Rejimə qulluq edən jurnalist qaçdı, İsveçdən sığınacaq istədi-O dissidentdir, yoxsa "işverən"?
İran xarici işlər naziri Məhəmməd Cavad Zərifi bu ayın əvvəllərində rəsmi Avropa səfərində müşayiət edən jurnalist qaçıb və İsveçdən sığınacaq istəyib. Junalistin xarici işlər nazirini müşaiyət edən 48 İran kəşfiyyat və təhlükəsizlik agentinin “diqqətindən yayınaraq” qaçdığı bildirilir.
Yenixeber.org: Buna baxmayaraq tənqidçilər jurnalist Amir Tohid Fazelin dediklərini şübhə altına alır və onu İran kəşfiyyat orqanlarına işləməkdə ittiham edirlər. Bəziləri hətta deyirlər ki, Fazelin sığınacaq istəməsi İran kəşfiyyat orqanlarının Qərbdəki iranlı diasporaya soxulmaq cəhdidir.
İsveçin Miqrasiya Agentliyi bütün hallarda jurnalistin sığınacaq ricasının diqqətlə öyrəniləcəyini bildirib.
Fazel sərt xətt-hərəkət tərəfdarı olan “Movj” xəbər agentliyinin siyasi redaktorudur. Jurnalist İsveçin ictimai televiziyasına bildirib ki, avqustun 21-də Stokholmda naziri müşayiət edərkən həmkarlarından biri ona dörd nəfər mülki geyimlinin onun Tehrandakı ofisinə gəldiklərini və onu həbs etmək istədiklərini xəbər verib.
Fazel deyib ki, o ikili vətəndaşlığı olan İran rəsmilərinin siyahısını dərc etdikdən sonra təzyiqlərlə üzləşib. Jurnalist deyib ki, prezident, onun müavinləri və başqa vəzifəlilər də daxil xarici vətəndaşlığı olan rəsmilərin siyahısını bir millət vəkilindən alıb. Bu ölkələrdən bir çoxu İranın düşmənləri hesab edilir.
Fazel bunu da bildirib ki, hökumət bu siyahının dərci ilə bağlı şikayət verəcəyini açıqlayıb. Bəzi xəbərlərə görə Fazelə sözü gedən siyahını İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Zərifin qatı tənqidçisi olan deputat Javad Karimi Godoşi verib.
İran ikili vətəndaşlığı tanımır və insan haqları qrupları bildirirlər ki, bu adamlardan Qərblə qarşıdurmada alver vasitəsi kimi istifadə olunur. Fazel bunu da deyib ki, o siyahını dərc edəndən bəri arvadı işdən qovulub.
Jurnalistin bildidiyinə görə, Zərifin dəstəsini avqustun 21-də, səhər tərk edib. O iddia edib ki, nazirin mühafizə üzvlərinə siqaret çəkmək üçün oteldən çıxmaq istədiyini demişdi. Bundan sonra Fazelin dediyinə görə o taksiyə minərək yaxınlıqdakı polis məntəqəsinə gəlib.
Lakin başqa iranlı jurnalistlər Fazeli İran kəşfiyyat orqanlarına işləməklə rejimin repressiya aparatına xidmət göstərməkdə ittiham edirlər.
Jurnalist Mehdi Afşarnik deyib ki, hakimiyyət orqanları onu Fazelin məqalələrinə görə 2011-ci ildə həbs ediblər. Afşarnik 1980-1988-ci il İran-İraq müharibəsi barədə sənədli film çəkmişdi. Nyu Yorkda yaşayan iranlı jurnalist Ruzbeh Mirebrahimi isə Twitter-də yazıb ki, o 2004-cü ildə həbs edilib işgəncələrə məruz qalanda Fazel onun dindirilmələrindın birində iştirak edib.
Berlində yaşayan jurnalist Ehsan Novruzi isə deyib ki, İranda mühafizəkar medianın bəzi təmsilçiləri kəşfiyyat orqanlarının “ikili agentləridir”.
Fazel isə İsveç televiziyasına müsahibəsində deyib ki, İran siyasətindəki qarşıdurmaya görə hər iki tərəfdən hücumlara məruz qalır. Jurnalistin bildirdiyinə görə, onu həm mühafizəkar, həm də islahatyönlü həmkarları ittiham edirlər.
İsveçin miqrasiya agentliyi bildirir ki, jurnalist avqustun 21-də siyasi sığınacaq və yaşayış icazəsi almaq üçün onlara müraciət edib. O, İran xarici işlər nazirini Finlandiya, İsveç, Norveç və digər Avropa ölkələrinə səfərdə müşaiyət edən nümayəndə heyətinin tərkibinə daxil olub.(virtualaz)