Sosioloq, Levada Mərkəzinin sədr müavini Denis Volkovun və Karnegi Moskva Mərkəzinin “Rusiyanın daxili siyasəti və siyasi institutları” proqramının idarəedicisi Andrey Kolesnikovun “Karnegi Moskva Mərkəzi”nin saytında birgə araşdırması dərc edilib.
Yenixeber.org: Müxtəlif və çoxsaylı mənbələrdən istifadə edilərək, o cümlədən 13 müsahibə əsasında hazırlanmış geniş araşdırmadan çıxan həlledici nəticələr məqalənin əvvəlində qeyd edilib. Sizə müəlliflərin gəldiyi bu 11 həlledici nəticəni təqdim edirik:
2018-2024-cü illəri əhatə edən dövrdə Rusiya isteblişmentinin əsas qayğısı ölkənin təkmilləşdirilməsi deyil, siyasi, idarəedici və biznes elitası üçün hakimiyyətin rəvan və təhlükəsiz tranzitinin təmin edilməsidir.
Sistem xarakteristikasında prinsipial mühüm məqam dövlətin iqtisadi, siyasi və biznes proseslərdə yüksək iştirak dərəcəsidir. “Mülki” və texnokratik elitanın qarşısında duran tapşırıq sistemi dayanıqlı vəziyyətdə saxlamaq, güc elitasının vəzifəsi isə siyasi və ideoloji çərçivəni müəyyənləşdirməkdir.
Dəyişikliklər sistemin məqsədi deyil. Ancaq tələb olduğu üçün onları imitasiya edirlər. Sistem hələlik dəyişiklikləri imitasiya etmək iqtidarındadır. Bu da siyasi fundamentdə dəyişiklik olmadan onun texnokratik cəhətdən yaxşılaşması deməkdir.
Əsas iki ssenari – “Putin qalır” və “Putin gedir, lakin xələf qoyur” – əhali və elitanın böyük əksəriyyəti tərəfindən sakit qəbul edilir. İstənilən ssenari mümkün görünür. Hadisələrin gedişatına təsir edə bilməyən elita bundan sonra da sistemdəki dəyişikliklərə, onun durğunluğuna, hətta respondentlərdən birinin söylədiyi kimi, onun “zəifləməsinə” adaptasiya olmağa hazırdır.
Rusiyada bütün proseslərin əsas subyekti və baş iş verəni dövlətdir. İdarə sistemi dövlət və onun bürokratiyasının hər məsələni bilməsi prezumpsiyası və dövlət nəzarətinin mütləqləşdirilməsi üzərində qurulur. Dövlətə siyasi sistem üçün məqbul iş bacarığı səviyyəsini saxlamalı olan yeni texnokratik elita lazımdır. Texnokratik tranzit ideyasının bazası institutları dəyişmədən (möhkəmləndirmədən) və siyasi demokratiya tətbiq etmədən hakimiyyətdəki simaları dəyişməkdir.
Texnokratik səfərbərlik tərəfdarları əmindirlər: dövlət piramidasının orta təbəqəsində yeni texnokratların təyinatı tədricən yuxarı təbəqədəki təyinatlara təsir göstərməyə başlayacaq; kadrlar yuxarılara nüfuz edəcək, ümumilikdə idarənin keyfiyyətini tədricən yüksəldəcəklər.
Texnokratik dəyişikliklərin əsas limitləyici elementləri güc strukturlarının hakimiyyəti və bütün təyinatların onlarla razılaşdırılması öhdəliyidir. Əsas kadrların mütləq siyasi loyallığı texnokratik effektivlikdən daha vacibdir. Hələ səylərin təkmilləşdirilməsindən danışmırıq. Siyasi loyallıq filtri əsas filtr olaraq qalır.
Respondentlər texnokratik üsulda vacib məhdudiyyət kimi məmur texnokratların ilk növbədə vətəndaşlar qarşısında deyil, federal mərkəz qarşısında məsuliyyət daşımasını görürlər. Bu cür nəzarət mexanizmi çox vaxt “hesabatlılıq kultu” və qarşıya qoyulan məqsədlərin formallığına gətirib çıxarır.
Dolğun təkmilləşmə texnokratik fövqəltapşırıq kimi rəqəmsallaşma ilə əvəzlənir, dolayısıyla, “rəqəmlərin” təkmilləşmə və kadr irəliləyişi zonasına və hərəkətverici qüvvəsinə çevrilmə ehtimalı çox azdır.
Yaxşılığa doğru dəyişikliklər mümkündürmü? Sorğuda iştirak edən investorlar və sahibkarlar yekdildirlər: xeyr. İnvestorların fikrincə, başlıca problem Rusiyanın mənfi imici və güc strukturlarının biznes mühitə mənfi təsiridir.
Həm yerli, həm xarici biznesin dövlət elitalarının modernizasiya səylərinə inanmağa ciddi əsası yoxdur. Ekspert müsahibəsindən sitat: “Uğurlu biznes dövlət diqqətindən, o cümlədən dövlət yardımından yayınan biznesdir”.