələb etməlidir.
Paralel olaraq, KRR neft sektorunun daha şəffaf olması üçün hərəkətə keçməlidir. Neft və qaz gəlirləri fondu haqqında 2015-ci il qanununun qüvvəyə minməsi başlanğıc nöqtəsi ola bilər. O, KRR-nin daxili, regional və beynəlxalq bazarlarda satdığı “qara qızıl”ın gəlirlərinin ictimai hesabatlılığını təmin edəcək və nəinki vəsaitlərin sonradan düzgün bölüşdürülməsini, həm də ictimaiyyətin və neft sektorundakı investorların etimadını artıracaq.
KRR, eyni zamanda, Bağdadla neft gəlirləri və büdcə ayırmaları ilə bağlı uzun müddətdir davam edən mübahisəyə son qoymalıdır. Ərbil neft sektorunu federal hökumətə təhvil verməkdən imtina edib, Bağdad isə KRR qarşısında maliyyə öhdəliklərini yerinə yetirmir. Bu mübahisə müəyyən dərəcədə bölgədəki neft sektorunda şəffaflığın yoxluğuna da səbəb olub, çünki KRR nə qədər neft satdığını və milli büdcədəki payını təmin etmək üçün nə qədər qazandığını açıqlamayıb.
Həmin mübahisə ucbatından Bağdadın bölgəyə büdcə ayırmaları azalıb, bu, onsuz da əziyyət çəkən kürd xalqının ziyanına olub. Üstəlik, ayrı-ayrı şəxslərin və şirkətlərin daha çox korrupsiyalaşmasına təkan verib.
Beləliklə, KRR ilə federal hökumət arasındakı hərtərəfli razılaşma bölgədəki korrupsiyaya qarşı mübarizəyə də töhfə verə bilər.
Neft sektorundakı islahat həm də iqtisadi şaxələndirmə ilə əl-ələ verməlidir ki, bu da korrupsiyanın azaldılması, insanlara iş yerlərinin yaradılması və bölgə iqtisadiyyatının sabitləşməsi üçün çox vacibdir. Hazırda KRR-də bu müddətin necə keçəcəyi ilə bağlı qarışıqlıq var.
İqtisadiyyatın şaxələndirilməsi yalnız kənd təsərrüfatını və bölgədə istehsalın təşviq edilməsi demək deyil. Əksinə, eyni zamanda, hökumətin bu sektorlardan adekvat gəlir əldə etməsi və büdcənin neftdən daha az asılı olmasıdır. Buna görə də, KRR vergi sistemini gücləndirməli və onu idarə etmək üçün sağlam inzibati orqan hazırlamalıdır.
Nəticədə vergi bürokratiyasının inkişafı siyasi bir qərardır. Vergi siyasəti populyar deyil, lakin neftdən asılılığı azaltmaq lazımdır.
Bütün bu islahatlar təkcə baş nazir və partiyası, yəni KDP-dən deyil, həm də hökumətdəki tərəfdaşı olan Kürdüstan Vətənpərvərlər Birliyindən tam siyasi dəstək tələb edəcək. KVB lideri Cəlal Talabaninin 2017-ci ildə ölümündən sonra o, daxili böhranla üzləşib.
KRR-nin islahatları yalnız KVB-nin vahid liderliyi olduğu təqdirdə davam edə bilər. Partiya üzvlərinin dekabr ayında keçiriləcək qurultayda bunu etmək şansı var.
Neft sektorunda islahat və iqtisadi diversifikasiyanı təşviq etmək iki çətin prosesdir. Bərzani və tərəfdaşları özünü sələflərindən ayırmaq, idarəetməni yaxşılaşdırmaq, qeyri-sabitliyi aradan qaldırmaq və Kürdüstan əhalisinin xoşbəxtliyinə və çiçəklənməsinə töhfə vermək istəyirsə, sərt siyasi qərarlar qəbul etməli olacaq.
KRR bu islahatları davam etdirə, neftdə sektorundakı korrupsiyanı azaltmağa və iqtisadiyyatı sabitləşdirməyə qadirdirsə, o, İraqın siyasi və iqtisadi yenilənməsində model ola bilər.
Tərcümə: Strateq.az